Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-775/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərində və kirayə pulunda yaranan fərqin hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2205/2021 saylı, 25.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq 2011-ci il tarixdən 2019-cu il tarixədək xidmət etdiyi dövrdə 2014-cü ilin yanvar ayndan 2017-ci ilin yanvar ayına qədər getdiyi ezamiyyə xərclərinin və 2019-cu ilin 01 mart tarixindən 2019-cu ilin iyul ayına qədər kirayə pulunun artımında yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra sərhəd xidmətində gizir işinə qəbul olunmuşdur.Burada baş texniki sürücü vəzifəsində işləmişdir. Bu işdə 2011-ci ilin avqust ayından 2019-cu ilin iyul ayının 4-dək işləmişdir. Hərbi çağırış müddətində 3 il ərzində ildə 4 ay ezamiyyətdə olmuşdur, yəni 12 ay ezamiyyə müddəti olmuşdur. Bundan əlavə başqa yerlərə də 5-7 günlük ezamiyyətləri olmuşdur. İddiaçının xidmət etdiyi illər ərzində Bakı şəhərindən rayonlara bir günlük ezamiyyə xərci 27 manatdan hesablanırdı. Lakin iddiaçıya 9 manat ezamiyyə pulu ödənilmişdir. İddiaçı ehtiyata buraxılsa da ezamiyyə xərcində yaranan həmin fərqi, yəni 6.480 manat məbləğini ala bilməmişdir. Həmçinin iddiaçı ailəsi ilə kirayədə qaldığına görə 118 manat pul ona ödənilmşdir. Bu məbləğin 47 manatı iddiaçıya görə, qalan məbləğ isə ailə üzvlərinə görə ödənilmişdir. Ev kirayəsinin pulu 2019-cu ilin mart ayının 1-dən artırılaraq 375 manat olmuşdur, bu halda iddiaçıya görə 150 manat, qalan pul isə ailə üzvlərinə görə verilməli idi.İddiaçı iyul ayında tərxis olunduqda həmin artımı ala bilmədi, digər şəxslərə isə 01 martdan hesablanmaqla həmin artım ödənilmişdir. İddiaçıya verilməyən həmin artımın məbləği 1.335 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2205/2021 saylı, 25.10.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2205/2021 saylı, 25.10.2021-ci il tarixli qərarının iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçıya gündəlik xərc qismində 9,00 manat ödənilməli olduğu hər hansı bir normaya uyğun gəlmir, heç bir sənədlə təsdiqlənmir. Qanunda göstərilir ki, ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 45,0 manat müəyyən edilmişdir. Cavabdeh isə izahatında göstərir ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, xərclərin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir. 45,00 manat - 80% - mehmanxana xərci 36.00 manat. 45 manat - 20% gündəlik xərc 9,00 manat. 36.00 manat - 50% - mehmanxana xərci üzrə təsdiqedici sənəd təqdim olmadıqda 18,00 manat. İddiaçı xidmət dövrü ərzində xidmət zərurəti ilə əlaqədar xidməti ezamiyyətdə olarkən hərbi hissələrdə qalma yeri ilə təmin olunduğu üçün ona gündəlik xərc qismində 9,00 manat ödənilmişdir. Cavabdehin izahatından belə nəticəyə gəlmək olar ki, mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilməmişdirsə, xərclərin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi, yəni, 18,00 manat ödənilməli idi. Hesab edir ki, qərar ezamiyyə xərclərinin artımında yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi hissəsində əsassız olduğundan qismən ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2205/2021 saylı, 25.10.2021-ci il tarixli qərarının iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materialların auyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1781/2021 saylı, 29.11.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddianın təmin olunmamış hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini qismən – iddianın təmin olunmamış hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanlanmış 24.03.2020-ci il tarixli, 10/57 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, həqiqi hərbi xidmətdə olduğu dövr ərzində ezamiyyəti gediş-gəliş xarakteri daşıdığından, həmçinin hərbi qulluqçular ezamiyyətdə olduğu müddətdə yataqla təmin edildiyindən ezamiyyət xərci yalnız gündəlik xərc - 9 manat həcmində ödənilir. Mənzil kirayəsi ilə bağlı isə iddiaçıya bildirilmişdir ki, iddiaçının maliyyə bölməsinə təqdim etdiyi mənzil kirayəsi müqaviləsinin müddəti 21 dekabr 2018-ci ildə bitdiyinə baxmayaraq səhvən 01 iyul 2019cu il tarixə qədər iddiaçıya mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmişdir. Odur ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş yol və ezamiyyət xərclərinin ödənilməsinə dair hesablaşma-ödəmə cədvəllərinə, ezamiyyə vəsiqələrinə əsasən iddiaçı xidmət etdiyi dövrdə müxtəlif vaxtlarda ezamiyyətlərdə olmuş və ona cavabdeh tərəfindən ezamiyyə xərcləri (müxtəlif vaxtlarda bir günə görə 9 manat, 27 manat, 10 manat) ödənilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12ci maddəsinin 1, 12-ci hissələrini, 171 nömrəli, 13 iyul 2006-ci il tarixli “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinin 01 mart 2019-cu il tarixdən qüvvədə olan redaksiyasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarının 20 iyun 2018-ci ilə qədər (iddiaçının ezamiyyə xərclərinin ödənişindəki fərqi tələb etdiyi dövrdə) qüvvədə olan redaksiyasını, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Q-01 nömrəli, 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə qaydaları”nın İ hissəsinin 5, 6-cı bəndlərini, İİ hissəsinin 2-ci bəndini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı xidmətdə olduğu 2019-cu ilin 01 mart tarixindən 2019-cu ilin iyul ayına qədər olan müddətdə kirayə pulunun artımında yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarının 20 iyun 2018-ci ilə qədər (iddiaçının ezamiyyə xərclərinin ödənişindəki fərqi tələb etdiyi dövrdə) qüvvədə olan redaksiyasına əsasən ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 45,0 manat müəyyən edilmişdi. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Q-01 nömrəli, 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə qaydaları”nın İ hissəsinin 5-ci bəndinə əsasən ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Həmin Qaydaların İ hissəsinin 6-cı bəndinə əsasən işçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. Respublika ərazisi daxilində ezamiyyələr zamanı müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi, xarici ölkələrə ezamiyyələr zamanı isə pasport və ya onu əvəz edən sənəddə ölkədən çıxmaq, ölkəyə qayıtmaq barədə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydin surəti və nəqliyyat xərcləri barədə təsdiqedici sənədlər avans hesabatına əlavə edilir. Həmin Qaydaların İİ hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir.Müvafiq sənədlərlə təsdiq edilmiş yolda məcburi dayanma vaxtı üçün xərclər müəyyən edilmiş normalara əsasən ödənilir.Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir.Gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.Mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödənilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı ezamiyyətdə olduğu müddətlərdə mehmanxana xərclərini təsdiq edən sənədləri cavabdehə təqdim etməmişdir (iddiaçı ezam olduğu məntəqələrdə yaşayış yeri ilə təmin edilmişdir). Odur ki, cavabdehin ona ödədiyi ezamiyyə xərclərinin 1 günlük norması kimi 20% miqdarı qanuna zidd olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2205/2021 saylı, 25.10.2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-775/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-775/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver