Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-775/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qаrşı “əmrin ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2-1(112)-242/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası X6 müavini, X1 08 iyul 2017-ci il tarixli, 59 saylı əmrinin ləğv edilərək, əmrin 24.05.2017-ci il tarixdən verilməsi barədə əmrə müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində hərbi xidmət keçmiş, xidmət etdiyi dövrdə bir neçə dəfə təltif edilmişdir. İddiaçı 18.05.2017-ci il tarixdə poçt rabitə xidməti vasitəsilə hərbi xidmətdən ehtiyata buraxılması haqqında xidmət etdiyi hərbi hissəsinin yuxarı komandanlığına müraciət etmişdir. Raport verildikdən sonra iddiaçı ilə fərdi söhbət aparılmamış və onun hərbi xidmətdən ehtiyata buraxılması müddəti uzadılaraq, Azərbaycan Respublikası X6 müavini, X1 08 iyul 2017-ci il tarixli, 59 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən 24 avqust 2017-ci il tarixdən X4 xaric edilmişdir. İddiaçı raportla müraciət etdikdən sonra onunla fərdi söhbət aparılmamış və xidmətdən xaric edilməsinə dair əmrin verilməsi gecikdirilmiş, bunun nəticəsində pensiya təminatından müəyyən hissədə məhrum olmuşdur. Belə ki, əmr iddiaçının müraciət etdiyi vaxtda verilmiş olsa idi, ona hesablanacaq pensiya məbləği daha artıq olacaqdı. İddiaçı hesab edir ki, qüsursuz xidmət etdiyinə, habelə onunla fərdi söhbət aparılmadan əmr verildiyinə və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 161-ci maddəsinin tələblərinə uyğun olmadığına görə onun barəsində verilmiş müvafiq əmr qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2-1(112)-242/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadı qəbul edən hakimdən əvvəlki hakimin icraatında olarkən iddianın mümkünlük məsələsinə baxılmış və kifayət qədər araşdırma aparılmışdır, lakin hazırkı qərardadı qəbul edən hakim prosessual pozuntu edərək iddianı mümkünsüz hesab etmişdir. Belə ki, o iddia qaldırmamışdan bir neçə gün öncə əmrin surəti verilmiş və 30 günlük müddəti buraxmadan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bunun əksini cavabdehin nümayəndəsi məhkəmədə sübut edə bilmədi. Lakin nədənsə hakim bunu nəzərə almadan belə bir qanunsuz və əsassız qərardad qəbul edərək onun hüquqlarını pozmuşdur. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan mayor İddiaçı 28.06.1990-cı il tarixdən 07.06.2005ci il tarixədək Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmişdir. 24.05.2005-ci il tarixdə Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 29.06.2011-ci il tarixdə könüllü qaydada zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilərək, 12.08.2011-ci il tarixdən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin 2-ci helikopter manqasında borttexnik vəzifəsində xidmətə başlamış, 20.07.2013-cü il tarixində 2-ci helikopter manqasında borttexnik-atıcı vəzifəsinə təyin edilmiş, 09.11.2016-cı il tarixində qərargahda borttexnik-təlimatçı vəzifəsinə təyin edilmiş və X6 müavini-X1 08.07.2017-ci il tarixli 59 nömrəli şəxsi heyət üzrə əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı 11.05.2017-ci il tarixdə raportla müraciət edərək öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Hərbi hissə komandiri tərəfindən 11.05.2017-ci il və 03.07.2017-ci il tarixlərdə onunla fərdi söhbətlər aparılmış, ehtiyata buraxılmaq fikrinin qəti olduğunu bildirmişdir. Bundan sonra hərbi hissə komandiri tərəfindən 05.07.2017-ci il tarixdə İddiaçı ehtiyata buraxılması barədə vəsatət qaldırılmış və X6 müavini-X1 08.07.2017-ci il tarixli 59 nömrəli şəxsi heyət üzrə əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi qeydiyyata durmaq üçün Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsinə göndərilmişdir. Əlavə olaraq, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq üçün hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış müraciət etməlidirlər. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçulara onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılış haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmadan 2 ay qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır, ikinci söhbət isə bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Beləliklə, sabiq hərbi qulluqçu, ehtiyatda olan mayor İddiaçı ehtiyata buraxılarkən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci və 162-ci maddələrinin tələblərinə riayət edildiyindən, ehtiyata buraxılmasında heç bir qanunsuzluğa yol verilmədiyindən onun iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan, eləcə də, qeyd olunan iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən məhkəmə haqlı olaraq iddianı mümkün saymamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08 iyul 2017-ci il tarixli, 59 saylı əmrini mübahisələndirir. İşdə olan 59 saylı, 08 iyul 2017-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili X2 çıxarışdan görünür ki, “Hərbi xidmətçəkmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndi ilə mayor İddiaçı, N saylı hərbi hissənin qərargahında borttexnik-təlimatçı (HQİ №510302) vəzifəsindən azad edilib həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmr onun xidmət etdiyi inzibati orqandan xidmətdən ehtiyata buraxılması, başqa sözlə işdən xaric edilməsi barədədir. Yəni ki, iddiaçı xidmətdən buraxılma əmrinin qanunsuz olduğuna istinad edərək onun ləğvini istəyir. İşə baxan məhkəmə iddianı mümkün saymamış və hesab etmişdir ki, iddiaçı mübahisələndirilən əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.1-ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati-Prosessual Məcəllədə müəyyət müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İstinad olunan İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Müdafiə Nazirinin Hərbi X5 tərəfindən qəbul edilən əmr 08 iyul 2017-ci il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Lakin “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların aidiyyəti rayon şöbələrinin qeydiyyatına düşməsi ilə bağlı müvafiq olaraq sərəncam verilir. Vətəndaş isə ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Şərh edilən maddənin normasından görünür ki, hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması barədə əmrləri hərbi hissə komandirləri tərəfindən elan olunur. İddiaçı barəsində qəbul edilmiş 08 iyul 2017-ci il tarixli əmr – hərbi quluqçunun ehtiyatı buraxılması ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq müddət ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Hazırki iş üzrə iddiaçının mübahisəli əmrdən məlumatlı olması təsdiq olunur. Lakin iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində həmin əmri mübahisələndirməmiş, hazırda isə belə hüququnu itirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 2 ildən artıq müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı yuxarıda qeyd edildiyi kimi 1 illik müddət keçdikdən sonra əmri mübahisələndirmişdir, eyni zamanda təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar müəyyən edilmədiyindən müddətin bərpasına dair ərizənin verilməsi üçün əsaslar mövcud olmamışdır. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə iddiaçı Daxili İşlər Nazirliyinin 08.07.2017-ci il tarixli, 59 nömrəli əmrinin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia mümkün sayılmamalıdır. Kollegiya həmçinin qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçı iddiasında iki məsələni- işdən çıxarılma barədə əmrin ləğvini və əmrə müvafiq düzəlişin edilməsini istəyir. İddiaçının iddiasının ikinci hissəsi birinci hissəyə bağlı olduğundan, birinci hissədə isə iddia mümkün sayılmadığından, tələbin ikinci hissəsinin mümkünlüyü və əsaslılığı üzrə dəyərləndirmə aparmağı zəruri yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2-1(112)-242/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-775/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-775/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver