Məhkəmə qərarları › İş №2-1(103)-768/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-768/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-768/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “sərəncamın etibarsız hesab edilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11048/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MTK cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 451 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 335 saylı sərəncamı ilə İddiaçı MTK-nın xx.xx.2012-ci il tarixli, 01 saylı müracəti nəzərə alınaraq Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ticarət mərkəzi, ofis və yaşayış binaları kompleksinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin kooperativə icazə verilmişdir. 2018-ci ildən MTK-ya yaradılan süni maneələrin qarşısının alınması üçün cavabdeh orqan müraciət olunmuş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən Rasim Quliyevin xx.xx.2018-ci il tarixli 346 saylı Sərəncamı ilə tikintiyə icazə verilmişdir. Bundan sonra Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan tapşırığa əsasən ərazinin və tikiləcək obyektin şəhərsalma əsaslandırılmasına dair layihə sənədləri Şəhərsalma və Arxitektura Komitəsində təsdiq edilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilmişdir. Buna dair Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində 253 saylı “Xüsusi Nişan” verilmiş, tikinti işlərinə başlanılmışdır. Lakin 2018-ci il tarixindən tikinti işləri məcburi dayandırılmış və Bakı şəhər İcra Hakimiyyəti Başçısının vəzifələrini müvəqqəti icra edən X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələri ilə ittiham elan edilərək cinayət işi başlanmışdır. Cinayət işinin əsas məğzi isə İddiaçı MTK-ya tikinti aparılması üçün verilmiş xx.xx.2018-ci il tarixli sərəncamın qanunsuz olaraq imzalanması və möhürlə təsdiq edilməsi olmuşdur. Heç bir əsas olmadan xx.xx.2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli xx/xx-2198 saylı məktuba əsasən İddiaçı MTK-nın Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ofis və yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 346 saylı Sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşmə işlərinin ləğv edilməsi barədə sərəncam verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 335 saylı sərəncamı ilə İddiaçı MTK ilə yanaşı digər MTK-lara da tikinti üçün icazə verilmişdir. Məhkəmə qərarları ilə İddiaçı MTK-nın üzərinə göstərilən ünvanda mənzillərin tikilərək təhvil verilməsi barədə öhdəliklər qoyulmuşdur. Hazırkı vəziyyətdə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qanunsuz əməlləri ilə məhkəmə qərarlarının icrası qeyri-mümkün olmuşdur. Cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışır ki, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yaşayan vətəndaşların şikayətləri əsasında Komitə tərəfindən “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə uyğun olaraq sözügedən əraziyə baxış keçirilmiş, orada "xxxx" MTK tərəfindən tikinti işlərinin aparılması təsdiqlənmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, tikintiyə icazə sənədlərində ciddi hüquq pozuntuları mövcuddur. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 346 nömrəli sərəncamı ilə tikinti obyektinin tikintisinə icazənin verilməsinə dair X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələri ilə cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1511/2021 nömrəli hökmü il təqsirli bilinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələbinə əsasən yaşayış zonalarında çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları tikinti sıxlığı əmsalı 1,6 olduğu halda qeyd olunan ünvanda MTK tərəfindən bir neçə dəfə yüksək tikinti sıxlığı əmsalı ilə hazırlanmış layihə əsasında tikintiquraşdırma işlərinə başlanılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğun olaraq ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində binanın xarici divarlarından hündürlüyünün 0,6 hissəsindən ərazinin sərhədinə qədər saxlanılmalıdır. Lakin sözügedən layihə üzrə bu normaya riayət olunmamışdır. Bununla yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 346 nömrəli sərəncamı ilə tikintiyə icazə verilmiş, lakin həmin sərəncam aidiyyəti şəxs tərəfindən imzalanmadığından Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 451 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Qeyd edilənlər Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 451 nömrəli sərəncamının qanuni və əsaslı olduğunu təsdiq edir (1-ci cavabdeh tərəfindən yazılı etiraz təqdim olnmamışdır) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11048/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və işə yenidən baxılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslındırılmaqla iddiaçı hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə öz mülahizəsi ilə iddiaçının guya iddia müddətini ötürməsi səbəbindən sərəncamın etibarsızlığına dair iddia qaldırması qənaətinə gələrkən ədalətli məhkəmə araşdırması prinsipini pozmuşdur. İddia ərizəsində mübahisəli sərəncamın etibarsızlığına dəlalət edən faktlar araşdırılmamışdır.Məhkəmə öz səlahiyyətlərini icra etmədən, iddianın mümkünsüzlüyü qənaətinə gəlməsi qanunsuzluqdur. MTK-ya tikinti işlərinə başlanılması üçün xx.xx.2015-ci il tarixdə verilmiş 126 saylı Xüsusi Nişanı və 12624 saylı İnşaat Pasportu qüvvədədir və MTK tikinti işlərini davam etdirə bilər. Cavabdehin 2018-ci il tarixdə qəbul olunmuş 346 və 451 saylı sərəncamları formal xarakterli olmuşdur. Binanın 7 mərtəbəsi tikilmiş , hazırda qanunsuz olaraq dayandırılmışdır. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına tərəflər gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosesessual Məcəllənin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, iddia, inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olaraq subyektiv hüququ olan şəxs tərəfindən iddia müddətləri çərçivəsində qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı qanunla qorunan hüquq və azadlıqların pozulmasını formal şəkildə (müvafiq sübutları əlavə edilməklə) əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda, işin hallarından göründüyü kimi, hazırkı iddianın mümkünlük şərtləri yerinə yetirilərilmədiyindən, daha konkret, iddia müddəti buraxıldığından birinci instansyia məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəmsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iddiaçının tələbindən göründüyü tkimi müəyyənetmə və tanınma haqqında iddia növündə iddia qaldıraraq cavabdehin 451 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının etibarsız hesab edilməsini tələb etmişdir. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında qeyd etmişdir ki: “...iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir... İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın.Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır...” Konkret halda, iş materiallarından görünür ki, faktiki olaraq iddiaçı cavabdehin xx.xx.2018-ci il tarixli 451 saylı sərəncamı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia edərək, həmin sərəncamı mübahisələndirmişdir ki, irəli sürülmüş bu iddianın cavabdehin həmin inzibati aktının etibarsızlığının tanınması haqqında iddia kimi qiymətləndirilməsi istisna edilir. İş materiallarına əlavə olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 1699/2019 saylı qərardadından görünür ki, 2019-cu ildə İddiaçı MTK məhkəmədə, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) qarşı - hazırkı mübahisənin predmeti olan, cavabdehin xx.xx.2018-ci il tarixli 451 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia qaldırmış, lakin sonradan, həmin iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. İddiaçının hazırkı iddia ərizəsindən də görünür ki, xx.xx.2022-ci il tarixdə əvvəlki iddiasının faktiki əsaslarını dəyişdirmədən, cavabdehin sözügedən sərəncamının etibarsız sayılması barədə məhkəmədə yenidən iddia qaldırmışdır. Hər iki halda, iddianın faktiki əsaslarında sərəncamın qanunsuz olduğu mübahisələndirilir. Başqa sözlə faktiki əsasları eynidir. Beləliklə də konkret halda, iddiaçı formal olaraq, cavabdehin 451 saylı sərəncamının etibarsız hesab edilməsi barədə iddia qaldırsa da, faktiki əsasları baxımından, mübahisələndirmə haqqında iddiadır. Belə olan halda, İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, iddiaçı 2019-cu ildə cavabdehin 451 saylı sərəncamını məhkəmə qaydasında mübahisələndirmiş, deməli, həmin sərəncam barədə məlumatlı olmuş, lakin həmin vaxtdan 3 il keçdikdən sonra, yenidən məhkəməyə müraciət edərək cavabdehin həmin sərəncamı ilə onun subyektiv hüquqlarını pozılduğunu təkrarən mübahisələndirmişdir ki, bu halda artıq qanunvericiliyin qeyd olunan tələləri ilə müəyyən edilən iddia müddətləri buraxılmışdır. Odur ki, iddia, İPMin 35.1-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsinin qərarından da məhz, görünür ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, İPM-in 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddianın mümkünsüzlüyü qənaətinə gəlməsinin qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11048/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11048/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar