Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-773/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X8, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11535/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzilin ona məxsus çıxarışının bərpa olunması və mülkiyyətinə qaytarılması, ona yeni ünvanla ayrıca çıxarışın verilməsi və bunların yerinə yetirilməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, onun mülkiyyətində Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 152, mənzil 10 ünvanında 1 otaqlı mənzil var. O, müraciət etmişdir ki, sənədi bəpra olunsun və yeni çıxarış verilsin. Onun mülkiyyətinin ünvanı qonşunun mülkiyyətinin ünvanı ilə eynidir və səhvən bir çıxarışda da səhv olaraq adları yazılıb. Halbuki arxivdə ilkin çıxarışlarda adları ayrı-ayrı çıxarışlarda ayrıca yazılıb. Onun ayrıca özünün çıxarışı var, amma DƏDKR-da görünmür. O, qonşuya aid çıxarışda adı olduğu üçün onun mülkünün satılmasına razılıq vermiş, alqı-satqıda onun çıxarışındakı payçı kimi iştirak etmiş, amma öz mülkünü satmamışdır. Arxivdə bir neçə sənəddə və hətta əlindəki qeydiyyat vəsiqəsində ata adı Həmid yazılıb. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun 31 may 1996-cı il tarixli, 3KMA-2-294 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 152 ünvanında yerləşən 10 nömrəli üçotaqlı mənzilin bir otağı iddiaçının adına qeydiyyata alınmışdır. Sonradan Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunun 31 avqust 2022-ci il tarixli, 4Ə617 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X14 adına özgəninkiləşdirilmişdir. Daha sonra X21 ilə X19 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil X17 mülkiyyətinə verilmişdir. Hazırda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi X18r. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman mənzilin 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi, mənzildə rekonstruksiya işlərinin və əlavə yenidənqurma işlərinin aparıldığı məlum olmuşdur. Bu səbəbdən də mənzilin 38.3 kv.m artırma sahəsi mövcuddur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11535/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərardadı (hakim S.Salahova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mülkiyyətinin ünvanı qonşunun mülkiyyətinin ünvanı ilə eynidir və səhvən bir çıxarışda da səhv olaraq adları yazılıb, daha sonra bilmişdir, halbuki arxivdə saxlanılan qeydiyyat vəsiqələrində adları ayrıca yazılıb. Özünün çıxarışı (qeydiyyat vəsiqəsi) var, amma DƏDKR-da nədənsə çıxmır. O, qonşuya aid çıxarışda adı olduğu üçün onun mülkünün satılmasına razılıq vermişdir, alqı-satqıda onun çıxarışındakı payçı kimi iştirak etmiş, amma öz mülkünü satmamışdır. Arxivdə bir neçə sənəddə və hətta əlindəki qeydiyyat vəsiqəsində ata adı Həmid yazılıb. Tərəflərin izahatları: Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qərardadı ilə X3 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 apellyasiya şikayəti ilə razı olduğunu, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, həmçinin iddiaçı və 3-cü şəxsin izahatlarını dinləyərək müəyyən edir ki, iddiaçının tələbi xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ilə ona məxsus olan 1 otaqlı mənzilə dair yeni nəsil çıxarışın verilməsindən ibarətdir. İddiaçı xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş mənzilin onun mənzilindən fərqli mənzil olduğunu, həmin mənzilin qonşunun mənzili olduğunu və onun orada payı olduğu üçün müqavilədə imza atdığını bildirmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün iş materiallarındakı sənədlərə istinad edir. Belə ki, işdə olan xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X9 məxsus olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 23 kv.metr olan 10 saylı 3 otaqlı mənzilin 1 otağını İddiaçı Həmid qızına satmışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı,036287 nömrəli xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 152 nömrəli evinin 10 saylı mənzilinin paylar üzrə 1 otaqdan ibarət hissəsi İddiaçı Həmid qızının mülkiyyətində olmuşdur. xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1997-ci ildə ölmüş X15 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 28 kv.metr olan 2 otaqlı mənzilindən ibarət miras əmlakı üzrə vərəsəsi X7. xx.xx.1998-ci il tarixli 063596 nömrəli müqavilədən görünür ki, X16 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 28 kv.metr olan 2 otaqlı mənzilini X4 mülkiyyətinə vermişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 158509 nömrəli xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 152 nömrəli evinin 10 saylı mənzilinin ümumi sahəsi 28.0 kv.m olan 2 otaqdan ibarət hissəsi X4, 1 otaqdan ibarət hissəsi isə İddiaçı Həmid qızının mülkiyyətində olmuşdur. xx.xx.2013-cü il tarixli mənzil bağışlama müqaviləsindən görünür ki, X10 Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsində yerləşən 152 saylı binanın, yaşayış sahəsi 43 kv.m, ümumi sahəsi 75.2 kv.m-dən ibarət 3 otaqlı 10 saylı mənzilində özünə məxsus 2 yaşayış otağını qardaşı oğlu X2 bağışlamışdır. xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 75.2 kv.m, yaşayış sahəsi 43.0 kv.m, yardımçı sahəsi 32.2 kv.m olan mənzilin 1 otağı İddiaçı Həmid qızının, 2 otağı X1 paylı mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 Bakı şəhəri, Süleyman Rəhimov küçəsi, ev 152, mənzil 10 ünvanında yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 43 kv.m, yardımçı sahəsi 32.2 kv.m olan 3 otaqlı mənzilin ona aid olan ümumi sahəsi 37 kv.m olan 2 otağını, İddiaçı ona aid olan 38.2 kv.m 1 otağı alıcı X14 mülkiyyətinə vermişlər. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 75.2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X14 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı X19 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 75.2 kv.m, yaşayış sahəsi 43 kv.m, yardımçı sahəsi 0.1 kv.m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcı X11 mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun 31 may 1996-cı il tarixli, 3KMA-2-294 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 152 ünvanında yerləşən 10 nömrəli üçotaqlı mənzilin bir otağı onun adına qeydiyyata alınmışdır. Sonradan Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunun 31 avqust 2022-ci il tarixli, 4Ə-617 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil özgəninkiləşdirilmişdir. Hazırki tələbində iddiaçı ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzilin ona məxsus çıxarışının bərpa olunması və mülkiyyətinə qaytarılmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçı iddia predmetinin aid olduğu mənzillə 31 avqust 2022-ci il tarixli, 4Ə- 617 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş mənzil eyni mənzildir. İşdən isə həmin müqavilələrin ləğv olunması, yaxud etibarsız sayılması müəyyən edilmir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı 036287 nömrəli qeydiyyat vəsiqəsininin surətini yenidən təqdim edərək apellyasiya şikayətinin əsas dəlili kimi ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzilin vaxtilə payçı qismində mülkiyyətində olan və X3 ilə birlikdə satdığı mənzildən fərqli mənzil olduğunu iddia etdi. Həmçinin, hazırda da həmin ünvanda yaşadığını lakin inzibati orqan tərəfindən yeni nəsil çıxarışın verilmədiyini bildirir. 036287 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 152 ünvanında yerləşən 10 nömrəli mənzil İddiaçı Həmid qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 479 nömrəli Reyestr kitabının 69493 səhifəsində qeydəalma 30 № 19488 ilə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. Qeyd olunan halın araşdırılması məqsədilə cavabdeh inzibati orqana məktub ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, ünvan 7 ünvanının faktiki vəziyyətinə tərəflərin iştirakı ilə yerli baxış keçirilərək qeyd edilən mənzilin İddiaçı (Həmid) qızına məxsus olan 036287 nömrəli qeydiyyat vəsiqəsində olan mənzillə eyni olub-olmaması, İddiaçı faktiki olaraq yaşadığı mənzil haqqında ətraflı məlumat verilməsi üçün fotoşəkillərlə birlikdə müayinə aktının məhkəməyə təqdim edilməsi xahiş olunmuş, məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, mənzil 2 mərtəbəli binanın 1-ci mərtəbəsinin bir hissəsində yerləşir, mənzildə yaşayış var, arxiv cizgisi və hüquqmüəyyənedici sənəd (order və s.) olmadığından və mənzilin yerləşdiyi bina birtipli layihəyə uyğun gəlmədiyi üçün faktiki vəziyyətlə müqayisə aparmaq mümkün olmadı (Binadan kənarlaşmanı və yaxud əlavə tikilini müəyyən etmək mümkün olmadı) . Birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, ərizəçi İddiaçı sözügedən mənzildə (1 otaq üm./s— 36.1 kv.m) yaşayır. Mənzil 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Mənzildə rekonstruksiya işləri və əlavə yenidən qurma işləri aparılmışdır. Bu səbəblə mənzilin 38.3 kv.m artırma sahəsi mövcuddur. Mənzilin cizgisi arxiv eskizinə əsasən tərtib edildi və məlumat üçün akta əlavə olundu. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddia ilə çıxarışının bərpa olunması və mülkiyyətinə qaytarılmasını tələb etdiyi mənzil ünvan 3 ünvanında yerləşən və X3 ilə birlikdə satdığı mənzillə eyni olmuşdur. Belə ki, iddiaçının hazırki iddia tələbinin əsası olaraq hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi 036287 nömrəli qeydiyyat vəsiqəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 152 ünvanında yerləşən 10 nömrəli mənzil İddiaçı Həmid qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu qeydiyyat xx.xx.1996-cı il tarixdə aparılmışdır. Həmin qeydiyyat vəsiqəsində yalnız İddiaçı Həmid qızının adı qeyd edilmişdir, iddiaçı da bu əsasla həmin mənzilin X3 ilə birlikdə satdığı mənzildən fərqli olduğunu iddia edir, çünki işdə ümumilikdə qeyd olunan ünvanda yerləşən mənzilə dair 3 qeydiyyat vəsiqəsi mövcuddur, birincisi 1996-cı ilə aid olan və iddiaçının hazırda iddia tələbinin əsasını təşkil edən vəsiqədir. Bir digər qeydiyyat vəsiqəsi 15 yanvar 1999-cu il tarixli qeydiyyat vəsiqəsidir ki, həmin vəsiqəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 152 ünvanında yerləşən 10 nömrəli mənzilə dair digər paylar üzrə 2 yataq otağından ibarət olmaqla 15 yanvar 1999-cu il tarixdə X4 adına xüsusi mülkiyyət hüququ üzrə 479 nömrəli Reyestr kitabının 69493 səhifəsində qeydəalma 30 № 870 ilə xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır. X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 158509 nömrəli xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsindən isə görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 152 nömrəli evinin 10 saylı mənzilinin ümumi sahəsi 28.0 kv.m olan 2 otaqdan ibarət hissəsi X4, 1 otaqdan ibarət hissəsi isə İddiaçı Həmid qızının mülkiyyətində olmuşdur. Məhkəmə kollegiyası 1996-cı il tarixdə yalnız İddiaçı Həmid qızının adına tərtib edilmiş qeydiyyat vəsiqəsində X4 adının olmamasını onunla əlaqələndirir ki, iş materiallarından görünür ki, sözügedən ünvanda yerləşən mənzilin ilkin mülkiyyətçisi X12muşdur, həmin mənzilin 1 otağına dair İddiaçı Həmid qızı ilə alqı-satqı müqaviləsi ilə mənzilin yerdə qalan 2 otağına dair X10 ilə bağlanmış alqı-satqı müqaviləsindən öncə, xx.xx.1996-cı il tarixdə bağlanmışdır, təsadüfi deyil ki, həmin alqı-satqı müqaviləsində də 3 otaqlı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 152 ünvanında yerləşən 10 nömrəli mənzilin yalnız 1 otağının İddiaçı Həmid qızına satılması qeyd olunmuşdur, daha sonra xx.xx.1998-ci il tarixli müqavilə ilə X16 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 28 kv.metr olan 2 otaqlı mənzilini X4 mülkiyyətinə vermiş və 3 otaqlı mənzilin 2 otağına münasibətdə 15 yanvar 1999-cu ildə 479 nömrəli Reyestr kitabının 69493 səhifəsində qeydəalma 30 № 870 ilə xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır. Həmçinin iş materiallarından görünür ki, eyni tarixdə, yəni xx.xx.1999-cu ildə mənzilin ümumi paylarının (X6 münasibətdə 2 yataq otağı, İddiaçı Həmi qızına münasibətdə isə 1 yataq otağı olmaqla) eyni qeydiyyat vəsiqəsində, 479 nömrəli Reyestr kitabının eyni səhifəsində, eyni qeydə alma nömrəsi ilə qeydiyyatı həyata keçirilmişdir. Qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçının hazırki iddia ilə çıxarışının bərpa olunması və mülkiyyətinə qaytarılmasını tələb etdiyi ünvan 3 ünvanında olan 1 otaqlı mənzil 31 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə X3 ilə birlikdə satdığı mənzillə eyni olmuşdur. Müayinə aktlarından da bəlli olur ki, iddiaçının hazırda yaşadığı mənzil isə sənədsiz sonradan artırılmış sahədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddiaçının mübahisəli mənzilin ona aid hissəsinin özgəninkiləşdirilməsinə dair 31 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində T.Əliyevin adına aparılmış qeyd qüvvədədir, iddiaçının 10 saylı mənzilin 1 otağına olan mülkiyyət hüququ yenidən qeydə alına bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11535/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11535/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-773/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-773/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver