Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-777/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1956-cı il tarixində Qazax rayonunun Çaylı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9952/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 31.08.2021-ci il tarixində cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 yanvar 1992-ci il tarixdən 10 sentyabr 1997-ci il tarixədək Qazax rayonunun X3 və emalı zavodunda işlədiyi müddətin ona sosial sığorta stajı kimi hesablanması və yaşa görə əmək pensiyası təyin edilməsi tələbi irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olub və həmin kənddə 8 illik məktəbi bitirdikdən sonra 25 mart 1972-ci ildən o zaman kənddə fəaliyyət göstərmiş "Leninqrad" sovxozunda fəhlə işinə girib, 09 Noyabr 1974-cü il tarixdə hərbi xidmətə getməyilə əlaqədar olaraq işdən azad olunub. 10 Noyabr 1974-cü ildə həqiqi hərbi xidmətə gedib və 15 dekabr 1976-cı il tarixdə ehtiyyata buraxılıb. Ehtiyyata buraxıldıqdan sonra 13 yanvar 1977-ci il tarixdə həmin "Leninqrad" sovxozunda sürücü vəzifəsinə qəbul olunub. 03 Fevral 1990-cı il tarixdə öz ərizəsinə əsasən həmin vəzifədən azad olunub və həmin gündə də sovxozun avtoparkına çilingər işinə təyin edilib. Daha sonra 01 sentyabr 1992-ci il tarixdə cilingərlik işindən öz ərizəsinə əsasən azad olunub və həmin tarixdən də kənddə fəaliyyət göstərən 2 nömrəli Üzüm Emalı zavoduna fəhlə qəbul olunub. Həmin müəssisənin ləğvi ilə əlaqədar olaraq 10 sentyabr 1997-ci il tarixdə işdən azad olunmuşdur. Hazırda o, yaşa görə pensiyaya çıxmalıdır. Tələb olunan sənədlərini toplayıb DSMF-nin 20 saylı regional ərazi filialına təqdim edib, orada ona izah ediblər ki, ümumi stajı çatmır, ona görə də yaşa görə əmək pensiyası təyin oluna bilməz. Daha sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 03 iyul 2021-ci il tarixli məktub göndərərək göstərmişlər ki, DSMF-nin 20 saylı regional ərazi filialının 20.05.2021-ci il tarixli aktına əsasən 10.01.1992-ci il tarixdən 10.09.1997-ci il tarixədək Qazax rayonu X5 zavodunda işləməyi faktı öz əksini tapmamışdır. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanuna uyğun hesab edilmir. Bildirilmişdir ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73- cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Bildirir ki, ona heç bir qərar göndərilməyib və 20 saylı regional ərazi filialının tərtib etdiyi 20.05.2021-ci il tarixli aktdan xəbəri yoxdur. Əgər belə bir araşdırmanın aparılması vacib idisə, onun iştirakı təmin olunmalı idi, o zaman bu qədər anlaşılmazlıq olmazdı. O, 01.09.1992-ci il tarixdən 10.09.1997-ci il tarixə kimi X3 və Emalı zavodunda fəhlə işləyib. İmtina məktubunu aldıqdan sonra Qazax rayon Dövlət Arxivinə müraciət edib və orada işləməyi barədə əmrlərin surətini alıb. Arxivin 20 avqust 2021-ci il tarixli məktubundan görünür ki, X3 və Emalı zavodunun fəhlə və qulluqçularının əmək haqqı cədvəlləri rayon Dövlət arxivinə təhvil verilməyibdir. Belə olan halda 10.01.1992-ci il tarixdən 10.09.1997-ci il tarixədək olan sığorta stajının hesablanmaması düzgün deyil və hesab edir ki, həmin illərə aid ona sığorta stajı hesablanmalıdır. Əmək haqqı cədvəllərinin saxlanması üçün arxivə təhvil verilməməsi onun təqsiri deyil. Onunla həmin müəsisədə işləmiş şəxslərin əksəriyyəti artıq pensiya alırlar. Hesab edir ki, 10.01.1992-ci il tarixdən 10.09.1997-ci il tarixə kimi olan müddət ona sığorta stajı kimi hesablanmalıdır. Ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranıbdır. Bakı İnzibati Məhkəməsinin 06.09.2021-ci il tarixli sərəncamına əsasən cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi nəzərə alınmış və cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin göstərilməsi formal xəta hesab olunmuşdur. 25.10.2021-ci il tarixində iddiaçı tərəfindən verilmiş ərizəyə əsasən 01 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 25.10.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9952/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, İddiaçı 01.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bu səbəbdən Fondun Qazax rayon filialı (20 saylı regional ərazi filialı) tərəfindən qarşılıqlı yoxlama həyata keçirilmişdir. Fondun Qazax rayon filialı və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qazax rayon Dövlət Arxivi tərəfindən 20.05.2021-ci il tarixli akt tərtib olunmuşdur. Aktda qeyd olunmuşdur ki, "İddiaçı 01.01.1992-ci il tarixdən 10.09.1997-ci il tarixədək işləməsi faktı Qazax rayonu X5 zavodunun Qazax rayon Dövlət Arxivində mühafizə olunan əmr və əmək haqqı kitablarına əsasən araşdırıldı. Araşdırma zamanı İddiaçı 01.09.1992-ci il tarixdən 10.09.1997-ci il tarixədək Qazax rayon X5 zavodunda işləməsi faktının düzgünlüyü öz əksini tapmadı". Belə ki, bu fakt İddiaçı məxsus ИТ-1 № ******* nömrəli əmək kitabçasındakı 8 (01.09.1992) və 9 (10.09.1997) nömrəli qeydlərin əsassız olduğuna dəlalət edir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9952/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - Cavabdeh qurumun iddiaçıya ünvanladığı 23.07.2021-ci il tarixli imtinaya əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı regional ərazi filialından 30.03.2021ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz 01.10.1992-ci il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçanızın və hərbi biletinizin surətinə əsasən ümumi sığorta stajınız 20 il 4 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 15.489,11 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) azdır. Məlumat üçün bildirilmişdir ki, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 20 saylı regional ərazi filialının 20.05.2021-ci il tarixli aktına əsasən 10.01.1992-ci il tarixindən 10.09.1997-ci il tarixinədək Qazax rayonu X5 zavodunda işləməyiniz faktı öz əksini tapmamışdır. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. O işlədiyi üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qazax rayonunun Dövlət Arxivi tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, Qazax rayon Çaylı kənd sakini İddiaçı Qazax rayon 2 saylı üzüm emalı zavodunun 53 saylı əmrinin 15 saylı paraqrafına əsasən 01.11.1992- ci il tarixdə həmin zavoda 3-cü dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. Qazax rayon 2 nömrəli Üzüm emalı zavodunun attestasiya komissiyasının 02.01.1993-cü il tarixli aktına əsasən Qazax rayon 2 saylı üzüm emalı zavodunun 02.01.1993- cü il tarixli 01 saylı əmrinin 5-ci paraqrafına əsasən İddiaçı 5-ci dərəcəli fəhlə ixtisas dərəcəsi verilmişdir. Bildirilmişdir ki, Qazax rayon Üzüm emalı zavodunun fəhlə və qulluqçularının 1993-1994-cü il illər üçün əmək haqqı cədvəlləri rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - İddiaçı əmək kitabçasından görünür ki, onun sosial sığorta stajı aşağıdakı kimidir: - 25.03.1972-09.11.1974 – Qazax rayonu “Leninqrad” üzümçülük sovxozunun 2№-li üzümçülük briqadasında fəhlə; - 17.11.1974-20.12.1976 - həqiqi hərbi xidmət; - 13.01.1977-03.02.1990 - Qazax rayonu “Leninqrad” üzümçülük sovxozunun avtoparkında sürücü; - 03.02.1990-01.09.1992 - Qazax rayonu “Leninqrad” üzümçülük sovxozunda çilingər; -01.09.1992-10.09.1997- Qazax rayonu 2№-li üzüm emalı zavodunda İİİ dərəcə fəhlə; Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1- ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının halında isə onun işlədiyi dövrlər əmək kitabçasında göstərilsə də, aparılmış araşdırma zamanı müvafiq əmrlərin olması öz təsdiqini tapmamışdır, bu hal isə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasına maneçilik yaradır. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən mübahisələndirilən və apellyasiya şikayətinin dəlilini təşkil edən İddiaçı 01.01.1992-ci il tarixdən 10.09.1997-ci il tarixədək işləməsi faktı ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğundan və iddiaçının həmin dövrlərdə işlədiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qazax rayonunun Dövlət Arxivinin 20.08.2021-ci il tarixli arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən təqdim edilmiş arayışın tərəflərindən təqdim edilmiş aktı ilə ziddiyyət təşkil etdiyini qeyd etsə də, işin apellyasiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qazax rayonunun Dövlət Arxivinin 413 №-li, 17.11.2021-ci il tarixli arxiv arayışında Qazax rayon Çaylı kənd sakini İddiaçı Qazax rayon 2 saylı üzüm emalı zavodunun 53 saylı əmrinin 15 saylı paraqrafına əsasən 01.11.1992-ci il tarixdə həmin zavoda 3-cü dərəcəli fəhlə kimi işə qəbul edildiyi, Qazax rayon 2 nömrəli Üzüm emalı zavodunun attestasiya komissiyasının 01.01.1993-cü il tarixli aktına əsasən Qazax rayon 2 saylı üzüm emalı zavodunun 01.01.1993-cü il tarixli 01 saylı əmrinin 5-ci paraqrafına əsasən İddiaçı 5-ci dərəcəli fəhlə ixtisası dərəcəsinin verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən dövr həm iddiaçının əmək kitabçasında göstərilmiş, həm də onun 1992-1997-ci illərdə işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin müvafiq arayışı ilə də bir daha təsdiqlənmişdir. Beləliklə, məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçının işlədiyi zavodda 01.09.1992-ci il tarixdə işə qəbul edilməsi və işlədiyi müddətdə 02.01.1993-cü il tarixdə attestasiya komissiyasının qərarına əsasən 5-ci dərəcə fəhlə ixtisas dərəcəsi verilməsinə dair əmrlər arxiv məlumatlarına əsasən təsdiqini tapdığından iddiaçının əmək kitabçasındakı qeydə əsasən 10.09.1997-ci il tarixə kimi həmin zavodda işləməsi şübhə doğurmur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.09.1992-10.09.1997-ci illərdə Qazax rayonun ərazisində fəaliyyət göstərmiş Qazax rayonu X5 zavodunda işlədiyi dövr cəmi 5 il 10 gün nəzərə alınmalı, iddiaçının 01.01.2006-cı il tarixədək stajı 25 il 04 ay 19 gün (20 il 04 ay 09 gün cavabdeh tərəfindən nəzərə alınmış müddət + 5 il 10 gün cavabdeh tərəfindən nəzərə alınmayan, iddiaçının Qazax rayonunun ərazisində fəaliyyət göstərmiş Qazax rayonu X5 zavodunda işlədiyi dövr) olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ yaranmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mövcud qanunvericiliyə uyğun olaraq, 01 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş müəyyən edilmişdir. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 65-dir. Göründüyü kimi İddiaçı 01.03.2021-ci il tarixdən, 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9952/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9952/2021 nömrəli qərarı (qərarın nəticə hissəsinə “01.03.2021-ci il tarixdən” sonra “65 yaşından” sözləri əlavə edilməklə) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-777/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-777/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver