Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-771/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” məsələsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3454/2019 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3454/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC tərəfindən artıq ödənilmiş 449.748,17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-759/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3454/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1668/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-759/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3454/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2020-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3454/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3454/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılması haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş və cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən sözügedən qərar 449.748,17 manat məbləğin geri qaytarılmasına dair rəyin tərtib edilməsi hissəsində icra edilmişdir. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3454/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı tam icra edilmədiyi üçün cavabdehin cərimə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3454/2019 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə cərimənin təyin edilməsindən imtina edilmişdir. Hazırda həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3454/2019 saylı qərarı üzrə cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklərin tam icra olunmadığı üçün cavabdehin 50.000 manat məbləğində cərimə edilməsi barədə köməklik göstərilməsi xahiş edilmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(82)-3454/2019 saylı qərardadı ilə cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklərin tam icra olunmadığı üçün cavabdehin 50.000 manat məbləğində cərimə edilməsi ilə bağlı ərizə məhkəmə tərəfindən rədd edilmişdir. Aşağıdakı göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(82)-3454/2019 saylı qərardadı ləğv edilməlidir. Məhkəmənin mövqeyinə münasibətdə bildirir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən işin predmeti pul tələbi yox, məhkəmə qərarının icrasıdır. Belə ki, iddia tələbinə əsasən 449.748,17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi birinci, apellyasiya və kassasiya instanasiyaları tərəfindən təmin edilmiş və həmin qərarlar öz qanuni qüvvəsini almışdır. Həmin tarixdən uzun bir müddət ötdükdən sonra vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixində iddiaçıya xx.xx.2024-cü il tarixli rəy təqdim edilmişdir. Qeyd edilən tarixlərə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, vergi orqanı tərəfindən rəyin verilməsi 1613 gün (xx.xx.2019-xx.xx.2024) gecikdirilmişdir. İddiaçı tərəfindən vergi orqanına artıq ödəmənin geri qaytarılması barədə ərizə ilə müraciət xx.xx.2019-cu il tarixində təqdim edilmişdir. Həmin zamandan uzun bir müddət ötdükdən sonra əsas məbləğ olan 449.748,17 manatın geri qaytarılması barədə rəy iddiaçıya xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Yəni iddiaçı tərəfindən ərizə ilə müraciət edilən tarixdən 1613 gün ötdükdən sonra iddiaçıya artıq ödənilmiş məbləğin qaytarılması barədə rəy təqdim edilmişdir. 1613 gün isə gecikdirilən günlərin sayı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında bu barədə gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi qeyd edilmişdir. Bu səbəbdən gecikdirlən günlərə əsas məbləğin 0.1 faiz nisbəti tapılaraq iddiaçıya ödənilməsi barədə rəy verilməli idi. Yəni həmin ödənilməli məbləğ aşağıda göstərilən düstura əsasən müəyyən edilməlidir: Gecikdirlən günlər x 0.1% x artıq ödənilmiş məbləğ = gecikdirlən günlərə əsasən ödənilməli olan məbləğ: 1613 x 0.1% x 449.748,17 = 725.445,1 manat. Göstərilənlərdən də müəyyən etmək olur ki, vergi orqanı tərəfindən gecikdirilən hər bir gün üçün hesablanmalı və rəy verilməli faiz məbləği olmasına baxmayaraq, bu barədə rəy verilməmişdir. Qərar qismən icra edilmiş, 449.748,17 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəy verilmiş, lakin qalan faiz məbləğinin, yəni 725.445,1 manat faizin geri qaytarılması barədə rəyin verilməsi təmin edilməmişdir. İddiaçı tərəfindən cavabdeh vergi orqanına bu barədə dəfələrlə müraciətlər edilsə də, bu günədək həmin qərarlar vergi orqanı tərəfindən icra olunmamışdır. Vergi orqanının vəzifəli şəxsləri qərəzli mövqe nümayiş etdirərək, həmin qərarın icrasına maneçilik törədirlər. Lakin etdikləri müraciətlərə və şikayət ərizələrinə də baxılmamış və qanunamüvafıq qaydada cavab verilməmişdir. Bu günə qədər məhkəmə qərarının icra olunması barədə heç bir müsbət cavab almamışlar, yəni birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış məhkəmə qərarı icra edilməmişdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsi məsələyə məqsədəmüvafiq qiymət verə bilməmiş və işin hallarını düzgün araşdırmayaraq qanunamüvafıq qərar qəbul edə bilməmiş, ərizəni rədd etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. İş materiallarından göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3454/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra icra üçün cavabdehə göndərilmiş, daha sonra cavabdehə xəbərdarlıq göndərilmiş və icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3454/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılması haqqında xx.xx.2021ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarında inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı icra vərəqəsi verildikdən sonra cərimənin təyin edilməsi nəzərdə tutulmamışdır. Həmin qərardan görünür ki, icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehə cərimənin təyin edilməsindən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3454/2019 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-771/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-771/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver