Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-771/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1987-ci il tarixində Xanlar rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-438/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 09.08.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona məxsus diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2003-cü ildə daxili testlə Azərbaycan Respublikasının Azərbaycan Beynəlxalq Universitetinin «tarix və ictimaiyyət» fakultəsinə qiyabi qəbul olmuşdur. Belə ki, hər ay vaxtlı-vaxtında müntəzəm olaraq dərslərdə iştirak etmiş, təhsil haqqını vaxtlı-vaxtında keçirtmişdir. 5 il qiyabi təhsil aldıqdan sonra dövlət imtahanı olmuş, dövlət imtahanında hamı kimi o da iştirak etmişdir. Onlara bildirmişlər ki, “dövlət imtahanını keçibsən diplomunu 15 oktyabrdan 15 noyabra kimi gəlib götürərsən”. O, ailə qurduğundan, övladı azyaşlı olduğuna görə dedikləri ayda gedə bilməmişdir. Bir neçə vaxt keçmiş, diplomların verildiyi şöbəyə yaxınlaşmış və diplomunu istəmişdir. Hazır olduğunu, amma Azərbaycan Beynəlxalq Universitetə Nazirlikdən yoxlama gəldiyini bildirmişlər, “sonra gəl götür” demişlər. O da insan olaraq anlayışla qəbul etmiş və evinə geri dönmüşdür. Bir müddətdən sonra eşitmişdir ki, Universitet bağlanıb, amma Universiteti bitirən şəxslərin və dövlət imtahanında iştirak edib keçən tələbələrin diplomu paylanır. O da dərhal təcili olaraq Universitetə getmiş və görmüşdür ki, onun kimi hər kəs diplomu üçün gəlib və sıra ilə diplomları verilir. Növbə ona gəldikdə bildirilmişdir ki, daxili test qrupasının bütün tələbələrinin qiymət vərəqəsi ilə birlikdə diplomunu təhvil vermişlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə. O da getmişdir qiymət vərəqəsini Nazirlikdən almışdır, lakin diplomunu verməmişlər ki, bilinmir hardadır başqa vaxt gəlsin verilsin. Hər dəfə getmiş və günü bu günə kimi dəfələrlə yalandan ibarət sözlərlə get gəl ediblər onu. Azərbaycan Respublikasının Təhsil Nazirliyi qiymət vərəqəsini özü verdiyi halda və diplomunu da gəl götür dediyi halda sonradan onun işlərini Asiya Universitetinə yollamışlar deyə onu aldatmışlar. Hər dəfə belə yalanlarla onu günü bu günə kimi aldatmaqda davam edirlər. O, tənha qadındır, işləmir heç yerdə, bir övladı himayəsindədir. Övladının atası tərəfindən maddi dəstəyi yoxdur. Ona diplom lazımdır ki, sağlam ayağının üstündə durub işləsin, övladını boya başa çatdırsın. Uşağının elə yaşıdır ki, hazırlıqlara getməlidir təhsil almalıdır. Çarəsizlikdən məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1560/2019 saylı, 14.10.2019-cu il tarixli qərardadı ilə (hakim K.Vəliyev) iş baxılması üçün ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2113/2020 saylı, 17 mart 2020-ci il tarixli qərardadı ilə (hakim Ş.Həsənova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbi barədə iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1133/2020 saylı, 10.06.2020-ci il tarixli qərarı ilə (hakimlər M.Tağızadə,Ü.Mayılov,X.Cəmilova) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-2113/2020 saylı iş üzrə qəbul etdiyi 17 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-438/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv еdilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq iddiaçının bacısının orada oxuduğunu, lakin özünün diplom verilməsini xahiş etdiyini bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-438/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Beynəlxalq Universitetinin rektoru X2 ilə X3 arasında bağlanmış 23.08.2003-cü il tarixli müqavilədən görünür ki, Universitet İddiaçı əgər müsabiqədən keçərsə “Tarix və İctimaiyyət” ixtisasının qiyabı şöbə üzrə tələbə sırasına qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş 03/548 №-li, 2003-cü il tarixli tələbə biletinin surətindən görünür ki, İddiaçı təhsil forması qiyabi olmaqla “Tarix və İctimaiyyət” fakültəsinin tələbəsi olmuşdur. - Azərbaycan Beynəlxalq Universitetinin fakultə dekanı tərəfindən verilmiş 04.09.2003-cü il tarixli, 3/228-1 nömrəli əmrin surətindən ki, 2003/2004-cü tədris ilində İddiaçı “Tarix və İctimaiyyət” fakültəsinin İ kursuna qəbul edilmiş, bölmə azərbaycan, təhsil forması qiyabi. Əsas TQDK-nın balı, Azərbaycan Respublikası Təhsil Qanununun 21-ci maddəsi, ATM Əsasnaməsinin 12-ci maddəsi, ABU-nun Nizamnaməsinin 6-cı maddəsi, qəbul komissiyasının protokolu. - Azərbaycan Beynəlxalq Universitetinin fakultə dekanı tərəfindən verilmiş 30.06.2004-cü il tarixli, 3/474-1 nömrəli əmrin surətindən görünür ki, “Tarix və İctimaiyyət” fakültəsinin qiyabi şöbə üzrə İ kurs tələbəsi Abbasova Adilə (mətnə uyğun) Adil qızı İ kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İİ kursa keçirilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin fakultə dekanı tərəfindən verilmiş 01.07.2005-ci il tarixli, 3/784-1 nömrəli əmrin surətindən görünür ki, “Tarix və İctimaiyyət” fakültəsinin qiyabi şöbə üzrə İİ kurs tələbəsi Abbasova Adilə (mətnə uyğun) Adil qızı İİ kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İİİ kursa keçirilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin fakultə dekanı tərəfindən verilmiş 30.06.2006-cı il tarixli, 3/564-1 nömrəli əmrin surətindən görünür ki, “Tarix və İctimaiyyət” fakültəsinin qiyabi şöbə üzrə İİİ kurs tələbəsi Abbasova Adilə (mətnə uyğun) Adil qızı İİİ kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İV kursa keçirilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin fakultə dekanı tərəfindən verilmiş 30.06.2007-ci il tarixli, 3/926-1 nömrəli əmrin surətindən görünür ki, “Tarix və İctimaiyyət” fakültəsinin qiyabi şöbə üzrə İV kurs tələbəsi Abbasova Adilə (mətnə uyğun) Adil qızı İV kursun tədris yükünü tam yerinə yetirdiyinə görə V kursa keçirilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə Xanlar rayonunda doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 26.01.1986-cı ildə Xanlar rayonunda doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. - 29.09.2003-cü, 2501.2005-ci, 09.01.2006-cı, 02.06.2008-ci və 08.02.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzlərinin surətlərindən görünür ki, İddiaçı müvafiq olaraq 2003/2004-cü tədris ili üçün (1-ci kurs) 1 188 000 manat, 2004/2005-ci tədris ili üçün (2-ci kurs) 1 188 000 manat, 2005/2006-cı tədris ili üçün (3-cü kurs) 220,80 manat və 2007/2008-ci tədris ili üçün (5-ci kurs) 116,20 manat təhsil haqqlarını Azərbaycan Beynəlxalq Universitetinin hesabına ödəmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin məzun tələbənin tədris planını icra etməsi haqqında fakültə dekanlığının arayışından görünür ki, İddiaçı 2003- 2008-ci illərdə “Tarix və İctimaiyyət” ixtisası üzrə azərbaycan bölməsinin qiyabi şöbəsində “Tarix və İctimaiyyət” fakültəsində təhsil almışdır. Universitetdə oxuduğu müddətdə ixtisası üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin bakalavr pilləsi üçün 12.04.2000-ci il tarixdə təstiq etdiyi tədris planını tam yerinə yetirmiş, göstərilən nəzəri fənlər, praktik və laborator işlər və istehsalat təcrübəsi üzrə qiymətlər almışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış A-5502/01/05-24 №-li, 18.07.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinin Nazirlikdə olan arxivində onun adına diplom aşkar edilməmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 18- 18-51/12 №-li, 28.08.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Təhsil Nazirliyinə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında İddiaçı adı aşkarlanmamışdır. Eyni zamanda 2007/2008-ci tədris ilinin “Tarix və ictimaiyyət” ixtisası üzrə buraxılış imtahanlarını müvəffiq qiymətlərlə başa vuran məzunların ali məktəbi bitirmiş hesab edilməsinə dair Azərbaycan Beynəlxalq Universitetinin əmrlərində İddiaçı adı qeyd edilməmişdir. - Azərbaycan Respublikası X6nin 04/04-08/1643 №-li, 05.08.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulu ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1998-2008- ci illərdə həyata keçirilmişdir. - Azərbaycan Respublikası X6 tərəfindən məhkəməyə ünvanlanmış 09/04- 09/2804 №-li, 13.11.2020-ci il tarixli məktubdan görünür ki, 16 avqust 1987-ci il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsinin FİN kodu: xxxxxxx) 2003-cü ildə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 103.519, XH altqrupunda 115.376 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X6 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır. Həmin Qanunun 29.0.9-cü maddəsinə əsasən peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulunu müəyyənləşdirmək dövlətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş və 21 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş “Ali təhsil müəssisəsi haqqında” Əsasnamənin 11-ci bəndinə əsasən dövlət ali təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq hüququna malikdirlər, həmin tədris müəssisələrində əlavə pullu təhsil qrupları da yaradıla bilər. Qeyri-dövlət ali təhsil müəssisələrində vətəndaşlar ödənişli və ödənişsiz təhsil ala bilərlər. Həmin müəssisələrdə ödəniş haqqının miqdarı onların rəhbərliyi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasında ali məktəblərə tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 14-cü bəndinə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş və 15 yanvar 2019-cu il tarixədək qüvvədə olmuş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.1-ci bəndinə əsasən ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər, magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər ixtisasın və təhsil müəssisəsinin sərbəst seçimi əsasında, müsabiqə yolu ilə, müəyyən olunmuş qaydada qəbul oluna bilərlər. Azərbaycan Respublikasında tabeliyindən, mülkiyyət növündən və təşkilatihüquqi formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Beynəlxalq Universitetinə daxil olması, orada təhsil alması və oranı bitirməsi müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən təhsil müəssisəsi ilə bağlanmış 23.08.2003-cü il tarixli müqavilə, mədaxil qəbzləri təhsil müəssisəsinə daxil olmanın və təhsil almanın qanuniliyini təsdiq edən sübut kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya qanuni əsaslarla qəbul edilmiş, təhsilini başa vurmuş tələbələrlə eyni statusla yanaşılması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-ci maddəsinin tələblərinə də zidd olduğundan cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-438/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-438/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-771/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-771/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver