Məhkəmə qərarları › İş №2-1(103)-772/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-772/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-772/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X23 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Vəkil1 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X20) “qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(112)-765/2021 saylı qərarından 3-cü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında inşa edilmiş kürsülü fərdi yaşayış evinə dair aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və həmin qeydiyyat əsasında verilmiş xx.xx.2018-ci il tarixli, seriya RX № ******* çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3802/2020 nömrəli qərardadı ilə X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında inşa edilmiş kürsülü fərdi yaşayış evinə dair aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş xx.xx.2018ci il tarixli, seriya RX № ******* çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, o X11 ilə 17 oktyabr 2003-cü ildə rəsmi qeydiyyatdan keçməklə ailə qurmuşdur və Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanına gəlin köçmüşdür. Birgə nikahlarından 20 iyul 2004-cü il tarixdə X12 adlı övladı doğulmuşdur. Sonradan münasibətləri pozulduğundan Binəqədi rayon məhkəməsinin 03 mart 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından 20 iyul 2004-cü il tarixdə doğulmuş X12 onun yanında saxlanılmışdır. Gəlin köçdükdən sonra yaşadığı sahə darısqal olduğundan keçmiş həyat yoldaşı X11 evin yerləşdiyi həyətyanı sahədən ev inşa edilməsi üçün Binəqədi RİH Başçısına müraciət edərək icazə istəmişdir. Binəqədi RİH Başçısının xx.xx.2007-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında 121,070 kv.m boş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onun ilk iddiası təmin edilmiş və onun birgə nikahlarından 20 iyul 2004-cü il tarixdə doğulmuş X12 ilə birlikdə Binəqədi RİH Başçısının xx.xx.2007-ci il tarixli, 379 saylı və xx.xx.2008-ci il tarixli, 274 saylı sərəncamları əsasında Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında inşa edilmiş kürsülü fərdi yaşayış evinə istifadə hüququ tanınmışdır. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qərarı ilə isə onun, birgə nikahından 20 iyul 2004-cü il tarixdə doğulmuş X3 ünvan 1 ünvanına qeydiyyata alınmağı vəzifəsi Binəqədi rayon Polis İdarəsinə həvalə edilmişdir. Məhkəmədə iddia qaldırılanadək ona X13 Bakı şəhəri, Binəqədi qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında inşa edilmiş kürsülü fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli, seriya RX ******* çıxarışın verilməsindən məlumatı olmamışdır. Onun mübahisəli evə istifadə hüququ 2016-cı il tarixdən yarandığından ilk iddiaçı X13 həmin evə dair 2018-ci il tarixdə çıxarış verilərkən onun razılığı tələb olunmalı idi. Bununla bağlı o, İdarəyə müracət etsə də həmin qurumun xx.xx.2020-ci il tarixli məktubu ilə ona dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(112)-765/2021 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, ünvan 3 ünvana dair xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 423 nömrəli reyestr kitabının 39673 nömrəli vərəqində aparılmış qeydiyyat və xx.xx.2018-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən, yəni ümumi sahəsi 190,8 kvm. olan “B” tikilisi ilə bağlı hissədə ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan 3-cü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından, məhkəmənin tətbiq etdiyi maddi hüquq normalarından göründüyü kimi birinci instansiya məhkəməsi mübahisənin həlli ilə əlaqədar qanunvericiliyi səhv tətbiq etmiş, nəticədə Azərbaycan Resbublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququmu pozmuşdur. Belə ki, məhkəmə işə baxarkən ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Göründüyü kimi məhkəmə vərəsəlik qaydasında miras qalmış əmlak üzərində X8 müraciəti əsasında inzibati orqanın vətəndaşın mülkiyyət hüquqlarını qeydiyata alaraq müvafiq Çıxarışı verərkən sadaladığı normaların tələblərini pozduğunu göstərsə də, həmin pozuntuların iddiaçının hansı hüquqlarını pozduğunu, qeydiyyatın aparılmasında iddiaçının razılığının alınmamasının hansı maddi hüquq normasını pozduğunu göstərməmişdir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırmağı vacib hesab edir ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən 47 saylı evi mərhum atam X5 miras almışdır. O və qardaşı X11 (iş üzrə idiaçının keçmiş həyat yoldaşı) 2003-cü ildə eyni gündə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. İsmayıl və iş üzrə İddiaçı valideynləri tərəfindən bacısı üçün inşa edilmiş evdə yaşamağa başladılar. Sonradan onların ailəsində yaranmış problemlər ailənin dağılması ilə nəticələndi. Atasından miras qalmış əmlak üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə iddiaçının isə M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən 47 C saylı ünvana qeydiyyata alınması məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. Göründüyü kimi miras əmlakı üzərində mülkiyyət hüququm qeydiyyata alınarkən iddiaçı həmin ünvanda pasport qeydiyatında olmamışdır. Hətta iddiaçı həmin ünvanda pasport qeydiyatında olmuş olsaydı belə (iddiaçı hazırda mülkiyətimdə olan əmlakda qeydiyyatda deyil), miras əmlakı üzərində mülkiyyət hüququnun qeydiyata alınması üçün onun razılığı tələb oluna bilməzdi. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən prosessual qanunvericiliyin göstərilən tələblərini də pozmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixində keçirilən proses zamanı məhkəmə hazırlıq icraatının bitdiyini, şifahi məhkəmə baxışının xx.xx.2021-ci il tarixinə təyin edildiyini elan etmişdir. xx.xx.2021-il tarixdə keçirilən məhkəmə prosesindən məhkəmə qərarın elanını xx.xx.2021-ci il tarixə təxirə saldığını bildirdi. Lakin xx.xx.2021-ci il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim etmiş, məhkəmə bu barədə tərəfləri məlumatlandırmamış qərarı elan etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 651 №-li və xx.xx.2021-ci il tarixli, BA- 04405-2021 №-li məktublara əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 5 ünvanında yaşayan X11 xx.xx.2007-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək mənzil şəraitinin dözülməz dərəcədə ağır olmasını, müharibədə iştirak etmiş İİ qrup əlil olmasını nəzərə alaraq evinin həyətində 1,5 sot sahə olduğuna görə həmin yerdə ev tikmək üçün sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən və vətəndaş X14 məxsus olan 47 saylı evin həyətyanı torpaq sahəsində təqdim olunan layihə əsasında bir mərtəbəli, kürsülü fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” 379 №-li, xx.xx.2007-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, ünvan 12 saylı evin sakini İİ qrup Qarabağ əlili vətəndaş X11 Rayon İcra Hakimiyyətinə müraciət edərək, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən və atası mərhum X14 məxsus olan (Qeydiyyat vəsiqəsi № 30/867, xx.xx.1988-ci il) 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 kv.metr) təqdim olunan layihə ("xxxx" MMC lisenziya 015155, qeydiyyat LA-05- 070, xx.xx.2005-ci il) əsasında bir mərtəbəli kürsülü fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmiş və lazımi sənədləri təqdim etmişdir. Sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 03 nömrəli reyestr kitabının 350 saylı səhifəsində xx.xx.1988-ci il tarixdə qeydiyyata alınaraq 30/867 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən vətəndaş X9 mülkiyyətinə verilmiş və xx.xx.1990-cı ildə evin texniki pasportu tərtib edilmişdir. Yuxarıda qeyd edilənləri və vətəndaş X4 İİ qrup Qarabağ müharibəsi əlil olmasını və mənzil şəraitinin ağır olduğunu nəzərə alaraq Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinə (№ 30/867, xx.xx.1988-ci il) əsasən vətəndaş H.Y.Veyisovun xüsusi mülkiyyətində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 kv.metr) təqdim edilən layihə əsasında bir mərtəbəli kürsülü fərdi yaşayış evinin inşa edilməsinə sərəncam verilmiş, tikinti işləri aparılarkən ətraf ərazinin sanitar-texniki normalara uyğun olaraq təmiz və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qonşuluqda yaşayan sakinlərdə narazılıqlar yaradılmaması və tikinti işləri başa çatdıqdan sonra sərəncamın surəti və layihənin müvafiq sənədləşdirmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə təqdim edilməsi, tikilinin su, qaz, işıq və kanalizasiya sisteminin mövcud kommunikasiyalara qoşulmasının və Rayon Yanğın Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmasının qüvvədə olan müvafiq norma və qaydaların tələblərinə uyğun yerinə yetiriİməsi vətəndaş İ.H.Veyisova tapşırılmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin Başcısı tərəfindən vətəndaş İ.H.Veyisova ünvanlanmış xx.xx.2008-ci il tarixli, V-17 №-li məktubun surətindən görünür ki, inşa etdiyi fərdi yaşayış evinin sənədləşdirilməsinə köməklik göstərilməsi barəsində V-17 saylı, xx.xx.2008-ci il tarixli müraciətinə Binəqədi Rayon İcra Hakimiyyətində baxılmışdır. Məlumat üçün nəzərinə çatdırılır ki, müvafiq sənədlər (şəxsiyyət və əlilliyi təsdiq edən vəsiqənin surəti, yaşayış yerindən İİ formada arayış, lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənmiş 3 nüsxədən ibarət fərdi yaşayış evinin layihəsinin və Bakı şəhər Ekspertiza Mərkəzi tərəfindən fərdi yaşayış evinə təqdim edilmiş rəyin əsli) Rayon İcra Hakimiyyətinə tədqim edildikdən sonra müraciətinə yenidən baxılacaqdır. X4 Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlandığı xx.xx.2008-ci il tarixli ərizəsinin surətindən görünür ki, təqdim etdiyi sənədlər əsasında İİ sərəncam verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının “M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən, X14 məxsus olan 47 saylı evin həyətyanı torpaq sahəsində təqdim olunan layihə əsasında inşa olunan bir mərtəbəli, kürsülü fərdi yaşayış evinin mövcud vəziyyətdə rəsmiləşdirilməsi barədə” xx.xx.2008-ci il tarixli, 274 №-li sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 12 saylı evin sakini, İİ qrup Qarabağ əlili vətəndaş X11 (vəsiqə №094769, xx.xx.2005) Rayon İcra Hakimiyyətinə müraciət edərək Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən və atası mərhum X14 məxsus olan (ÖHŞ: İV-ЖГ № 363833, xx.xx.1996) 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 kvm.) Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən "xxxx" MMC tərəfindən hazırlanmış layihə (lisenziya JNa-015155. qeydiyyat LA- 05- 070, xx.xx.2005-ci il) əsasında inşa etdirdiyi bir mərtəbəli, kürsülü fərdi yaşayış evinin mövcud vəziyyətdə rəsmiləşdirilməsini xahiş etmişdir. Sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 03 nömrəli reyestr kitabının 350 saylı səhifəsində xx.xx.1988-ci il tarixdə qeydiyyata alınaraq 30/867 nömrəli qeydiyyat vəsiqəsinə əsasən vətəndaş X9 mülkiyyətinə verilmiş, xx.xx.1990-cı ildə evin Texniki Pasportu tərtib edilmiş və həmin evin həyətyanı torpaq sahəsində (121.0 kv.m) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 379 saylı xx.xx.2007-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC tərəfındən hazırlanmış və RİH tərəfindən təsdiq edilmiş layihə əsasında bir mərtəbəli, kürsülü fərdi yaşayış evi inşa edilmiş və Bakı Şəhər İcra Hakimiyyəti Ekspertiza Mərkəzinin D-l/1-671 saylı xx.xx.2008-ci il tarixli məktubuna əsasən 631-F./8 saylı xx.xx.2008-ci il tarixli rəy təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsində yerləşən, mərhum H.Y.Veyisova məxsus olan 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 m) Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 379 saylı, xx.xx.2007-ci il tarixli sərəncamına əsasən təqdim edilən layihə əsasında inşa olunmuş və Bakı Şəhər İcra Hakimiyyəti Ekspertiza Mərkəzinin rəyi təqdim edilən bir mərtəbəli, kürsülü fərdi yaşayış evi mövcud vəziyyətdə rəsmiləşdirilməsinə, sərəncamın surətinin müvafiq sənədləşdirmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, məlumat üçün isə Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinə və vətəndaş İ.H.Veyisova göndərilməsinə sərəncam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********07 №-li, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli, **********62 №-li məktublarına əlavə edilmiş ünvan 8 ünvana dair arxiv qovluğunda saxlanılan sənədlərdən görünür ki, xx.xx.1988-ci il tarixdə notariusda qeydə alınmış müqaviləyə əsasən X17 mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən yaşayış sahəsi 29,2 kvm., yardımçı sahəsi 22,3 kvm.-dən ibarət olan, 559,20 kvm. torpaq sahəsində yerləşən 2 otaqlı mənzilini X2. Bakı şəhəri, 26 saylı Notariat Kontorunda qeydə alınmış xx.xx.2018-ci il tarixli, 2V-12 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1996-cı il tarixdə ölmüş X15 vərəsələri X16, X20, X21, X11, X22, Veyisova Xədicə Həbib qızıdır və onlar şəhadətnamə verilən miras əmlakdan - ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.1988-ci il tarixdə X18 verilmiş 30/867 qeydəalınma nömrəsi ilə 03 nömrəli kitabın 350-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 10 ünvanında yerləşən istifadəsində olan 559,20 kvm. torpaq sahəsində yerləşən ümumi sahəsi 51,5 kvm., yaşayış sahəsi 29,2 kvm., yardımçı sahəsi 22,3 kvm. olan 2 (iki) otaqlı fərdi yaşayış evindən bərabər hissədə pay almalıdır. Miras payın bağışlanmasına dair xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən X21, X11, X16, X22, Veyisova Xədicə Həbib qızı 10 mart 1996cı il tarixdə ölmüş ataları X5 miras qalmış xx.xx.2018-ci il tarixli, 2V-12 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara çatan miras payı qardaşları X13 bağışlamışdırlar. xx.xx.2018-ci il tarixdə qeydə alınmış seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi 0,0305 ha, ümumi sahəsi 51,5 kvm. olan ünvan 3 ünvandakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X8 adına rəsmiləşdirilmişdir. xx.xx.2018-ci il tarixdə qeydə alınmış seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi 0,05992 ha, ümumi sahəsi 51,5 kvm. olan ünvan 3 ünvandakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X8 adına rəsmiləşdirilmişdir. Valeh Veyisov xx.xx.2018-ci il tarixli ərizə ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Məlumatlandırma icraatı qaydasında bildirmişdir ki, mülkiyyətində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvandında yeləşən sahəsi 94,9 kvm., hündürlüyü 3,15 m., mərtəbəliyi 1 olan fərdi yaşayış evini inşa etmişdir. Nəzərə alınmasını xahiş edir. Həmin ərizənin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul edilməsi barədə poçt qəbzi vardır. “Əmlak” Layihə Smeta Bürosü Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən 2018-ci ildə X13 aid ünvan 10 ünvan üzrə daşınmaz əmlakın layihəsi tərtib edilmişdir. xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 423 nömrəli reyestr kitabının 39673 nömrəli vərəqində qeydiyyat aparılmış və həmin tarixli, seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi 0,05992 ha, ümumi sahəsi 242,3 kvm. olan ünvan 3 ünvandakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X8 adına rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2018-ci il tarixli müayinə (baxış) aktının surətindən görünür ki, X8 ********** №-li, xx.xx.2018-ci il tarixli müraciətinə əsasən ünvan 12 ünvanda yerləşən daşınmaz əmlaka baxış keçirilmiş, yarımzirzəməli, 1 mərtəbəli, yaşayış evi, “B” tikilisi ü/s – 190,8 kvm., eskiz layihəsinə əsasən, ərazi 599,2 kvm. , A tikilisi ü/s – 51,5 kvm., B tikilisi 5 otaq y/s – 75,6 kvm., ü/s – 190,8 kvm., k/s – 115,2 kvm., torpaq 599,2 kvm.. İ tikilisi st.q=6,7 kvm. “A” tikilisinə bitişik tikilidir. “B” tikilisi eskiz layihəsinə uyğundur. Dəyişiklik yoxdur. xx.xx.2018-ci il tarixli, **********71-10301 reyestr nömrəli X13 məxsus ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, daşınmaz əmlak “A” və “B” tikilisindən ibarət olmaqla 0,05992 ha. torpaq sahəsində yerləşir. “A” tikilisi 1964-cü ildə tikilməklə 1 mərtəbəli, 2 yaşayış otağından, 51,5 kvm. ümumi sahədən, 29,2 kvm. yaşayış sahəsindən, 22,3 kvm. köməkçi sahədən, 69,7 kvm. tikinti altı sahədən ibarətdir. “B” tikilisi 2018-cü ildə tikilməklə 1 mərtəbəli, 5 yaşayış otağından, 190,8 kvm. ümumi sahədən, 75,6 kvm. yaşayış sahəsindən, 21,0 kvm. köməkçi sahədən, 94,2 kvm. yarım zirzəmidən, 119,4 kvm. tikinti altı sahədən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(102)-31/13 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 29 iyun 2011-ci il tarixli qətnaməsi ilə iddiaçılar X10 və Veyisova Xədicə Həbib qızının cavabdehlər X6 və Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 379 saylı, xx.xx.2007-ci il tarixli və 274 saylı, xx.xx.2008-ci il tarixli sərəncamlarının etibarsız hesab edilməsi, habelə cavabdeh İ.H.Veyisov tərəfindən inşa edilmiş evin 75 kvm.-dən artıq olan hissəsinin və evin bünövrəsinə aid olmayan əlavə inşa edilmiş mətbəxin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2011-ci il tarixli, 2(1030-4366/11 nömrəli qətnaməsi ilə iddiaçılar X21 və Veyisova Xədicə Həbib qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Binəqədi rayon məhkəməsinin 29 iyun 2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçılar X10 və Veyisova Xədicə Həbib qızının iddia tələbi təmin edilərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 379 saylı, xx.xx.2007-ci il tarixli və 274 saylı, xx.xx.2008-ci il tarixli sərəncamlarının etibarsız hesab edilməsi, həmin sərəncamlar əsasında cavabdeh X11 tərəfindən Bakı şəhəri, ünvan 12 saylı ünvanda inşa edilmiş evin 75 kvm.-dən artıq olan hissəsinin və mətbəx tikilisinin sökülməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2012-ci il tarixli, 2(102)-958/12 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını 29 iyun 2012-ci il tarixli, 2(103)-2950/12 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 29 iyun 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2013-cü il tarixli, 2(102)-31/13 nömrəli qərarı ilə iddiaçılar X10 və Veyisova Xədicə Həbib qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 29 iyun 2012-ci il tarixli, 2(103)-2950/12 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, ünvan 12 saylı mülkdə müxtəlif ölçülü ayrı-ayrı tikililər vardır. Orada mətbəxin tikilməsi, su çəninin quraşdırılması, daş hasarla hörgü aparıldığı müəyyən olunmuşdur. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 8823/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ilkin iddia təmin edilərək İddiaçı və xx.xx.2004-cü il təvəllüdlü X3 Bakı şəhəri Binəqədi RİH Başçısının xx.xx.2007-ci il tarixli, 379 saylı və xx.xx.2008-ci il tarixli, 274 saylı sərəncamları əsasında ünvan 10 ünvanında həyətyanı boş torpaq sahəsində inşa edilmiş kürsülü fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması, qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evdən çıxarılma və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-7342/17 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-1527/2017 nömrəli qətnaməsi iddiaçı X4 cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilmiş, X11 tərəfindən İddiaçı 14.000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “8 Mart” küçəsi, 47 nömrəli evdən istifadə hüququna xitam verilməsi və İddiaçı himayəsində olan xx.xx.2004-cü il təvəllüldü X12 ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)- 6105/2017 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-1527/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı X4 cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017ci il tarixli, 2(103)-7342/17 nömrəli qərarı ilə iddiaçı X1 şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-6105/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, evin tikilməsinə icazə verilməsi barədə xx.xx.2007-ci il tarixli sərəncam və tikilmiş evin sənədləşdirilməsi barədə xx.xx.2008-ci il tarixli sərəncam mövcuddur. Bu sərəncamlar tərəflərin nikahda olduğu dövrdə (tərəflər 2003-cü ildən 2014-cü ilə kimi nikahda olmuşlar) verilmişdir, lakin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Evin nikahdan (2003-cü ildən) əvvəl inşa edildiyini təsdiq edən sübutlar yoxdur. Əgər ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınarsa Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbi baxımından evin ər-arvadın birgə mülkiyyəti sayılacağı istisna edilmir. İddiaçı tərəf etiraf edir ki, ev nikah dövründə təmir olunub. Əgər ev nikahdan əvvəl inşa edilibsə (yəni, iddiaçı tərəfin bildirdiyi həqiqi olarsa), belə halda nikah dövründə əsaslı təmir işləri aparıldığına görə Ailə Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından evin ər-arvadın birgə mülkiyyəti sayılacağı istisna edilmir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakları ilə mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazi yerində müayinə edilmiş və müəyyən edilmişdir ki, daşınmaz əmlakın faktiki vəziyyəti İdarə tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********71-10301 reyestr nömrəli texniki pasportun göstəricilərinə uyğundur. “A” tikilisində üçüncü şəxs Valeh Veyisov ailəsi ilə birlikdə, “B” tikilisində isə İddiaçı oğlu ilə birlikdə yaşayır. Üçüncü şəxs Valeh Veyisov “A” tikilisinin atasından miras qalan mənzil olduğunu, “B” tikilisinin isə özü tərəfindən inşa edildiyini, həmin ərazidə qardaşı İsmayıl Veyisov tərəfindən heç bir tikili tikilmədiyini bildirdi. İddiaçı isə “B” tikilisinin Bakı şəhəri Binəqədi RİH Başçısının xx.xx.2007-ci il tarixli, 379 saylı və xx.xx.2008-ci il tarixli, 274 saylı sərəncamları əsasında həyətyanı boş torpaq sahəsində birgə nikah dövründə İsmayıl Veyisov və onun tərəfindən inşa edilmiş tikili olduğunu, istifadə hüquqlarının məhkəmə tərəfindən məhz həmin tikiliyə tanındığını bildirdi. İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********94 №-li məktubdan görünür ki, onun Bakı şəhəri, ünvan 12 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə ********** daxil olma nömrəli, xx.xx.2020-ci il tarixli ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Binəqədi RİH Başçısının xx.xx.2007- ci il tarixli, 379 saylı və xx.xx.2008ci il tarixli, 274 saylı sərəncamları əsasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvandakı sahəsi 121,0 kvm. torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi faktı qanuni qüvvəsini almış məhkəmə qərarlarında öz əksini tapmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinin tələlblərinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanına) və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) yaratdığı quruma (burada “qurum” dedikdə Azərbaycan Respublikası Mənzil X7 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik nəzərdə tutulur) məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) yaratdığı qurum (burada “qurum” dedikdə Azərbaycan Respublikası Mənzil X7 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik nəzərdə tutulur) tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) həyata keçirir. 80.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) yaratdığı qurum (burada “qurum” dedikdə Azərbaycan Respublikası Mənzil X7 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik nəzərdə tutulur) bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 82.1-ci maddəsinə tələbinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 iş günü ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. 82.2-ci maddəsinə əsasən məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) yaratdığı qurum (burada “qurum” dedikdə Azərbaycan Respublikası Mənzil X7 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik nəzərdə tutulur) həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə) məlumat verməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.9.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd əsas hesab olunur. 8.0.10.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinin tələbinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs Valeh Veyisov Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinə xx.xx.2018-ci il tarixdə müraciət edərək Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında yerləşən sahəsi 94,9 kvm., (halbuki cavabdeh inzibati orqana təqdim edilmiş layihədə fərdi yaşayış evinin ümumi sahəsinin 190,8 kvm. qeyd edilmişdir) hündürlüyü 3,15 m., mərtəbəliyi 1 olan fərdi yaşayış evini inşa etdiyini bildirmiş, qanunvericiliklə müəyyən olunmuş müddətə riayət etmədən (10 gün) həmin tarixdə də, yəni xx.xx.2018-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək “B” tikilisi üzrə daşınmaz əmlakın qeydiyyata alınaraq vahid əmlak üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan isə xx.xx.2018-ci ildə müraciət ilə bağlı daşınmaz əmlakı müayinə edərək xx.xx.2018-ci il tarixdə həmin əmlak üzərində hüquqların qeydiyyatını aparmışdır. Bununla yanaşı, üçüncü şəxs X19 rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında yerləşən 0,05992 ha. torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında yerləşən “B” tikilisi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmişdirsə onda qanunvericiliyin tələblərinə uyğun olaraq üçüncü şəxs Valeh Veyisov tərəfindən həmin tarixədək torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı cavabdeh inzibati orqana təqdim edilməli idi. Cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normalarının tələbləri pozulmaqla inzibati akt – daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması həyata keçirilmişdir. Cavabdeh tərəfindən ünvan 3 ünvandakı ümumi sahəsi 190,8 kvm. olan “B” tikilisi adlanan fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 423 nömrəli reyestr kitabının 39673 nömrəli vərəqində aparılmış qeydiyyat qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin ünvan 3 ünvana dair xx.xx.2018ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 423 nömrəli reyestr kitabının 39673 nömrəli vərəqində aparılmış qeydiyyat və xx.xx.2018-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ümumi sahəsi 190,8 kvm. olan “B” tikilisi ilə bağlı hissədə ləğv edilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası 3-cü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(112)-765/2021 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar