Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-769/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı (xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddiaçının bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-171/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2018-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı onun Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisindəki 0,12 ha sahəsi olan 33766 saylı müqaviləyə əsasən ayrılmış 255 saylı bağ sahəsinə hüquqlarının tanınması, tanınmış hüququn həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı ŞİH başçısı aparatının Abadlaşdırma və X2 X1 İnkişafı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən xx xxxxxx 2004-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 0,12 ha-dan ibarət 255 saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. O, həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda sadəcə uyğunsuzluq aşkar olunduğu bildirilmişdir. x xxxxxx 2017-ci il tarixdə təkrar müraciətə cavab məktubunda isə araşdırma zamanı sözügedən bağ sahəsinin sxematik xəritədə aşkar edilmədiyi, Abşeron rayonu ərazisində verilmiş digər şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşdüyü, sahənin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aid olduğu bildirilmişdir. Bundan sonra o (iddiaçı) təkrar müraciət etmişdir. Həmin müraciətə ünvanlanmış xx xxx 2018-ci il tarixli cavab məktubu 44 saylı poçt xidmətində naməlum şəraitdə itdiyindən, müqavilənin təsdiq olunmuş arxiv arayışı və məktubunu yenidən x xxxx 2018-ci il tarixdə almışdır. Həmin cavabın x xxxxxx 2017-ci il tarixdə verilmiş cavabla üst-üstə düşdüyü qeyd olunmuşdur. Sözügedən bağ sahəsi onun ailə üzvlərinin sayı nəzərə alınmaqla ona verilmişdir. Bu barədə Bakı ŞİH-dən arxiv arayışı verilmişdir. Bağ sahəsi ayrıldıqdan sonra o, həmin bağa hasar çəkdirmiş, darvaza qoydurmuşdur. Orada tikinti işləri aparılmışdır. Müqavilədə bağın yeri Əzizbəyov (indiki Xəzər) rayonu, Xaşa-Xuna ərazisi kimi göstərilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.6-cı maddələrinə, İPM-in 2.2.2-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49, 84.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 15-ci maddələrinə əsaslanaraq, onun (iddiaçının) Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisindəki 0,12 ha sahəsi olan 33766 saylı müqaviləyə əsasən ayrılmış 255 saylı bağ sahəsinə hüquqlarının tanınması, tanınmış hüququn həyata keçirilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-171/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə xx.xx.2019-cu il tarixli,13444 nömrəli ekspert rəyi (ekspert Ələsgər Mirzəyev) göndərilmişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə daxil olmuş (məhkəmə iclas protokoluna əsasən xx.xx.2019-cu il tarixində), iddiaçıya ayrılmış Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 255 “B” saylı, 0,12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 171/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbinin təmin edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-171/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən sahə və sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir, Abşeron ərazisindən verilmiş digər şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşür. Göstərilən sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. Həmçinin bildirilir ki, torpaq sahəsi sənəd üzrə 1.200 kv.m, faktiki olaraq 1.091 kv.m-dir. Bağ sahəsində 74,1 kv.m yarımçıq ev tikilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Sonuncu məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 və əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, sədrlik edənin sualına cavab olaraq, bağın istifadəyə verilməsi barədə müqavilənin əslinin özündə olmadığını, itirdiyini, yalnız surətini cavabdeh orqandan əldə etdiyini, firmanın hasarının onun sahəsindən bir neçə metr aralıda yerləşdiyini bildirdi. Məhkəmə kollegiyası tərəflərin izahatarını, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri belə əsaslar sırasında nəzərdə tutulmuşdur. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət səhvdir. İş materiallarına əlavə olunmuş xx.xx.2006-cı il tarixli, AA005826 nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünün (sənəd rəis V.Əliyev və icraçı A.Məmmədov tərəfindən imzalanmışdır) surətinə əsasən qeyd olunmuşdur ki, yerləşdiyi ərazi-Abşeron ray., 3-cü nömrəli Zeytun sovxozu ərazisi, reyestr nömrəsi-**********22, hüquq sahibi-“xxxxxxxxxx” MMC. İş materiallarına əlavə olunmuş MH seriyalı, ******* nömrəli reyestrdən çıxarışın surətinə (çıxarış Abşeron Rayon Ərazi İdarəsinin rəisi V.Əliyev və qeydiyyat icraçısı T.İsayeva tərəfindən imzalanmışdır) əsasən qeyd olunmuşdur ki, hüququ yüklü edilən şəxs-Abşeron Rayon İcra Hakimiyyəti, xeyrinə hüquq yüklü edilən şəxs-“xxxxxxxxxx” MMC, yüklülüyün növü-istifadə, yüklü edilən əmlakın təsviri-Əzizbəyov rayonu, Qala kəndi, 3 saylı Zeytun Sovxozu ilə həmsərhəddə yerləşən 147 ha torpaq sahəsi, yüklülüyün müddəti-daimi istifadə, əsas öhdəliyin təsviri və müddəti-AN-İ №0081165 nömrəli, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi, hüququn əvvəlki yüklülüyü-Abşeron rayonu XDS-ti İK-nin 0.09.1991-ci il tarixli, 198 nömrəli qərarı ilə “Orxan” şirkətinin daimi istifadəsində, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır, reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi 160601001, qeydiyyat tarixi xx.xx.2006. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2866 saylı Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında sərəncamına əsasən Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron rayon icra hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı şəhər icra hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisindəki, 255B saylı bağ sahəsinə dair təqdim etdiyi xx xxxxxx 2004-cü il tarixli 33766 nömrəli “bağın istifadəyə verilməsi barədə” müqaviləyə əsasən oradakı məlumatların (qeydlərin) həqiqətə uyğun olub-olmadığı araşdırılmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının qeyd etdiyi Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisindəki, 255B saylı bağ sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2866 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin daxilində olub-olmaması araşdırılmalıdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisindəki, 255B saylı bağ sahəsinə dair təqdim etdiyi xx xxxxxx 2004-cü il tarixli 33766 nömrəli “bağın istifadəyə verilməsi barədə” müqavilədə qeyd olunan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan sahə ilə üst-üstə düşübdüşməməsi barədə qeyri-müəyyənlik mövcuddur. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələblərinə riayət etməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş imtinada qeyd edilən ərazinin Abşeron ərazisindən verilmiş digər şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşdüyü qeyd edilmiş və iş materiallarına əlavə edilmiş MH seriyalı, ******* nömrəli reyestrdən çıxarışın surətinə əsasən qeyd olunmuşdur ki, hüququ yüklü edilən şəxs- Abşeron Rayon İcra Hakimiyyəti, xeyrinə hüquq yüklü edilən şəxs-“xxxxxxxxxx” MMC, yüklülüyün növü-istifadə, yüklü edilən əmlakın təsviri-Əzizbəyov rayonu, Qala kəndi, 3 saylı Zeytun Sovxozu ilə həmsərhəddə yerləşən 147 ha torpaq sahəsi, yüklülüyün müddəti-daimi istifadə, əsas öhdəliyin təsviri və müddəti-AN-İ №0081165 nömrəli, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi, hüququn əvvəlki yüklülüyü-Abşeron rayonu XDS-ti İK-nin 0.09.1991-ci il tarixli, 198 nömrəli qərarı ilə “Orxan” şirkətinin daimi istifadəsində, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alındığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbi üzrə qeyd edilən ərazinin hər hansı şəxsin sahəsi ilə üst-üstə düşüb-düşmədiyi araşdırılmalı və müvafiq şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir. Həmçinin cavabdeh orqan tərəfindən qeyd edilən sahənin sxematik xəritəsinin təqdim edilməsi tələb edilməlidir. Eyni zamanda, məhkəmə iclası zamanı sədrlik edənin sualına cavab olaraq iddiaçı iş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisindəki, 255B saylı bağ sahəsinə dair təqdim etdiyi xx xxxxxx 2004-cü il tarixli 33766 nömrəli “bağın istifadəyə verilməsi barədə” müqavilənin əslinin özündə olmadığını, itirdiyini, yalnız surətini cavabdeh orqandan əldə etdiyini bildirmişdir. Bu səbəbdən işin birinci instansiya icraatı zamanı qeyd edilən müqavilənin əslinin cavabdeh orqanda mövcud olub-olmaması araşdırılmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş, xx.xx.2019-cu il tarixli, №13444 saylı ekspertiza rəyində mübahisələndirilən torpaq sahəsinin müəyyən hissəsinin 35 kilovotluq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasına düşdüyü qeyd edilmiş, lakin “xxxxxxxx” ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, DX-18/1693 nömrəli məktubda (məktub Texniki Direktorun İ müavini Vüsal Qəmbərov tərəfindən imzalanmışdır) isə torpaq sahəsinin kənarından keçən “xxxxxxxx” ASC-nə məxsus 35 kVluq Y/S “Xoşa-Xuna”- Y/S 431 elektrik hava xəttinin istismarında çətinlik yaratmadığını nəzərə alıb, ona məxsus torpaq sahəsinin üzərində hüqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmədiklərini qeyd olunmuşdur. İşin birinci instansiya icraatı zamanı qeyd edilmiş ziddiyyətli məqam da məhkəmə tərəfindən araşdırılmalıdır. Həmçinin, iddiaçı ilkin olaraq, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisindəki 0,12 ha sahəsi olan 33766 saylı müqaviləyə əsasən ayrılmış 255 saylı bağ sahəsinə hüquqlarının tanınması, tanınmış hüququn həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüş və məhkəmə tərəfindən ekspertiza 255 saylı bağ sahəsi üzrə araşdırma təyin etmişdir, lakin ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə daxil olmuş, iddiaçıya ayrılmış Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 255 “B” saylı, 0,12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bu səbəbdən işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən konkret koordinatlar əsasında araşdırma aparılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsasını təşkil edən sənədlərdə mövcud olan ziddiyyətlərin araşdırılması məqsədilə hazırkı iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-in 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, çıxarışın verilməsi ilə bağlı iş üzrə əhəmiyyətli faktları araşdırmadan yekun məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 171/2019 nömrəli qərarı ləğv edilərək, iş mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ekspertiza xərclərinin tutulması barədə münasibət bildirməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 171/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya ayrılmış Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 255 “B” saylı, 0,12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-769/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-769/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver