Məhkəmə qərarları › İş №2-1(103)-774/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-774/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-774/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi» tələbinə dair inzibati işə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2117/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Ukraynanın Xarkov Milli Avtomobil Yolları Universiteti tərəfindən ona verilmiş 20 iyun 2018-ci il tarixli B18 069575 nömrəli bakalavr diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə Xarkov Milli Avtomobil Yolları Universiterinin “Yol hərəkətinin təşkili” fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, 2013 – 2018-ci illərdə həmin Universitetdə təhsil almış, ona 20 iyun 2018-ci il tarixli B18 069575 nömrəli bakalavr diplomu verilmişdir. Həmin diplomun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Məktubda imtinaya əsas olan səbəblər tam və hərtərəfli göstərilməmiş, izah olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nda imtina üçün heç bir əsas qeyd göstərilməmişdir. Bu səbəbdən də cavabdehin bu Qaydalara istinadı əsassız hesab olunur. İddiaçı tələbini aslandırmaq üçün «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6, 3.7-ci bəndlərinə, Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in müddəalarına, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2117/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qanunvercilikdə diplomun tanınmasında imtina üçün əsaslar konkret sadalanmışdır. Cavabdeh inzibati orqan qeyd olunan əsasların mövcud olmadığını və diplomunun 18 iyul 2016-cı ildə ali təhsil aldığı dövlətdə, yəni Ukrayna Respublikasının aidiyyatı dövlət təhsil qurumu tərəfindən apostil möhürü ilə təsdiqləndiyini nəzərdə almadan əsassız olaraq ona imtina cavabı verməklə, Konstitusiya ilə nəzərdə tutulmuş təhsil və əmək hüquqlarını pozmuşdur. 1997-ci il aprel 11-də, Avropa sazişinin 165 saylı bildirişinə əsasən Lissabonda qəbul edilmiş və “X2 təhsililə əlaqədar Kvalifikasiyaların Tanınması üzrə Konvensiyası” ilə razılaşdırılmış, “X2 təhsil sahəsində ixtisasların tanınması haqqında Konvesiya”nın İİİ fəslin İİİ bəndinin 1-ci hissəsində bildirilir ki, iştirakçı dövlətdə verilmiş ixtisas sahibləri bu ixtisasların qiymətləndirilməsi ilə bağlı təşkilatların xahişiylə müvafiq yol tapacaqdır. Namizədlərin cinsi, irqi, rəngi, fiziki qüsurları, dili, dini, siyasi baxışları, milli, etnik və ya sosial mənşəyi, milli azlıqlarla əlaqəsi, mülkiyyəti, doğum və digər statusu və taninmanın aid edildiyi ixtisas məziyyətlərilə bağlı olmayan səbəblərə görə onların diskriminasiyasına yol verilməyəcəkdir. Bu hüququn təmin edilməsi üçün hər bir dövlət ixtisasların tanınmasının rəsmi olaraq bilik və bacarıqlar əsasında aparılması üçün qiymətləndirmənin tətbiq edilməsində müvafiq razılaşmalar həyata keçirəcəkdir. İddaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 16, 42-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”ının 3.6, 3.7-ci bəndlərinə, Azərbaycan Respublikası xx.xx.2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təstiq edilmiş « Azərbaycan Respublikası Höküməti və Ukrayna Nazirliyi Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»ə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edimişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Quliyeva apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etimişdir. Məhkəmə kollegiyası işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin materiallarında olan, Ukrayna Respublikası “Xarkov Milli Avtomobil Yolu Universiteti” tərəfindən 30 iyun 2018-ci ildə verilmiş 069575 saylı bakalavr diplomunun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Həsənəv Rəşad “Nəqliyyat texnologiyaları” sahəsi üzrə bakalavr dərəcəsi əldə etmişdir; İddiaçı həmin diplom üzrə ixtisasın ölkə ərazisində tanınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı 03 may 2019-cu il tarixli, 71-300/04-ANİ saylı məktubundan aydın olur ki, iddiaçının 30 noyabr 2018-ci il tarixli elektorn müraciətinə 02 aprel 2019-cu il tarixdə elektron xidmət vasitəsi ilə məlumat verilmişdir. Həmin elektron məlumatda göstərilir ki, Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukraynanın Xarkov Milli Avtomobil və Yol Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyrimümkündür. Eyni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən Sizin aldığınız ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan”nın 3.7-ci bəndinə əsasən, 1380E635969 nömrəli müraciətiniz üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddianı əsassız hesab etmişdir. İddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşırmır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir; 3.1-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması üçün bu Qaydaların 2.1-ci bəndində göstərilmiş sənədlər tələb olunur. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi, xarici ölkə tərəfindən verilmiş «bakalavr» ixtisas dərəcəsi üzrə diplomlar o halda tanınır ki, ilk növbədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin təhsil müddətinə uyğun olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 saylı qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.1-ci bəndinə əsasən bakalavriat-ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir; 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər; 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. Cavabdehin imtinasında ilk növbədə iddiaçının təhsil aldığı ölkədə qısa müddətdə olmasına əsaslanmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmənimn sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 14 oktyabr 2019-cu il tarixli, 33/5946 saylı məktubda İddiaçı 2013-2018-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumat qeyd edilmişdir. Həmin məlumatlardan göründüyü kimi, 2013- 2014-cü tədris ilində iddiaçı cəmi 15 gün, 2015-2016-cü tədris ilində 17 gün, 2017-2018-ci tədris ilində 29 gün təhsil aldığı ölkədə olmuşdur. Məhkəmə kollegiyası sərhədkeçmə hesabatında göstərilən məlumatların təhlilinə əsasən hesab edir ki, iddiaçının təhsil aldığı ölkədə qaldığı müddət, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.8-ci bəndində nəzərdə tutulmuş qiyabi təhsil forması üzrə tədris ilinin müddətinə uyğun olmamışdır. Ona görə də, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasına dair cavabdehin imtinasının dəlilləri əsaslıdır. Cavabdehin imtinasında həmçinin ona əsaslanmışdır ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilən əsasla bağlı qeyd edilməlidir ki, təhsil almış şəxslərin, o cümlədən iddiaçının bilik səviyyəsinin qənaətbəxş olmamasının müəyyən edilməsi cavabdeh orqanın diskresion səlahiyyətlərinə aiddir. Buna görə də, məhkəmə kollegiyası şəxsin biliyini deyil, yalnız inzibati orqanın diskresion səlahiyyətlərini “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq həyata keçirib-keçirmədiyini, diplom üzrə ixtisasın ölkə ərazisində tanınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların olubolmamasının yoxlaya bilər. Cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərini “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq həyata keçirməməsinə dair məhkəmə araşdırmasına hər hansı sübut təqdim olunmamışdır. İddiaçının şikayətinin dəlili ondan ibarətdir ki, qanunvercilikdə diplomun tanınmasında imtina üçün əsaslar konkret sadalanmışdır. Cavabdeh inzibati orqan qeyd olunan əsasların mövcud olmadığını və diplomunun 18 iyul 2016-cı ildə ali təhsil aldığı dövlətdə, yəni Ukrayna Respublikasının aidiyyatı dövlət təhsil qurumu tərəfindən apostil möhürü ilə təsdiqləndiyini nəzərdə almadan əsassız olaraq ona imtina cavabı verməklə, Konstitusiya ilə nəzərdə tutulmuş təhsil və əmək hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, Ukrayna Respublikası ilə Azərbaycan Respublikası Hökuməti arasında təhsil, elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Sazişdə xarici ölkə tərəfindən verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədlərin hər hansı qeyd şərt olmadan ekvivalentliyi müəyyən edilməmiş, belə müəyyən etmə Azərbaycan Respublikası ərazisində təhsil müddətinə və təhsilin məzmununa görə uyğunluğu ilə şərtləndirilmişdir. Hazırki halda, qiyabi təhsil forması üzrə iddiaçının ali təhsil müəssisəsində olduğu qısa müddətdə diploma əlavədə göstərilən tədris yükünün mənimsənilməsi qeyrimümkündür. Başqa sözlə, iddiaçının xarici ölkədə aldığı ali təhsilin məzmunu Azərbaycan Respublikasının təhsilə olan dövlət standartlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 saylı qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları» ilə müəyyən edilmiş tələblərinə uyğun gəlmir və əhəmiyyətli dərəcədə fərqlənir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək, belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğun olduğundan, iddia tələbi və həmin tələbin təmin olunmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən, qərar dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2117/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlansın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : imza Hakimlər : imzalar Əsli ilə düzdür. Sədrlik edən hakim: Kəmalə Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar