Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-777/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat Şöbəsinə qarşı “yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2-1(112)-4177/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları X1, X2 adına 1 saylı Bakı “ASAN xidmət” Mərkəzin qeydiyyat şöbəsi tərəfindən 22.06.2019-cu il tarixdə nikahı olmayan anadan doğulan uşaqlar kimi tərtib edilmiş 3884, 3885 saylı doğum haqqında akt qeydlərində ata qrafasında məlumatların dəyişdirilərək, uşaq barədə məlumatlar qrafasında ata adının “Kənan”dan “İsrafil”ə, valideynlər qrafasında isə həm ata, həm də baba adının “Kənan Mirzəağa oğlu”ndan “İsrafil Həsən oğlu”na dəyişdirilərək yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, ali təhsillidir, subaydır. O, nikaha daxil olmadan uşaq dünyaya gətirmək qərarına gəlmişdir. Buna görə də həkimlərə müraciət edərək süni mayalanma proqramının son mərhələsi olan embrion köçürülməsi həyata keçirtməklə hamilə qalmış və əkiz qız uşaqları doğulmuşdur. Uşaqlarının süni mayalanma yolu ilə dünyaya gəlməsini təsdiq edən tibbi sənədlər də iddia ərizəsinə əlavə olunub. Uşaqlar hal-hazırda tam sağlamdılar, onun himayəsində olmaqla sağlam qidalanırlar. O, uşaqlarına doğum haqqında şəhadətnamə alarkən Asan xidmətində ata qrafasında onun mərhum atasının adının deyil, istənilən şəxsin adının yazılması bildirilmişdir. Ona hüquq və vəzifələri düzgün izah edilmədiyindən Asan xidmətində uşaqlara doğum haqqında şəhadətnamənin ata qrafasında ona heç bir aidiyyatı olmayan, tanımadığı, görmədiyi şəxsin adını bilmədən səhvən qeyd etdirmişlər. Sonradan ona aydın olmuşdur ki, o, uşaqların doğum haqqında şəhadətnamənin ata qrafasında mərhum atasının soyadını, adını və ata adını qeyd etdirmək hüququ vardır. Buna görə doğum haqqında şəhadətnamədə ata haqqında məlumatları dəyişdirilərək, uşaqlar barədə məlumatlar qrafasında ata adının “Kənan”dan “İsrafil’ə, valideynlər qrafasında isə həm ata, həm də baba adının “Kənan Mirzəağa oğlu”ndan “İsrafil Həsən oğlu”na dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün Cavabdehnə müraciət etsə də, müraciəti müsbət həll edilmədən ona imtina verilmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən verilmiş imtina əsassızdır. Odur ki, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2-1(112)- 4177/2019 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2-1(112)-4177/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X3 16.07.2019-cu il tarixdə AZ-İV 311415 №-li, X4 16.07.2019-cu il tarixdə AZ-İV 311414 №-li doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçının atası X7 30.10.2009-cu ildə ürək dayanmasından ölmüşdür. İddiaçı X5 uşaqları X1, X2 adına 1 saylı Bakı “ASAN xidmət” Mərkəzin qeydiyyat şöbəsi tərəfindən 22.06.2019-cu il tarixdə nikahı olmayan anadan doğulan uşaqlar kimi tərtib edilmiş 3884, 3885 saylı doğum haqqında akt qeydlərində ata qrafasında məlumatların dəyişdirilərək, uşaq barədə məlumatlar qrafasında ata adının “Kənan”dan “İsrafil”ə, valideynlər qrafasında isə həm ata, həm də baba adının “Kənan Mirzəağa oğlu”ndan “İsrafil Həsən oğlu”na dəyişdirilərək yeni doğum haqqında şəhadətnamə verilməsini tələb edir. İddiaçı hazırkı tələblə Binəqədi rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, Qeydiyyat Şöbəsinin 12.09.2019-cu il tarixli qərarı ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, atasının adını və soyadının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalar”ı təsdiq edilmişdir. Həmin Qaydaları müəyyən edən əsas müddəaların birinci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, uşaqlarının doğumu qeydiyyata alınarkən iddiaçının öz istəyinə görə uşaqların ata adı qrafasında “X6” kimi qeyd edilmişdir. Belə olan halda, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən göndərilmiş məktuba əlavə edilmiş ərizələrdən görünür ki, iddiaçının göstərişi ilə uşaq barədə məlumatlar qrafasında ata adı “Kənan”, baba adı “Mirzəağa” kimi göstərilmişdir. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2-1(112)- 4177/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-777/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-777/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver