Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-778/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 9.10.1962-ci il təvəllüdlür.
2. İddiaçı xx.xx.1977-ci il 191-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Binaların sanitariya texniki qurğuları” ixtisasına daxil olmuş və xx.xx.1981-ci il 101-c saylı əmrə əsasən ona “texniki-santexnik” ixtisas dərəcəsi və BT 044258 №-li diplom verilmişdir. (3 il, 8 ay, 24 gün)
3. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur (2 il 1 ay 7 gün) ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1983-xx.xx.1985-ci illərdə “Bakı Baştikinti” “Bakısantexelektromontaj” tresti 11 saylı ixtisaslaşdırılmış tikinti idarəsində çilingər-santexnik vəzifəsində işləmişdir. (2 il, 2 ay, 8 gün). xx.xx.1985-xx.xx.1999-cu illərdə iş ustası və baş iş icraçısı vəzifəsində işləmişdir (14 il, 2 ay, 10 gün) xx.xx.2000-xx.xx.2004-cü illərdə iş icraçısı vəzifəsində işləmişdir (4 il, 8 ay, 23 gün).
4. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2023-cü il məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (23 il 10 ay 1 gün (xx.xx.1977- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1991-ci il, xx.xx.1993- xx.xx.1993-cü il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2006-2021-ci illər üzrə 8 il 10 ay)), güzəştli iş stajınız isə 12 il 6 aydan az (11 il 10 ay 28 gün (xx.xx.1985-xx.xx.1991-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1996xx.xx.1996-cı il, xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınızn sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19963,51 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”.
6. İddiaçının xx.xx.2023-cü il tarixli təkrar müraciətinə, cavabdeh xx.xx.2023-cü il tarixdə eyni məzmunlu imtina məktubu vermişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İşin yuxaırda sadalanan faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, bütün əmək faəlkiyyəti “Əmək kitabçasın”dakı qeydlərlə və Azərbaycan Respublikası 11 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi tərəfindən verilmiş 66 nömrəli, xx.xx.2018-ci il tarixli “Arayış”la təsdiq olunur. Lakin cavabdeh əsassız olaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.
9. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1983xx.xx.1999-cu və xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində BBTİ 11 saylı Tikinti İdarəsində iş icraçısı vəzifəsində işlədiyi göstərilib. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının 27 dekabr 2022-ci il tarixli № BA-08532- 2022 nömrəli arxiv arayışında isə BBTİ 11 saylı Tikinti idarəsinin arxiv sənədlərinin 1989, 1990, 1991, 1993, 1996-cı illərə dair hesabat sənədlərində əmək haqqı hesablanması barədə məlumatların olduğu, 1992,1994, 1995, 1997-2000-ci illərə dair arxivdə saxlanılan natamam sənədlərdə İddiaçı barəsində heç bir məlumat olmadığı qeyd olunmuşdur. Buna görə Mərkəzi Filialın mütəxəssisləri tərəfindən iddiaçının iş stajının Dövlət Arxivinin Bakı filialında saxlanılan arxiv sənədləri əsasında yerində dəqiqləşdirmə həyata keçirilmişdir. Dəqiqləşdirmə zamanı sözügedən müəssisənin Dövlət Arxivinin Bakı filialında saxlanılan sənədlərində 1989, 1990, 1991, 1993, 1996cı illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması təsdiqini tapsa da, 1992, 1994, 1995, 1997-2001-ci illərə dair əmək cədvəllərində iddiaçının adına rast gəlinmədiyi, 2002-2004-cü illərə dair əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi aşkar edilmişdir. Buna görə də xx.xx.1992-xx.xx.1992, xx.xx.1993- xx.xx.1996, xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındakı dövrləri iddiaçının sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən İddiaçı ümumi iş stajı 25 ildən az, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19504,75 manat təşkil etdiyi üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi və İddiaçı 9.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin natamam olması və ya arxivə təhvil verilməməsi iddiaçının təqsiri olaraq qiymətləndirilməməlidir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək 2-1(112)-11480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı qanunvericiliklə tələb olunan qədər 25 il sosial sığorta stajı və kifayət qədər güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Göründüyü kimi qanunla tələb olunan şərt ödənilmir. İddiaçının təqdim etdiyi ИТ-1 ******* nömrəli əmək kitabçasında onun xx.xx.1983- xx.xx.1999-cu və xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində BBTİ T1 saylı Tikinti İdarəsində iş icraçısı vəzifəsində işlədiyi göstərilib. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının 27 dekabr 2022-ci il tarixli № BA-08532-2022 nömrəli arxiv arayışında isə BBTİ 11 saylı Tikinti idarəsinin arxiv sənədlərinin 1989, 1990, 1991, 1993, 1996-cı illərə dair hesabat sənədlərində əməkhaqqı hesablanması barədə məlumatların olduğu, 1992, 1994, 1995, 1997- 2000-ci illərə dair arxivdə saxlanılan natamam sənədlərdə İddiaçı barəsində heç bir məlumat olmadığı qeyd olunmuşdur. Buna görə Mərkəzi Filialın mütəxəssisləri tərəfindən iddiaçının iş stajının Dövlət Arxivinin Bakı filialında saxlanılan arxiv sənədləri əsasında yerində dəqiqləşdirmə həyata keçirilmişdir. Dəqiqləşdirmə zamanı sözügedən müəsisənin Dövlət Arxivinin Bakı filialında saxlanılan sənədlərində 1989, 1990, 1991, 1993, 1996-cı illərə dair hesabat cədvəllərində əməkhaqqı hesablanması təsdiqini tapsa da, 1992, 1994, 1995, 1997-2001-ci illərə dair əmək cədvəllərində İddiaçının adına rast gəlinmədiyi, 2002-2004-cü illərə dair əməkhaqqı cədvəllərinin arxivə təhvil verilmədiyi aşkar edilmişdir. Buna görə də xx.xx.1992- xx.xx.1992, xx.xx.1993-xx.xx.1996, xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındakı dövrləri iddiaçının sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən İddiaçı ümumi iş stajı 25 ildən az (23 il 10 ay 1 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (11 il 10 ay 28 gün) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19504,75 manat təşkil etdiyi üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsi iddianı təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin natamam olması və ya arxivə təhvil verilməməsi iddiaçının təqsiri olaraq qiymətləndirilməməlidir. Göründüyü kimi Məhkəmə işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan sadəcə yuxarıda göstərilən hala istinad edərək iddianı təmin etmişdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. “Əmək pensiyaları haqqında” Qanunun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən (tam ləğv olunması xahiş edildiyindən) birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
22. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində və 9.8-ci maddəsində “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur.
23. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
24. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
25. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə.
26. İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı 9.10.1962-ci ildə doğulmuş, onun 57 yaşı 9.10.2019-cu il tarixdə tamam olmuşdur.
27. İddiaçının hərbi xidmət dövrü və təhsil illəri də nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çoxdur.
28. Belə ki, iddiaçı 8.07.1977-ci ildən xx.xx.1981-ci ilədək Bakı Politexnik Texnikumunda təhsil almışdır ((3 il, 8 ay, 24 gün). xx.xx.1979-xx.xx.1982-ci illərdə Sovet ordusunda xidmət etmişdir (2 il, 1 ay, 7 gün). xx.xx.1983-xx.xx.1985-ci illərdə “Bakı Baştikinti” “Bakısantexelektromontaj” tresti 11 saylı ixtisaslaşdırılmış tikinti idarəsində çilingər-santexnik vəzifəsində işləmişdir. (2 il, 2 ay, 8 gün). xx.xx.1985-xx.xx.1999-cu illərdə iş ustası və baş iş icraçısı vəzifəsində işləmişdir (14 il, 2 ay, 10 gün) xx.xx.2000-xx.xx.2004-cü illərdə iş icraçısı vəzifəsində işləmişdir (4 il, 8 ay, 23 gün).
29. Beləliklə iddiaçının təhsil müddəti, hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun ümumi iş stajı 26 il, 11 ay, 12 gün təşkil edir.
30. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
31. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;...
32. Cavabdeh iddiaçının müraciətini təmin etməməsinə əsas olaraq iddiaçının işlədiyi BBTİ 11 saylı Tikinti idarəsinin 1992, 1994, 1995, 1997-2001-ci illərə dair arxivdə saxlanılan əmək haqqı cədvəllərində onun adına rast gəlinməməsini və 2002-2004-cü illərə dair əmək haqqı cədvəllərinin isə arxivə təhvil verilməməsini göstərmişdir. Buna görə də həmin illəri iddiaçının sığorta stajına daxil etməkdən imtina etmişdir.
33. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin özünün də istinad etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 27 dekabr 2022-ci il tarixli məktubunda BBTİ 11 saylı Tikinti idarəsinin 1992 və 1994, 1995, 1997-2000-ci illərə dair arxiv sənədlərinin natamam olduğu, 2002-2004-cü illərə dair arxiv sənədlərinin və 2000-ci ilə dair əmr kitablarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir.
34. Göründüyü kimi iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin natamam olması və ya arxivə təhvil verilməməsi iddiaçının təqsiri olaraq qiymətləndirilməməlidir.
35. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
36. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
37. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
38. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
39. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir.
40. Məhkəmə qeyd edir ki, iddiaçının həmin müəssisədə işləməsi barədə əmək kitabçasında qeydlər aparılmış, həmin qeydlər təsdiqlənmişdir.
41. Əmək kitabçasında həmin qeydlərin olmaması, natamam olması, yaxud iş dövrü barədə qeydlərin düzgün və dəqiq olmaması ilə bağlı hallar müəyyən edilmir.
42. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin inzibati orqanın yalnız mülahizələrə əsaslanan bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
43. Beləliklə, istinad olunanlara əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı olduğundan, o birinci tələbi ödəyir.
44. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.
45. 11 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin 26 fevral 2018-ci il tarixli 66 №-li məktubuna əsasən xx xxxxxxx 1962-ci il təvəllüdlü İddiaçı 22 oktyabr 1985-ci ildən 30 dekabr 1999-cu il tarixinədək “Bakıbaştikinti” idarəsinin “BSTEQ” trestinin 11 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində iş ustası və baş iş icraçısı vəzifəsində işləmişdir. Bu fəaliyyət sahəsi ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li Əlavə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 2290000b-24441-iş icraçıları bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir.
46. İddiaçının işlədiyi peşələrin (xx.xx.1985-xx.xx.1999, xx.xx.2000-xx.xx.2004-cü illərdə iş ustası və iş icraçısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 22900000 Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölmə XXVİİ, 2290000b b) rəhbərlər və mütəxəssislər, 2290000b—24441 - iş icraçıları bəndi ilə uyğunluq təşkil etməsi Azərbaycan Respublikası 11 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin 26 fevral 2018-ci il tarixli məktubunda da öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçının güzəştli iş stajı 12 il 06 aydan artıq (18 il, 11 ay, 3 gün) təşkil edir.
47. Qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, hərbi xidmət keçdiyi dövrlər və təhsil aldığı dövr daxil olmaqla xx.xx.2006-cı ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir.
48. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdehin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili də əsaslı deyildir.
49. Məhkəmə pensiyanın təyin edilmə və ödənilmə tarixi ilə bağlı qeyd edir ki, Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
50. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
51. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşdan, yəni xx.xx.2019- cu il tarixdən yaranıb.
52. Lakin iddiaçının ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ilkin müraciəti xx.xx.2022-ci il tarixdə olmuşdur.
53. Ona görə də, Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən iddiaçıya cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən pensiya ödənilməlidir. Məhz bu səbəbdən də iddiaçının iddia tələbi qismən təmin olunmalıdır.
54. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri imtinanın və iddia ərizəsinə etirazın dəlilləri ilə eyni məzmunlu olduğundan və həmin dəlillərə yuxarıda hüquqi qiymət verildiyindən məhkəmə prosessual qənat prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar qiymətləndirmə aparmağa lüzum görmür. 55.Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı qəbul edilmiş qərarın ləğvi yaxud dəyişdirilməsi qənaəti yaratmır.
56. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.