Məhkəmə qərarları › İş №2-1(103)-773/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-773/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-773/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2-1(112)-8959/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 08-11 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 18.11.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə (bundan sonra mətndə DSMF Suraxanı rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TSEK-nın müayinə aktını əsas tutaraq düzəliş edilməsi və əmək zədəsinə görə aylıq sığorta ödənişinə yenidən baxılması, hesablanması və ödənilməsi, Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanını əsas tutaraq ona təyin edilmiş müavinətlə əlaqədar çıxarılan qərarların etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 29.04.1987-ci il tarixli 63/K saylı əmrə əsasən Bakı Avtomobil zavodunda nəqliyyat sexinə yükləyici vəzifəsinə təyin olunmuşdur. 19.01.1988-ci il tarixində istehsalatda əmək xəsarəti almışdır (20.01.1988-ci il AKT №2). O, TSEK-nin 13 iyun 1988-ci il tarixli, 512 saylı müayinə aktına əsasən əmək xəsarətinə görə İİİ dərəcəli əlil kimi 60% Peşə əmək qabiliyyəti itirilmiş, TSEK-nin 29.03.1990-cı il tarixli 85 saylı müayinə aktına əsasən əmək xəsarətinə görə İİ dərəcəli əlil kimi 80% əmək qabiliyyəti itirilmiş, TSEK-nin 03.02.1992-ci il tarixli № 096223 müayinə aktından 89 saylı çıxarışa əsasən əmək xəsarətinə görə İİ dərəcəli əlil 80% əmək qabiliyyəti itirilmiş, TSEK-nin 12.02.1993-cü il tarixli № 075960 müayinə aktından 187 saylı çıxarışa əsasən istehsalatda əmək xəsarətinə görə İİ dərəcəli əlil 80% əmək qabiliyyətini itirmiş, TSEK-nin 12.06.1997-ci il tarixli 047236 saylı müayinə aktından 746 saylı çıxarışa əsasən əmək xəsarətinə görə İİ dərəcəli əlil 80% əmək qabiliyyətini itirmiş (müddət ömürlük) hesab edilmişdir. O, 15.07.2019-cu il tarixli qeydiyyat nömrəsi 10 olan ərizə ilə müraciət edərək, pensiyasının yenidən hesablanmasını xahiş etmiş və 22.07.2019-cu il tarixli ********* saylı məktubla cavab almışdır. 01.01.2006-cı ildə Həkim Ekspert Komissiyasının qərarı ilə İİ qrup ömürlük əlillik təyin edilmişdir və buna əsaslanaraq, əmək pensiyası təyin edilmiş və ödənilmişdir. 28.10.2019-cu il tarixli **********8 saylı, 05.11.2019-cu il tarixli **********8 saylı ərizələrlə müraciət edərək, DSMF-nin Suraxanı rayon şöbəsindən əmək zədəsinə görə ödənilən aylıq sığorta ödənişinə yenidən baxılmasını və hesablanmasını xahiş etmiş və 07.11.2019-cu il tarixli **********9 saylı məktubla cavab almışdır. 12.06.1997-ci ildə əlilliyin müddəti ömürlük müəyyən olunmuşdur. Cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası “X2” Qanunun tələblərinə uyğun olaraq 9 il 6 ay 13 gün sığorta stajı ilə ona əmək pensiyası hesablanmış, təyin edilmiş və ödənilmişdir. 29.10.2019-cu il tarixində **********8 saylı ərizə ilə cavabdehə müraciət etmiş və cavabdehdən 01.11.2008-ci il tarixindən nə əsasla ona 60 manat müavinətin əmək xəsarətinə görə verildiyini soruşmuş və 31.10.2019-cu il tarixli **********00 saylı məktubla cavab almışdır. Məktubda 01.11.2008-ci il tarixindən əmək xəsarətinə görə 80% əmək qabiliyyətinin itirməsinə görə şöbə tərəfindən ona hal-hazıradək müavinətin o əsasla ödənildiyi bildirilmişdir ki, 28.08.2009-cu il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməyə verilməsi ilə əlaqədar olaraq ərizə ilə müraciət etmiş və ona Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il avqust tarixli 804 saylı Fərmanına uyğun ödənilir. Özəlləşdirilməsi başa çatmamış Dövlət müəssisəsinin siyahısında (sıra №-si 51) Bakı Avtomobil Sənayesinin (№ 242) 27.11.2001-ci ildə adı qeyd edilmişdir. 22.10.2019-cu il tarixli qeydiyyat № ********** olan ərizə ilə müraciət etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı tarixin ona məlumat verilməsini xahiş etmiş, 01.11.2019-cu il tarixli qeydiyyat nömrəsi **********66 olan məktubla cavab almışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinin üzvlərinə güzəştli satışı ilə əlaqədar zəruri tədbirlər Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanına uyğun olaraq müəssisədə yaradılan özəlləşdirmə komissiyası tərəfindən həyata keçirilmişdir. 04.03.2002-ci il tarixli Sərəncam № 86 Bildiriş № 0022692. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, DSMF Suraxanı rayon şöbəsinin aylıq müavinətin ödənilməsi barədə 28.08.2009-cu il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, DSMF Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası “X2” 07 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli Qanunun 12 və 22-ci maddələrinə əsasən çıxarılmış qərarların və Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanına əsasən müavinətlə əlaqədar çıxarılan qərarların əsassız hesab olunmaqla etibarsız sayılaraq, Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 999 – İİİ Q №li Qanunun 16-cı maddəsinə əsasən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, DSMF Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası “X2” Qanunun 12-ci maddəsinə əsasən 01.03.1993-cü il tarixdə çıxarılmış qərarın və Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanına əsasən müavinətlə əlaqədar çıxarılan qərarların əsassız hesab olunmaqla etibarsız sayılması və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, 01.03.1993-cü il tarixdən hazırki vaxtadək onun pozulmuş hüquqlarının bərpa edilməsi barədə qərar çıxarlmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası “X2” Qanunun 11.1-ci maddəsinə əsasən DSMF Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası “X2” 54-İİİQ nömrəli Qanunun 12-ci maddəsinə əsasən 01.03.1993-cü il tarixdə çıxartdığı qərarın əsassız və etibarsız sayılması, 01.03.1993-cü il tarixdən hazırki vaxtadək pozulmuş hüquqlarının bərpa edilməsi, Azərbaycan Respublikasının Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanına əsasən DSMF Suraxanı rayon şöbəsi tərəfindən müavinətlə əlaqədar çıxarılan qərarın əsassız və etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1896/2020 saylı 26.11.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı müraciətinə yenidən baxılması öhdəliyinin cavabdeh DSMF Suraxanı rayon şöbəsinə həvalə edilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi tərəfindən əsl olmayan cavabdeh DSMF Suraxanı rayon şöbəsi əsl cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunaraq, məhkəmənin 2-1(103)- 1197/2021 saylı 20.05.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayətləri qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1896/2020 saylı 26.11.2020-ci il tarixli qərarının ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə 29.09.2021-ci il və 22.10.2021-ci il tarixlərdə ərizələr təqdim edərək, DSMF Suraxanı rayon şöbəsi tərəfindən 1993-cü il tarixdən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aylıq sığorta ödənişinin ödənclərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi, DSMF Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 04.08.2008-ci il tarixli 804 №li Fərmanı əsas tutulmaqla 03.09.2009-cu il tarixdə qəbul edilmiş 01.11.2008-ci il tarixdən aylıq müavinətin ödənişinə dair qərarının qanunsuz və əsassız hesab edilməklə, ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2-1(112)-8959/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: N.Abıyev) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərardad qəbul edərək ərizəsini mümkünsüz hesab etmiş, əsas da onu göstərmişdir ki, guya ki, o, qeyd edilən qərardan 2016-cı ildən xəbəri olması qeyd edilsə də, hər hansı bir onun nə ifadəsində, nə də bir sənəddə 2016-cı ildə o qərardan, onun tanış olması barədə heç bir rəsmi sübut yoxdur. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı DSMF Suraxanı rayon şöbəsinin ona əmək qabiliyyətini 80% itirməsinə görə 01.11.2008-ci il tarixdən aylıq 60 manat məbləğində ömürlük müavinət təyin edilməsi barədə 184 №li 03.09.2009-cu il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən ilkin olaraq, 18.11.2019-cu il tarixdə məhkəməyə təqdim olunmuş iddia ərizəsində ona təyin edilmiş müavinətlə əlaqədar çıxarılan qərarların etibarsız sayılması xahiş olunmuş, bundan sonra iddiaçı məhkəməyə bir neçə dəfə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və sonuncu dəfə 29.09.2021-ci il və 22.10.2021-ci il tarixlərdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, mübahisələndirilən qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı 03.09.2009cu il tarixli 184 №li qərarın qəbul edildiyi vaxtdan ona ödənişlərin həyata keçirildiyini, lakin həmin qərarın rəsmi qaydada ona yalnız 2016-cı ildə təqdim olunduğunu bildirmişdir. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq olaraq qərarı aldığı müddətdən (bildirdiyinə görə 2016-cı ildə) 3 (üç) il, həmin qərarın qəbul olunduğu vaxtdan isə 10 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 saylı 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən, ...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddiaçının hazırkı iddiası İnzibati Prosessual Məcəllənin 2.2.1 və 32.1-ci maddələrində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı DSMF Suraxanı rayon şöbəsinin ona əmək qabiliyyətini 80% itirməsinə görə 01.11.2008-ci il tarixdən aylıq 60 manat məbləğində ömürlük müavinət təyin edilməsi barədə 184 №li 03.09.2009-cu il tarixli qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon sosial təminat şöbəsinin 01.03.1993-cü il tarixli qərarına əsasən İddiaçı 01.03.1993-cü ildən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən pensiya təyin edilmişdir. ƏƏSMN Suraxanı rayon HƏEK 12.06.1997-ci il tarixli 047236 nömrəli müayinə aktından çıxarışa əsasən İddiaçı əmək xəsarətinə görə İİ dərəcəli əlillik (ömürlük) müəyyən edilməklə 80% əmək qabiliyyətini itirməsi qeyd olunmuşdur. Müavinət təyinatı üzrə ƏSM Mərkəzinin (Suraxanı rayon) 184 №li 03.09.2009-cu il tarixli qərarına əsasən İddiaçı əmək qabiliyyətini 80% itirməsinə görə 01.11.2008-ci il tarixdən aylıq 60 manat məbləğində ömürlük müavinət təyin edilmişdir. İddiaçı hazırda yuxarıda qeyd olunan qərarı mübahisələndirir. Göründüyü kimi 03.09.2009-cu il tarixli 184 №li qərarın qəbul edildiyi vaxtdan iddiaçıya ödənişlər həyata keçirilmiş, həmin qərar isə ona özünün verdiyi izahatına əsasən rəsmi qaydada yalnız 2016-cı ildə təqdim olunmuşdur. İş materiallarından isə görünür ki, iddia ərizəsi məhkəməyə 18.11.2019-cu il tarixdə daxil olmuş və çıxarılan qərarların etibarsız sayılması xahiş olunmuş, bundan sonra iddiaçı məhkəməyə bir neçə dəfə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və sonuncu dəfə 29.09.2021-ci il və 22.10.2021-ci il tarixlərdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, mübahisələndirilən qərarın ləğv olunmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 10 il, ona rəsmi təqdim edildiyi vaxtdan isə 3 il müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.1-ci və 73.2-ci maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 78.1-ci maddəsinə əsasən Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Həmin Qanunun 78.2-ci maddəsinə əsasən şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına müvafiq olaraq mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. İddiaçının apelyasiya şikayətində “qeyd edilən qərardan 2016-cı ildən xəbəri olması qeyd edilsə də, hər hansı bir onun nə ifadəsində, nə də bir sənəddə 2016-cı ildə o qərardan, onun tanış olması barədə heç bir rəsmi sübut yoxdur” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən, 27.10.2021-ci il tarixdə keçirilmiş şifahi məhkəmə iclasında iddiaçı sədrlik edənin sualına cavab olaraq 03.09.2009-cu il tarixli 184 №li qərarın qəbul edildiyi vaxtdan ona ödənişlərin həyata keçirildiyi, lakin həmin qərarın rəsmi qaydada ona yalnız 2016-cı ildə təqdim olunduğunu bildirmişdir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2-1(112)-8959/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar