Məhkəmə qərarları › İş №2-1(103)-771/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-771/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-771/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6263/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşdan, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzrəinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuş, əmək fəaliyyətinə xx.xx.1972-ci ildə başlamış və xx.xx.2005-ci ilədək fasiləsiz olaraq işləmiş 25 ildən artıq iş stajı toplamışdır.O, 65 yaşı tamam olduqdan sonra yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdehə müraciət etmiş, sonuncu dəfə ona 24 vanvar 2022-ci il tarixli **********0 saylı imtina məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının, arayışların və digər sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla, sığorta stajı 23 il 9 ay təşkil edir və bu qanunvericilikdə tələb olunan müddətdən 25 ildən azdır. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinə kimi 23 il 9 ay sığorta stajına uyğun olaraq 18099.16 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensıya kapitalı qeydə alınmamışdır. Həmçinin bildirilmişdir ki, təqdim olunan arxiv arayışında qeyd olunan xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci ilədək X2 əmək fəaliyyəti dövrləri əmək kitabçasında öz əksini tapmadığından, həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. Halbuki, onun xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci ilədək X2 əmək fəaliyyəti dövrləri əmək kitabçasında öz əksini tapmış və həmin iş stajı təsdiq edən arayışı da mövcuddur Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 25 il 9 ay iş stajı vardır. Mübahisələndirilən xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək (2 il) vətəndaşın "X5”ndə işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlər əmək pensiyası hüququ verən sığorta stajına daxil edilə bilməz. İddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçası və digər sənədlərin surətlərinə əsasən əmək fəaliyyət dövrləri nəzərə alınmaqla mübahisəsiz sığorta stajı 23 il 9 ay mübahisəli sığorta stajı isə 2 il təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinə kimi 23 il 9 ay sığorta stajına uyğun olaraq 18099,16 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6263/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 65 yaşdan, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda göstərilənlərə uyğun əsaslandırılaraq qeyd olunmuşdur ki, mübahisələndirilən xx.xx.1999-cu il tarixdən - xx.xx.2001- ci il tarixədək ( 2 il ) vətəndaşın “X5”ndə işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlər əmək pensiyası hüququ verən sığorta stajına daxil edilə bilməz. Mübahisəsiz sığorta stajı 23 il 9 ay mübahisəli sığorta stajı isə 2 il təşkil edir.Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinə kimi 23 il 9 ay sığorta stajına uyğun olaraq 18099,16 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuş, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Cavabdehin nümayəndəsi X3 işə apellyasiya qaydasında baxılarkən apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış və apellyasiyanın əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.1999-xx.xx.2001-ci illər üzrə (2 il ) iddiaçının X4 işlədiyi dövrün onun əmək kitabçasında öz əksini tapmadığından onun sığorta stajına daxil edilməsi mümkünsüz hesab olunaraq, sığorta stajı cəmi 23 il 9 ay, yəni, Qanunda nəzərədə tutulan 25 ildən az olduğu üçün, digər halda isə, onun minimum pensiya təyinatı üçün müvafiq pensiya kapitalının da mövcud olmadığına görə ona yaşa görə əmk pensiyası təyin olunmasından imtina olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sığorta stajının 25 ildən az olduğunu, həm də onun xx.xx.1999-xx.xx.2001-ci illərdə X4 işlədiyi dövrın sığorta stajı kimi nəzərə alınmaması əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının işdə olan diplomu, hərbi bileti, əmək kitabçasının surətlərinə (i.v.65-71) əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur. xx.xx.1974-xx.xx.1976: həqiqi hərbi xidmət - 01 il 11 ay 23 gün; xx.xx.1978-xx.xx.1979: texniki-peşə təhsili - 10 ay 29 gün; xx.xx.1972-xx.xx.1979: üzümçülük sovxozunda fəhlə - 07 il 02 ay 08 gün; xx.xx.1979-xx.xx.1979: meyvə-tərəvəz mağazasının müdiri- 02 ay 06 gün; xx.xx.1980-xx.xx.1984: üzümçülük sovxozunda fəhlə - 04 il 06 ay 02 gün; xx.xx.1984- xx.xx.1986: neftebazada doldurucu - 01 il 06 ay 12 gün; xx.xx.1986- xx.xx.1995: üzümçülükük şərab zavodunda fəhlə - 09 il 02 ay 15 gün; xx.xx.2002- xx.xx.2005: sex rəisi - 02 il 11 ay 15 gün. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının qeyd olunan əmək fəaliyyəti üzrə sığorta stajı mübahisələndirmədiyinə baxmayaraq, mübahisələndirilməyən həmin dövr üzrə iddiaçının 23 il 9 ay sığorta stajının olduğunu bildirir. Halbuki, iddiaçının qeyd olunan stajı (kursorla göstərilən) toplandıqda onun 25 ildən də çox sığorta stajı toplanır. Belə ki, iddiaçının qeyd olunan iş stajının xx.xx.1974 - xx.xx.1979-cu illər üzrə hərbi xidmət və təhsil dövrü, onun xx.xx.1972-xx.xx.1979-cu illərdə sovxozda əmək fəaliyyəti dövrü ilə üst-üstə düşür. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrıayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla, iddiaçının hərbi xidmət və təhsil dövrünü iddiaçının sığorta stajına daxil edilməsi istisna edilir. Belə olan halda, onun, sırf əmək kitabçasının sözügedən qeydləri (kursorla göstərilən) üzrə sığorta stajı ümumiləşdirildikdə, sığorta stajı 25 il 6 ay 28 gün təşkil edir. Cavabdeh orqan isə mübahisələndirmədiyi dövrləri toplayarkən hesablamada səhvə yol vermişdir. Digər tərəfdən, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1999-xx.xx.2001ci illərdə (2 il) X4 işlədiyi dövrün əmək kitabçasında öz əksini tapmadığı səbəbi ilə onun sığorta stajına daxil edilməsindən imtina etməsinə gəldikdə, bu halda da məhkəmə kollegiyası cavabdehlə razılaşmır. Belə ki, işə əlavə olunmuş notarial qaydada təsdiq olunmuş - Sədərək Rayon Dövlət Arxivinin 41/12 nömrəli 07 dekabr 2021-ci il tarixli arxiv arayına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.1999-cu il tarixli 20 nömrəli əmrlə Sədərək rayon Mədəniyyət Evinə metodist vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə işdən azad edilmiş və o, həmin illərdə əmək haqqı almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. Qaydanın qeyd olunan tələbindən göründüyü kimi, əmək kitabçasında olmadıqda sosial sığorta stajı dövlət arxivinin arayışı əsasında hesablanır. Göründüyü kimi, iddiaçının xx.xx.1999-xx.xx.2001- ci illərdə 2 il X4 işlədiyi dövrün onun sığorta stajı kimi nəzərə alınmaması əsassız olmuşdur. Həmin 2 il iddiaçının əmək fəaliyyətini qeyd olunan 25 il 6 ay 28 gün sığorta stajına əlavə etdikdə isə onun ümumilikdə, 27 il 6 ay 28 gün sığorta stajı mövcud olur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya onun 65 yaşının tamam olduğu tarixə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan 25 ildən də çox sığorta sığorta stajı mövcud olduğu halda, ona yaşa görə pensiya təyinatı aparılmasından imtina olunması onun əmək faliyyətinin sənədlərələ təsdiq olunan göstəricilərinə və qanunvericiliyin tələblərinə zidd olmuş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin işi tam və düzgün əsaslandırma aparmadığını, sübutların qiymətləndirilməsində səhvə yol verdiyini, bununla da maddi hüquq normalarını pozılması ilə qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6263/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6263/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar