Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-770/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndələri X3 və X2 iştirakları ilə, İddiaçı (xx.xx.1958-ci il tarixdə Oğuz rayonunun Başdaşağıl kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1786/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 01.11.2019-cu il tarixdə cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiyaya çıxarkən nəzərə alınmayan istifadə etmədiyi məzuniyyət illərinə görə ona ödənilən kompensasiya məbləğinin nəzərə alınaraq pensiyasının yenidən hesablanması və yaranan fərq məbləğinin 04 sentyabr 2018-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-2018-ci illər ərzində Respublikanın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş. 2018-ci ilin avqust ayında “Prokurorluq orqanlarında qulluq kecmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2 maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığı üçün prokurorluq orqanlarında qulluq kecməyinə xitam verilmişdir. 04 sentyabr 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Sabuncu rayon şöbəsi tərəfindən ona yaşa görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prokurorluq orqanlarında işlədiyi müddətdə istifadə etdiyi məzuniyyət illərinə görə - 1985-1986-cı ildə 27 gün, 2001-2002-ci ildə 30 gün, 2002-2003-cü ildə 30 gün, 2015-2016-cı ildə 15 gün, cəmi 102 günə görə 5485 manat, 02 qəpik pul kompensasiya hesablanaraq işdən çıxarkən ona ödənilmişdir. Həmin kompensasiya məbləğindən DSMF-na ödənişlər edilmişdir. Bunu Azərbaycan Respublikası Baş Prokurorluğun 24.10.2019-cu il tarixli 17-717 saylı arayış da təsdiq edir. Lakin pensiyaya çıxarkən həmin kompensasiyanın məbləği nəzərə alınmayıbdır. Qeyd edilən arayışı “Əmək pensiyaları haqqında” Qanuna və müvafiq qanunvericilik aktlarına əsasən pensiyasının üzərinə əlavə edilməsi üçün DSMF-nun Sabuncu rayon şöbəsinə təqdim etməyinə baxmayaraq ona imtina cavabı verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin imtinası qanuna ziddir. Belə ki, imtina məktubunda göstərilmişdir ki, qanuna uyğun olaraq qulluq stajına görə əlavə hesablanarkən ona 2016- 2018-ci illərə aid son 24 ayın əmək haqlarından istifadə olunmuşdur. Ona istifadə etmədiyi yuxarıda qeyd edilən məzuniyyət illərinə görə kompensasiya ödənilərək əmək haqqına əlavə edilmişdir. Həmin kompensasiya məbləğinə müvafiq olaraq pensiyasına əlavələr edilməlidir ki, cavabdeh əsassız olaraq bundan imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli 2-1(112)-1786/2020 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ilə əvəz edilmişdir. 05.10.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1786/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddiaçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı 14.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1786/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş 24 oktyabr 2019cu il tarixli 17/714 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı 1985-2018-ci illərdə prokurorluq orqanlarda işləmişdir. İşdən çıxarkən istifadə etmədiyi məzuniyyət illərinə görə: 1985/1986-cı ildə 27 gün, 2001/2002-ci ildə 30 gün, 2002/2003-cü ildə 30 gün, 2015/2016cı ildə 15 gün, cəmi 102 günə görə 5485,02 (beş min dörd yüz səksən beş manat, 02 qəpik) manat pul kompensasiya hesablanaraq ödənilmişdir, həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 29 oktyabr 2019-cu il tarixli **********8 saylı məktubundan görünür ki, iddiaçının 24.10.2019-cu il tarixli 17/714 nömrəli arayışına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində baxılmışdır. Prokurorluq Orqanlarında xidmət keçdiyinə görə pensiyasının üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına əlavə hesablanmışdır. Qanunvericiliyə uyğun olaraq qulluq stajına görə əlavə hesablanarkən 2016- 2018-ci illərə aid son 24 ayın əmək haqqlarından (vəzifə maaşı, xidmət illərinə görə əlavə, rütbə, məzuniyyət və müavinətlər) istifadə olunmuşdur. Qeyd olunan son 24 aya daxil olmayan digər əlavələrin hesablanma zamanı istifadəsi nəzərdə tutulmamışdır. - 06 dekabr 2019-cu il tarixli **********2 nömrəli məktubdan görünür ki, M.F.X1 xidmət keçdiyinə görə pensiyasının üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına əlavə hesablanmışdır. Qanunvericiliyə uyğun olaraq qulluq stajına görə əlavə hesablanarkən 2016- 2018-ci illərə aid son 24 ayın əmək haqqlarından (vəzifə maaşı, xidmət illərinə görə əlavə, rütbə, məzuniyyət və müavinətlər) istifadə olunmuşdur. Qeyd olunan son 24 aya daxil olmayan (1985-1986, 2001-2002, 2002-2003 və 2005-ci illərə aid məzuniyyət) digər əlavələrin hesablanma zamanı istifadəsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: 01.01.2006-cı ildən Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən normativ-hüquqi akt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177.1-ci maddəsinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Həmin Məcəllənin 177.4-cü maddəsinə əsasən orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 15 aprel 1999-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Əmək Məcəlləsinin 177-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”na əsasən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iş üzrə tələb etdiyi “istifadə etmədiyi məzuniyyət illərinə görə ona ödənilən kompensasiya məbləği” orta əmək haqqı hesablanarkən nəzərə alınmadığından iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1786/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1786/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-770/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-770/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver