Məhkəmə qərarları › İş №2-1(103)-772/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-772/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-772/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X6 Asəf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişinin davam etdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6367/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İİ qrup əlil hesab edildiyinə görə dövlət qulluqçusu kimi xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi təyin edilmiş əmək pensiyasının “müddətsiz" hesab edilməsi və xx.xx.2022-ci il tarixdən ödənişi dayandırılmış dövlət qulluqçusu kimi əmək pensiyasının ödənişinin davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixində Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən 5 il müddətinə, yəni xx.xx.2022-ci il tarixinə kimi 2-ci qrup əlil hesab edilmişdir. Ona görə də ona xx.xx.2017-ci il tarixindən dövlət qulluqçusu kimi əmək pensiyası ömürlük təyin edilməli olduğu halda, cavabdeh DSMF-in Nəsimi rayon şöbəsi tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 32.2-ci maddəsinin tələbləri pozularaq 5 il, yəni əlillik müddətinə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Qanunun 32.2-ci maddəsində deyilir: “Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir". Həmin vaxt qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunun 7-ci maddəsinə əsasən qadınlar 60 yaşa çatdıqda yaşa görə əmək pensiyası almaq hüququna malik idilər. İddiaçı qeyd edir ki, onun da 60 yaşı əlillik müddətində, yəni xx.xx.2019-cu ildə tamam olduğuna görə ona dövlət qulluqçusu kimi əmək pensiyası müddətsiz təyin edilməli idi. xx.xx.2017-ci il tarixdən qadınların əmək pensiyası almaq üçün yaş həddi hər il 06 ay artırılmasına baxmayaraq xx.xx.2022-ci il tarixində yəni əlillik müddətində Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaşa (62 yaş 6 ay) çatdığına görə də ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası müddətsiz təyin edilməli idi. Lakin cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən “Əmək pensiyaları haqqında" Qanunun 32.2-ci maddəsinin tələbi kobud şəkildə pozularaq ona ümumi səbəbdən İİ qrup əlil hesab edildiyinə görə dövlət qulluqçusu kimi əmək pensiyası əlillik müddətinə xx.xx.2002-ci il tarixinə kimi təyin edilmişdir. Cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Qanunun tələbinə əməl edərək onz İİ qpup əlil kimi əiillik müddətinə səhv təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının "müddətsiz” təyin edilməsini xahiş etməsinə baxmayaraq, tələbi təmin edilməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.2017-ci il tarixdən 5 il müddətinə əlillik dərəcəsinin olduğunu, həmin tarixdən ona dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının təyin edildiyini, lakin xx.xx.2022-ci il tarixdə həmin pensiyanın əlillik müddəti bitdiyinə görə dayandırıldığını iddia etmişdir. İddiaçının iddia tələbinin əsaslarına görə, onun pensiya yaşı xx.xx.2019-cu il tarixdə tamam olduğundan dövlət qulluqçusu kimi pensiya ona 5 illik yox, ömürlük təyin edilməli idi. Bu əsaslarla iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl eyni tələblə bağlı ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-9085/2024 nömrəli iddiaçıya ünvanlanmış cavab məktubuyla ümumi stajının 25 ildən, dövlət qulluğu stajının isə 15 ildən az təşkil etməsi səbəbilə ona dövlət qulluqçusu kimi əmək psiyasinin təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına (qadınlar üçün 63,5 yaş) çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci, 20.11.2-maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qululluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı mübahisələndirilməyən ümumi sosial sığorta stajı 25 ildən az, yəni 20 il 06 ay 06 gün, həmçinin mübahisələndirilməyən dovlət qulluğu stajı isə 15 ildən az, yəni 12 il 02 ay 19 gün təşkil edir. Belə ki, iddiaçının mübahisələndirilməyən dövlət qulluğu stajına xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlər daxil edilmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən və yuxarıda qeyd olunan səbəblərdən ona dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Nazirliyin Elektron İnformasiya X4 əldə edilən məlumata əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdən 5 il müddətinə əlillik təyin edilmiş və ənun əlillik müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Bununla əlaqədar olaraq, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı ərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X2 nin 3.1.3-cü yarımbəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifələrinə daxil edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.4- cü bəndinə əsasən “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanununun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Aydın olur ki, İddiaçı əlillik dərəcəsi 5 il müddətinə təyin edilmiş və əlillik dərəcəsi qüvvədə olduğu müddət ərzində ona dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası ödənilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərindən də aydındır ki, şəxsə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin ilk öncə əlillik dərəcəsi olmalıdır. Belə ki, şəxsin əlillik dərəcəsinin müddəti başa çatdığından, onun dövlət qulluqçusu kimi əmək pensiyasının bərpası da mümkün deyildir. Cavabdeh qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-393/2024 nömrəli qərarında qeyd olunur ki, pensiya yaşına çatmış şəxsə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün ilk növbədə onun əlilliyinin şəxsin müraciəti əsasında yenidən qiymətləndirilməsi və əlillik dərəcəsinin müddətsiz müəyyən olunması əsas şərtdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6367/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Ona Dövlət Sosial X9 rayon şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət qulluqçusu kimi ikinci qrup əlilliyə görə 510,78 məbləğində əmək pensiyası təyin edilmişdir. Daha sonra Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli, **********9 saylı qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-in Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci ilədək əlilliyə görə pensiyası yenidən hesablanmışdır. İddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən əlilliyə görə təyin edilmiş əmək pensiyası ödənişləri dayandırılmışdır. İddiaçı hazırda ona təyin edilmiş əmək pensiyasının “müddətsiz" hesab edilməsini və xx.xx.2022-ci il tarixdən ödənişi dayandırılmış dövlət qulluqçusu kimi əmək pensiyasının ödənişinin davam etdirilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Həmin Qanunun 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. Həmin Qanunun 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 6.4-cü bəndinə əsasən Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının 60 yaşı xx.xx.2019-cu ildə tamam olmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-in Bakı şəhəri Nəsimi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********9 saylı qərarı ilə isə ona xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci ilədək əlilliyə görə pensiyası yenidən hesablanmışdır. Daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası ödənişləri dayandırılmışdır. X12 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdırılaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X12 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - İstənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X10rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X7 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Sosial dövlət — vətəndaşların rifahını başlıca vəzifə qəbul edən dövlət anlayışı olub, onların iqtisadi və sosial əmin-amanlıqlarının qorunması və irəli çəkilməsində dövlətin əsas rol oynamasını təklif edir. Bu sistem sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi quruluşdur. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində də insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında ifadə edilən mövqeyə görə, pozitiv öhdəliklərin əsas xüsusiyyəti ondan ibarətdir ki, praktikada onlar milli hakimiyyət orqanlarından hüququn təmin edilməsi üçün zəruri tədbirlər görülməsini, yaxud daha dəqiq desək, fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbirlər görülməsini tələb edirlər. Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxslərin həm də yaşa görə pensiya təyin etmək hüququ yarandığı zaman əmək pensiyasının növünü seçmək əmək pensiyaçısının hüququdur. Yaşa görə əmək pensiyası yaşına çatmış əlilliyə görə pensiya almaq hüququ olan şəxslərə pensiya ömürlük təyin edilməsi zamanı bunun mütləq şəkildə müvafiq müraciətlə şərtləndirilməsi normanın məzmunundan aydın şəkildə müəyyən edilmir. Belə ki, normada müraciətin əlillik dövrü müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi təqdirdə (yaşa görə pensiya hüququ olmadıqda) imperativliyi müəyyən edilir. Bu səbəbdən həmin norma “yaxşı dövlət”, “sosial dövlət” və “dövlətin pozitiv öhdəlikləri” konsepsiyaları rəhbər tutulmaqla tətbiq edilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edilir ki, yaşa görə əmək pensiyası yaşına çatmış əlilliyə görə pensiya almaq hüququ olan şəxslərin müvafiq seçim hüququ (həmin hüququn yarandığı vaxt) aidiyyəti qurum tərəfindən əmək pensiyaçısına bildirilməlidir (bu zaman fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbir görülmüş hesab edilə bilər), əmək pensiyaçısı müvafiq müraciəti etmədiyi və ya müraciəti əlverişsiz nəticəyə səbəb olduğu təqdirdə isə (pensiya məbləği azaldıqda) əlilliyə görə pensiya ömürlük təyin edilməlidir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdən ödənişi dayandırılmış dövlət qulluqçusu kimi əmək pensiyasının ödənişinin davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6367/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6367/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı İİ qrup əlil hesab edildiyinə görə dövlət qulluqçusu kimi xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi təyin edilmiş əmək pensiyasının “müddətsiz" hesab edilməsi və xx.xx.2022-ci il tarixdən ödənişi dayandırılmış dövlət qulluqçusu kimi əmək pensiyasının ödənişinin davam etdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar