Məhkəmə qərarları › İş №2-1(103)-775/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-775/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-775/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7808/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 13.478,00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ******* manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Vergi ödəyicisi Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019 tarixli qərar çıxarmış və həmin qərar əsasında vergi ödəyicisinin xx.xx.2019 tarixə yaranan 13478 manat borcuna görə ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019 tarixli **********3 saylı protokol tərtib edilmiş və həmin protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2019 tarixli xəbərdarlıq məktubu göndərilmiş, cavabdeh buna da əhəmiyyət verməmiş dövlət büdcəsinə 13478 manat məbləğində borcu ödənilməmiş qalmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7808/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə tərəfindən qərar qəbul edərkən maddi hüquq normalarını pozulmuş, qanunvericiliyə zidd olan qərar çıxarılmışdır. Belə ki, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması prosesində hansısa pozuntuya yol verilməmişdir. Məhkəmə ünvan 1 ünvanında yerləşən əmlakın müvafiq məlumat və sənədlərin surətlərinin verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlamış, həmin İdarə qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binasının "xxxx" MMC-nin adına qeydiyyata alındığını bildirsə də, bu qediyyatın hansı tarixdə aparılması barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra vergi ödəyicisinin əmlak üzərində hüquqları məhdudlaşdırılır, əmlak barədə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə olunması da vergi orqanının nəzarəti ilə həyata keçirilir. Məhkəməyə təqdim olunmuş sənədlərə əsasən əmlakın siyahıya alındığı tarixdə sözügedən əmlak vergi ödəyicisinin mülkiyyətində olmuşdur. Ona görə də vergi ödəyicisinin sonradan qanunvericiliyi pozaraq həmin əmlak barədə sərəncam verməsi qanunsuz olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 89.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunan məsələni araşdırmalı, əmlakın hansı tarixdə özgəninkiləşdirildiyini müəyyən etməli idi. Lakin Bakı İnzibati Məhkəməsi tərəfindən siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsini əsas gətirilərək iddia rədd edilmişdir. Baxmayaraq ki, **********3 nömrəli 24 iyul 2019-cu il tarixli protokolla əmlak siyahıya alınmış, bu zaman hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən siyahıya alınmış əmlak Cavabdeh məxsus olmuşdur. Burdan belə çıxır ki, əmlakın özgəninkiləşdirilməsi faktı əmlak siyahıya alınıb protokol tərtib olunduqdan sonra olmuş, lakin məhkəmə bu halın araşdırılması istiqamətində hər hansı tədbir görməmiş, iddianı bu əsasla rədd etməklə kifayətlənmişdir...” Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş tərəflər (nümayəndələri) məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.15-1-ci maddəsinə əsasən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır; 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; Həmin Məcələnin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir; Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir; Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər; Vergi qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi, vergi orqanının məhkəməyə müraciət etməzdən əvvəl, vergi ödəyicisindən yerinə yetirilməmiş vergi öhdəliyinə görə yaranmış vergi borcunu tələb etmək üçün malik olduğu səlahiyyətlərini (hüququnu) və bu səlahiyyətlərin realizə edilməsi mümkün olmadıqda isə sadalanan üsul və vasitələrdən istifadə etməklə, onun əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakını zəruri həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, cavabdeh sadələşdirilmiş verginin ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçmiş, sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisi kimi eyniləşdirmə nömərəsi verilmişdir (VÖEN **********). Cavabdehin işə əlavə olunmuş şəxsi hesab vərəqinə və iddiaçının ona ünvanlanmış “vergi borcunun ödənilməsi tələbinə dair” xx.xx.2018-ci il tarixli bildirişindən görünür ki, sahibkarlıq fəaliyyəti nəticəsində sonuncunun dövlət büdcəsinə 23 noyabr 2018-ci il tarixinə qədər vergilər üzrə 29.371,66 manat, maiyyə sanksiyaları üzrə 8398,59 manat, faizlər üzrə 6.532,44 manat, cəmi 44.302,69 manat borcu ödənilməmiş borcu qalmışdır. İşdən görünür ki, iddiaçı vergi orqanı tərəfindən həmin borcun ödənilməsini təmin etmək məqsədilə cavabdehə xx.xx.2018-ci il tarixli **********656100 saylı bildiriş təqdim edilmiş, lakin sonuncu tərəfindən borc ödənilməmiş, vergi orqanı xx.xx.2019-cu il tarixli **********3 nömrəli qərarına əsasən, mülkiyyətində olan 1.375.500 manat dəyərində olan Bakı şəhəri, Suraxanı rayonu, R.Əlicanov k. 5F ünvanında yerləşən əmlakı (“Orion” Şadlıq Sarayı) 24 aprel 2019-cu il tarixdə siyahıya alınaraq bu barədə protokol tərtib edilmiş və bir vərəqdən ibarət əmlakın siyahısı həmin protokola əlavə edilmişdir. İşə əlavə olunmuş həmin protokoldan isə görünür ki, siyahıya alınma prosesində cavabdeh vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi iştirak etməmiş, başqa müşahidəçilər də mövcud olmamış, protokolda onu imzalamaqdan imtina edən şəxsin kimliyi də bəlli deyildir. İşə əlavə olunmuş akt gəldikdə burada vergi ödəyicisi ilə ona məxsus hansı telefonla əlaqə saxlanıldığı qeyri-müəyyəndir, bununla bağlı sübutetmə vasitələri də həmin akta əlavə edilməmişdir. Eyni zamanda, iddia olunan əmlakın iddiaçıya və ya digər şəxsə məsul saxlamaya verildiyini təsdiq edən sənəd də iddiaçı vergi orqanı tərəfindən təqdim olunmamışdır. Digər tərəfdən, iddiaçı cavabdehin sözügedən siyahıya alınmış əmlakın formal baxımdan da olsa 24 aprel 2019-cu il tarixdə siyahıya alsa da, sonuncunun vergi borcunun ödənilməsini təmin etmək üçün həmin əmlakın satılması barədə iddia ərizəsi ilə məhkəməyə təxminən üç ildən sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İşdən isə görünür ki, həmin əmlakın (qeyri-yaşayış sahəsi) mülkiyyətçisi dəyişmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən Cavabdeh məxsus iddia edilən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" MMC-nin adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Belə olan halda, Mülki Məcəllənin 140-cı maddəsinin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azarbaycan Respublikasının Konstitusiyasının İ hisəsinə əsasən isə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Qanunvericiliyin qeyd olunn tələblərini də nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin hazırkı vəziyyətində iddia olunan mübahisəli əmlak cavabdeh vergi ödəyicisinin mülkiyyətində mövcud olmadığı halda, iddiaçı vergi orqanının həmin əmlakın satılması tələbinə dair iddiası təmin edilə bilməz. Çünki qeyd edildiyi kimi, onun mülkiyyətində konkret halda belə bir obyekt mövcud deyil. Həmin obyekt özgəsinin mülkiyyətidir. Birinci instansiya məhkəməsinin qərarından da məhz, görünür ki, məhkəmə haqlı olaraq qeyd olunan əsasla da iddiaçının tələbini rədd etmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edərkən maddi hüquq normalarını pozulduğunu və qanunvericiliyə zidd qərar çıxarıldığını mübahisələndirən dəlilləri əsasızdır. Bu baxımdan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7808/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7808/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar