Məhkəmə qərarları › İş №2-1(103)-771/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-771/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-771/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiаçı İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı “əmrin ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-317/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 mart 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin 22.09.2018-ci il tarixli, 043 g m nömrəli əmrinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-317/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o məhkəmədə müddət ilə bağlı tam sübut etdi ki, mübahisələndirilən əmr ona ümumiyyətlə təqdim edilməmiş və ona istinad olunan əməl üzrə Prokurorluqda təhqiqat aparılmış, qeyd olunan qərəzli ittiham sübut olunmamışdır. Lənkəran prokurorluğunun cinayət işinin başlanılmasını rədd olunmasına dair qərarının sentyabrda alan kimi məhkəməyə müraciət etmişdir. 31.08.2018-ci il tarixli söhbət vərəqəsinin saxta tərtib olunduğu məhkəmədə dindirilmiş şahid ifadələri ilə də tam sübut olundu. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı Müdafiə Nazirinin Hərbi X5 043 gm saylı, 22 sentyabr 2018-ci il tarixli əmri mübahisələndirir. İşdə olan 043 gm saylı, 22 sentyabr 2018-ci il tarixli Müdafiə Nazirinin Hərbi X5 Əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətçəkmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, aşağıda adları çəkilən gizirlər (gizir İddiaçı, N №-li hərbi hissənin Pilotsuz uçuş aparatlarının hava kəşfiyyatı qrupunun (“Orbiter”) pilotsuz uçuş aparatlarının kəşfiyyat manqasının (“Orbit”) texniki həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir. N nömrəli hərbi hissənin xaric olan sənədlərin uçotu jurnalından (03.01.2018- 30.12.2018) görünür ki, Qaradağ rayon Şöbəsinə ünvanlanmış gizir İddiaçı barəsində olan 1858 saylı, 05.10.2018-ci il tarixli təyinat vərəqəsi gizir “Abdullayev” tərəfindən imzalandıqdan sonra ona təhvil verilmişdir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmr onun xidmət etdiyi inzibati orqandan xidmətdən ehtiyata buraxılması, başqa sözlə işdən xaric edilməsi barədədir. Yəni ki, iddiaçı xidmətdən buraxılma əmrinin qanunsuz olduğuna istinad edərək onun ləğvini istəyir. İşə baxan məhkəmə iddianı mümkün saymamış və hesab etmişdir ki, iddiaçı mübahisələndirilən əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı isə bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, sözügedən əmr ümumiyyətlə ona təqdim olunmamış, həmçinin, 31 avqust 2018-ci il tarixdə tərtib olunmuş söhbət vərəqəsində olan imza ona aid olmamış, həmçinin, 203/K saylı maddi sübutların tədqiqatı aktından məlumatlı olduqdan sonra şikayət etmiş, təhqiqat həyata keçirilmiş, 22 noyabr 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan sonra məhkəməyə müraciət etmişdir. İddiaçının bu mövqeyi ilə bağlı qeyd edilməlidir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.1-ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati-Prosessual Məcəllədə müəyyət müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İstinad olunan İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Müdafiə Nazirinin Hərbi X6 tərəfindən qəbul edilən əmr 22 sentyabr 2018-ci il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Lakin, iddiaçı Müdafiə Nazirinin Hərbi X6 tərəfindən qəbul edilən əmrin mövcudluğundan 05 oktyabr 2018-ci il tarixdən, yəni iddiaçıya 05 oktyabr 2018-ci il tarixli təyinat vərəqəsi təqdim olduğu zaman xəbərdar olmuşdur. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların SHXÇDX aidiyyəti rayon şöbələrinin qeydiyyatına düşməsi ilə bağlı müvafiq olaraq sərəncam verilir. Vətəndaş isə ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bininci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının imzası ilə təsdiq olunmuş və işin mübahisə predmetini təşkil etməyən hal kimi nəzərdə tutulan məsələ məhz Qaradağ rayon Şöbəsinə ünvanlanmış gizir İddiaçı barəsində olan 1858 saylı, 05.10.2018ci il tarixli təyinat vərəqəsidir. İddiaçı sözügedən təyinat vərəqəsi ilə Qaradağ rayon Şöbəsinə müraciət etdiyi zamanda artıq ehtiyata buraxıldığını və ehtiyata buraxılmasının səbəbi kimi Müdafiə Nazirinin Hərbi X5 043 gm saylı, 22 sentyabr 2018-ci il tarixli əmri olduğundan xəbərdar olmuşdur “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Şərh edilən maddənin normasından görünür ki, hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması barədə əmrləri hərbi hissə komandirləri tərəfindən elan olunur. Hazırki mübahisə predmetini təşkil edən əmrin 22 sentyabr 2018-ci il tarixə aid olduğunu nəzərə aldıqda məlum olur ki, həmin əmr hərbi hissə komandiri tərəfindən elan olunmuşdur. İddiaçı barəsində qəbul edilmiş sentyabr 2018-ci il tarixli əmr – hərbi quluqçunun ehtiyatı buraxılması ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq müddət ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. İşdə olan 22 noyabr 2018-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Müdafiə Nazirliyinin 2-ci Təhqiqat bölməsinin təhqiqatçısı ədliyyə leytenantı X2 tərəfindən N nömrəli hərbi hissənin hərbi qulluqçuları gizir İddiaçı gizir X1, MAHHXHQ X4 qanından dövriyyəsi qadağan olunmuş narkotik vasitənin aşkar olunması faktı üzrə araşdırma aparılmış, nəticədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. İddiaçının ilk öncə təhqiqatda araşdırma aparılması ilə bağlı olaraq mübahisələndirmə müddətini ötürməməsi dəlilinə cavab olaraq birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Müdafiə Nazirliyinin 2-ci Təhqiqat Bölməsində araşdırmanın aparılması iddiaçının ən geci 05.10.2018-ci il tarixində ona məlum olan əmri mübahisələndirmək üçün nəzərdə tutulmuş müddətin dayandırılmasına səbəb ola bilməzdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Göründüyü kimi, təhqiqat orqanı tərəfindən faktla bağlı araşdırmanın aparılması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə qeyd edildiyi kimi cavabdeh inzibati orqana münasibətdə şikayət instansiyası sayılmır. Hazırki iş üzrə iddiaçının mübahisəli əmrdən məlumatlı olması təsdiq olunur. Lakin iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində həmin əmri mübahisələndirməmiş, hazırda isə belə hüququnu itirmişdir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı yuxarıda qeyd edildiyi kimi 1 illik müddət ərzində (21.05.2019) əmri mübahisələndirsə də, müddəti ötürmədiyini qeyd etmiş, məhkəmə icraatı zamanı prosessual müddətin bərpası barədə ərizə verməmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə iddiaçı Müdafiə Nazirliyinin 22.09.2018-ci il tarixli, 043 g m nömrəli əmrinin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-317/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar