Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-77/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı oğlunun, nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirаkları ilə, İddiаçı İddiaçı oğlunun cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət Nümayəndəliyinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2085/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı oğlu cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə ödənilməsi və təyin olunan pensiyanın əvvəlki hesablanmış məbləğinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanması, pensiyanin yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2017-ci ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Pensiyaya çıxarkən pensiya düzgün hesablamışdır. Belə ki, fərdi hesabının sığorta hissəsində 53739.43 manat pensiya kapitalı vardır. Pensiyaya çıxarkən cavabdeh tərəfindən pensiya kapitalı uyğun hesablanaraq ödənilmişdir. İddiaçı xx.xx.2006cı ildən xx.xx.2017-ci il tarixədək 11 il 6 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 53.739,43 manat pensiya kapitalı vardır. Məcburi dövlət sosial haqlarının tam həcmdə ödənilməsi pensiyanın əvvəlki hesablanmış formada verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, vətəndaş İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən əmək pensiyası təyin edilmişdir. 53.739,43 manat pensiya kapitalı və xx.xx.2006-cı il tarixədək sığorta stajı ilə (32 il 02 ay 04 gün) pensiyası 506,27 manat hesablanaraq ödənilib.xx.xx.2019-cu il tarixdə pensiyası 605.16 manat olmaqla ödənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırılması nəticəsində pensiya kapitalının 50% ilə yox 90% ilə hesablanması müəyyən edilmiş, bu səbəbdən vətəndaşın əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 414.60 manat təşkil edir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 1.0.8-ci maddəsində edilmiş dəyişiklik xx.xx.2017-ci il tarixdən sonra pensiyaya çıxmış şəxslərə aid olunduğundan həmin dəyişikliyin vətəndaşın pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması müvafiq Fərmana ziddir. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2085/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı oğluna məcburi sosial sığorta haqlarının tam həcmdə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı dəqiqləşdirmə ərizəsi təqdim edərək iddia ərizəsində yazdığı “bütün sosial sığorta haqlarının yenidən hesablanması” dedikdə, kapital yığımının 90 faizini nəzərdə tutmuşdur. Buna görə də “Əmək pensiyaları haqqında” Qanuna 01 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliyi nəzərə alaraq ona pensiyasının təyin edildiyi 31 oktyabr 2017-ci il tarixindən yenidən hesablanıb fərqin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2- 1(103)-251/2021 nömrəli qərarına əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2020 nömrəli 03 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının ödənilmiş məcburi sosial sığorta haqlarının 90 faizindən yığılan kapitaldan olmaqla 31 oktyabr 2017ci ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2-1(103)-251/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-6/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2- 1(103)-251/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanuna zidd hesab edilərək ləğv olunmalıdır. Məhkəmə tərəfindən normativ hüquqi aktın norması yanlış təfsir edilmiş, maddi hüquq normasının tələbi pozulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Həmin bənddə nəzərdə tutulmuş 1.0.5-ci maddə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırkı redaksiyası baxımından deyil, 1 yanvar 2006-cı il redaksiyasına uyğun tətbiq edilməlidir. Belə ki, Qanunun 1 yanvar 2006-cı il redaksiyasında 1.0.5-ci maddə hazırkı 1.0.8-ci maddəyə uyğun gəlir. 28 noyabr 2006-cı il tarixli 184-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 1-ci maddəyə yeni məzmunda 1.0.3-cü- 1.0.5-ci maddələr əlavə edilmiş, 1.0.3-cü-1.0.12-ci maddələr 1.0.6-cı-1.0.15-ci maddələr hesab edilmişdir. Yəni, bu dəyişiklik nəticəsində 1.0.5-ci maddə hazırkı 1.0.8-ci maddə kimi başa düşülməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə belə dəyişiklik edilmişdir: fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 2-ci maddəsinə görə isə bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Yəni, pensiya kapitalının 90% ilə hesablanması məhz həmin tarixdən sonra pensiyaya çıxmış şəxslərə şamil olunur. Vətəndaş isə xx.xx.2016-cı il tarixdə yaşa görə pensiyaya çıxmışdır. Ona görə də iddiaçıya pensiya təminatı hüququ yarandığı vaxtda, yəni xx.xx.2016-cı ildə pensiya kapitalı 50% ilə hesablanmalı idi. Məhz bu səbəbdən iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən hesablanması qanunun tələblərinə uyğun olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək ona sosial sığorta haqlarının 90 faiz həcmində nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə protokol qaydasında icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Həmin Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. Qeyd olunmalıdır ki, 8 noyabr 2006-cı il tarixli 184-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1019) ilə 1-ci maddəyə yeni məzmunda 1.0.3-cü—1.0.5-ci maddələr əlavə edilmişdir, 1.0.3-cü—1.0.12-ci maddələr 1.0.6-cı—1.0.15-ci maddələr hesab edilmişdir. Nəticədə “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən vaxt hazırkı 1.0.8-ci maddə 8 noyabr 2006-cı il tarixə qədər 1.0.5-ci maddə adlanırdı. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndində qeyd edilirdi ki, həmin Qanunun 1.0.5-ci maddəsinə (yəni 8 noyabr 2006-cı ilə qədər Qanunun 1.0.5-ci maddəsinə) uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 756) ilə 2.8-ci, 2.9-cu, 2.10-cu bəndlər və 3-cü hissə ləğv edilmişdir. Bəhs olunan normativ sənədlərə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 8 noyabr 2006-cı ilə qədər olan redaksiyası həmin Qanunun 8 noyabr 2006-cı ildən edilən dəyişikliyə görə hazırkı 1.0.8-ci maddəsi ilə əvəz edildiyindən, Prezidentin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndi də Qanunun 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş 1.0.8-ci maddəsinin tətbiqi ilə bağlı olmuşdur. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin hərbi qulluqçulara aid olması və Prezidentin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndinin hərbi qulluqçulara şamil edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əlavə edilmiş və 1 iyul 2017-ci il tarixdən qüvvədə olan üçüncü cümləsində qeyd edilir ki, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 45.“Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 1.0.8-ci maddəsini və 27.1-ci maddəsinin üçüncü cümləsini əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının pensiya hüququ 2016-cı ilin fevral ayında yaransa da, ona yaşa görə əmək pensiyası noyabr 2017-ci il tarixdə təyin edilmişdir, yəni Qanunun yuxarıda qeyd edilən maddələrində dəyişiklik və əlavə edilərkən iddiaçıya hələ pensiya təyin edilməmişdir. Hər iki normanın işığında mübahisənin həlli üçün həm 1 iyul 2017-ci ilə qədər, həm də noyabr 2017-ci il tarixdə iddiaçıya pensiya təyin edilən vaxt onun rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olub-olmaması və pensiya təyini zamanı “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsinin tətbiq olunmasının mümkünlüyü müəyyən edilməlidir. 1 iyul 2017-ci il tarixə qədər iddiaçının fərdi hesabının sığorta hissəsində nə qədər pensiya kapitalı olmuşdur, 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş 1.0.8 və 27.1-ci maddələrin tətbiqindən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı nə qədər olmuşdur, pensiya kapitalının hesablanması hansı qaydada aparılmışdır, noyabr 2017-ci il tarixdə pensiya təyin edilən zaman istifadə edilən və edilməyən pensiya kapitalı hansı məbləğdə olmuşdur, pensiya təyini zamanı hansı məbləğdə pensiya kapitalından istifadə edilmişdir? Qeyd edilən hallar müəyyən edilmədən mübahisə düzgün həllini tapa bilməz. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı Nəsrulla oğluna 23 fevral 2016-cı il tarixdən ömürlük yaşa görə pensiya təyin edilmişdir. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışda qeyd edilmişdir ki, İddiaçı (SSN:**********056) xx.xx.2006-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 3 il 7 ay sosial sığorta stajı və şığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 13551,44 manat pensiya kapitalı vardır. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışda qeyd edilmişdir ki, İddiaçı (SSN:**********056) xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 5 il 9 ay sosial sığorta stajı, fərdi hesabın sığorta hissəsində xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 37805,75 manat pensiya kapitalı vardır (pensiya işinin materiallarından). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin 04 dekabr 2019-cu il tarixli imtina məktubundan qeyd edilmişdir ki, İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən əmək pensiyası təyin edilmişdir. 53.739,43 manat pensiya kapitalı və xx.xx.2006-cı il tarixədək sığorta stajı ilə (32 il 02 ay 04 gün) pensiyası 506.27 manat hesablanaraq ödənilmişdir. xx.xx.2019-cu il tarixdə pensiyası 605.16 manat olmaqla ödənilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırması nəticəsində pensiya kapitalının 50% ilə yox 90% ilə hesablanması müəyyən edilmiş, bu səbəbdən əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 414.60 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 saylı 6 mart 2006-cı il tarixli Fərmanının 2.9-cu bəndinə əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543- VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilmiş və Azərbaycan Respublikası Prezidentinin 1352 saylı xx.xx.2017-ci il tarixli Fərmanına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1352 saylı 01 may 2017-ci il tarixli Fərmanı ilə Qanunun “2.9-cu bəndinə əsasən, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır” bəndi ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Həmin Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əlavə edilmiş və 1 iyul 2017-ci il tarixdən qüvvədə olan üçüncü cümləsində qeyd edilir ki, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadəolunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Təbii Sərvətlər və Ekologiya işçiləri Həmkarlar İttifaqı Komitəsinin 29/113 saylı, 20 dekabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Təbii Sərvətlər və Ekologiya işçiləri Həmkarlar İttifaqı Respublikası Komitəsinin sədri vəzifəsində işləyir. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzinin 02 fevral 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 46.579,41 manat təşkil edir (məcburi dövlət sosial sığorta haqlarının 50 faizi). Qeyd olunanlara əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80% artırılaraq 83.842,94 manat müəyyən edilmişdir (46.579.41+80%=83.842.94). Əlavə olaraq, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunduğu zaman onun xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı “Əmək pensiyaları haqqında” AR Qanunun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.2006-cı il tarixli 37 nömrəli Fərmanının xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 2.9-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının 50 faizi məbləğində hesablanmalı (27.136,92 manat) olduğu halda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən 90 faizlə hesablanmışdır. (52.348,32). İşin hallarından görünür ki, 02 noyabr 2017-ci il tarixli qərarla 23 fevral 2016-cı il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etməkdə hüquqi marağı “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2017-ci ildən edilmiş dəyişikliyin nəzərə alınaraq pensiyasının təyin edildiyi tarixdən sosial sığorta yığımlarının 90%-dən yığılan kapitaldan yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsindən ibarətdir. İddiaçının pensiya hüququ 2016-cı ilin fevral ayında yaransa da, ona yaşa görə əmək pensiyası noyabr 2017-ci il tarixdə təyin edilmişdir, yəni Qanunun yuxarıda qeyd edilən maddələrində dəyişiklik və əlavə edilərkən iddiaçıya hələ pensiya təyin edilməmişdir. İddiaçının isə hərbi qulluqçu olması işdə olan sənədlərlə təsdiq edilmir. Odur ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı sosial sığorta haqlarının 90 faiz həcmində nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2085/2020 saylı qərarı dəyişdirilsin. İddiaçı sosial sığorta haqlarının 90 faiz həcmində nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-77/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-77/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver