Məhkəmə qərarları › İş №2-1(103)-770/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-770/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-770/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X2, X5) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9007/2023 saylı 06 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X1 və X3 ünvan 3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə öhdəliyin cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli № 897 saylı sərəncamı ilə Biləcəri qəsəbəsində Hərbi şəhərcikdə yerləşən MN-nin MİH-nə məxsus 600 kv.metr torpaq sahəsi təqdim edilmiş cizgi əsasında fərdi yaşayış evi tikmək üçün həmin ərazidə uzun müddət bağ bostan sahəsi kimi istifadə etmiş İddiaçı adına keçirilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli № 02 saylı Sərəncamı ilə sözügedən ünvanda, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması müəyyən edilmişdir. Sərəncama yaşayış sahəsinin cizgisi əlavə edilmişdir. Göründüyü kimi, sözügedən tikilinin mülkiyyətçisi və sahibi bugünədək İddiaçıdır. Üçüncü şəxslər X2 və X5 iddiaçıya məxsus fərdi yaşayış sahəsində qeydiyyatdadırlar. Lakin onlar həmin ünvanda heç vaxt yaşamamış, mənzildən istifadə etməmişlər. Odur ki, iddiaçı xx.xx.2023- cü il tarixdə X1 və X3 qeydiyyatdan çıxarılması üçün Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh Binəqədi rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında'’ Qanunun 9-cu maddəsinə istinad edilərək iddiaçıya imtina verilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, fərdi yaşayış sahəsinə dair bütün lazım olan sənədlər cavabdehə təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, X1 və X3 ünvan 8 yerləşən evdən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9007/2023 saylı 06 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün inzibati məhkəməyə göndərilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim qərar qəbul edərkən belə qənaətə gəlmişdir ki, iddiaçı hüquqmüəyyənedici sənədləri təqdim etmədiyinə görə onun hazırki iddia ərizəsini qaldırmaqda subyektiv hüququ yoxdur. Halbuki iş materiallarına əlavə etmək üçün təqdim edilən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli № 897 saylı Sərəncamı ilə Biləcəri qəsəbəsində Hərbi şəhərcikdə yerləşən MN-nin MİH-nə məxsus 600 kv.metr torpaq sahəsi təqdim edilmiş cizgi əsasında fərdi yaşayış evi tikmək üçün həmin ərazidə uzun müddət bağ-bostan sahəsi kimi istifadə etmiş İddiaçı adına keçirilmişdir. Həmçinin təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli № 02 saylı Sərəncamı ilə, sözügedən ünvanda, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması müəyyən edilmiş və Sərəncama yaşayış sahəsinin cizgisi əlavə edilmişdir. Göründüyü kimi, iş materiallarında olan bu sənədlər iddiaçının sözügedən əmlaka mülkiyyət hüquqlarının mövcud olduğunu təsdiq edir. Bugünədək həmin yaşayış sahəsi ilə əlaqədar heç bir mübahisə olmamış, İddiaçı sözügedən yaşayış sahəsinin yeganə mülkiyyətçisidir. Digər tərəfdən iddiaçının sözügedən əmlaka dair hüquqlarını rəsmiləşdirməklə bağlı qanuni gözlənti hüquqları vardır. Tərəflərin izahatları xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq iddiaçı iştirakını təmin etməmiş, elektron kabinetə ərizə ünvanlayaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyinə dair məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 897 nömrəli sərəncamına əsasən Biləcəri qəsəbəsində Hərbi şəhərcikdə yerləşən MN-nin MİH-nə məxsus 600 kv.metr torpaq sahəsinin təqdim edilmiş cizgi əsasında, fərdi yaşayış evi tikmək üçün, həmin ərazidən uzun müddət bağbostan sahəsi kimi istifadə etmiş İddiaçı adına keçirilməsi qərara alınmışdır. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 02 nömrəli sərəncamına əsasən Binəqədi RİH Başçısının 897 saylı, 09.11.01 tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Biləcəri qəsəbəsi ərazisində İddiaçı ayrılmış 600,0 kv.m. torpaq sahəsində inşası başa çatdırılmış, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən, sahəsi 61,2 kv.m. olan 4 yaşayış otağından, 37,0 kv.m. olan xoldan, 15,0 kv.m. olan mətbəxdən, 6,0 kv.m. olan hamam və ayaqyolundan, həyətdə sahəsi 24,0 kv.m. olan qarajdan ibarət 2 mərtəbəli 7A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü X2, xx.xx.1957-ci il təvəllüdlü X5 ünvan 8 qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 18/2- 15019/2023 nömrəli məktubunda bildirilmişdir ki, X9 xx.xx.2005-ci il tarixdə, X5 xx.xx.2010cu il tarixdə ünvan 4 ünvanına Binəqədi RPİ tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Vət. İ.Əhmədovun və G. Kazımovanın yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən göndərilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********03 nömrəli məktubunda bildirilmişdir ki, X1 və X3 Bakı şəhəri, ünvan 6 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanı X7 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023- cü il tarixli, 3-13-46/2-Ə-125xx/xx/2023 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X2, X3 ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Sizin məhkəməyə müraciət etmək hüququnuz var. İşə birinci instansiya qaydasında baxan məhkəmə müəyyən etmişdir ki, iddiaçı adları çəkilən üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılmasını tələb etsə də, fərdi yaşayış evinin ünvanının ona məxsusluğu ilə bağlı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının mübahisəli ünvanla bağlı tələb hüququ olmamaqla yanaşı, həmin ünvanda qeydiyyatda olan digər şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməyə də subyektiv hüququnun olduğu müəyyən olunmadığından onun iddiası təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, bu hal üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılması barədə hazırkı məzmunda iddiaya baxılmasını mümkünsüz edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır və aşağıdakıları qeyd edir: Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilməlidir ki, əmlakın mülkiyyətçisi və ya qanuni istifadəçisi əmlakdan maneəsiz istifadəni həyata keçirə bilmək üçün ona məxsus olan evdən yaşayış sahəsinə köçməyə hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Əmlaka dair əşya hüququ isə qanunla müəyyən olunmuş hüquqmüəyyənedici sənədlərdə təsbit olunur. Nəzərə alınmalıdır ki, ünvan üzrə hüquqmüəyyənedici sənədlərə malik olma dedikdə, “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerinə qeydiyyata alınmaq üçün tələb olunan sənədlərə (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd), həmin yaşayış yerinə dair hüquqi bağlılığı ifadə edən sənədlərə sahib olmanı ehtiva edir. Hazırkı işin hallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli № 897 saylı sərəncamı ilə 600 kv.metr torpaq sahəsinin İddiaçı adına keçirilməsi qərara alınmış olsa da, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi iddaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçının iddia etdiyi fərdi yaşayış evinin ünvanı ünvan 8 yerləşən fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində başqa bir mülkiyyətçinin –X8 adına qeydiyyata alınmışdır. Həmçinin həmin ünvan Ünvan Reyestrində də ünvan olaraq qeydiyyatdan keçmişdir və ünvan təkrarlanmır. Hazırkı halda iddiaçı keçmiş əri X2 və digər üçüncü şəxs X3 qeydiyyatdan çıxarılmasını tələb etsə də, həmin ünvanın ona məxsus olması ilə bağlı hüquqmüəyyənedici sənədi nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn olmaması qənaətində olduğundan hesab edir ki, birinci instansiya məhkəməsi bu əsasla iddianın qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlilləri məhkəmə kollegiyası qeyri-səmimi qəbul edir və hesab edir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. O ki qaldı iddiaçının məhkəmənin elektron kabinetinə ünvanladığı “iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi” barədə ərizəsinə, məhkəmə kollegiyası həmin ərizəni təmin etmir və hesab edir ki, inzibati prosessual qanunvercilikdə “iddia ərizəsinin geri qaytarılması” institutu müəyən edilməmişdir, qanunda iddiaçının iddiadan imtina ilə bağlı hüququ müəyyən edilmişdir ki, yalnız bu barədə ərizə verildiyi halda, həmin əsasla iş üzrə icraata xtam verilməsi məsələsi müzakirə oluna bilər. Hazrki işdə isə iddiaçının iddiadan imtina edilməsi ilə bağlı iradə ifadə olmadığından sözügedən ərizə ilə bağlı iş üzrə icraata xitam verilməsi qeyri-mümkündür. Bununla bağlı iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9007/2023 saylı 06 sentyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9007/2023 saylı 06 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Orucadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar