Məhkəmə qərarları › İş №2-1(103)-768/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-768/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-768/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9545/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək zərərli və ağır iş şəraitində çalışmış işçi olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı zərəli və ağır şərtlərlə əmək pensiyası təyini məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh dövlət orqanı iddiaçının ilkin müraciəti (xx.xx.2023-cü il tarixli) üzrə xx.xx.2023-cü il tarixli imtina məktubu ünvanlayaq qeyd etmişdir ki, “nəticə ilə razı olmasanız 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır”. İddiaçı yenidən yuxarı inzibati orqana, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 01 noyabr 2023-cü il tarixdə şikayət ünvanlamış, 30 noyabr 2023-cü il tarixli cavab məktubu göndərilmişdir. Həmin imtina cavabından yenidən yuxarı inzibati orqana, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə şikayət ünvanlamış, xx.xx.2024-cü il tarixli cavab məktubu yaşayış ünvanına göndərilmişdir. Göstərilən imtina məktubundan yuxarı inzibati orqana, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə xx.xx.2024-cü il tarixli şikayət vermiş, “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” direktor müavini cənab Kərim Sarıyev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli cavab məktubu poçt vasitəsilə rəsmi qaydada göndərilmiş, tərəfindən xx.xx.2024-cü il tarixdə imza olunaraq qəbul edilmişdir. Həmin cavab məktubunda xüsusi olaraq göstərilmişdir ki, “əks olunan nəticə ilə razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İddiaçı yuxarı inzibati orqan rəhbərliyinə verdiyi şikayətə cavab məktubunu AZ1119 saylı poçtdan xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə qəbul etmiş və qanunla nəzərdə tutulan müddəti ötürmədən məhkəməyə müraciət etməklə pozulmuş güzəştli şərtlərlə pensiya hüququnun bərpasını yenidən irəli sürür və bu öhdəliyin cavabdehin üzərə qoyulmasını tələb edir. Göründüyü kimi ardıcıl verdiyi şikayətlərə cavabdeh tərəfindən vəzifə borcu qanun tələblərinə uyğun olaraq yerinə yetirilmədən, imtina məktublarının surətlərinin birini digərinin üzərinə köçürüb imzalanaraq, qanunsuz və əsassız qiymətləndirmə ilə iddiaçının pensiya hüququnun pozulmasına yol verilmişdir. Cavab məktubunun məzmunu əvvəlki mətnlərə uyğun qeyri-obyektiv, araşdırma aparılmadan, formal və mülahizələr fonunda yanlış qiymətləndirmə üzrə gəlinən nəticələrin məhsulu kimi təqdim olunur ki, iddiaçı bununla da razılaşmır. Hesab edir ki, ona ünvanlanan cavabda göstərilən əsaslar yanlışdır və təqdim olunmuş sübutların qeyriobyektiv qiymətlənidirilməsinin nəticəsini özündə ehtiva edir. Eyni zamanda, ərizə və şikayətə “İnzibati icraat haqqında” AR Qanununun və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” AR Qanununun, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının prinsiplərinin tələb və normalarına uyğun obyektiv araşdırılmadan, formal şəkildə qanunazidd baxılaraq imtina əsasları ilə rədd olunması nəticəsinə gəlinməsi yolverilməzdir. Cavabdehin qeyd olunan hərəkəti iddiaçının əmək pensiyasının düzgün hesablanılaraq təyin edilməsi hüququndan məhrum etmişdir ki, bu da yaşayışını çox ciddi təhlükə altına almışdır. Bu isə dözülməz haldır. Cavabdeh inzibati orqana və ilkin təqdim etdiyi ərizə və şikayətlərə qoşma etdiyi əmək kitabçasında işlədiyi idarə və müəssisələrin rəhbərləri tərəfindən imzalanmaqla, əmrlər dairəvi möhürlərlə vurulmaqla təsdiqlənmişdir, bununla da əmək kitabçası inkaredilməz fakt kimi özünü təsdiqləyən rəsmi sənəddir. Eyni zamanda təhsil illərini təsdiq edən diplomu, hərbi xidmət illərini təsdiq edən hərbi bileti də dairəvi möhürlərlə imzalanaraq dövlət tərəfindən verilən mühüm şərtsiz qəbul edilən sənədlərdir. Bütün bu rəsmi sənədləri, möhürlərlə və imzalarla təsdiqlənən əmrlərin və əmək stajının mövcudluğunu uzun illərdən sonra nəzərə almamaq, hesablamamaq və onun mövcudluğunu inkar etmək yolverilməz hərəkətdir. "xxxx" MMC-nin 18-06 saylı 27 iyul 2023-cü il tarixli arayışında göstərilir ki, iddiaçı həqiqətən keçmiş “Zərgər sənaye” İstehsalat Birliyində xx.xx.1986-cı ildən xx.xx.1999-cu ilədək zərgər-quraşdırıcı peşəsində işləmişdir. İşlədiyi müddətdə, o, nümunə əsasında fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamışdır. Zərgər quraşdırıcı işlədiyi müddətdə əlvan metaldan xüsusi formalı zəgrəlik məmulatlarının hazırlanması ilə məşğul olmuşdur. İş əsnasında qaynaq üsulla qaynaq işləri aparmışdır. Məmulatı qaynaq edən zaman azbest borat turşusu, xlor turşusu, eləcə də, qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir və açıq alovla işləmişdir. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib yeni növ zərgərlik hissələrini istehsal etmək üçün külçə hazırlamışdır. Odur ki, həmin peşələrdə işləyən şəxs əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının 11.9-cu bölməsində göstərilən “Qaynar üsulla metalın üzlənməsi” -“Zərgər və bədii məmulatları qaralayanlar” - zərərli sahəyə uyğundur. Qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı müxtəlif tarixlərdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17- 1/2-R- 220927/2023, xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-281795/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-25108/2024 nömrəli və son olaraq xx.xx.2024-cü il tarixli 3-17-1/2- R- 78734/2024 nömrəli imtina məktublarında bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi aşağıda qeyd olunan əsaslarla qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdə çatmışdır. Həmçinin, iddiaçı iddia tələbində də ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: ümumi iş stajının 25 il olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçının ümumi iş stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. İddiaçının ümumi iş stajı xx.xx.1976xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1983-cü il (təhsil dövrü), xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər 20 il 8 ay 18 gün təşkil edir ki, bu da güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə tələb olunan 25 il ümumi iş stajndan azdır. Həmçinin, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20874,37 manat təşkil edir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 iyun 1977-ci il tarixli əmək kitabçasının 4-7ci səhifələrində xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi qeyd olunub. Araşdırma zamanı sözügedən əmək kitabçasının 7-ci səhifəsindəki xx.xx.1984-cü il tarixdə işdən azadolma əmri və onun tarixinin qeyd olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrlərə dair əmək kitabçasındakı qeydlər mötəbər hesab oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4-ci bəndinə əsasən, əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Həmçinin, Qaydaların 3.9-cu bəndində qeyd olunmuşdur ki, əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Lakin İddiaçı məxsus əmək kitabçasında xx.xx.1984-cü il tarixdə işdən çıxması qeyd olunsa da, işdən azad edilmə barədə əmr qrafası boş saxlanılmışdır. Həmçinin, iddiaçın təqdim etdiyi 19 may 1986-cı il tarixli digər əmək kitabçasında xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" firmasında işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə onun işlədiyi dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə, şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda, həmin əmək kitabçasında xx.xx.2005-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi qeyd olunmuşdur. Lakin aparılmış araşdırma zamanı xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərin də onun sığorta stajına daxil edilməsi mümkün deyildir. xx.xx.2006-cı il tarixdən əvvəl və sonrakı dövr üzrə iddiaçının eyni iş yerində eyni vəzifədə işlədiyini nəzərə aldıqda, ehtimal etmək olmaz ki o, xx.xx.2006-cı ildən əvvəlki dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməklə əmək fəaliyyəti olmuşdur. Odur ki, yuxarıda qeyd olunan əsaslarla iddiaçının xx.xx.1983xx.xx.1984-cü il tarixləri ərzində 09 ay 14 gün, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri ərzində 04 il 24 gün, xx.xx.2005-xx.xx.2010-cu il tarixləri ərzində 05 il 01 ay 23 gün müddət ümumi iş stajına daxil edilməmişdir. Bu müddət xx.xx.2006-cı il tarixədək 05 il 08 ay 05 gün, ümumilikdə isə 10 il 10 gün təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9545/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki; - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" (Azərbaycan Suvenirləri) MMC-nin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində xx.xx.1986-cı ildən- xx.xx.1999-cu ilədək zərgər-quraşdırıcı peşəsində işləmişdir. İşlədiyi müddətdə o, nümunə əsasında fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamışdır. Zərgər - quraşdırıcı işlədiyi müddətdə, əlvan metaldan xüsusi formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynaq üsulla qaynaq işləri aparmışdır. Məmulatı qaynaq edən zaman azbest, borat turşusu, xlor turşusu (HCL), eləcə də qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir və açıq alovla işləmişdir. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, yeni növ zərgərlik hissələrini istehsal etmək üçün külçə hazırlayıb. Odur ki, həmin peşələrdə işləyən şəxs əmək şəraitinə görə güzəştlə yaşa görə əmək təqaüdünə çıxmaq hüququna malikdir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının 11.9 bölməsində göstərilən “Qaynar üsulla metalın üzlənməsi” -“Zərgər və bədii məmulatları qaralayanlar” - zərərli sahəyə uyğundur. - Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunur ki, İddiaçı, həqiqətən, 1977-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumunun (indiki X5) “Bədən tərbiyəsi müəllimi” ixtisasının əyani şöbəsinə daxil olmuş və 1983-cü ildə həmin texnikumu bitirmişdir. Ona ЖТ № 027977 nömrəli diplom verilmişdir. - Cavabdehin DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanan xidməti məktubunda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumata əsasən onun güzüəştli iş stajı 12 il 6 ay 12 gün (xx.xx.1986-xx.xx.1999-cu il) təşkil edir. - xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1976-xx.xx.1977-ci il tarixlərdə fəhlə işləmiş, xx.xx.1978-xx.xx.1980-ci il tarixlərdə hərbi xidmət keçmiş, xx.xx.1983- xx.xx.1984-cü il tarixlərdə təmirçi, xx.xx.1984-xx.xx.1984-cü il tarixlərdə insturktor (təlimatçı), xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə fiziki terapiya üzrə təlimçi, xx.xx.1985- xx.xx.1986-cı il tarixlərdə usta peşələrində işləmişdir. - xx.xx.1986-cı il tarixli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1986-xx.xx.1986-cı il tarixlərdə zərgərlik üzrə tələbə, xx.xx.1986-xx.xx.1999-cu il tarixlərdə zərgər-quraşdırıcı vəzifələrində işləmişdir. - Məhkəmənin sorğusuna əsasən Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024cü il tarixli məktubu ilə bildirmişdir ki, “Qarayev Yaşar Q. və Qarayeva Səkinə A. "xxxx" X7 (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN ilə, xx.xx.2005ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN ilə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Göstərilənləri nəzərə alaraq bildiririk ki, 2018ci il və ondan əvvəlki dövrlər üzrə məcburi sosial sığorta haqları barədə məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur”. Beləliklə işdən müəyyən olunur ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə iddiaçının ümumi iş stajının kifayət qədər olmadığından imtina edilmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilmir. Belə ki, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1999-cu ilədək Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində işlədiyi zərgər-quraşdırıcı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 21507000 şifrəli “7. Qaynar üsulla metalın üzlənməsi” bölməsi a) fəhlələr yarımbölməsində 2150700a—19553 şifrə ilə göstərilmiş “zərgər və bədii məmulatları qaralayanlar” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarının 11.9 “Qaynar üsulla metalın üzlənməsi” bölməsində a) fəhlələr yarımbölməsində göstərilən “zərgər və bədii məmulatları qaralayanlar” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. Göründüyü kimi, iddiaçının xx.xx.1986-xx.xx.1999-cu illərdə çalışdığı zərgərquraşdırıcı vəzifəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmaqla güzəştli iş stajı 12 il 6 aydan çoxdur. Bu iddiaçının əmək fəaliyyətinin cavabdeh tərəfindən mübahisələndirilməyən dövrüdür. İddiaçının iş materiallarında olan həm əmək kitabçası, həm də iş yerindən arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək fəhlə işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək texnikumda təhsil almış (xx.xx.1978- xx.xx.1980 hərbi xidmət dövrü), xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək təmirçi, xx.xx.1984-cü ilədək insturktor (təlimatçı), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək fiziki terapiya üzrə təlimçi, xx.xx.1985-ci il tarixdən xx.xx.1986- cı il tarixədək usta, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-ci il tarixədək zərgərlik üzrə tələbə, xx.xx.1999-cu il tarixədək zərgər-quraşdırıcı vəzifələrində çalışmışdır. Bundan başqa, o, xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" firmasında işləmişdir. Cavabdeh tərəfindən isə iddiaçının xx.xx.1983-xx.xx.1984-cü illərdə işlədiyi dövr - işdən azadolma barədə əmr qrafası boş saxlanılaraq onun nömrəsi, tarixi qeyd olunmadığından ümumi stajına daxil edilməmişdir. Məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətəuyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh tərəfindən onun ümumi iş stajına daxil edilməyən digər bir dövr isə iddiaçının xx.xx.2001-xx.xx.2005-ci illərdə işlədiyi vaxt olmuşdur. Buna səbəb həmin dövrdə çalışdığı "xxxx" firmasının sığortaedən kimi Fondda qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödənilməməsidir. Cavabdeh həmçinin, xx.xx.2005xx.xx.2010-cu illərdə işlədiyi dövrü də məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmamasına görə ümumi iş stajına daxil etməmişdir. İddiaçının xx.xx.2001-xx.xx.2005-ci illər olan dövr ərizində işləməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin həmin illəri sığorta stajını daxil etməməsinə əsas iddiaçının 2001-2005-ci illər üzrə məcburi dövlət sosial sığorta haqların ödəməsi ilə əlaqədar hər hansı sübutun təqdim edilməməsidir. Məhkəmə cavabdehin həmin dəlillərini də əsassız hesab etmişdir. Belə ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iddiaya etirazın və tələbin təmin olunmasından imtinanın dəlilləri ilə eynilik təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandığından ona güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə müvafiq olaraq iki şərt - yaş (57) və iş stajı (25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalı) ödənilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır, lakin bununla belə normanın geriyə tətbiqinin mümkünlüyü də nəzərdən keçirilməlidir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsasən: -Konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: -fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən... ...Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini və işin hallarını nəzərə alaraq bir daha qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1983-xx.xx.1984-cü illərdə işlədiyi dövr - işdən azadolma barədə əmr qrafası boş saxlanılaraq onun nömrəsi, tarixi qeyd olunmadığından ümumi stajına daxil edilməmişdir. Halbuki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətəuyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh tərəfindən onun ümumi iş stajına daxil edilməyən digər bir dövr isə iddiaçının xx.xx.2001-xx.xx.2005-ci illərdə işlədiyi vaxt olmuşdur. Buna səbəb həmin dövrdə çalışdığı "xxxx" firmasının sığortaedən kimi Fondda qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödənilməməsidir. Cavabdeh həmçinin xx.xx.2005xx.xx.2010-cu illərdə işlədiyi dövrü də məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmamasına görə ümumi iş stajına daxil etməmişdir. İddiaçının xx.xx.2001-xx.xx.2005-ci illər olan dövr ərizində işləməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin həmin illəri sığorta stajını daxil etməməsinə əsas iddiaçının 2001-2005-ci illər üzrə məcburi dövlət sosial sığorta haqların ödəməsi ilə əlaqədar hər hansı sübutun təqdim edilməməsidir. Halbuki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1983-xx.xx.1983 və xx.xx.2001-xx.xx.2005-ci il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi stajı mövcuddur. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və 57 yaşının tamam olduğu xx.xx.2015–ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçının pensiya hüququ xx.xx.2015-ci il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə pensiya təyinatı üçün müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmişdir). Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (30 noyabr 2018-ci il tarixli 1362- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir). Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9545/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar