Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-769/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X17 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X12 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsinə “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5489/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli aktın əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********4352 saylı qərarın ləğv olunmasına barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində saat 17:00-da “Riva Plaza” şadlıq sarayında (**********) X23 üzrə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********7945 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və onun nəticəsi xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktın əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********4352 saylı qərarı ilə 44000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli akt qanunvericiliyin tələblərini pozmaqla tərtib olunmuşdur. İddiaçı Bakı ş, Sabunçu r, Seyid Hüseyn (Sabunçu) Ə.Məmmədəliyev küçəsinin kəsişməsi ünvanda yerləşən “Riva Plaza” şadlıq sarayında fərdi sahibkarlıq fəaliyyəti göstərir. Vergi Xidməti əməkdaşları tərəfindən akt tərtib olunarkən faktiki hallar nəzərə alınmamış və işçilərdən izahatlar alınarkən iddiaçıya qarşı ifadə vermələri üçün qanunsuz təsir göstərilmişdir. Operativ nəzarət şöbəsinin nümayəndələri tərəfindən akt tərtib olunarkən əsassız olaraq əlavə məlumatların əldə edilməsinə zərurət yaranmadığı qeyd edilmiş və iddiaçının izahatında bildirdiyi hallara ötəri yanaşılmışdır. Belə ki, iddiaçının tabeliyində olan 38 nəfər işçi əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Aktda qeyd edilən 12 nəfər işçi xx.xx.2021-ci il tarixində, yəni toy günündə qeydiyyata alınmış əmək müqavilələri ilə fəaliyyət göstərmişdir. Digər 7 nəfərdən ibarət musiqi qrupu isə toy yiyəsinin dəvət etdiyi şəxslər olmuşdur. Bütün bu hallar yoxlama zamanı nəzərə alınmamışdır. Vergi Xidmətinin əməkdaşları inzibati xəta üzrə məsuliyyətə cəlb etmə barədə qərar qəbul etmək əvəzinə, vergi Məcəlləsinə əsasən onu məsuliyyətə cəlb etməklə humanizm prinsipinin tələblərini kobud surətdə pozmuşlar. Belə ki, əmək müqaviləsi bağlamadan fiziki şəxlərin işə cəlb olunmasına görə Vergi Məcəlləsinin 58.10- cu maddəsi ilə hər adam üçün işə götürənə münasibətdə 2000 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulduğu halda, İnzibati xətalar Məcəlləsinin 192.1-ci maddəsində ümumilikdə 2000 manat məbləğində cərimə göstərilmişdir. Bu məsuliyyət tədbirləri arasında Vergi Məcəlləsinin müddəalarının tətbiq olunması iddiaçının sahibkarlıq fəaliyyətinə böyük zərər vurmuş olacaqdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 7.5-ci maddəsinə əsasən, yoxlayıcılar təmsil etdiyi yoxlayıcı orqanda tətbiq edilən etik davranış qaydalarına əməl etməlidirlər. Belə ki, izahat alınarkən şəxslərin ifadələrinə təsir edilmiş, hətta bəzi ifadələr Xidmət əməkdaşların özləri tərəfindən yazılmışdır. Buna əyani sübut kimi X13 izahatının ilk cümləsindəki “işə götürülmüşdür” hissəsinə diqqət yetirmək kifayətdir. Aktda göstərilənin əksinə olaraq yoxlama zamanı yoxlayıcı əməkdaşlar tərəfindən iddiaçıya hər hansı sənəd təqdim olunmamışdır. Çoxsaylı tələblərinə baxmayaraq Vergi Xidməti əməkdaşları yoxlama aparmalarına əsas olan hər hansı sənədi iddiaçıya təqdim etməmiş və öz mülahizələrinə əsaslanan akt tərtib etmişlər. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7945 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs X3 (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən “Riva Palace” şadlıq evində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 21 (iyirmi bir) fiziki şəxsin və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 (bir) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021ci il tarixli DVX seriyalı 005291 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmaması və bir nüsxəsinin qəbul edilməməsi müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 15:08:23-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********4352 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 44000 (qırx dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 15:20:22-də oxunduğu müəyyən edilmişdir. Operativ vergi nəzarəti qanunvericiliyə uyğun həyata keçirilmiş və heç bir pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyini xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5489/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarı (hakim: A.Əhədova) ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsi tərəfindən X9 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********4352 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin edilmiş hissəsində rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli izahatdan da göründüyü kimi izahatı alınan şəxs qeyri-səmimilik göstərərək inzibati orqana yalan məlumat verməyə çalışmışdır. Belə ki, izahat verilən zaman X14 əvvəl öz adını, doğum tarixini yazsa da, sonra öz ad və soyadının üstündən xətt çəkmiş və doğum tarixi məlumatlarına da düzəliş edərək, əmək müqaviləsi olan X10 adını yazmışdır. Təsadüfi deyil ki, doğulduğu yer olaraq da Qazax rayonu qeyd olunmuşdur və X2 rayonun Aşağı Salahlı kəndində doğulmuşdur. Eyni zamanda, iddiaçının barəsində çıxarılmış “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 22 sentyabr 2022-ci il tarixli qərarda da qeyd olunmuşdur ki, X1 Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə etdiyi müraciətdə X11, X22 və X5 onun işçiləri olduğunu etiraf etmiş və onların işsizlikdən sığorta, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarını tam şəkildə ödəmişdir. Həmçinin, xx.xx.2021- ci il tarixli DVX seriyalı 005291 nömrəli akt saat 15:50-də tərtib olunmuş və aktın tərtib olunmasından sonra X9 ilə saat 16:14-də X11, saat 16:08-də X22 arasında bağlanmış əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemi”nə daxil edilmişdir. Operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edilmiş hissəsində rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı – iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7945 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdə fərdi sahibkar X3 (VÖEN **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseyn (Sabunçu) Ə.Ə.Məmmədəliyev küçəsinnən kəsişməsində yerləşən Riva Palace şadlıq evində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 21 (on iki) nəfər fiziki şəxsin və 1 nəfər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, “operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli DVX 005291 nömrəli akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli, **********4352 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 44000 (qırx dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən xx.xx.2021-ci il tarixli, **********4352 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğvini mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğvinə dair iddia ərizəsini xx.xx.2022-ci il tarixdə poçt xidmətinə təqdim etmiş, bununla da iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. - 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. - 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. - 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. - 10-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7945 nömrəli qərarına əsasən X4 (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: AZ1034 Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn (Sabunçu) Ə.Ə.Məmmədəliyev küçəsinnən kəsişmə, obyektin adı: Riva Palace (**********-18002), fəaliyyət növü: Şadlıq evlərinin xidmətləri) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi masələsi(ləri) üzrə xx.xx.2021 il tarixdən xx.xx.2021 il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində X4 məxsus Riva Palace şadlıq evində xx.xx.2021-ci il tarixdə saat 15:50-də təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surəti, əmək müqavilələrinin elektron bildirişlərinə əsasən obyektdə iaşə xidmətlərinin göstərilməsinə cəlb olunmuş 47 (qırx yeddi) nəfər fiziki şəxsdən 21 (iyirmi bir) nəfərin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, 1(bir) nəfəri Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən fotoqraf (işinin) obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilir. Operativ vergi nəzarəti barədə əlavə məlumatlar vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməsi, ekspertizanın aparılması, mütəxəssis, tərcüməçi dəvət edilməsi, bu işlərin nəticəsi barədə tərtib edilmiş sənədlər və onların akta əlavə olunması barədə qeydlərə zərurət yaranmadı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 21 (iyirmi bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 1 (bir) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə X4 Vergi Məcəlləsinin 58.10- cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. İşə cəlb olunmuş işçilərlə əmək müqavilələrinin bağlanılması və ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyata alınması tövsiyyə olundu və sadələşdirilmiş vergi üzrə sabit məbləğin və MDSS haqqının ödənilməsi haqqında qəbz əldə edilməsi tövsiyyə olundu. Vergi ödəyicisinə işçilər ilə əmək və xidməti müqavilə bağlanması tövsiyə edildi. Nəzarət kitabçası təqdim edilmədi. Vergi ödəyicisi səbəb göstərmədən aktı imza etməkdən və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. - xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli operativ vergi nəzarətinin nəticələrinə dair akta əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu hallar aşkar edilərək həmin fiziki şəxslərin şəxsiyyət vəsiqələri məlumatları əldə edilmiş və siyahısı tərtib edilərək akta əlavə edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 22 (iyirmi iki) nəfər fiziki şəxsin siyahısı tərtib edilmiş, 21 nəfərdən izahat alınmış, alınmış izahatlar iş materiallarına əlavə, eyni tarixdə vergi əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən 1 nəfər izahat verməkdən imtina etmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətində qeyd etdiyi “xx.xx.2021-ci il tarixli DVX seriyalı 005291 nömrəli aktın tərtib olunmasından sonra X9 ilə saat 16:14-də X11, saat 16:08-də X22 arasında bağlanmış əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemi”nə daxil edilmişdir” dəlili ilə bağlı məhkəmə kollegiyası nəzərə çatdırır ki, cavabdeh həmin müqavilələrin məsuliyyətdən yayınmağa yönəldiyini bildirsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şikayətin qeyd edilən dəlili o zaman əsaslı ola bilərdi ki, vergi əməkdaşı operativ vergi nəzarəti zamanı qeyd edilən şəxsləri əmək müqaviləsi bağlanmazdan öncə bilavasitə işçi geyimində, iş başında aşkar etmiş və bunu sübut edən sənədi (məsələn, videoçəkiliş, fotoçəkiliş və s.) təqdim etmiş olsun. Hazırkı iş üzrə isə belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınsa ki, qeyd edilən 2 nəfər ofisiant vəzifəsində olmuşlar, o zaman işəgötürən onlarla günün istənilən vaxtında görüşərək işə başlamalarını və eyni zamanda əmək müqaviləsinin rəsmiləşməsini həyata keçirə bilərdi. Həmçinin, iş materiallarına əlavə olunmuş izahatlardan da aydın görünür ki, hər iki şəxs xx.xx.2021-ci il tarixdən yəni yoxlama keçirildiyi tarixdən işə başladığını bildirmiş və işəgötürən tərəfindən də əmək müqaviləsi bildirişi elə həmin günü elektron informasiya sisteminə daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların: - 3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. - 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. - 3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. - 3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. Qanunvericilik normalarının təhlilindən göründüyü kimi, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bundan başqa, apellyasiya şikayətində adı çəkilən digər şəxsə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının tərtib etdiyi əmək müqaviləsi bağlamadan işə cəlb edilmiş şəxlərin siyahısında X6 adı qeyd edilsə də həmin şəxsin izahatı icraat materiallarına əlavə edilməmişdir. Təqdim edilmiş icraat materiallarında həmin şəxsin əvəzinə X7 izahat alınmış, izahatı Abbasova Səfurə imzalamış, izahatında onunla əmək müqaviləsi bağlandığını bildirmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildrişləri barədə məlumatda X16 (AZE ********) ilə əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə sistemə işləndiyi müəyyən olunmuşdur. Belə olan halda X6 izahatının alınmadığını, izahatın alınmaması barədə akt tərtib edilmədiyini, onun yerinə başqa bir əmək müqaviləsi olan işçinin izahatının alındığını əsas götürərək birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin 1 nəfər X15 adlı şəxsin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi sübuta yetirilməmişdir və bu əsasdan ona münasibətdə də maliyyə sanksiyasının tətbiqi əsassızdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5489/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-769/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-769/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver