Məhkəmə qərarları › İş №2-1(103)-777/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-777/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-777/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8507/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 63 yaşına çatdığı 18 avqust 2014-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-8507/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1951-ci il təvəllüdlü İddiaçı 63 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2020-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu onunla əsaslandırılmışdır ki, iddiaçının 1992-ci il tarixdən 1997-ci il tarixədək “Cəngi” X4 arxiv sənədlərinin Bakı şəhər Mədəniyyət Baş İdarəsində və “Cəngi” X5 saxlanılmadığı müəyyən edilmiş və bu səbəbdən sözügedən dövrlər sığorta stajına daxil edilməmişdir. Göstərilən səbəblərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasının 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılır. İddiaçı qanunla müəyyən edilmiş 63 yaş həddinə xx.xx.2014-cü il tarixdə çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən iddiaçının 9 il 7 ay sığorta stajı mövcuddur. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilən sığorta stajı 1992-1997-ci il tarixədək “Cəngi” X2 əmək fəaliyyətidir. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 15/1612 saylı arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 1992-ci il tarixindən 1997-ci il tarixinədək “Cəngi” X5 iddiaçının əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Cavabdehin sözügedən qurumda xx.xx.2023-cü il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən 1992-ci il tarixindən 1997-ci il tarixinədək “Cəngi” X4 arxiv sənədlərinin Bakı şəhər Mədəniyyət Baş İdarəsində və “Cəngi" X5 saxlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən sözügedən dövrlər üzrə iddiaçının əməkhaqqı alıb-almamağını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının 1992-1996-cı illərdə “Cəngi” X5 işləməsi faktının qarşılıqlı yoxlanması Bakı şəhər Mədəniyyət Baş İdarəsində həyata keçirilmiş və xx.xx.2023-cü il tarixli sosial sığorta stajının araşdırılması barədə akt tərtib edilmişdir. Sözügedən akta əsasən “Cəngi” X9 aid arxiv sənədlərinin Bakı şəhər Mədəniyyət Baş İdarəsində saxlanılmaması səbəbindən İddiaçı həmin illərə aid sosial sığorta stajını araşdırmaq mümkün olmamışdır. Belə ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən vətəndaşa təqdim olunmuş xx.xx.2022-ci il tarixli 12/1612 nömrəli arayış “Cəngi” X4 xx.xx.2022-ci il tarixli 13 nömrəli arayışına əsasən yazılmışdır. Həmçinin cavabdeh tərəfindən iddiaçının 1992-1996-cı illərdə “Cəngi” X5 işləməsi faktının qarşılıqlı yoxlanması “Cəngi” Estrada Ansamblında həyata keçirilmiş, xx.xx.2023-cü il tarixli sosial sığorta stajının araşdırılması barədə akt tərtib edilmişdir. Sözügedən akta əsasən “Cəngi” X9 aid arxiv sənədlərinin saxlanılmaması səbəbindən iddiaçının həmin illərə aid sosial sığorta stajını araşdırmaq mümkün olmamışdır. “Cəngi" X4 xx.xx.2022-ci il tarixli 13 nömrəli arayışı vətəndaşın təqdim etdiyi ödəniş hesabatlarının surətinə əsasən tərtib edilmişdir. İddiaçının işlədiyini iddia etdiyi dövrlərin əmək kitabçasında göstərilmədiyini və müvafiq dövrləri təsdiq edən arayışların mötəbərliyinə əsaslı şübhələrin olması səbəbindən həmin dövrərin sığorta stajına daxil edilməsi qanunvericiliyə əsasən mümkün hesab edilmir. Cavabdeh orqan tərəfindən həmin sənədlərin üzləşdirilməsi zamanı iddiaçının işlədiyini iddia etdiyi dövrlər bağlı sənədlərin aşkar edilməməsi həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasını istisna edir. İş üzrə yekun məhkəmə aktının əsaslandırma hissəsində məhkəmə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 16/1612 №li və “Cəngi” X6 xx.xx.2022-ci il tarixli 13 №li arayışlarını mötəbər hesab etmiş və mötəbərliyini şübhə altına alan hər hansı bir dəlilə istinad edilmədiyini qeyd etmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qarşılıqlı yoxlama aktlarına qiymət verməmişdir. Belə ki, cavabdeh tərəfindən həyata keçirilən qarşılıqlı yoxlama əsasında, iddiaçının işlədiyini iddia etdiyi dövrlərə aid sənədlərin sözügedən müəssisələrdə saxlanılmadığı, həmin müəssisələr tərəfindən müvafiq arayışların vətəndaşın təqdim etdiyi ödəniş hesabatlarının surətləri əsasında tərtib edildiyi müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi ödəniş cədvəllərində sadəcə 1993-cü ilin oktyabr ayında, 1994-cü ilin yanvar və fevral aylarında iddiaçının ödəniş aldığı göstərilmiş, lakin həmin cədvəllər möhürlə öz təsdiqini tapmamışdır. Həmin sənədlər mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə sözügedən dövrlərə aid hər hansı mötəbər sübut olmamasına baxmayaraq, həmin dövrləri də idddiaçının sığorta stajına daxil etmişdir. Belə ki, həmin dövrlərin sığorta stajına daxil edilməsi maddi hüquq normalarının səhv tətbiq edilməsinə dəlalət edir. Odur ki, məhkəmə iş üzrə qərar qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələb və göstərişlərinə lazımi qaydada əməl etməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, o, İddiaçı tanıyır. Onlar “Cəngi” X5 birlikdə işləmişlər. O, rəqqas olmuşdur. İddiaçı həmin ansamblın direktoru olub. O, orada işə qəbul olanda, iddiaçı orada direktor idi. O da ansamblın direktoru olmuşdur. Onu işə İddiaçı götürüb. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, o, İddiaçı tanıyır. Onlar “Cəngi” X5 birlikdə işləmişlər. İddiaçı həmin ansamblın direktoru olub. O, 4 il orada rəqqas kimi işləmişdir. 1996-cı ildə oradan işdən çıxmışdır. O, oradan çıxanda, iddiaçı orada işləyirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın surətinə əsasən sığorta stajınız 9 il 7 ay təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 15/1612 saylı arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 1992-ci il tarixindən 1997-ci il tarixinədək “Cəngi” X5 əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sözügedən qurumda xx.xx.2023-cü il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçanızda qeyd olunmuş 1992-ci il tarixindən 1997-ci il tarixinədək “Cəngi” X4 arxiv sənədlərinin Bakı şəhər Mədəniyyət Baş İdarəsində və “Cəngi” X5 saxlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən sözügedən dövrlər üzrə əməkhaqqı alıb-almamağınızı müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlər sosial sığorta stajınıza daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (12 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023cü il tarixindən 220 manata çatdırılmışdır. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Cəngi” X4 13 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı 1992- 1996-cı illərdə “Cəngi” X5 direktor vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi “Cəngi” X4 13 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 1992-1996-cı illərdə “Cəngi” X4 direktoru vəzifəsində çalışmışdır. İş materiallarında olan Azərbaycan Meliorasiya və X15 Səhmdar Cəmiyyətinin Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 03 nömrəli arayışda qeyd edilir: İddiaçı Azərbaycan Meliorasiya və X15 Səhmdar Cəmiyyətinin Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”də Nasos stansiyaları və metalkonstriksiyaları şöbəsində xx.xx.1971-ci il tarixindən hesabdar vəzifəsində (Əmr № 37-ls/xx.xx.1971), xx.xx.1974-cü il tarixdən texnik vəzifəsində (Əmr № 115/ls-xx.xx.1974), xx.xx.1975-cü il tarixdən böyük texnik vəzifəsində (Əmr № 103/lsxx.xx.1975) və xx.xx.1977-ci il tarixdən mühəndis vəzifəsində işləmişdir (Əmr № 61/ls xx.xx.1977). xx.xx.1980-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir (Əmr № 377/lsxx.xx.1980). İş materiallarında olan ******* nömrəli xx.xx.2022-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə “Azdövsutəslayihə” İnstitutu Nasos stansiyaları və metalkonstruksiyaları şöbəsinə hesabdar vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-ci ildə texnik vəzifəsinə keçirilmiş, xx.xx.1975-ci ildə böyük texnik vəzifəsinə keçirilmiş, xx.xx.1977-ci ildə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1980-ci ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası) 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. İşin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.2014-cü il tarixdə 63 yaşı tamam olduğu üçün cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən iddiaçının 9 il 7 ay sığorta stajının mövcud olduğunu, iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (12 il) az olduğunu əsas gətirərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilən sığorta stajı 1992-1996-ci il tarixədək “Cəngi” X2 əmək fəaliyyətidir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İş materiallarında olan iddiaçının əmək kitabçasına əsasən iddiaçının ümumi stajı 09 il 07 ay təşkil edir (xx.xx.1971-xx.xx.1980). Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi “Cəngi” X4 13 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı 1992-1996-cı illərdə “Cəngi” X4 direktoru vəzifəsində çalışmışdır. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. Məhkəmə arxiv arayışlarının sosial sığorta stajını təsdiq edən sənədlərə aid edilməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə bir daha qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə iclasında dindirilən şahidlər iddiaçının qeyd olunan dövrdə “Cəngi” X5 işləməsini təsdiq etmişlər. Öz növbəsində şahid X3 əmək kitabçasındakı qeydlərdən görünür ki, onun “Cəngi” X5 tutduğu vəzifədən çıxarılması barədə əmək kitabçasındakı 1996-cı ildə aparılmış qeyd direktor İddiaçı tərəfindən təsdiq edilmişdir. Beləliklə, iddiaçının iş stajı 12 ildən çoxdur. Bu səbəbdən də iddiaçı tərəfindən yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtin hər ikisi də (yaş və staj) ödənilmiş hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə və işəgötürənin verdiyi arayışla təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, həmin sənədlərdə göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Həmçinin iddiaçının həmin dövrdə işlədiyi müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. Bundan başqa, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, eləcə də aidiyyəti üzrə təhvil verilməməsinə görə iddiaçı cavabdehlik daşımır. Göründüyü kimi, iddiaçının xx.xx.2014-cü il tarixdən (63 il) əmək pensiyası hüququ yaranmış və iddiaçı 12 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8507/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar