Məhkəmə qərarları › İş №2-1(103)-769/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-769/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-769/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3603/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1000 (bir min) manat cərimə olunmağı haqqında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1878 №li və 10000 (on min) manat cərimə olunmağı barədə olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1922 №li qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, “Sünbül”un məmulatları sexini 2019-cu ilin may ayından başlayaraq rəsmi surətdə vergi orqanlarından sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçirməklə işlətməyə başlamışdır. VÖEN qeydiyyat №-si ********** onun adınadır. Elə həmin vaxtdan da nəzarət kassa aparatını vergi xidmətinin əməkdaşları olan (xüsusi servis xidmətindən) 250 AZN-ə almışdır. O, özü qadın olduğu üçün bu işlərdən də anlayışı olmadığından və təhsili buna imkan vermədiyinə görə əri X29 işinə köməklik göstərmişdir. Onlar ünvan 1 ünvanındakı qeyriyaşayış sahəsində icarə müqaviləsi əsasında fəaliyyət göstəririlər. Həmin nəzarət kassa aparatı 2019-cu ilin mayından 2021-ci ilin dekabr ayının sonuna qədər onların un məmulatları sexində fəaliyyət göstərmiş və vaxtaşırı olaraq alver-satış olduqca NKA-dan istifadə edilərək, müvafiq qəbzlər çap olunmuş və sadələşdirilmiş hesabatlar tərtib olunaraq, Vergi Xidmətinin Suraxanı rayon şöbəsinə təqdim olunmuşdur. O, bu günə qədər heç bir vergidən yayınmamışdır və vergi hesabatlarını da vaxtında tərtib edərək Vergi Xidmətinin Suraxanı rayon şöbəsinə təqdim etmişdir. Onların NKA-nı 2021-ci ilin dekabr ayının sonunda vergi xidməti əməkdaşı kimi tanıdıqları soyadını bilmədiyi Vüsal adlı şəxs onlardan onun yenisi ilə dəyişdirilməsinin vacibliyini dönə-dönə və israrla bildirərək, onlardan götürmüş və dediyi servis xidmətinə aparmışdır. Onun əvəzinə isə 10-15 gün ərzində qiyməti 423 manat olan yeni bir NKA gətirib quraşdıracağını bildirmişdir. Onlara isə NKA olmadan fəaliyyət göstərə biləcəyini və bunun heç bir qanunsuzluq olmadığını və bu haqda Vergi Xidmətinin müvafiq idarəsinə və Suraxanı rayon şöbəsini məlumatlandıracağını bildirmişdir. Odur ki, onlar rahat fəaliyyət göstərsələr də gün aşırı Vüsaldan NKA-nı tez gətirməsini xahiş etmişlər. Bu arada, yəni xx.xx.2022-ci il tarixdə saat 12-13 radələrində Vergi Xidmətinin bir neçə əməkdaşı onların fəaliyyət göstərdiyi bulka, qoğal, şor-çörək və digər un məmulatları hazırladığı sexə gəlmiş və NKA-nın olmadığını görüb cərimə olunmaqları barədə akt yazmışlar və sonra da onu qərarlaşdıracaqlarını bildirmişlər. Bundan sonra sexdə olan, bir neçə gün əvvəl və ya elə həmin gün sınaq keçməkdən yəni işləyə bilib - bilməməsini öyrənmək istədikləri işçilərdən 5 nəfərdən izahat alınmış və onların güya əmək müqaviləsi olmadan və müvafiq qeydiyyat aparılmadan əmək fəaliyyətinə cəlb olunmaları barədə akt tərtib etmişlər. Nəticə etibarı ilə NKA-nın olmamasına görə 1000 manat, işçilərin əmək müqaviləsinin qeydiyyatdan keçmədiyinə və onları alt sistemə keçirmədiyinə və vergidən güya yayındığına görə ona 10000 manat məbləğində cərimə tətbiq edilmişdir. Halbuki, o, heç bir işçinin əmək müqaviləsini dövlətdən-vergidən gizlətməmişdir, vergidən yayınmamışdır, belə bir niyyəti də olmayıb. Onların işinin xüsusiyyəti elədir ki, əvvəlcə işə qəbul edəcəkəri işçininşirniyyatçının işi bacarıb-bacarmamasının 1-2 gün yoxlayır və sonra işə qəbul edərək onunla əmək müqaviləsi bağlayırlar. Həmin işçilərin hər biri ilə elə həmin vaxt, ondan əvvəl və ya sonra müvafiq mərhələ keçəndən sonra əmək müqaviləsi bağlanır və qeyd olunur. Lakin, onun komputer bilikləri olmadığına və bacarmadığı üçün bu işləri onlar üçün Elnur Əliyev adlı mühasib icra edirdi. Onun NK aparatı olub, onu heç vaxt gizlətməmişdir eləcə də şirniyyatçıları olan qadınlarla da edildiyi kimi, müvafiq sınaq mərhələsindən sonra əmək müqaviləsi bağlamışdır. Bu müqavilələr mövcud olub, lakin onlarıelektron informasiya sisteminə işlənməməsi onun səhvi deyil, o, heç kimi vergidən yayındırmamışdır və vergiləri də vaxtı-vaxtında ödəmişdir. Ona tətbiq olunan 11000 manat vergi cəriməsi əsassız, qanunsuz və ədalətsizdir. Odur ki, həmin cərimələrin ləğvi üçün VX-nın müvafiq idarəsinə və İqtisadiyyat Nazirliyinin Xüsusi Apellyasiya Şurasına müraciət etmişdir ki, həmin cərimələri silsinlər. Amma heç bir şikayəti, ərizələri nəzərə alınmamışdır və cərimələr silinmədən, həmin qərarlar da ləğv edilmədən ərizələri təmin edilməmişdir. İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 70 №-li qərarını 2022-ci ilin sentyabr ayının 29-da poçt vasitəsi ilə almışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2019-cü il tarixdə vergi uçotuna alındığı və əsas fəaliyyət növünün “suxarı və peçenye istehsalı, uzun müddət saxlanıla bilən unlu qənnadı məmulatlarının istehsalı" olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9345 nömrəli qərarına əsasən Baş idarənin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 12:00- da İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən “Sünbül" adlı şirniyyat evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı nəzarət-kassa aparatının quraşdırılmadığının aşkar edildiyi, operativ vergi nəzarəti tədbirinin nəticəsinin xx.xx.2022- ci il tarixli DVX seriyalı 011643 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Eləcə də, araşdırma ilə müəyyən edilmişdir ki, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1878 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə Baş İdarənin xx.xx.2022-ci il tarixli **********377200 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2022-ci il tarixdə saat 12:56-da oxunmuşdur. Bundan əlavə, həmin obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 5 (beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 005952 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi, adları aktda qeyd olunmuş şəxslərin və vergi ödəyicisinin operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək yol verilmiş qanun pozuntularını etiraf etmişlər. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********1922 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 10.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə Baş idarənin xx.xx.2022-ci il tarixli **********551000 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2022-ci il tarixdə saat 12:56- da oxunmuşdur.Vergi ödəyicisi tərəfindən vergi orqanının qərarlarından xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********797100 nömrəli) inzibati qaydada şikayət verilmiş və vergi orqanının 27 aprel 2022-ci il tarixli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X21 araşdırmaya təqdim etdiyi xx.xx.2022-ci il tarixli izahatında tərtib olunmuş aktdan sonra aktda adları qeyd olunmuş şəxlərlə əmək müqaviləsi bağlandığını və onların qeydiyyatdan keçdiyini, bunlardan 3 nəfərinin sonradan işdən çıxdığını, daha sonra yeni işçilərin işə qəbul edildiyini, onların da az müddət işlədikdən sonra işdən çıxdıqlarını, sahibkar işçi problemi yaşadığı üçün öz işini normal apara bilmədiyini, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarlar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" Çıxarışlar və “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamələr ilə vergi ödəyicisinin tanış olduğunu, Tələbnamə əsasında vergi orqanı əməkdaşlarına sənəd təqdim edilmədiyini, xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin iştirak etdiyini, aktların imzalanmasınının səbəbini vergi ödəyicisinin savadsız olması ilə əlaqələndirdiyini, əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçmədən həmin şəxslərin işə cəlb edilməsi barədə heç nə deyə bilməyəcəyini, NKA-nın vaxtında quraşdırılmamasını STXM-in gecikdirməsi ilə əlaqələndirdiyini, vergi ödəyicisi ilə STXM arasında müqavilə bağlandığını, lakin araşdırmaya təqdim edə bilmədiyini bildirmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ile daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, vergi ödəyicisi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onun gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmış, eləcə də həmin fiziki şəxs və vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdikləri izahatlarında, həmçinin araşdırma zamanı vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi E.İbrahimov da təqdim etdiyi izahatında yol verilmiş nöqsanları etiraf etmişlər. X2 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 10 gündür ki, İddiaçı tərəfindən şirniyyatçı vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, izahatı onun sözləri ilə Vəliyevə Sevil tərəfindən yazıldığını, ucadan oxunduğu və doğruluğunu imzası ilə təsdiq etdiyini bildirmişdir. X5 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən satıcı vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işləyən işçilərdən Tamara və Sevili tanıdığını bildirmişdir. X6 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən satıcı vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işləyən işçilərdən Təranə, Rübabə və Sevili tanıdığını bildirmişdir. X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən xadimə vəzifəsinə işə götürüldüyünü, gündəlik əmək haqqını 15 manat olmaqla nağd formada aldığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işləyən işçilərdən Təranə, Sevili tanıdığını bildirmişdir. X7 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 3 gündür ki, İddiaçı tərəfindən şirniyyatçı vəzifəsinə işə götürüldüyünü, gündəlik əmək haqqını 15 manat olmaqla nağd formada aldığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işləyən işçilərdən Təranə, Tamara və Rübabəni tanıdığını bildirmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, əvvəlcədən işə qəbul edəcəyi işçinin işi bacarıbbacarmamasını 1-2 gün yoxlayır və sonra işə qəbul edərək onunla əmək müqaviləsi bağlayırıq. Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Yəni, işçinin sınaq müddətində olması onunla əmək müqaviləsi bağlamamağa əsas vermir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri bazasının məlumatlarına əsasən aktda adı qeyd olunmuş 5 nəfərin (X19, X15, X14, X10 və X20) operativ vergi nəzarəti tədbirindən sonra (xx.xx.2022-ci il tarixdə) vergi ödəyicisi İddiaçı işçisi kimi əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirildiyi, sonradan 3 nəfərin (X19 ilə xx.xx.2022-ci il tarixdən, X15 ilə xx.xx.2022-ci il tarixdən və X14 ilə xx.xx.2022-ci il tarixdən) bağlanılmış əmək müqaviləsi bildirişinin ləğv edildiyi müəyyən edilmişdir.Bundan əlavə Vergi Məcəlləsinin 16.1.8-ci və 16.1.9-cu maddələrinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları ve digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələri kimi təsbit olunduğu halda, İddiaçı tərəfindən qeyd edilən nəzarət-kassa aparatı quraşdırılmamış və nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim edilməmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən yeni nəsil nəzarət-kassa aparatının quraşdırılması barədə müqavilə bağlamasının və onlar tərəfindən müqavilə öhdəliklərinin icrasının təmin etməməsi barədə vergi orqanına təqdim etdiyi izahatında gətirdiyi dəlilin də yol verilmiş qanun pozuntusunun əsaslandırılması üçün heç bir hüquqi əsas yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3603/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və cavabdeh Bakı şəhəri X30 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1922 №-li, xx.xx.2022-ci il tarixli qismən - İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsi (X15 və X10) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunmuş və iddia qalan hissədə təmin olunmamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Həmçinin iddiaçı qərardan apellyasiya şikayəti vermiş və qərarın iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslılığı tam yoxlanılmalıdır. İş materiallarında olan: - “Fiziki şəxsin vergi uçotu haqqında” Şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu ildə 6 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi (Qeydiyyat № (VÖEN) **********) qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, “İcarəyə verən” X11 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1282,5 kv. m. olan qeyriyaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 90 kv. m. sahəni “İcarəçi” İddiaçı icarəyə vermişdir. İcarə müddəti xx.xx.2031-ci il tarixədək, aylıq icarə haqqı 500 manat müəyyən edilmişdir. - Bakı şəhəri X30 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********9358 №-li, xx.xx.2022-ci il tarixli tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı operativ vergi nəzarətinin aparılması üçün – “Nəzarət kitabçısı”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlərin təqdim edilməsi tələb olunmuşdur. - Bakı şəhəri X30 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********9345 №-li, xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Rasim Şahsuvarov 1 ünvanında yerləşən “Şirniyyat evində” nağd pul hesablaşmalarının aparılmasına qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarix daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. - “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında 005952 №-li DVX seriyalı, xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən “Sünbül Şirniyyat evində 22 fevral 2022-ci il tarixdə 12:15-də işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş 6 fiziki şəxsdən 5 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq, əmək müqaviəsi hüquqi qüvvəyə minmədən həmin işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. - “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 011643 №-li DVX seriyalı, 22 fevral 2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri X30 üzrə Baş İdarəsinin 21 fevral 2022-ci il tarixli **********5343 saylı qərarına əsasən İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən “Sümbül” şirniyyat evində X8 iştirakı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması operativ vergi nəzarəti həyata keçirilərkən “Sünbül” şirniyyat evində NKA-dan istifadə olunmadığı müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 12:00-da Samirə Abuşovaya məxsus şirniyyat sexində müştəri tərəfindən alınmış 5 (beş) ədəd smitə görə 1,0 (bir) manat ödənilmişdir, lakin ödəniş müqabilində NKA-ya çek vurulub verilməmişdir. - Bakı şəhəri X30 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1922 №-li, xx.xx.2022-ci il tarixli qərarı ilə X12 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1878 №-li, xx.xx.2022-ci il tarixli qərarı ilə X12 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********646600 №-li, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, X16 tərəfindən operativ vergi nəzarəti nəticəsində tətbiq edilmiş maliyyə sanksiyasının azaldılması barədə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə ünvanlanmış şikayətinə baxılaraq, fərdi sahibkar X1 operativ vergi nəzarəti tədbirlərinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi, Bakı şəhəri X30 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1878 və **********1922 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********646600 №-li, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayət üzrə qəbul edilmiş 70 №li 13 sentyabr 2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, qeyd olunan qərarla ilə fiziki şəxs X8 şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********646600 №-li, xx.xx.2022-ci il tarixli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1878 və **********1922 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.70. Vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. 15.1.15-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək vergi ödəyicisinin hüququdur. 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.0 və 24.1. vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7); nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi (50.1.11.); “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi (50.1.14.) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. -50.8-ci maddəsinə əsasən Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X39); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması”Qaydasının: 2.3-cü bəndinə əsasən vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən, bank hesablarından məxaric edilmiş pul vəsaitlərindən, təsisçidən və digər şəxslərdən alınmış borclardan, verilmiş borcların (o cümlədən, təhtəlhesab şəxslərə verilmiş vəsaitlərin) qaytarılmasından, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə alınmış avanslardan, məhkəmə qərarları əsasında həyata keçirilmiş ödənişlərdən, işçi heyətinə artıq ödənilmiş pul vəsaitlərinin qaytarılmasından və s. mənbələrdən mədaxil edilir. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilir. 3.19-cu maddəsinə əsasən pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin - iddiaçının 1000 manat cərimə olunmağı haqqında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1878 №li qərarının ləğv edilməsi hissəsində rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Bununla bağlı qeyd edilməlidir ki, Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan əhali ilə pul hesablaşmalarının aparılmasını zamanı pozuntuya yol verilməsi və əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilən qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılmasını zamanı pozuntuya yol verilməsi səbəbindən NKA-dan istifadə edilməməsi təşkil edir. Əlbəttə nəzərə alınmalıdır ki, bununla bağlı pozuntuya yol verdikdə, qanunvericilik vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsini şərtləndirmişdir. İş materiallarında olan sənəndləri şahidlərin ifadələri ilə birgə təhlil etdikdə məlum olur ki, iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinin əsasında duran hallardan biri kimi - NKA-dan istifadə edilməməsi halına yol verilməsi təşkil edir ki, bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. Göründüyü kimi cavabdeh vergi orqanı haqlı olaraq vergi ödəyicisi tərəfindən NKA-dan istifadə edilmədiyinə görə 1000 (bir min) manat cərimə olunmağı haqqında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1878 №li qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 219.3-cü maddəsinə əsasən işəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. 219.4-cü maddəsinə əsasən işçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur Bununla bağlı qeyd edilməlidir ki, işin birinci instansiya icraatı zamanı iddiaçı tərəfindən şahid qismində dəvət olunmuş və məhkəmədə ifadə vermiş: X29 göstərmişdir ki, İddiaçı fəaliyyət göstərdiyi obyekt Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşir və orada şirniyyat istehsalı ilə məşğul olurlar. Obyektdə 2019-cu ilin may ayından NKA-dan istifadə olunur. Kassa qoşulduqdan sonra daimi olaraq vergilər ödənilmişdir. Kassa aparatında texniki nasazlıq olduğu üçün Vergi orqanına müraciət etdikdə, Suraxanı Rayon Vergi idarəsində işləyən Vüsal adlı əməkdaş yeni kassa aparatı ilə əvəz olunması üçün götürmüş, lakin 3-4 ay keçməsinə baxmayaraq dəfələrlə NKA-nın yenidən qoşulması ilə bağlı müraciət etsələr də yeni NKA qoşulmamışdır. NKA vergidə qeydiyyatdan keçmişdir. Kassa olmadığı müddətdə daimi vergilər ödənilmişdir, mühasib özü ümumi məlumat verirdi, ona əsasən ödənişləri etmişlər. X13 göstərmişdir ki, 3 ildir ki, iddiaçıya məxsus müəssisədə işləyir. Şirniyyat bişirməklə məşğul olur. Vergi orqanı tərəfindən yoxlama aparılan günü onun istirahət günü olduğu üçün işdə olmamışdır. Obyektə NKA əvvəldən olub, xarab olduğu üçün götürülmüşdür, lakin hansı əsasla xarab olması barədə məlumatım yoxdur. Obyektdə satıcı var, o, sadəcə şirniyyat bişirməklə məşğul olur, NKA olmadığı dövrlərdə satılan şirniyyat məhsulların hesabatının necə aparıldığından məlumatsızdır. X10 göstərmişdir ki, İddiaçı məxsus obyektdə 6 nəfər şirniyyat bişirməklə məşğuldur. O, 2- 3 gün olardı ki, obyektə gedib-gəlirdi. İddiaçı ilə ilk öncə razılaşmışlar ki, sonuncu onun əl işinə (şirniyyat bişirməsinə) baxsın ondan sonra işə götürülməsi rəsmiləşdiriləcəkdir. İşə qəbul olacağı təqdirdə saat 2-yə kimi işləyəcək və əmək haqqı 300 manat olacaqdır. Yoxlamaya gələn şəxslər qəfildən icəri (obyektə) daxil oldular. Yoxlamaya gələn əməkdaşlara izahat vermiş və onlar da yazılı qeydlərini aparmışlar, lakin izahatını oxumadan imzalamışdır. Hal-hazırda həmin obyektdə işləmir. Səhhətində yaranan probləmlərlə əlaqədar olaraq işdən çıxmışdır. Həmçinin operativ vergi yoxlaması zamanı Bakı şəhəri X30 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən izahatları alınmış: - X10 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında 10 gündür ki, Abuşova Samirə tərəfindən şirniyyatçı vəzifəsinə qəbul olunduğunu, onunla əmək müqaviləsinin bağlanmadığını və ona əmək bildirişinin təqdim olunmadığını, əmək haqqı kimi ayda 300 manat məbləğində pulun Abuşova Samirə tərəfindən ödənilməli olduğunu, lakin təzə gəldiyi üçün əmək haqqı almadığını bildirmişdir. - X15 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında xx.xx.2022-ci il tarixindən Abuşova Samirə tərəfindən satıcı vəzifəsinə qəbul olunduğunu, onunla əmək müqaviləsinin bağlanmadığını və ona əmək bildirişinin təqdim olunmadığını, əmək haqqı kimi ayda 300 manat məbləğində pulun Abuşova Samirə tərəfindən ödənilməli olduğunu bildirmişdir - X19 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında xx.xx.2022-ci il tarixindən Abuşova Samirə tərəfindən satıcı vəzifəsinə qəbul olunduğunu, təzə işçi olduğu üçün onunla əmək müqaviləsinin bağlanmadığını və ona əmək bildirişinin təqdim olunmadığını, əmək haqqı kimi ayda 300 manat məbləğində pulun Abuşova Samirə tərəfindən ödənilməli olduğunu bildirmişdir. - X14 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında xx.xx.2022-ci il tarixindən Abuşova Samirə tərəfindən xadimə vəzifəsinə qəbul olunduğunu, təzə işçi olduğu üçün onunla əmək müqaviləsinin bağlanmadığını və ona əmək bildirişinin təqdim olunmadığını, əmək haqqı kimi gündəlik 15 manat məbləğində pulun müdiriyyət tərəfindən ödənilməli olduğunu bildirmişdir. - X20 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında 3 gündür ki, Abuşova Samirə tərəfindən şirniyyatçı köməkçisi vəzifəsinə qəbul olunduğunu, onunla əmək müqaviləsinin bağlanmadığını və ona əmək bildirişinin təqdim olunmadığını, əmək haqqı kimi gündəlik 15 manat məbləğində pulun nəqd şəkildə Abuşova Samirə tərəfindən ödənildiyini bildirmişdir. İş materiallarında olan izahatlardan müəyyən edilir ki, izahatları alınmış şəxslər iddiaçıya məxsus obyektdə "xadimə”, “şirniyyatçı köməkçisi” və “şirniyyatçı” vəzifələrində işləyirlər. Belə olan halda vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin ictimai-iaşə fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə "xadimə”, “şirniyyatçı köməkçisi” və “şirniyyatçı” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə "əmək müqaviləsi” bağlanmaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə cavabdeh haqlı olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1922 №li qərarı qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3603/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X30 üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3603/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar