Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-772/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2728/2021 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehə qarşı məhkəməyə müraciət edərək, 2008-ci ildən bəri 2004- 2005-ci illərin əmək haqqı nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyası təyin edilməsini və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, 2002-ci ildə iddiaçıya 51 yaşında 3 uşaqlı ana olduğuna görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği 30 manat, işlədiyinə görə isə 15 manat almışdır. 57 yaşı 2008-ci il oktyabr ayının 10-da tamam olmuşdur. 2008-ci ildən 2009-cu ilə qədər “Şirvan OYL” şirkətində Geoloji şöbədə böyük geoloq vəzifəsində işləmişdir. 39 il iş stajı var. Onun 26 ilini neft sənayesində işləmişdir. O, cavabdehə müraciət edib, yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin sonuncu bundan imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, iddiaçının əmək kitabçasından, həmçinin SOCAR tərəfindən verilmiş arayışdan görünür ki, o, 1988-ci ildən 2009-cu ilədək şöbədə geoloq vəzifəsində çalışmışdır və iddiaçı iddia edir ki, həmin işlədiyi peşə zərərli peşə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsində qazma bəndində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyalarının rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı burada qeyd edilən iş sahələrində və ya zərərli iş şəraitində işləməmişdir. Belə ki, istinad edilən siyahıda geoloqlar göstərilmişdir ki, iddiaçının əmək kitabçasında olan qeydə əsasən, o, quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin geoloqu kimi deyil, idarədə və laboratoriyada geoloq kimi işləmişdir. Qeyd edilən halda iddiaçının vəzifə səlahiyyətlərinin mahiyyəti araşdırmaqla müəyyən olunur ki, iddiaçının geoloq peşəsində işləməsi zərərli şəraitdə olmamışdır. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu qərarında maddi və prossesual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar aydınlaşdırlmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qərarda müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş və bununla da qərarın apellyasiya qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı izahat verərək bildirmişdir ki, onun işlədiyi peşələrin güzəştli pensiya hüququna əsas vermədiyini özü də bilir. Əslində onun istədiyi ona güzəştli şərtlərlə pensiya təyin olunması yox, hazırda almaqda olduğu əmək pensiyasının yenidən hesablanmasıdır. Bununla bağlı pensiyanı aldığı DSMF Şirvan şəhər şöbəsinə müraciət etmiş, şöbə isə onu yanlış istiqamətləndirmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. Belə ki, iddiaçı özü qəbul edir ki, onun işlədiyi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan vermir, habelə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini deyil, hazırda almaqda olduğu əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin iddiaçının müraciətinin icrasından imtinası mahiyyətcə qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-772/2021 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-772/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-772/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver