Məhkəmə qərarları › İş №2-1(103)-774/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-774/2022

24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-774/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiаçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 17 saylı Vəkil Bürosu), Üçüncü şəxsin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN **********, hüquqi ünvan-AZ1023, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev 12 B, qanuni təmsilçi-X4, dövlət qeydiyyatına alındığı tarix- 17.03.2014-cü il) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər OOO “X1”, OOO “Konditerskaya Firma” TAKF) “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-9443/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC 16.08.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı cavabdehin 21.02.2020-ci il tarixli, FA-04 nömrəli əmri ilə yaradılmış və 07.04.2021ci il tarixli, FA-10 nömrəli, 31.05.2021-ci il tarixli, FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 48.600 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair 25.06.2021-ci il tarixli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 14.02.2020-ci il tarixli FA-03 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 3264 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair 25.06.2021ci il tarixli qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 21.02.2020-ci il tarixli FA-04 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 25.06.2021-ci il tarixli qərarına əsasən hüquqi ünvanı AZ 1096, ünvan 2ya gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından, o cümlədən “АНТОШКА-КОРТОШКА” əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi üçün müvafiq tədbirlər görülməsi haqqında göstəriş verilmiş, gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından 19.10.2020-ci il tarixdən 15.02.2021-ci il tarixədək olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmaqla əldə edilmiş (ƏDV çıxılmaqla) 48.600 manat (qırx səkkiz min altı yüz) gəlirin bir misli, yəni 48.600 manat (qırx səkkiz min altı yüz) həcmində maliyyə sanksiyası tətbiq edilmişdir. Habelə, cavabdehin 14.02.2020-ci il tarixli FA-03 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 25.06.2021-ci il tarixli qərarına əsasən hüquqi ünvanı iddiaçıya gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından, o cümlədən “Лакомка супермолочная” və “Лакомка суперкакао” adlı məhsulların formasından, qablaşdırılmasından və xarici tərtibatından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi üçün müvafiq tədbirlər görülməsi haqqında göstəriş verilmiş, “Лакомка супермолочная” və “Лакомка суперкакао” adlı məhsulların formasından, qablaşdırılmasından və xarici tərtibatından 30.04.2020-ci il tarixdən 02.09.2020-ci il tarixədək olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmaqla əldə edilmiş (ƏDV çıxılmaqla) 3264 manat (üç min iki yüz altmış dörd) gəlirin bir misli, yəni 3264 manat (üç min iki yüz altmış dörd) həcmində maliyyə sanksiyası tətbiq edilmişdir. İşin halları ilə bağlı bildirilir ki, “Сережка КОРТОШКА ванилъ tokay” təsvirli əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə 30.10.2017-ci il tarixində Azərbaycan Respublikasında 20181140 nömrə ilə iddiaçının adına qeydiyyata alınmışdır. Əmtəə nişanında “ванилъ” və “конфеты” söz işarələri hüquqi mühafizə obyekti deyildirlər. İddia sənədinin nömrəsi 2********. Əmtəə nişanının ilkinlik tarixi-15.03.2017-ci il, rənglər: qəhvəyi, qızılı, sarı, qırmızı və ağdır. Habelə, “Красавка супермолочная карамел TOKAY” təsvirli əmtəə nişanı (iddia sənədinin nömrəsi: 2017 00253, ilkinlik tarixi: 27.03.2017, dövlət reyestrində qeyd olunub: 30.10.2017, qüvvədə olma tarixi: 27.03.2027ci ilə qədər) 2017 1142 nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır. Göründüyü kimi müəssisənin istifadə etdiyi əmtəə nişanları ilə müraciət müəllifinin əmtəə nişanı tərtibat, xarici görünüş və ad baxımından əhəmiyyətli dərəcədə fərqlidir və göstərilən əmtəə nişanları müvafiq rəylərdən sonra Patent və X2 müvafiq qərarları ilə alınmışdır. Bununla bağlı, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının müvafiq qərarları ilə iddiaçının adına qeydə alınmış əmtəə nişanlarının ləğv edilməsi barədə müraciətlər təmin edilməmişdir. Göründüyü kimi hər iki qurum tərəfindən iddiaçının adına qeydə alınmış əmtəə nişanlarının yəni, müvafiq olaraq “Сережка КОРТОШКА ванилъ tokay” və “Красавка супермолочная карамел TOKAY”-ın qanunvericiliyin tələbləri ilə alındığı halı müvafiq orqanların qeydiyyatı və qərarları ilə təsdiq edilir. Lakin cavabdehin Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 25.06.2021-ci il tarixli qərarlarında iddiaçının adına qeydə alınmış əmtəə nişanlarının müraciət müəllifinin əmtəə nişanları ilə həqiqətən də eynilik təşkil etməsi və bununla da, maliyyə sanksiyasına məruz qalan iddiaçının “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmasını göstərmişdir. 25.06.2021-ci il tarixli qərarlar tamamilə qanunsuz və əsassızdır. Təqdim edilmiş sənədlərdən və qərarlardan müəyyən edilir ki, 1-ci qərara münasibətdə müraciətçi tərəfindən istifadə edilən əmtəə nişanı “АНТОШКА-КОРТОШКА”, müəssisənin istifadə etdiyi əmtəə nişanı isə “Сережка КОРТОШКА ванилъ tokay” olmuşdur. Müvafiq olaraq ikinci qərara münasibətdə isə ərizəçi “Лакомка супермолочная” və “Лакомка суперкакао”, iddiaçı isə “Красавка супермолочная карамел TOKAY” əmtəə nişanından istifadə etmişdir. Göründüyü kimi əmtəə nişanları ad baxımından tamamilə bir-birindən fərqlənməklə, qablaşdırılması və digər göstəriciləri də fərqli olmuşdur. Lakin qərar qəbul edən orqan əsassız olaraq Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının müvafiq qərarları ilə müəyyən edilmiş halları, eyni zamanda Patent və X2 müvafiq aktları ilə müəyyən edilmiş halları nəzərə almayaraq əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Əgər, cavabdehin gəldiyi qənaət əsaslı olsa da belə, normanın tətbiqini öz mülahizəsinə görə əsaslandırmış, qanunsuzluğa yol vermişdir. Məhkəmənin 27 avqust 2021-ci il tarixli məktubu ilə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən yardım məktubu ünvanlanaraq, iddia müddətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sənədin təqdim edilməsi təklif olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9443/2021 saylı, 27.08.2021-ci il tarixli qərardadı ilə OOO “X1” üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9443/2021 saylı, 08.09.2021-ci il tarixli qərardadı ilə OOO “Konditerskaya Firma TAKF” üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi 22 noyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, MMC-yə daxil olan məktubların qəbul və qeydiyyatına məsul olan şəxs tərəfindən cavabdeh orqanın qərarı 06 avqust 2021-ci il tarixdə daxil olsa da, iddia ərizəsinin hazırlanması üçün qərarlar gec təqdim edilmiş, ehtiyatsızlıq üzündən itirilmiş xəbərnaməli qəbzi də tapmaq mümkün olmadığından tərəflərindən son müddət 16 avqust 2021-ci il kimi müəyyən edilmişdir. Hazırkı dövrdə ötürülmüş müddətin mövcudluğu faktı qəbul edilən olsa da, cavabdeh orqanın maliyyə cəriməsi kifayət qədər əsassız olduğundan işə mahiyyəti üzrə baxılmaması dövlət büdcəsinə xeyli miqdarda vergi ödəyicisi olan şirkətin qanunsuz sanksiyalara məruz qalmasına və bununla da, bağlanmaq təhlükəsinə gətirib çıxara bilər. Belə bir halın olması, MMC-nin gələcək fəaliyyətini təhlükə altına atmış olar. Bu əsasla ötürülmüş müddətin üzürlü sayılaraq bərpa edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-9443/2021 nömrəli qərardadı ilə iddiaçının buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-9443/2021 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, verilmiş ərizə mahiyyətcə bu halın üzrlü hesab edilməsinə dair xahişdən ibarət olmuşdur. Çünki, ərizədə də qeyd etdikləri kimi qərar sənədləri qəbul edən məsul şəxsin səhvi nəticəsində Hüquq Şöbəsinə gec təqdim edilmişdir. Tək bir şəxsin səhvinə görə, yüzlərlə şəxsin dolanışıq və qazanc mənbəyi olan şirkətin belə bir ağır maliyyə sanksiyasına məruz qalması şirkətin pandemiya şəraitində olan ağır durumunu olduqca ağırlaşdıracaq. Çünki şirkətin belə bir məbləğdə sanksiyaya məruz qalması adekvat olmayan addımlara gətirib çıxarma məcburiyyətini yaradacaq. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti mümkünlük şərtlərinə cavab verir. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Elmira Eyvaz qızı Nağıyevaya (sədrlik edən və məruzəçi) hazırkı iş üzrə üçüncü şəxsin nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş etiraz təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 21.02.2020-ci il tarixli FA-04 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 48.600 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair 25.06.2021-ci il tarixli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 14.02.2020-ci il tarixli FA-03 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 3264 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair 25.06.2021-ci il tarixli qərarlarının ləgvi” barədədir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş 011293 saylı xəbərnaməli poçt bildirişindən görünür ki, mübahisələndirilən qərarlar 07.07.2021-ci il tarixdə iddiaçının ünvanına rəsmi qaydada çatdırılaraq qəbul edilmişdir. Göründüyü kimi, iş üzrə iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmış, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində də tərəflərindən qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ötürüldüyü təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iş materiallarına əsasən iddiaçı inzibati orqanın onun barəsində qəbul etdiyi qərarlardan şikayət vermə müddətini ötürməklə verdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının ərizəsini təmin etməmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-9443/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar