Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-775/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X12 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4542/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1687 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum atası X5 məxsus olması haqqında arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1687 saylı bağ sahəsi mərhum atası X5 Bakı şəhəri İcraiyyə Komitəsinin X4 və istismarı Birliyi tərəfindən 19 aprel 1990-cı ildə 3/78 saylı qərar əsasında verilmişdir. Atası 06 iyul 2017-ci ildə Bakı şəhərində vəfat etmişdir və həmin bağ sahəsi mirasdır. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün iddiaçının müraciəti əsasında Xaçmaz şəhəri 1 saylı Notariat Kontorunda vərəsəlik işi açılmış və miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın verilməsi üçün cavabdehə məktubla müraciət edilmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli **********17 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim olunan orderin verilməsinə əsas olmuş Bakı şəhər İcraiyyə Komitəsinin 1990-cı il tarixli, 15/595 nömrəli qərarının idarədə saxlanan arxiv nüsxəsində X2 adı aşkar edilməmişdir. Həmçinin bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, göstərilən bağ sahəsinə verilmiş order üçün əsas Bakı şəhəri İcraiyyə Komitəsinin 1990-cı il tarixli 15\595 nömrəli qərarı deyil, 19 aprel 1990-cı il tarixli 3/78 nömrəli qərarı olmuşdur. Qərarların saxlanılmasının məsuliyyətini idarə daşıyır. Cavabdehin imtinasının digər bir səbəbinə gəldikdə, bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisləri heç bir vaxt müraciət etməmişlər. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********89 saylı iddiaya yazılı etirazında imtinada göstərilənlərə istinad etmiş və bildirmişdir ki, məhkəmə mübahisəsi dövründə İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddia tələbində qeyd olunan 1687 saylı bağ sahəsinə dair digər fiziki şəxs X13 tərəfindən İdarəyə müraciət edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-4542/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini iddiaçı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1687 saylı bağ sahəsi mərhum atası X5 Bakı şəhəri İcraiyyə Komitəsinin X4 və istismarı Birliyi tərəfindən 19 aprel 1990-cı ildə 3\78 saylı qərarı əsasında verilib. Göstərilən bağ sahəsi hasara alınmışdır və tikili vardır. 1990-cı ildən bu günə kimi də istifadəsindədir. Atası 06 iyul 2017- ci ildə Bakı şəhərində tarixidə vəfat edib və həmin bağ sahəsi artıq mirasdır. Məhkəmə iddiamı rədd edərkən onu əsas götürübdür ki, orderin verilməsinə əsas olmuş, yəni bağ sahəsinin ayrılması barədə orderin özündə adı çəkilən Bakı şəhəri İcraiyyə Komitəsinin 19 aprel 1990- cı il tarixli 3/78 nömrəli qərarı nə Bakı şəhər İcraiyyə Komitəsinin hüquqi varisi olan Bakı şəhər İcra hakimiyyətinin arxivində, nə də bağ təsərrüfatı idarələrinin arxiv saxlayıcısı olan Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrının arxivində aşkar olunmamışdır. Məhkəmənin qərarı əsassız və qanunsuzdır. Belə ki, göstərilən bağ sahəsinə orderin verilməsinə əsas olmuş Bakı şəhəri İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli 3\78 nömrəli qərarının saxlanılmasının məsuliyyətini idarə daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxarxən qətnamə maddi və prosessual hüquq normalarının pozulması, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə ücün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələr isə işin hallarına uyğun olmadığına görə qətnamə ləğv edilməli yeni qətnamə qəbul qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş və məhkəmə iclasına gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı və üçüncü şəxslər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İşin apellyasiya mərhələsində məhkəmənin 2-1(103)-775/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi və X13 üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi H.Alahverdiyev cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: ...; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ...; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; …; Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddiaçının iddia ərizəsinə və onun apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1687 saylı bağ sahəsi mərhum atası X5 məxsus olduğunu iddia edərək, həmin bağ sahəsinin atasına məxsus olması barədə arayış verilməsini tələb etmişdir. Bu tələbini iddiaçı onunla əsaslandırmışdır ki, sahəsi 0,12 ha olan həmin bağ sahəsi Bakı şəhəri İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 nömrəli qərarına əsasən X4 və X10 Bağlar sahəsinin 70 nömrəli kooperativinin B/S nömrəli orderi əsasında mərhum atasına verilmişdir. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən sorğular verilməklə, həmin orderlə bağlı aparılan araşdırmalar zamanı, nə orderin verilməsinə əsas olmuş Bakı şəhəri İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 nömrəli qərarı, nə də Bakı şəhər İcraiyyə Komitəsinin hüquqi varisi olan Bakı Şəhər İcra Hakimiyyətinin arxivində Bağ Təsərrüfatı İdarəsinin arxiv saxlayıcısı olan Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrının arxivində aşkar olunmamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərədə Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 4/151 saylı qərarı ilə 69-79 saylı bağ-tikinti kooperativlərinin üzvlərinin siyahısı təsdiq edilmiş, həmin qərarın 2 saylı əlavəsində 70 saylı BTK-nın üzvlərinin siyahısı göstərilmiş, siyahıda X6 adı olmamışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sorğuya xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1990-cı il tarixli qərarları və onlara əsas olmuş sənədlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı isə birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda X8 barədə heç bir məlumat yoxdur. Göründüyü kimi, iddiaçının mərhum atası E.M.Məmmədovun adına verilmiş orderdə həmin orderin verilməsinə əsas olan Bakı şəhəri İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 nömrəli qərarı göstərilsə də, həmin qərarın arxiv nüsxələrində onun adı aşkar edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi aşkar olunan halları qiymətləndirərkən əsaslı olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi orderdə istinad olunan qərar mövcud olsa da, həmin qərarda iddiaçının atası E.Məmmədova torpaq sahəsi ayrılması barədə məlumat mövcud olmamışdır. Bu isə iddiaçının təqdim etdiyi orderin mötəbər olmadığını deməyə əsas verir. Çünki E.Məmmədova torpaq sahəsinin ayrılması barədə qərarın qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan SSR-in 07 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Yəni şəxsə ilk öncə torpaq ayrılması barədə qərar qəbul olunmalı, daha sonra isə həmin qərara uyğun olaraq müvafiq order verilməlidir. Beləliklə, müəyyən olunur ki, iddiaçının iddia etdiyi bağ sahəsinin ona ayrılması barədə ilkin torpaqayırma sənədi müəyyən olunmamışdır. Bağ sahəsinin ayrılması barədə qərar (sərəncam) olmadığı halda isə tək order bağ torpaq sahəsinə hüquqmüəyyənedici sənəd qismində qəbul edilə bilməz. Bundan əlavə, cavabdehin iddia ərizəsinə etirazına əsasən müəyyən olunur ki, iddia olunan bağ sahəsi ilə bağlı digər fiziki şəxs X13 da idarəyə müraciət etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin “torpağın icarəyə verilməsinə dair” 27 noyabr 2007-ci il tarixli qərarı ilə bələdiyyənin xx.xx.2007-ci il tarixli 18 saylı protokolunun qərar hissəsi rəhbər tutularaq Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi X7 icarəsinə verilmiş, E.Məmmədovla xx.xx.2007-ci il tarixdə 1560A saylı torpaq icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əlavə olunmuş torpaq sahəsinin sxemində bağın nömrəsi 1687, qonşu bağlar kimi 1686, 1688 saylı bağlar (sahələr) göstərilmişdir (Həmin qərar və müqavilə işə əlavə olunmuşdur) . İşin apellyasiya mərhələsində qeyd olunan faktlara aydınlıq gətirilməsi üçün bağ sahəsinə cavabdeh idarənin mütəxəssislərinin iştirakı ilə baxış keçirilmiş və yerində müayinə zamanı cavabdeh idarənin mühəndisi X14 izahatında bildirmişdir ki, 2022-ci ildə məhz bu bağ sahəsinə tərəflərindən baxış keçirilmiş, sonradan isə baxışa şərait yaradılmamışdır. Həmçinin yerində müayinə zamanı şahid qismində dindirilmiş X15 göstərmişdir ki, o, iddiaçının əmisi oğlu, həm də kürəkənidir. Qaynatası bağ sahəsini 1991-ci ildə almış, beton piltələrdən sədd çəkmiş, darvaza qoymuşlur. Onlar uzun müddət bağa gəlməmiş, sonradan xəbər tutmuşlar ki, bağı kiməsə, Rafiq adlı şəxsə sənədsiz satıblar. Rafiq də bir müddət sonra başqasına satıb aradan çıxıb. Şahid qismində dindirilmiş X3 isə ifadəsində bildirmişdir ki, 2014-cü ildə bağ sahəsinə dair Rafiqgildən bələdiyyə sənədini almış və razılaşmışlar ki, çıxarış aldıqdan sonra bağ sahəsini rəsmilşdirməklə ona verəcəklər. Beləliklə də məhkəmə kollegiyası tərəfindən mübahisəli bağ sahəsinin yerində müəyinəsi zamanı müəyyən olunmuşdur ki, həqiqətən həmin bağ sahəsi Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin 27 noyabr 2007-ci il tarixli qərarı ilə eyni nömrəli bağ kimi X7 icarəsinə verilmiş, lakin sonradan vasitəçiliklə, səndələşmə aparılmadan, üçüncü şəxslərə verilmişdir. Beləliklə də iddia olunan 1687 nömrəli bağ sahəsinin həm də Kürdəxanı bələdiyyəsinin qərarı ilə üçüncü şəxs X7 icarəsinə verildiyi öz təsdiqini tapır. Belə olan halda, mübahisənin xarakteri də artıq dəyişir. Belə ki, iddiaçı ilə üçüncü şəxs arasında torpaq sahəsinə hüququn kimə məxsus olmasına dair mülki münasibətlərdən irəli gələn başqa bir mübahisənin predmetini təşkil edə biləcək hal yaranır. Odur ki, konkret halda, cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçının qanunla qorunan hüquqlarını pozan hərəkətlərinin faktiki olaraq mövcudluğu müəyyən olunmur. Bütun bunlar isə onu deməyə əsas verir ki, iddia olunan bağ sahəsinə dair üçüncü şəxsin əldə etdiyi hüquq mübahisəndirilmədən, daha konkret, bu hüququ təsdiq edən sənədlər, o cümlədən, Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin “torpağın icarəyə verilməsinə dair” 27 noyabr 2007-ci il tarixli qərarı qüvvədə ola-ola, iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatı mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Məcəllənin qeyd olunan normalarının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – subyektiv hüquqa malik olan şəxs tərəfindən inzibti icraat qaydasında baxılan iddia növünə uyğun olmalı, və cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Yuxarıda tədqiq olunan sübutlarla müəyyən edilən hallardan isə göründüyü kimi, hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi tərəfindən isə hərtərəfli araşdıdırma aparılsa da, əldə olunmuş sübutlarla müəyyən edilən hallara prosessual hüquq normaları baxımından düzgün qiymət verilməmiş, məhkəmənin qərarı maraqlarına toxuna biləcək şəxslər işə cəlb olunmamış, iddianın mümkünlüyünə dəlalət edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələrin işin hallarına uyğun olmadığını mübahisələndirən dəlilləri hissəsində dəlilləri ilə qismən razılaşaraq yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4542/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4542/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-775/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-775/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver