Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-778/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2-1(82)-1911/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı DSMF-nin Bakı Şəhəri Nərimanov Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 50 yaşının tamam olduğu 17.05.2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 17.05.1959-cu ildə anadan olmuş və 13 aprel 1977-ci il tarixində Bakı Soyuducular zavodunda Ştamp-qaynaq sexində hazırlayıcı vəzifəsinə işə qəbul olunmuş və qaynaqçının yanında detalların qaynaqdan əvvəl və ya sonra hazırlanması sahəsində hazırlayıcı işləmişdir. 03.06.1985-ci il tarixdən 10.07.1986-cı il tarixə kimi Penopoliuretan sexində yığıcı çilingərlərin yanında dəstləşdirici peşəsində işləmiş, 10.07.1986-cı il tarixdən 10.03.1989-cu il tarixə kimi Plastik kütfb sexində soyuducuların plastik kütlədən hazırlanan hissələrinin əridib tökülməsi prosesində tökülən hazır məhsulların dəstləşdirilib digər istehsal sahələrinə təhvil verilməsi üçün dəstləşdirici vəzifəsində işləmişdir. İddiaçı Bakı Soyuducular zavodunda 31 yanvar 2003cü il tarixinə kimi işləmiş və 13.04.1977-ci il tarixindən 31.01.2003-cü il tarixinə kimi 25 il 8 ay ümumi, 13.04.1977-ci il tarixdən 10.03.1989-cu il tarixə kimi 10 il 8 ay isə zərərli əmək şəraitində işləməklə xüsusi sığorta stajı qazanmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li və 2 №-li əlavələrdə onun işlədiyi istehsal sahələri, daşıdığı vəzifələr öz əksini tapmışdır. İddiaçının 50 yaşı 17.05.2009-cu ildə tamam olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2-1(82)- 1911/2019 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya əmək şəraiti xüsusilə zərərəli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 50 yaşının tamam olduğu 17.05.2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2-1(82)-1911/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.09.2019-cu il tarixli, 2-1(103)-2239/2019 nömrəli qərardadı ilə cavabdeh DSMF-nin Bakı Şəhəri Nərimanov Rayon Şöbəsi əsl cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, 2-1(103)-2239/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2-1(82)- 1911/2019 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Məhkəmə qərarından iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, 2-1(103)-2239/2019 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04.03.2020-ci il tarixli, 2-1(102)-821/2020 nömrəli qərarına görə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2-1(103)-2239/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.07.2020-ci il tarixli, 2- 1(103)-1210/2020 nömrəli qərardadına görə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2-1(82)- 1911/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-1962/2020 nömrəli qərarına görə iddiaçının kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.07.2020-ci il tarixli, 2- 1(103)-1210/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında nəzərdə tutulmadığı səbəbindən iddiası rədd edilməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri: O, 13 aprel 1977-ci il tarixində Bakı Soyuducular zavodunda Ştamp-qaynaq sexində hazırlayıcı vəzifəsinə işə qəbul olunmuş və qaynaqçının yanında detalların qaynaqdan əvvəl və sonra hazırlanması sahəsində hazırlayıcı işləmişdir. 03.06.1985-ci il tarixdən 10.07.1986-cı il tarixə kimi Penopoliuretan sexində yığıcı çilingərlərin yanında dəstləşdirici peşəsində işləmişdir. 10.07.1986-cı il tarixdən 10.03.1989-cu il tarixə kimi Plastik kütlə sexində soyuducuların plastik kütlədən hazırlanan hissələrinin əridib tökülməsi prosesində tökülən hazır məhsulların dəstləşdirilib digər istehsal sahələrinə təhvil verilməsi üçün dəstləşdirici vəzifəsində işləmişdir. O, Bakı Soyuducular zavodunda 31 yanvar 2003-cü il tarixinə kimi işləmişdir. Əmək fəaliyyətinə 13.04.1977-ci il tarixindən 31.01.2003-cü il tarixinə kimi 25 il 8 ay ümumi, 13.04.1977-ci il tarixdən 10.03.1989-cu il tarixə kimi 10 il 8 ay isə zərərli əmək şəraitində işləməklə xüsusi sığorta stajı qazanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahı üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ əldə etmişdir. Əmək kitabçasının 1-ci səhifəsində 13.04.1977-ci il tarixli, 77/k nömrəli işə daxil olma əmrində qeyd edilmişdir ki, “Ştam-qaynaq sexində zərərli əmək şəraiti ilə bağlı olan iş dərəcəsinə uyğun 1-ci dərəcəli hazırlayıcı vəzifəsinə qəbul edilsin”. O bu vəzifədə 22.03.1984-cü il tarixə kimi işləmişdir. Yəni 6 il 11 ay müddətində. NK-nin 21,06.1993-cü il tarixli, 320 saylı qərarının 2 №-li siyahısı, Ümumi peşələr Kod: 23200000—19906 03.06.1985-ci il tarixdən 222/k saylı əmrlə 10.07.1986-cı il tarixinə kimi Penopoliuretan sahəsində dəstləşdirici peşəsində işləmişdir. 1 il 1 ay 7 gün müddətinə NK-nın 21.06.1993cü il tarixli, 320 saylı qərarının 1 №-li siyahısı, Kimya istehsalı Kod: 1080A00—17541 və 1080A010. 10.07.1986-cı ildə 295/k saylı əmrlə Plastmast sexində soyuducuların plastik kütlədən hazırlanan hissələrinin termoplastavtomat maşınlarında 200 C dərəcə temperaturaya qədər əridib tökülməsi prosesində qapalı şəraitdə tökülən soyuducu hissələrinin hazırlanmasında, maşınların yanında hazır olan hissələrin təmizlənməsi (kənar və çıxıntı hissələrinin kəsilməsi), tökülən hazır məhsulların dəstləşdirilib digər istehsal sahələrinə təhvil verilməsi üçün dəstləşdirici vəzifəsində işləmişdir və 16.03.1989cu il tarixədək həmin peşədə işləmişdir. 2 il 8 ay 6 gün müddətinə NK-nin 21,.06.1993-cü il tarixli, 320 saylı qərarının 2 №-li siyahısı, Ümumi peşələr Kod: 23200000—13399. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə ilk dəfə güzəştli şərtlərlə pensiya təyin olunması barədə ərizə ilə 24 aprel 2017-ci il tarixində müraciət etmişdir. DSMF-nun Nərimanov rayon şöbəsi ona 04.05.2017-ci il tarixli məktub göndərərək, şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və digər sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini təqdim edəcəyi təqdirdə pensiya hüququma baxılacağını bildirmişdir. Bundan sonra o 17 may 2017-ci il tarixli ərizə ilə sənədlərin təsdiq olunmuş surətlərini DSMF-nun Nərimanov rayon şöbəsinə poçtla göndərmiş, ərizə 22.05.2017-ci il tarixdə DSMF-nun Nərimanov rayon şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh ərizəsinə cavab vermədiyindən o, məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə 24 noyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaçı 2017-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 13.01.2006-cı il tarixinə kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 17.05.2011-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və iddianın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.12.2017-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.08.2018-ci il tarixli qərarına görə həmin qərar ləğv edilərək iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan nə iddiaçı, nə də cavabdeh tərəfindən kassasiya şikayəti verilməmişdir. İddiaçı daha sonra 2018-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 45 yaşının tamam olduğu 17.05.2004-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin DSMF-nin Nərimanov Rayon Şöbəsinin üzərinə qoyulmasını xahiş etmiş və iddianın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarına 1 saylı Əlavəyə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.01.2019-cu il tarixli, 2-1(82)- 410/2019 nömrəli qərarına görə iddia rədd edilmişdir. İddiaçının 2017-ci ildə qaldırdığı iddianın hüquqi əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı, 2018-ci ildə qaldırdığı iddianın hüquqi əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahı olmuşdur. Hazırda isə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıya əsasən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. İşə ilk dəfə Ali Məhkəmədə baxılarkən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etmiş və təkrar baxılması üçün işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Ali Məhkəmə Kollegiyası öz qərarında belə bir göstəriş vermişdir ki, iddiaçının işləmiş olduğu peşənin kodlar üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarında olan 1 və 2 nömrəli Siyahılarına əsasən iddiaçıya 50 yaşdan zərərli əmək şəraitinə görə pensiya təyin edilməsi üçün uyğun gəlib-gəlməməsi məhkəmə tərəfindən araşdırılmalıdır. Lakin, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi bu göstərişə əməl etməmiş bununla da prosessual tələbi pozmuşdur. Göründüyü kimi, hazırkı iddianın əsası ilə əvvəllər qaldırılmış iddia tələblərinin əsası eyni deyildir. Odur ki, hazırkı iş üzrə MPM-in 153.2.2-ci maddəsinə istinad edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin maddəyə istinad edərək iddianı mümkün saymamış, bununla da prosessual pozuntuya yol vermişdir. Hazırki işin hallarından görünür ki, İddiaçı 17.05.1959-cu ildə anadan olmuş, 13.04.1977-ci il tarixli, 77/k saylı əmrlə 1-ci dərəcəli hazırlayıcı peşəsinə qəbul edilmiş, 22.03.1984-cü il tarixli, 122/k saylı əmrlə elektrik sexinə elektrik montajçısı peşəsinə qəbul edilmiş, 01.07.1984-cü il tarixli, 286/k saylı əmrlə yığıcı-çilingərin yanında hazırlayıcı peşəsinə keçirilmiş, 03.06.1985-ci il tarixli, 222/k saylı əmrlə yığıcı çilingərin yanında dəstləşdirici peşəsinə keçirilmiş, 10.07.1986-cı il tarixli, 295/k saylı əmrlə dəstləşdirici peşəsinə keçirilmiş, 16.03.1989-cu il tarixli, 109/k saylı əmrlə mühəndis energetik peşəsinə keçirilmiş və 31.01.2003-cü il tarixli, 2 saylı əmrlə işdən azad edilmişdir. Bakı Çinar Soyuducuları ASC-nin 08.10.2018-ci il tarixli, 49 saylı arayışına əsasən 17.05.1959-cu il təvəllüdlü İddiaçı 13.04.1977-ci il tarixdən “Bakı Soyuducular Zavodu” nun Ştamp-qaynaq sexində 77/k saylı əmrlə 22.03.1984-cü il tarixə kimi sexdə soyuducunun xarici şkafının, qapısının, daxili şkafının birləşmə yerlərini və polkalarım elektriklə qaynaq edilməsi sahədə qaynaqçının yanında detalların qaynaqdan evvel ve ya sonra hazırlanması işlərində hazırlayıcı işləmişdir. 03.06.1985-ci il tarixdən 222/k saylı əmrlə 10.07.1986-cı il tarixə kimi Penopoliuretan sexində soyuducuların şkafını və qapılarını penopoliuretanla doldurma xətlərindən 4-5 metr məsafəyə quraşdırılmış konveyerdə soyuducu hissələrinin yığılma proseslərində yığıcı-çilingərlərin yanında dəstləşdirici peşəsində işləmişdir. Poliol, izosionat (bu maddələr təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrdir) qarışığının tökmə zamanı sağlamlığa təsir göstərən zərərli və zəhərli qazlar əmələ gəlir ki, xəttdən 15-20 metr məsafəyə yayılır. Xətlər qapalı şəraiti olan sexdə quraşdırılmışdır və ümumi ventilyasiya sistemi olduğundan ətrafda işləyən işçilərin sağlamlığına zərərli təsir göstərir. Yığılmış şkaf və qapılar xəttin konveyerinə yerləşdirilməsi zamanı və hazır məhsul konveyerdən çıxan zaman penopoliuretanla təmasda olur. 10.07.1986-cı il tarixdən 295/k saylı əmrlə 16.03.1989-cu il tarixə kimi Plastik kütlə sexində soyuducuların plastik kütlədən hazırlanan hissələrinin termoplastavtomat maşınlarında 200 C temperaturaya qədər əridib tökülməsi prosesində qapalı şəraitdə tökülən soyuducu hissələrin hazırlanmasında, maşınların yanında hazır olan hissələrin təmizlənməsi (kənar və çıxıntı hissələrinin kəsilməsi), tökülən hazır məhsulların dəstləşdirilib digər istehsal sahələrinə təhvil verilməsi üçün dəstləşdirici işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahı. Bölmə 35.Ümumi peşələr; əl ilə qaynaq aparan elektrik qaynaqçıları, 8. Kimya istehsalatı izosianatlar, poliamidlər, poliuretanlar və s., 35.Ümumi peşələr; plastik kütlənin tökücüləri öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti 21 iyun 1993-cü il 320 saylı qərarı Siyahı №2 bölmə XXXİİİ. Ümumi peşələr, şıfrə 23200000-19906; Siyahı № 1 bölmə Vİİİ. Kimya istehsalatı, şıfrə 1080A010, Siyahı № 2 bölmə XXXİİİ. Ümumi peşələr, şifrə 23200000-13399. İddiaçı işlədiyi müddət ərzində insan həyatı üçün təhlükəli olan maddələrlə 8 saatlıq iş günü olmaqla qapalı şəraitdə daima təmasda olmuş və 27.06.1998-ci il tarixdən 19.03.2001-ci il tarixə kimi analıq məzuniyyətində 01.11.1995-ci il tarixdən 27.06.1998-ci il tarixə kimi müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifəlrin və göstəricələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «01.07.2017-ci ilədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının 20 ildən artıq ümumi iş stajının olması işin mübahisələndirilməyən halıdır. Güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə şüzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıda «Ümumi peşələr» bölməsində, platik kütlənin tökücüləri (23200000-13399), əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-13399), 1 №-li Siyahıda isə «Kimya istehsalatı» bölməsində tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə (ossein; neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, komprimirləşməsi, ayrılması, qazın krekinqi, təbii qazlar; plastifikatorlar; fenol, krezol, rezorsin, fenol birləşmələri, melamin, anilin, furfurol, tiosidik çövhəri— izosianatlar, poliamidlər, poliuretanlar, polifir qatranları, sadə və mürəkkəb sellüza efirlərinin əsasında alınan plastik kütlələr; fasiləsiz və ştapel şüşə-lif (istilik izolyasiya şüşəlifi çıxılmaqla), eləcə də ondan və şüşə plastikdən məmulatlar (1080A010) məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislər (1080A00-17541) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi müəyyən edilmişdir. İddiaçının işlədiyi plastik kütlə sexində soyuducuların plastik kütlədən hazırlanan hissələrinin termoplastavtomat maşınlarında 200 C temperaturaya qədər əridib tökülməsi prosesində qapalı şəraitdə tökülən soyuducu hissələrin hazırlanmasında, maşınların yanında hazır olan hissələrin təmizlənməsi (kənar və çıxıntı hissələrinin kəsilməsi), tökülən hazır məhsulların dəstləşdirilib digər istehsal sahələrinə təhvil verilməsi üçün dəstləşdirici və sexdə soyuducunun xarici şkafının, qapısının, daxili şkafının birləşmə yerlərini və polkaların elektriklə qaynaq edilməsi sahədə qaynaqçının yanında detalların qaynaqdan əvvəl və ya sonra hazırlanması işlərində hazırlayıcı vəzifələri öz xüsusiyyətinə görə həmin siyahının «Ümumi peşələr» bölməsində nəzərdə tutulan uyğun olaraq platik kütlənin tökücüləri (23200000-13399) və əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000- 13399), penopoliuretan sexində soyuducuların şkafını və qapılarını penopoliuretanla doldurma xətlərindən 4-5 metr məsafəyə quraşdırılmış konveyerdə soyuducu hissələrinin yığılma proseslərində yığıcı-çilingərlərin yanında dəstləşdirici vəzifəsi isə tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə (ossein; neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, komprimirləşməsi, ayrılması, qazın krekinqi, təbii qazlar; plastifikatorlar; fenol, krezol, rezorsin, fenol birləşmələri, melamin, anilin, furfurol, tiosidik çövhəri— izosianatlar, poliamidlər, poliuretanlar, polifir qatranları, sadə və mürəkkəb sellüza efirlərinin əsasında alınan plastik kütlələr; fasiləsiz və ştapel şüşə-lif (istilik izolyasiya şüşə-lifi çıxılmaqla), eləcə də ondan və şüşə plastikdən məmulatlar (1080A010) məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislər (1080A00-17541) peşəsinə uyğundur. İş materiallarından görünür ki, iddiaçının 01.01.2006-cı ilə qədər 20 il ümumi və 10 il xüsusi iş stajı mövcud olmuşdur. Odur ki, 17.05.2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbini irəli sürməkdə haqlı olmuş, cavabdehin imtinası isə əsassız olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı əmək pensiyası təyin edilməsi barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçı 27.03.2019-cu il tarixli ərizə ilə DSMF-nin Bakı Şəhəri Nərimanov Rayon Şöbəsinə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 50 yaşının tamam olduğu 17.05.2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bu halda iddiaçıya pensiya 27.03.2019-cu il tarixdən əvvəlki üç ilə görə, yəni 27.03.2016-cı ildən ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı 50 yaşının tamam olduğu 17.05.2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi 27.03.2019-cu il tarixdən əvvəlki üç ilə, yəni 27.03.2016-cı il tarixdən ödənilməsi vəzifəsi cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2-1(82)- 1911/2019 saylı qərarı ləğv edilsin, İddia tələbi qismən təmin edilsin. İddiaçı 50 yaşının tamam olduğu 17.05.2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi 27.03.2019-cu il tarixdən əvvəlki üç ilə, yəni 27.03.2016-cı il tarixdən ödənilməsi vəzifəsi cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-778/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-778/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver