Məhkəmə qərarları › İş №2-1(103)-77/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-77/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-77/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə X9 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair arayışın (çıxarışın) verilməsi» tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1770/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1770/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan ərazisində yerləşən 0,12 ha sahəsi olan 9i nömrəli bağ sahəsinin onun mərhum oğlu X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur. Qərardan cavabdeh orqan apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş xx.xx.2005- ci il tarixli 17234 nömrəli X3 və İstismarı Birliyi tərəfindən verilmiş müqavilə barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Bundan əlavə, təqdim olunmuş sənədlərdə torpaq sahəsinin ölçüsü 1200.0 kv.m qeyd edilsə də, faktiki olaraq iddiaçı tərəfindən 859.0 kv.m torpaq sahəsi istifadə olunmaqdadır və torpaq sahəsi sənəd üzrə göstərilən ölçüdən 341 kv.m azdır. Bundan əlavə bağların bölgüsünə dair sxematik xəritəsinə əsasən bağın yerləşməsində uyğunsuzluq mövcuddur. Həmçinin, bağ sahəsi üzərindən keçən 100 kv.mlıq yüksək gərginlik elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya müvafiq imtina məktubu ünvanlanmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının vəkili apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşdə olan: Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılması və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə X11 arasında bağlanan xx xxxxxx 2005-ci il tarixli 17234 saylı müqavilənin surətindən görünür ki, Çöl Şüvəlan ərazisində 0,12 ha torpaq sahəsi olan 9i saylı bağ sahəsi X4 istifadəsinə verilmişdir. Bakı şəhəri 21 saylı Notariat Ofisinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış x xxxxxx 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, X4 xx xxxxxx 2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında tərəfindən vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. İş materiallarından görünür ki, iddiaçı Çöl Şüvəlan ərazisində 0.12.ha torpaq sahəsi olan 9i nömrəli bağ üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, təqdim edilən Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılması və X2 X1 İnkişafı və İstismarı Birliyi tərəfindən verilən xx xxxxxx 2005-ci il tarixli 17234 saylı müqavilə idarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda təqdim olunmuş sənədlərdə torpaq sahəsi 1200 kv.m qeyd edilmiş, lakin faktiki olaraq 859.0 kv.m torpaq sahəsi istifadə olunmaqdadır. Bundan əlavə bağların bölgüsünə dair sxematik xəritəsinə əsasən bağın yerləşməsində uyğunsuzluq mövcuddur. Həmçinin, bağ sahəsi üzərindən keçən 100 kv.m-lıq yüksək gərginlik elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılması və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə 17234 saylı xx xxxxxx 2005-ci il tarixli müqavilənin surəti əsasında Çöl Şüvəlan ərazisində 0.12.ha torpaq sahəsi olan 9i nömrəli bağa dair X4 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı dövlət reyestrindən arayış (çıxarışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır və hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Həmin Məcəllənin 56-cı maddəsində göstərilir ki, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən:

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə ğörə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “.... iddiaçının mərhum oğlu X7 ilə Bakı ŞİH Başçısı Aparatının Abadlaşdırılması və X2 X1 İnkişafı və istismarı Birliyi arasında Çöl Şüvəlan ərazisində yerləşən 9i nömrəli bağın istifadəyə verilməsinə dair 17234 saylı müqavilə imzalanmışdır və həmin müqavilənin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, müqavilə sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının mərhum oğlunun həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir.”, “.... 9i saylı bağa dair müqavilənin idarənin arxivində tapılmaması, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən bağın yerləşməsində uyğunsuzluğun mövcudluğu iddiaçının və ya miras qoyanın irədəsindən asılı olan hal deyil, bu uyğunsuzluqlar inzibati icraatda aradan qaldırılmalı idi.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini, bu qənaətin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmasını yuxarıda istinad edilən maddi hüquq normalarının və İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Birinci instansiya məhkəməsi işin materiallarını, o cümlədən işdə iştirak edən şəxslərin dəlillərini (o cümlədən, iddia ərizəsinin dəlillərini) işin digər halları ilə yanaşı Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələbləri nəzərə alınmaqla araşdırılmalı və qiymətləndirməli idi. Birinci instansiya məhkəməsi nəzərə almalı idi ki, cavabdehin imtinasının birinci dəlili iddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılması və X2 X1 İnkişafı və İstismarı Birliyi tərəfindən verilən xx xxxxxx 2005-ci il tarixli 17234 saylı müqavilənin idarənin arxivində aşkar olunmaması olmuşdur. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı müqavilənin əslini itirdiyi üçün DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, müqavilənin təsdiqlənmiş surətini götürdüyünü bildirmişdir. Belə olan halda məhkəmə iddianın əsası kimi istinad edilən müqavilənin mötəbərliliyinə diqqət etməli idi. Əvvəla, cavabdeh iddia edilən bağ sahəsinə dair müqavilənin arxivdə mövcud olmadığını bildirdiyi halda, iddiaçı istinad etdiyi müqavilə surətinin cavabdeh orqana rəsmi qaydada müraciət edilərək alınmasına dair sübut təqdim edə bilməmişdir. İkincisi, iş materiallarında olan müqavilə nüsxəsinin sənədin əslindən və ya surətindən kserosurət edilməsi və müqaviləyə cavabdeh orqanın gerbli möhürünün vurulması müəyyən olunmur. Bundan əlavə, sözügedən müqavilənin iş materiallarında olan nüsxəsində cavabdeh orqanın dövlət gerbli möhürünün yerinə, cavabdeh orqanın şöbəsinə aid texniki sənədlər üçün nəzərdə tutulan dairəvi möhür-ştampı vurulduğu və müqavilənin istifadəçi kimi göstərilən tərəf yəni, X8 tərəfindən imzalanmadığı müəyyən olunur. Yuxarıda qeyd edilən halları nəzərə alaraq Kollegiya qeyd edilən müqaviləni mötəbər sübut kimi qəbul etmir. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən imtinanin əsas dəlillərindən biri olan bağ sahəsinin onun üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi faktı üzrə heç bir araşdırma aparılmamış və yekun qərar qəbul edilərkən bu məsələ ümumiyyətlə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın 5-ci bəndinə əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 110 kilovoltluq elektrik naqilləri üçün 20 m. məsafədə elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilir. Həmin Qaydaların 12-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Məhkəmə Kolleğiyası tərəfindən cavabdeh orqanın imtinasının və apelyasiya şikayətinin dəlilninin araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/2363 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu. Çöl Şüvəlan ərazisində yerləşən 9i saylı bağ sahəsinin 24,0 m hissəsinin, həmin ərazidən keçən 100 kv.m-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür. Beləliklə, ekspert rəyi ilə də müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsindən yüksək gərginlikli elektrik hava xətlərinin keçməsini, xətlərin istiqamətini, torpaq sahəsinin 4,0 m hissəsinin üzərindən yüksək gərginlikli elektrik xəttinin keçdiyi və həmin xətlərin mühafizə zolağının müvafiq qaydaların tələblərində 20,0 m məsafədə müəyyən olunduğundan mübahisəli torpaq sahəsinin 24,0 m hissəsinin yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasına düşür. Bundan başqa cavabdehin imtinası və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqana təqdim olunmuş sənədlərdə torpaq sahəsinin ölçüsü 1200,0 kv.m göstərilir lakin, faktiki olaraq iddiaçı tərəfindən 859,0 kv.m torpaq sahəsi istifadə olunmaqdadır və torpaq sahəsi sənəd üzrə göstərilən ölçüdən 341 kv.m azdır. İş materiallarından görünür ki, iddiaçının təqdim etdiyi sənədlər üzrə mübahisəli bağ sahəsinin ölçüsü 1200 kv.m göstərilsədə, iddiaçı faktiki olaraq 859 kv.m sahədən istifadə edir. Eyni zamanda xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, faktiki istifadə edilən 859 kv.m toraq sahəsinin 24,0 m hissəsi də (24,4x4) yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasına aiddir. Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələblərinə görə, fiziki obyekt, daşınmaz fərdi-müəyyən əşya olan torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanununun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarına və qanunvericilik normalarına əsasən Kollegiya bu nəticəyə gəlir ki, cavabdeh orqanın sözügedən müqaviləni AR Əmlak Məsələləri Dövlət Komitəsinin arxivində aşkar edə bilməməsi və birinci intansiya məhkəməsinin sübut kimi qəbul etdiyi müqavilə nüsxəsinin yazılı müqavilələrə dair qanunvericiliyin tələblərinə uyğun gəlməməsi, lazımı qaydada təsdiqlənməməsi faktı həmin sənədi hüquqmüəyyənedici sənəd qismində mötəbər sübut kimi qiymətləndirməyə əsas vermir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması tələbini yalnız mötəbər olmayan müvafiq müqavilə nüsxəsilə əsaslandırmış, həmin bağ sahəsinin həqiqətən də onun istifadəsinə verilməsini təsdiq edən digər sənədləri-torpaq sahəsinin planını və ya qanunvericilikdə göstərilən hər hansı bir digər sənədi (sərəncam və sair) təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən Kollegiya iddiaçının Çöl Şüvəlan ərazisində 0,12 ha torpaq sahəsi olan 9i saylı bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair müraciətinin cavabdeh tərəfindən təmin edilməməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1770/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv olunaraq, iddia rədd olunmalı, ekspert tədqiqatının dəyəri olan 100 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1770/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin. Ekspert tədqiqatına görə 100 manat xərc İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ 34 CTRE ********************, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41NABZ 013601**********3944, SWİFT Bik CREAZ 22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Tağızadə Mirzə

Hakim: Sarıyev Xəyal

Hakim: Baxışova Vüsalə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar