Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-772/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1754/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 359 saylı bağ sahəsinə dair atası mərhum X10 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 və İstismarı Birliyi ilə Şuriyə oğlu arasında 24 yanvar 1989-cu ildə bağlanmış 19917 saylı müqavilə əsasında atasına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 359 saylı bağ torpaq sahəsi ayrılmışdır. Həmin tarixdən də bağ onların istifadəsindədir. Atası xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Bağ sahəsi 1989-cu ildən etibarən atasının, atası vəfat etdikdən sonra isə onun istifadəsindədir. O, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 359 saylı bağ torpaq sahəsi üzərində atası X10 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin ona ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müqavilədə bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Bundan başqa, texniki baxış keçirilən zaman torpaq sahəsinin istifadənizdə olmadığı aşkar olunmuşdur. Lakin cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. Sözügedən torpaq sahəsi atasına Bağlar Təsərrüfatı İdarəsi tərəfindən ayrılmışdır. Həmin vaxtdan da onların istifadəsində olmuşdur. Müqavilədə bağ sahəsinin ölçüsünün qeyd edilməməsi onun təqsiri deyil və onun hüquqlarına xələl gətirməməlidir. Göstərilən bağ sahəsi 1989-cu ildən etibarən onun istifadəsindədir, sərhədləri müəyyən edilmişdir. Qonşularla heç bir mübahisəsi olmamışdır Müqavilədə bağın ölçüsünün qeyd edilməməsi atasına məxsus bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata almamasına maneçilik törədə bilməz. Odur ki, pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, təqdim edilən xx.xx.1989-cu il tarixli, 19917 saylı müqavilədə torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Bundan başqa, texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin iddiaçının istifadəsində olmadığı aşkar olunmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********55 saylı cavab məktubu ünvanlanmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına mljvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2- ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən sahəsi 2098,0 kv.m olan 359 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1754/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, qanunvericilik aktında torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasına dair həmin əmlakın iddiaçı tərəfindən qanuni istifadə olunması şərti nəzərdə tutulmuşdur. İdarənin mütəxəssisləri tərəfindən yerli baxış zamanı isə sözügedən torpaq sahəsi ümumi metal tor ilə sərhədlənmiş ərazidən şərti olaraq göstərilmişdir. Həmçinin sahədə hər hansı tikili mövcud deyil. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 8.0.7-ci maddəsinə əsasən bağ sahəsinə dair icarə müqavilələri qeydiyyatın aparılması üçün əsas sayılır. Göründüyü kimi, inzibati orqan tərəfindən qeydiyyat həyta keçirilərkən əsas qismində çıxış edən hüquqmüəyyənedici sənəd – müqavilədir. Lakin müqavilədə torpaq sahəsinin əsas göstəricilərindən olan sahə qeyd olunmamış, hansı həcmdə torpaq sahəsinin ayrılması sənəd əsasda əks olunmamışdır. Torpaq sahəsinin faktiki ölçüsü 2098 kv.m təşkil edir. Bağ torpaqlarının yerləşməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamına uyğun olaraq inzibati orqana təhvil verilmiş sxematik xəritə, Bağ Tikinti Kooperativinin yerləşmə sxemi və s. sənədlər əsasında müəyyən olunur. Qeyd olunan torpaq sahəsinin yerləşməsini araşdıran zaman isə ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından sözügedən torpaq sahəsinin hansı bağın ərazisi olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Bakı şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarına əsasən Bakı şəhəri X5 X4 və istismarı Birliyi ilə Ağagül Şuriyə oğlu arasında bağlanmış 19917 nömrəli, 24 yanvar 1989-cu il tarixli müqaviləyə əsasən həmin birlik tərəfindən X11 Ləhiş qəsəbəsində yerləşən 359 nömrəli bağ sahəsi icarəyə verilmişdir. Ağagül Şuriyə oğlu xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. İddiaçı sözügedən bağ torpaq sahəsinin mərhum atası X11 bağlar idarəsi ilə bağlanmış 24 yanvar 1989-cu il tarixli icarə müqaviləsinə əsasən sonuncunun istifadəsinə verildiyini əsas gətirərək, X13 vəfat etdikdən sonra vərəsəlik işinin açıldığını və onun vərəsəsi olaraq həmin bağ sahəsinə rəsmiləşdirmənin aparılması üçün mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:
1. Təqdim edilən xx.xx.1989-cu il tarixli, 19917 saylı müqavilədə torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır.
2. Texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin iddiaçının istifadəsində olmadığı aşkar olunmuşdur.
Apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd Bakı şəhəri X5 İcraiyyə Komitəsi X4 və istismarı Birliyi ilə X13 arasında bağlanmış 19917 nömrəli, 24 yanvar 1989-cu il tarixli müqavilədir. Müqaviləyə əsasən birlik tərəfindən X11 Ləhiş massivində yerləşən 359 nömrəli bağ sahəsi icarəyə verilmişdir. Sözügedən icarə müqaviləsinin nüsxəsi cavabdehin arxivində saxlanılır və həmin müqavilədə tərəflərin-bağlar idarəsinin direktorunun imzası və icarəçinin imzasının olduğu görünür. Müqavilənin özündə təkcə icarəçi X8 deyil, həm də sonuncunun ailə üzvlərininin, o cümlədən oğlu İddiaçı Şuriyə oğlunun adı qeyd olunmuşdur. Bundan əlavə arxiv qovluğunda sözügedən müqaviləyə əlavə olunan digər sənədlər- X13 tərəfindən bağ sahəsinə dair müqavilənin bağlanması ilə bağlı xx.xx.1988-ci il tarixli bağlar idarəsi rəhbərliyinə ünvanladığı müraciət ərizəsi, ailə tərkibi haqqında arayış, müqavilə ilə icarəyə verilmiş bağ sahəsinin inventarlaşdırma aktı, bağ sahəsinin yerləşmə sxemi (plan) kimi sənədlər saxlanılır. Bundan başqa qeyd edilməlidir ki, 19917 nömrəli, 24 yanvar 1989-cu il tarixli müqavilədə müqavilənin Bakı şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarı əsasında bağlandığı qeyd edilmişdir. Dövlət arxivindən əldə edilmiş Bakı şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarından müəyyən olunur ki, xx.xx.1987-ci il tarixli akta əsasən Ləhiş bağ massivində istifadədə olan lakin bağlar idarəsi ilə heç bir rəsmiləşmə aparılmamış bağ sahələrinə dair inventarlaşdırma işlərinin aparılması qərara alınmış, həmin bağlardan istifadə edənlərin siyahısı tərtib edilmiş və siyahıdakı vətəndaşlarla, o cümlədən 359 nömrəli bağ sahəsindən istifadə edən X13 ilə istifadə etdiyi bağ sahəsinə dair icarə müqaviləsinin bağlanması ilə bağlı tədbirlərin görülməsi qərara alınmışdır. Beləliklə, hazırkı iş üzrə iddia olunan bağ sahəsinə dair arxiv qovluğunda saxlanılan 19917 nömrəli, 24 yanvar 1989-cu il tarixli icarə müqaviləsinin kökündə dayanan inzibati akt- Bakı şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarı dövlət arxivində mövcuddur və bu hal iddia olunan bağın qanuni istifadədə olduğunu təsdiq edir. Odur ki, 19917 nömrəli, 24 yanvar 1989-cu il tarixli icarə müqaviləsi mübahisə predmeti olan bağ sahəsinə hüququn qeydiyyata alınmasına əsas verən mötəbər hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. İddia olunan 359 nömrəli bağ sahəsinin ölçüsü müqavilədə qeyd olunmasa da, həmin 359 nömrəli bağ sahəsi ilə bağlı tərtib edilmiş inventarlaşdırma aktında bağ sahəsinin ölçüsü 0.25 ha olaraq göstərilmişdir. Eyni zamanda bağ sahəsinin planında bağın eni 25 m, uzunluğu 100 m göstərilməklə bağ sahəsinin ölçüsünün 2500 kv.m olduğu müəyyən olunur. Beləliklə, iddia olunan 359 nömrəli bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsinin 0.25 ha olduğu öz təsdiqini tapır. İddia olunan 359 saylı bağ sahəsinin hazırda iddiaçının faktiki istifadəsində olmaqla bağ sahəsinin ölçüsü 2098,0 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Belə olan halda iddiaçı hazırkı iddiasında qanuni faktiki istifadəsində olan 2098,0 kv.m torpaq sahəsinə hüququnun qeydiyyatını mübahisələndirməkdə haqlı hesab edilir. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi qeyd etmişdir ki, müqavilədə bağ sahəsinin ölçüsü qeyd olunmamışdır, bağ sahəsinə dair müqavilə isə 1989-cu ilə aiddir, bağ sahələrinin ölçüləri ilə bağlı Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988ci il tarixli, 6/333 nömrəli qərarında da qeyd edilib ki, 1988-ci ildən etibarən bağ sahələri 12 sotdan artıq ayrıla bilməz. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarında olan X8 Bakı şəhər BağlarBirliyinə ünvanladığı xx.xx.1988-ci il tarixli ərizədə bildirmişdir ki,1966-cı ildən Ləhiş sahəsində bağdan istifadə edir. 359 nömrəli bağla müqaviləsi olmadığına görə xahiş edir ki, ona da müqavilə verilsin. Cavabdehin istinad etdiyi qərar isə 1988-ci ilin iyun ayına aiddir. Həmçinin Ləhiş 359 nömrəli bağa dair akt və bağın yerləşmə cizgisi 1971-ci ildə tərtib edilmişdir. Göründüyü kimi, bağ sahəsi hələ xx.xx.1989-cu il tarixli, 19917 saylı müqavilə bağlanmamışdan illər öncə Ağagül Şuriyə oğlunun istifadəsində olmuşdur, həmin bağ sahəsi ilə bağlı ilkin hüquqmüəyyənedici sənədlər də bunu təsdiq edir. Bundan əlavə bağ sahəsinin faktiki yerləşmə vəziyyətinə gəlincə arxiv sənədlərində bağ sahəsinin yerləşmə planında 3 tərəfdən ən yaxın məsafədə qonşu 358, 291, 360 nömrəli bağlar olduğu, bir tərəfinin isə yol olduğu əks olunmuş, eyni zamanda məhkəməyə təqdim edilmiş naturada göstərilən bağ sahəsinin ortofoto görüntüsündə müəyyən məsafədə 359 nömrəli bağa yaxın 356, 361a, 362 nömrəli bağlar olduğu görünür. Cavabdeh özü də məhkəmə sorğusuna cavab olaraq sxematik xəritəyə əsasən naturada göstərilən bağ sahəsinin qonşu özəl bağ sahələrinin ardıcıllığına uyğun gəldiyini qeyd etmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edilən dəlilə münasibətdə apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh imtinada bağ sahəsinin iddiaçının istifadəsində olmadığını qeyd etsə də, məhkəmə icraatı gedişində cavabdehin mütəxəsisləri tərəfindən əraziyə baxış keçirilərək naturada göstərilən bağ sahəsinin çöl-ölçmə işləri aparılmış, torpağın yerləşmə koordinatları müəyyən edilmiş, ümumi sahənin metal tor ilə sərhədlənmiş olduğu aşkar olunmuş, bununla da iddia olunan bağın həm də iddiaçının faktiki sahiblik və istifadəsində olduğu öz təsdiqini tapmışdır. Göründüyü kimi torpaq sahəsinin mərhum X11 məxsus olmasına dair arayış almaq üçün qanunvericiliyə uyğun olaraq hüquq müəyyənedici sənədlər mövcuddur və inzibati orqana təqdim edilmişdir. Arayışın verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası ikinci dəlilə münasibətdə də apellyasiya şikayətini əsassız hesab edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X11 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən sahəsi 2098,0 kv.m olan 359 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1754/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov