Məhkəmə qərarları › İş №2-1(103)-77/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-77/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-77/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X10 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil5, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil4 Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinin mərhum atasına məxsus olması barədə arayışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 698/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsinə dair hüququn X3 məxsus olması haqqında arayışın verilməsinin cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının mərhum atası X3 Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı xx.xx.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsi verilmişdir. Həmin vaxtdan etibarən bağ sahəsi atasının istifadəsində olmuş, vəfat etdikdən sonra vərəsəlik hüququ əsasında onun istifadəsinə keçmiş, hal-hazırda da onun sahibliyindədir. Həmin torpaq sahəsinə hüququn X3 məxsus olması haqqında arayış verilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu xx.xx.2021-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, mərhuma 93 saylı BTK nəzdində Ləhiş qəsəbəsində 4080a nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur,lakin ayrılmasına dair sənəd (order ) İdarənin arxivində aşkar edilməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, bir neçə bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Qonşu bağ sahələri ilə yol nəzərə alınmaqla, notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamış, həmçinin, bağ sahəsinə dair təqdim edilmiş sənədlərdə bağ sahəsinin ölçüsü barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, bununla bağlı İdarə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 698/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində 93 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 4080A saylı bağın mərhum X3 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən iddia olunan 4080A saylı torpaq sahəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bir neçə bağ sahəsi bir hasar daxilindədir və ara sərhədləri şərtidir. Qonşu bağ sahələri ilə yol nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim edilən bağ sahəsinin verilməsi haqqında Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Müvafiq torpaq sahəsinə digər fiziki şəxslərin (X6 və X7) müraciətləri daxil olmuşdur. Qeyd olunan səbəbə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. ünvan 2, xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 vəsatəti təmin edilməmiş və üçüncü şəxs kimi işə cəlb edilməsindən imtina olunmuşdur. Həmçinin ünvan 2, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən, qərardaddan X9 tərəfindən kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-194/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2- 1(103)-1306/2023 saylı qərarı və qərardadı ləğv edilmiş, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması və kassasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilmişdir ki, “Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir neçə bağ sahəsi bir hasar daxilində və ara sərhədlərinin şərti olduğunu bildirmiş, məhkəmə şikayətin bu dəlili ilə bağlı araşdırma aparmamış, iddiaçının göstərdiyi bağ sahəsinin hər hansı bağ sahələri ilə üst-üstə düşməsini, iddia olunan, həmçinin üst-üstə düşən hissədə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın olmasını, yaxud cavabdehdə hansı hüquqmüəyyənedici sənədlərin olmasını, mübahisə olunan torpaq sahəsindən faktiki istifadə edən şəxsləri müəyyən etməmiş, onların icraata cəlb edilməsi mümkünlüyünü müzakirə etməmişdir. Bu iş üzrə cavabdeh iddiaçıya ünvanladığı məktublarında iddiaçının iddia etdiyi torpaq sahəsinə digər şəxslərin də müraciətləri olduğunu bildirmiş, mübahisəli əraziyə baxış zamanı mütəxəssis rəyində də bunu qeyd etmiş, məhkəmə digər şəxslər dedikdə, onların N.Vəzirova və S.Tağıyev olub-olmamasını araşdırmamış, sadəcə olaraq mübahisə olunan ərazinin 93 saylı BTKnın bağların bölgü sxeminə aid olmaması əsası ilə vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, N.Vəzirovanın üçüncü şəxs kimi işə cəlb edilməsinə qiymət verilməsi üçün bağ torpaq sahəsinə iddialı olan şəxslərin təqdim etdiyi yuxarıda sadalanan sübutlar, o cümlədən cavabdehin 3 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilən hallar, İddiaçı və vəsatət verən N.Vəzirovanın, cavabdehin həm iddiaçıya, həm də N.Vəzirovaya imtina ilə bağlı dəlilləri yoxlanılmalı, əraziyə iddiası olan şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı ilə baxış keçirilməli, ərazinin situasiya planı (sxemi) tərtib edilib işə əlavə olunmalı, mübahisə olunan torpaq sahəsinin tam və ya qismən yüklü olub olmaması müəyyən edilməli, qəbul ediləcək məhkəmə qərarı digər şəxslərin mənafeyinə toxunacağı halda, onların icraata cəlb edilməsi, həmçinin Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10941/2023 nömrəli inzibati işin nəticəsi öyrənilməli, həmin işin hazırkı işdən asılılığı, icraatın dayandırılması, yaxud hər iki işin bir icraatda birləşdirilməsi mümkünlüyü müzakirə edilməli, bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş vəsatətə baxılması üçün həmin məhkəməyə göndərilməli, İPM-in 28-ci maddəsinin və “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının tələbləri nəzərə alınaraq vəsatətə münasibət bildirilməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 hazırkı iş üzrə adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs və üçüncü şəxsin nümayəndəsi və vəkili hazırkı iddia ilə bağlı hər hansı tələblərinin olmadığını bildirdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 698/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Böyük Vətən müharibəsi iştirakçısı X3 Ləhiş bağ massivindəki 93 nömrəli BTK-nın nəzdində 4080A nömrəli bağ sahəsi ayrılmışdır. 4080A nömrəli bağ sahəsinə dair X1 hüquqlarının qeydiyyatı Maraqlı şəxs maraqlarına toxunmur (onun hüquqları həmin ərazidəki digər bağ sahəsinə aiddir). Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla mərhum X1 Ləhiş bağ massivindəki 93 nömrəli BTK-nın nəzdindəki sahəsi 4080A nömrəli saylı bağ sahəsinə dair hüquqlarının qeydiyyatı təmin edilməklə həmin bağ sahəsinin ona məxsusluğuna dair arayış verilməlidir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Hazırkı işin hallarından görünür ki, iddiaçının mərhum atası X3 Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı xx.xx.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsi verilmişdir. Həmin vaxtdan etibarən bağ sahəsi atasının istifadəsində olmuş, vəfat etdikdən sonra vərəsəlik hüququ əsasında onun istifadəsinə keçmiş, hal-hazırda da onun sahibliyindədir. Həmin torpaq sahəsinə hüququn X3 məxsus olması haqqında arayış verilməsini cavabdehdən xahiş edir. İş materiallarında olan Bakı şəhər XDS İK- nin arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 9/333 saylı qərarının təsdiq edilmiş arxiv çıxarışına əsasən müəyyən olunur ki, iddiaçının mərhum atası, Böyük Vətən müharibəsi iştirakçısı X3 93 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmışdır. Cavabdehin təqdim etdiyi 93 saylı BTK üzvlərinin siyahısına, bağçılığın sxematik bölgü planına, habelə 93 saylı BTK-nın arxiv qovluğunun materiallarına əsasən müəyyən olunmuşdur ki, BTK-ya ayrılmış bağ sahəsinin yerləşmə sxemində yola yaxın hissədə iddia olunan 4080A saylı bağ sahəsi mövcuddur, eləcə də iddiaçının mərhum atasının X1 adı həmin bağçılığın siyahısında 11-cı sırada Böyük Vətən müharibəsi iştirakçısı kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərardadına əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən bağ sahəsinin yerləşmə sxeminin müəyyən olunması, 93 saylı BTKnın Ləhiş massivində bağ sahələrinin yerləşmə sxemi üzrə 4080A saylı bağ sahəsi və ya hər hansı digər bağ sahəsi ilə üstüstə düşüb-düşməməsi və s. barədə sualları üzrə mütəxəssis rəyi alınmışdır. Xidmətin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadəsində olan bağ sahəsinə özünün iştirakı ilə baxış keçirilmiş və bağ sahəsin koordinatları müəyyən ounaraq qeyd olunmuşdur: -göstərdiyi nöqtələr əsasında bağ sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək sxem tərtib olunmuşdur. -1 saylı Bakı Ərazi İdarəsinin xidməti məlumatına əsasən, İddiaçı “93 saylı BTK-nın Sabunçu rayonu, Ləhiş bağ massivindəki 4080A saylı bağ sahəsi” kimi iddia etdiyi torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4080 saylı bağın bir hissəsinə uyğun gəlir. Bu sahəyə digər şəxslərin də çoxsaylı müraciətləri olmuşdur. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs qismində işə cəlb olunmuş, sonradan isə iştirakçılığına xitam verilmiş, Maraqlı şəxs ərizəsi əsasında aparılan araşdırma zamanı iddia olunan bağ sahəsinin onun qanuni maraqlarına toxunmadığı, iddiaçının bağ sahəsinin 4080B, iddiaçının isə 4080A nömrəli bağ sahələri olduğu müəyyən olunmuşdur. Həmçinin üçüncü şəxs qismində cəlb edilmiş X11 işin hazırkı apellyasiya icraatı zamanı məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, hazırkı iş üzrə mübahisəli – Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən və ölçüsü 0,12 ha olan 4080A saylı bağ sahəsi ilə bağlı heç bir iddia və tələbinin olmadığını və bağ sahəsinin hazırkı iş üzrə İddiaçı mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilməsi barədə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişlərinə uyğun olaraq məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 hazırkı iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra X2 nümayəndəsi və vəkili Vəkil4 Qulaməli oğlu məhkəməyə ərizə təqdim edərək, X2 2-1(103)- 77/2025 nömrəli inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, X5 məxsus olan "4205A" saylı bağ sahəsi İddiaçı məxsus olan "4080A" saylı bağ sahəsindən kənarda yerləşir, X5 məxsus olan "4205A" saylı bağ sahəsi ilə İddiaçı məxsus olan "4080A" saylı bağ sahəsi üst-üstə düşmür və hal-hazırda X2 İddiaçı məxsus olan "4080A" saylı bağ sahəsinə heç bir iddiası və tələbi yoxdur. Belə ki, əvvəllər X5 məxsus "4205A" saylı bağ sahəsinin dəqiq sərhədlərini müəyyən edə bilmədiklərinə görə yanlışlıqla İddiaçı məxsus olan "4080A" saylı bağ sahəsinin yeri göstərilmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə X6 və X2 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4080 saylı bağın bir hissəsinə uyğun gəlməsinə gəldikdə, birincisi bu uyğunsuzluğun aradan qaldırılması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi ilə onun üzərinə düşən vəzifəsidir. Digər tərəfdən qeyd olunan 4080 saylı bağ sahəsinin iddiaçıya qarşı hər hansı mübahisəsinin mövcudluğu müəyyən edilməmiş, iddiaının məhkəməyə verdiyi izahatından göründüyü kimi, bağ verilən gindən andan istifadəsində olmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd edildiyi kimi bir hasar daxılində yerləşən iddiaçının sahibliyində olan və onunla qonşu olan (4080, 4081A və 4204A) bağ sahibləri ilə aralarında hər hansı mübahisəsi yoxdur. Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı iddiaçının mərhum atasına verilmiş bağ sahəsinə dair Maraqlı şəxs, X6 və X2 hər hansı iddiası, tələbi mövcud olmadığı da müəyyən edilir. Beləliklə də 93 saylı BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsinin iddiaçının mərhum atası X3 məxsus olması sübuta yetirilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 698/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 698/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar