Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-773/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 50 yaşı tamam olduğuna görə 13.08.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə kimi yığılan pensiya ödənişini orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X2, 3-cü şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 50 yaşı tamam olduğuna görə 13.08.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə kimi yığılan pensiya ödənişinin orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5048/2020 saylı 28 oktyabr 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. Ona güzəştli şərtlərlə pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmişdir. Müraciət edərək bildirmişdir ki, qanunvericiliyə əsasən onun sığorta iş staji və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışması ilə əlaqədər 51,6 (əlli bir il altı ay) yaşına çatığına görə və 27 il, 2 ay, 16 gün ümümi iş stajı, bu stajının da 22 il, 05 ay, 22 günü 21.06.1993-cü il tarixli AR Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 1-ci siyahı ilə üzrə “XXİİİ. Ümumi peşələr” siyahıda “12100000—19905” və “12100000—19906” göstərilən peşə vəzifəsinə uyğun olaraq zərərli işdə çalışmasını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin ona pensiya 57 yaşından və 21.06.1993-cü il tarixli AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş 2 saylı siyahı üzrə təyin olunmuşdur. Hesab edir ki, ona pensiya 50 yaşdan 1993-cü il tarixli Qərarla təsdiqlənmiş 1 saylı Siyahı ilə təyin edilməli idi. Bu barədə cavabdeh inzibati orqana yenidən müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********1 saylı 13.05.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Ərizənizə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 45-ci maddəsinə əsasən “bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı (kişilər 60 yaş, qadınlar 55 yaş) ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (hazırda kişilər 64,5 yaş, qadınlar 61,5 yaş) arasındakı ayların sayı qədər artırılır”. Qanunun 27-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız (27 il 4 ay 14 gün) pensiya kapitalına çevrilməklə kapitalınız 23058,54 və 1 yanvar 2006-cı il tarixindən pensiya hüququnuzun yarandığı 28 noyabr 2018-ci il tarixinədək 35766,95 manat olmaqla cəmi 58825,49 manat təşkil edir. Sizə 22 mart 2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsi tərəfindən Qanunun 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 228 ((64-57)*12+144) aya bölünməklə 58825,49 /228=258,01 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnuzun yarandığı 28 noyabr 2018-ci il tarixindən hesablanmışdır. Qeyd olunanlara əsasən əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 3665,58 manat pensiya məbləği cari ilin aprel ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə aylıq pensiyasının üzərinə əlavə olunmaqla onun müvafiq kart hesabınıza köçürülür.” Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona 50 yaşı tamam olduğuna görə 13.08.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə kimi yığılan pensiya ödənişinin orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası səhvən 57 yaşdan və 21.06.1993-cü ildə Nazirlər Kabinetinin Qərarına əsasən 2 saylı siyahısı üzrə təyin edilmişdir. Onun 27 il, 2 ay, 16 gün ümumi iş stajı vardır. İş stajına əlavə olaraq 2 il hərbi qulluqda olmuş, 3 il işlədiyi ixtisas üzrə təhsil almış və bu müddətlərdə də iş stajına əlavə olunaraq iş stajı 32 il, 2 ay, 16 gün təşkil etmişdir. Onun ümumi iş stajından 22 il, 05 ay, 22 gün Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarının 1-ci siyahısı üzrə göstərilən peşə vəzifəsinə uyğun olaraq zərərli işdə çalışmışdır. Ona 50 yaşı tamam olduğuna görə 28.11.2011-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçıya 28.11.2018-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13 maddəsinin (a) bəndinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (a) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, iş materiallarından da göründüyü kimi, X4 Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən təqdim edilmiş 02.03.2020-ci il tarixli 6 nömrəli arayışa əsasən iddiaçının işləmiş olduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahıda nəzərdə tutulmuşdur (XXXİİİ bölmə. Ümumi peşələr). Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında" qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlamamışdır. Bu mənada ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (a) bəndinin müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5048/2020 saylı 28 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X7 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək iddiaçının işlədiyi peşənin Nazirlər Kabinetinin 1 saylı siyahıda göstərilən vəzifəyə uyğun gəldiyini, onunla eyni briqadada işləyən iş yoldaşlarının da 1 saylı siyahı üzrə əmək pensiyası aldıqlarını və onun xüsusi sertifikatının olduğunu bildirmişlər. Bununla bağlı iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında iddiaçıya 1993-cü il tarixli Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 saylı siyahı üzrə pensiya təyin edildiyini, iddiaçının xüsusi stajının 22 il olduğunu, onun işlədiyi peşənin isə 1 saylı siyahıya yox, 2 saylı siyahıya aid olduğunu, ona 50 yaşdan deyil, 57 yaşdan pensiya düşdüyünü bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında müəssisə tərəfindən verilmiş arayışlar arasında fərqin olmadığını, bununla bağlı şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı 57 yaşdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə pensiya təyin olunmuş, lakin o, hesab edir ki, 2011-ci ildə 50 yaşının tamam olması ilə bağlı ona 50 yaşdan 1 saylı Siyahı üzrə pensiya təyin olunmalı idi. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı ona 50 yaşı tamam olduğuna görə 13.08.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə kimi yığılan pensiya ödənişinin orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi barədə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixə qədər qazanmış olsun. 01.01.2006-cı il tarixədək qüvvədək olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” və “b” bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq sözügedən Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qeyd olunan maddi hüquq normalarının tələbinə görə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən iddiaçıya pensiya təyin olunması üçün onun işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmalıdır. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsili təsdiq edən sənədi, hərbi biletini və əmək kitabçasını təqdim etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş “X4 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 29 saylı 29.08.2019-cu il tarixli və 578/09 saylı 24.09.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçının işləmiş olduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Ümumi peşələr” adlanan XXXİİİ bölməsində nəzərdə tutulmuşdur. Lakin apellyasiya baxışı zamanı iddiaçı onun işləmiş olduğu peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulduğuna istinad edərək ona cavabdeh inzibati orqan tərəfindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini mübahisələndirdiyi üçün məhkəmə kollegiyası tərəfindən “X4 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq “X4 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 22 saylı 09.04.2021-ci il tarixli cavab məktubu verərək bildirmişdir ki, Şirkətin bu Filialı 05.10.2009-cu il tarixdən quruda yerləşən “Kürovdağ” neft yatağında xam neftin hasilatını icra edir. Daha əvvəllər həmin yataqda “Şirvanneft” NQÇİ və daha sonra “xxxx” BMMM xam neft hasil etmişdir. İddiaçı 37/k saylı 28.02.1997-ci il tarixli əmrlə 03.03.1997ci ildən 01.01.2006-cı il tarixədək “Şirvanneft” NQÇİ və daha sonra “xxxx” BMMM-in 3 nömrəli, 2 nömrəli NQÇ sexlərində 5-6-ci dərəcələrlə elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə 2 (1 və 2) nömrəli siyahı təsdiq edilmişdir. 1 nömrəli siyahı “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”dır və sorğuda qeyd edilən “XXİİİ. Ümumi peşələr” bəndinin 12100000—19905 (rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları) və 12100000—19906 (Rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları) kodları altında göstərilən peşələr həmin siyahıdadır. “Kürovdağ” neft yatağı quruda yerləşdiyi üçün İddiaçı 03.03.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi “Şirvanneft” NQÇİ və daha sonra “xxxx” BMMM-in 3 nömrəli, 2 nömrəli NQÇ sexlərində 5- 6-ci dərəcələrlə elektrik qaz qaynaqçısı peşəsi dənizdə çalışan neftçilərin peşəsinə aid edilmir. Odur ki, yuxarıda qeyd edilmiş kodlar altında göstərilən peşələrin heç biri İddiaçı işlədiyi elektrik qaz qaynaqçısı peşəsi ilə eynilik təşkil etmir. 2 nömrəli siyahı isə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”dır. İddiaçı 03.03.1997-ci il traixdən 01.01.2006-cı il tarixədək işlədiyi “Şirvanneft” NQÇİ və daha sonra “xxxx” BMMM-in 3 nömrəli, 2 nömrəli NQÇ sexlərində 5-6-ci dərəcələrlə elektrik qaz qaynaqçısı peşəsinin əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli qərarının 2 nömrəli siyahısındakı XXXİİİ. Ümumi peşələr bəndinin 23200000-19756 (kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaynaqçıları) kodu altında göstərilən peşələrin əmək funksiyalarına uyğundur. Müəssisədə işləyən digər elektrik qaz qaynaqçıları kimi İddiaçı da elektrik qaynaq işlərini rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində icra etməmişdir. Belə ki, müəssisəyə aid rezervuarların daxilində qaynaq işləri bütün dövrlərdə mülki-hüquqi müqavilələr əsasında cəlb edilən podratçı şirkətlərdə çalışan xüsusi təlim keçmiş və müvafiq sertifikatı olan elektrik qaz qaynaqçıları tərəfindən icra edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmadığından, bu hal ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən pensiya təyin olunmasını mümkünsüz edir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 50 yaşdan, yəni 13.08.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə kimi yığılan pensiya ödənişini orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi barədə iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5048/2020 saylı 28 oktyabr 2020-ci il tarixli qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5048/2020 saylı 28 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-773/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-773/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver