Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-769/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “arayışın verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-2990/2019 saylı iş üzrə qəbul etdiyi 24 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum atası (mətnə əsasən) X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-2990/2019 saylı iş üzrə qəbul etdiyi 24 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsinin faktiki koordinatları daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, bölgü-sxeminə əsasən 157 saylı bağ sahəsi əvəzinə başqa bir torpaq sahəsinin ərazisi göstərilmişdir və göstərilən sahə bağ sahəsinin öz həqiqi yerindən 4500 m aralı məsafədə yerləşir həmçinin, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin 157 saylı bağ sahəsinə aidiyyəti yoxdur. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. ünvan 2 17.01.2020-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-409/2019 saylı (mətnə uyğun), 25.01.2019-cu il tarixli qərarı dəyişdirilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-409/2019 saylı, (mətnə uyğun) 25.01.2019-cu il tarixli (mətnə uyğun) qərarının nəticə hissəsindəki “çıxarış” ifadəsi “arayış” ifadəsi ilə əvəz edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmişdir. Cavabdeh qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1155/2020 saylı, 25.08.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2020-ci il tarixli 21(103)-144/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-559/2021 saylı, 8 iyun 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1842/2021 saylı, 03.11.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-559/2021 saylı, 8 iyun 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə çağırılan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: - 29 dekabr 1967-ci il tarixli bağ torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən Ləhiş bağ yerinin 157 №-li, 0,25 ha bağ sahəsi İddiaçı Nuri oğluna 29 dekabr 1973-cü ilədək icarəyə verilmişdir. - 02.02.1971-ci il tarixli müqavilənin surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsi X1 istifadəsinə verilmişdir. - 2 fevral 1971-ci il tarixli müqavilənin 13-cü bəndinə görə onun qüvvədə olma müddəti 2 fevral 1981-ci il tarixədək müəyyən edilmişdir. Bağın icarəçisi X1 arxiv qovluğunda olan 3 avqust 1982-ci il tarixli ərizəsində o, müqavilənin müddətinin başa çatdığına istinad edərək onun müddətinin uzadılması barədə göstəriş verilməsini xahiş etmişdir. - Bağ sahəsinə dair icarə müqaviləsinin təzələnməsi üçün icarəçinin Bağlar Təsərrüfatı İdarəsinə dəvət edilməsi barədə ona 17 may 1982-ci il tarixli və 14 oktyabr 1982-ci il tarixli məktub göndərilmişdir. Məktubların icarəçiyə çatmasına dair işdə sübut olmamışdır. - 4-cü sahənin böyük mühəndisi E.İ.Tağıyev tərəfindən Bakı şəhər Bağlar Təsərrüfatı idarəsinin rəisi İ.İ.Vəkilova ünvanlanmış 04.03.1983-cü il tarixli məlumata əsasən qeyd olunmuşdur ki, Ləhiş sahəsində yerləşən 157 nömrəli bağın icarədarı X1 idarəyə verdiyi ərizəsi yerində yoxlanılmış və məlum olmuşdur ki, o, bağ verilən ildən hal-hazıra qədər bağdan istifadə etməmişdir, ona görə də 15469 №li müqavilənin vaxtı uzadılmamışdır. Lakin müqavilənin müddətinin uzadılması (yaxud yeni müqavilənin bağlanması) barədə hər hansı sənəd sübut iş materiallarına əlavə edilməmişdir. - İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. - Cavabdeh 16 noyabr tarixli 2016-cı il məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, bölgü-sxeminə əsasən 157 saylı bağ sahəsi əvəzinə başqa bir torpaq sahəsinin ərazisi göstərilmişdir və göstərilən sahə bağ sahəsinin öz həqiqi yerindən 4500 m aralı məsafədə yerləşir Həmçinin, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin 157 saylı bağ sahəsinə aidiyyəti yoxdur. Bundan sonra İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, mübahisəli bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarından müəyyən edilir ki, 29 dekabr 1967-ci il tarixli müqaviləyə əsasən Ləhiş bağ yerinin 157 №-li, 0,25 ha bağ sahəsi İddiaçı 29 dekabr 1973-cü ilədək icarəyə verilmiş, 02.02.1971-ci il tarixli müqavilənin surətinə əsasən isə Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha, 157 saylı bağ sahəsi X1 istifadəsinə verilmişdir. 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş 1964-cü il tarixli Mülki Məcəllə:
275. Əmlak kirayə müqaviləsi müddət göstərilmədən bağlandıqda, bu Məcəllənin 274-cü maddəsi ilə müəyyən edilən müddətlər dairəsində, qeyri-müəyyən müddətə bağlanmış hesab olunur. Tərəflərdən hər biri, digər tərəfi: tikinti və qeyri-yaşayış binaları kirayəyə verildikdə — üç ay əvvəl, sair əmlak kirayəyə verildikdə isə — bir ay əvvəl bu barədə yazılı formada xəbərdar etməklə, istədiyi vaxt müqaviləni xitam etməyə haqlıdır.
276. Müqavilənin müddəti keçdikdən sonra əmlakdan istifadənin davam etdirilməsi Müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunur. Bu qayda dövlət, kooperativ və sair ictimai təşkilatlar arasındakı müqavilələrə, habelə məişət burovuz müqavilələrinə tətbiq edilmir (16).
291. Əmlakdan əvəzsiz istifadə müqaviləsinə görə bir tərəf, əmlakı digər tərəfə müvəqqəti və əvəzsiz istifadəyə verir və ya verməyi öz üzərinə götürür, digər tərəf isə həmin əmlakı qaytarmağı öhdəsinə götürür. Əmlakdan əvəzsiz istifadə müqaviləsinə müvafiq surətdə bu Məcəllənin 273, 275, 276, 278, 281 və 286-cı maddələrinin qaydaları tətbiq edilir. 1 yanvar 1970-ci ildə qüvvəyə minmiş Torpaq Məcəlləsi:
12. Torpaq müddətsiz və ya müvəqqəti istifadəyə verilir. Torpağın müddətsiz (daimi istifadəyə verilməsi o deməkdir ki, torpaqdan istifadə üçün qabaqcadan müddət müəyyən edilmir. (-). Torpaqdan müvəqqəti istifadə qısamüddətli-üç ilədək və uzunmüddətli-üç ildən on ilədək ola bilər. İstehsalata lazım olduqda bu müddətlər, müvafiq surətdə, qısa və ya uzun vaxt üçün müvəqqəti istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Torpaq sahələrindən müvəqqəti istifadə müddəti bu sahələri vermiş orqanlar tərəfindən uzadılır. 9 noyabr 1991-ci ildə qüvvəyə minmiş Torpaq Məcəlləsi:
32. Torpaq üzərində mülkiyyət hüququna, sahiblik, istifadə və icarə hüquqlarına xitam verilməsinin əsasları 1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; 2) torpaq sahəsinin verildiyi müddət bitdikdə; (-).
36. Bu Məcəllənin 32-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, həmin maddədə göstərilən digər hallarda isə torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və digər hüquqlara rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən xitam verilir. Torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və torpağın icarəsi hüquqlarına rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən qərar qəbul edildiyi gündən, torpaq sahibləri, istifadəçiləri, icarəçiləri torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə ərizə verilən gündən xitam verilir. (-). “Torpaq islahatı haqqında Qanun”:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “İcarə haqqında” Qanunun 13-cü maddəsinin: 1.İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 3.İcarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. 4.Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. 5.Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. ... İş materiallarından görünür ki, 2 fevral 1971-ci il tarixli müqavilənin 13-cü bəndinə görə onun qüvvədə olma müddəti 2 fevral 1981-ci il tarixədək müəyyən edilmişdir. Bağın icarəçisi X1 arxiv qovluğunda olan 3 avqust 1982-ci il tarixli ərizəsində o, müqavilənin müddətinin başa çatdığına istinad edərək onun müddətinin uzadılması barədə göstəriş verilməsini xahiş etmişdir. Bağ sahəsinə dair icarə müqaviləsinin təzələnməsi üçün icarəçinin Bağlar Təsərrüfatı İdarəsinə dəvət edilməsi barədə ona 17 may 1982-ci il tarixli və 14 oktyabr 1982-ci il tarixli məktub göndərilmişdir. Məktubların icarəçiyə çatmasına dair işdə sübut olmamışdır. 4-cü sahənin böyük mühəndisi E.İ.Tağıyev tərəfindən Bakı şəhər Bağlar Təsərrüfatı idarəsinin rəisi İ.İ.Vəkilova ünvanlanmış 04.03.1983-cü il tarixli məlumata əsasən qeyd olunmuşdur ki, Ləhiş sahəsində yerləşən 157 nömrəli bağın icarədarı X1 idarəyə verdiyi ərizəsi yerində yoxlanılmış və məlum olmuşdur ki, o, bağ verilən ildən hal-hazıra qədər bağdan istifadə etməmişdir, ona görə də 15469 №li müqavilənin vaxtı uzadılmamışdır. Lakin müqavilənin müddətinin uzadılması (yaxud yeni müqavilənin bağlanması) barədə hər hansı sənəd sübut iş materiallarına əlavə edilməmişdir. “İcarə haqqında” Qanunun 14-cü maddəsinə əsasən, icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı mübahisələrə baxılması İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı AzərbaycanRespublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. ... İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. İşdən görünür ki, X2 24.10.1991-çi ildə vəfat etmiş, 39 saylı notariat kontoru tərəfindən iddiaçı T.H.Əliyevanın vərəsəsi müəyyən edilmişdir. İşdən aydın olduğu kimi, T.H.Əliyevanın adına bağlanmış icarə müqaviləsi 2 fevral 1981-ci il müddətə bağlanmışdır. T.H.Əliyeva vəfat edən zaman qüvvədə olmuş Torpaq Məcəlləsinin 12-ci maddəsinin tələbinə görə torpaq sahələrindən müvəqqəti istifadə müddəti bu sahələri vermiş orqanlar tərəfindən uzadılırdı. Mübahisəli torpaq sahəsi mərhuma Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti tərəfindən verilmişdir. İş materiallarında icarə müddəti bitdikdən sonra müddətin uzadılmasından imtina barədə Trest tərəfindən hər hansı qərar qəbul edilməsinə dair sübut mövcud olmamış, həmçinin, 04.03.1983-cü il tarixli məlumata əsasən, müqavilənin vaxtının uzadılmadığı qeyd edilsə də, həmin məlumatdan sonra Trest rəhbərliyi tərəfindən müqavilənin vaxtının uzadılmasından imtina olunması işdə olan sənədlərlə təsdiq olunmur. Digər tərəfdən, 1981-ci ilin fevral ayında müqavilə müddəti tamam olan vaxt qüvvədə olmuş Mülki Məcəllənin 276 və 291-ci maddələrinin tələbinə görə müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunur. 55. T.H.Əliyeva bağlar təsərrüfatı idarəsinin rəisinə yazdığı 3 mart 1982-ci il tarixli ərizəsində müqavilənin müddətini uzadılmasını xahiş etmişdir. Göründüyü kimi, T.H.Əliyeva ilə müqavilə müddəti fevral 1981-ci ildə bitməsinə baxmayaraq, ondan sonrakı dövrdə müqavilə münasibətlərinə xitam verilməsi barədə Trestin rəhbərliyi tərəfindən hər hansı etiraz olması müəyyən edilməmiş, əksinə, daha bir il sonra, yəni 3 mart 1982-ci ildə T.H.Əliyeva müqavilənin müddətinin uzadılması xahişi ilə ərizə ilə trest rəhbərliyinə müraciət etmiş, Trestin işdə olan məktublarında bağın icarəyə verilməsi ilə bağlı sənədlərin yenilənməsi üçün T.H.Əliyevanın trestə dəvət edildiyi qeyd edilmişdir. Eyni zamanda, 2 fevral 1971-ci il tarixli müqavilənin 8-ci bəndində qeyd edilmişdir ki, bu müqavilənin bütün maddələrini yerinə yetirdikdə icarədara yeni müddətə müqavilə bağlamaqda hüquq üstünlüyü verilir. Bununla əlaqədar icarə müqaviləsinin müddətinin bitməsindən sonra icarədarın müqavilə şərtlərini tam və ya qismən yerinə yetirmədiyinə dair hər hansı sübut təqdim edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, 30 aprel 1992-ci ildə qəbul edilmiş “İcarə haqqında” Qanunun tələblərinə görə müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Beləliklə kollegiya hesab edir ki, T.H.Əliyeva ilə bağlanmış müqavilə müddəti keçdikdən sonra müqavilə tərəflərinin etirazı olmadığından və torpaq sahəsindən istifadə davam etdirildiyindən müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunmuşdur. Həmçinin işin hallarından müəyyən edilir ki, 02.02.1971-ci il tarixli icarə müvaqiləsi qanuni əsaslarla bağlanmış və hər hansı qaydada mübahisləndirilməməklə hazırda qüvvədədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan apelyasiya şikayətindəki mövqeyini onunla əsaslandırmışdır ki, sxmeatik bölgüyə əsasən 157 saylı bağ sahəsi əvəzinə başqa bir torpaq sahəsinin ərazisi göstərilmişdir və göstərilən sahə bağ sahəsinin öz həqiqi yerindən 4500 m aralı məsafədə yerləşir və idarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin 157 saylı bağ sahəsinə aidiyyəti yoxdur. Həmçinin, apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia edilən bağ sahəsinin nömrəsinin 157 olduğu halda, onun yanında 1, 2 və 3 saylı bağ sahələrini qeydiyyatdan keçmişdir, sxematik xəritəyə baxarkən müəyyən olunur ki, 157 saylı bağ sahəsi Bilgəh-Buzovna yolunun cənub istiqamətində yerləşir, lakin faktiki göstərilən bağ şimal hissədə, yəni dənizə yaxın istiqamətdə yerləşir. Bu bağ sahəsi və ətrafda olan boş bağ sahələri "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında "xxxx" MMCnin istifadəsinə verilmiş, adına özgəninkiləşdirilmişdir. Məhkəmə kollegiyası "xxxx" MMC-ni hazırki iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etmişdir. Cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisəli bağ sahəsinə yerində baxış keçirilmiş və cavabdehin müəyyən etdiyi kimi, mübahisəli sahənin istifadəsiz qaldığı müşahidə edilmiş, həmçinin, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin nömrəsilə bağlı cavabdehin elektron məlumatları ilə, mərhum T.Əliyeva ilə bağlanmış müqavilədə göstərilən nömrə arasında uyğunsuzluq vardır. Məhkəmə kollegiyası faktiki iddia olunan bağ sahəsinin sxematik xəritədə qeyd edilən 157 saylı bağ sahəsində deyil, digər ərazidə yerləşməsilə ilə bağlı cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir və bunu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Kollegiya ilk öncə vurğulamağı zəruri hesab edir ki, cavabdehin istinad etdiyi, iş materiallarına əlavə edilmiş sözügedən sxematik xəritə bağ sahələrinin yerləşdiyi istiqamət, tutduğu yer və ölçüləri barədə müvafiq ərazilər üzrə inzibati orqanın müvafiq mütəxəssisi tərəfindən tərtib edilmiş və fərdi istifadə üçün nəzərədə tutulmuş xəritələrdir. Həmin xəritələr xüsusi qaydada deyil, yalnız mütəxəssis tərəfindən əl ilə hazırlanmaqla, qanunla müəyyən edilmiş səlahiyyət əsasında təsdiq edilmədiyindən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Digər tərəfdən, faktiki vəziyyətlə sxematik xəritə arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, şəxsin istifadəsindəki bağın yerləşdiyi torpağın dövlə qeydiyyatına alınmasının yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Kollegiya qeyd edir ki, cavabdeh orqan iddiaçının müraciətinə verilən imtina cavabını yuxarıda qeyd edilən uyğunsuzluqla əsaslandırsa da, həmin uyğunsuzluğun aradan qaldırılması məqsədilə hər hansı hərəkət araşdırma aparmamış, həmçinin sxematik xəritəyə əsasən 157 sayla qeydiyyata alınan digər 157 saylı bağ sahəsinə dair hər hansı hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat təqdim etməmişdir. Belə olan halda nəticə etibarı ilə sxematik xəritədəki məlumata əsaslanaraq torpaq sahəsinin qeydiyyatından imtina edilməsi barədə cavabdehin mövqeyi əsaslı qəbul edilə bilməz. Digər tərəfdən, cavabdeh tərəfindən təqdim edilən 157 sayla qeydə alınan bağ sahəsinin plan-cizgisindən həmin sahənin qonşuluğunda yerləşən torpaq sahələrinin 156, 158, 212 kimi nömrələrlə qeydiyyata alındığı görünsə də, tələb edilməsinə baxmayaraq, sözügedən torpaq sahələrinin qeydiyyatı ilə bağlı hüquqmüəyyənedici sənədlər də məhkəməyə təqdim edilməmişdir. İnzibati orqanın mübahisəli torpaq sahəsinin digər şəxsin adına özgəninkiləşdirilmiş torpaq sahəsi ilə üst-üst düşməsinə dair dəlilini də əsassız hesab edən kollegiya bildirir ki, işin hallarından və yerli baxış zamanı tərəflərin və mütəxəssisin izahatlarından müəyyən edilmişdir ki, iddiaçının mərhum anasının adına arayışın verilməsini tələb etdiyi bağ sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmiş və özgəninkiləşdirilmiş torpaq sahəsindən aralı yerləşməklə, tam ayrı torpaq sahəsidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin sadalanan hallarını nəzərə alaraq cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, T.Əliyevanın adına bağlanmış 02.02.1971-ci il tarixli hazırda qüvvədə olan icarə müqaviləsi İddiaçı mərhum anasının adına torpaq sahəsinə dair arayışın verilməsinə qanuni əsasdır. Lakin, hazırkı işin hallarından da göründüyü kimi 157 saylı bağ sahəsiniə dair İddiaçı oğlunun mərhum anasının adına arayış verilməsinə əsas olan sənəd 1549 nömrəli bağın icarəyə verilməsi barədə müqavilə mövcud olduğu halda cavabdeh əsassız bəhanələr gətirərək torpaq sahəsinə dair T.Əliyevanın adına rəsmiləşdirmə işləri aparılmasından imtina etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətini əsassız olduğundan təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-2990/2019 saylı iş üzrə qəbul etdiyi 24 sentyabr 2019-cu il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə