Məhkəmə qərarları › İş №2-1(103)-778/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-778/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-778/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və üçüncü şəxs K.Mahmudovun nümayəndəsi, eyni zamanda üçüncü şəxs X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxslər X6, X7, X3, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinın Tikintidə X2 Agentliyi) “tikintiyə maneələrin aradan qaldırılması və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8495/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “tikintiyə maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı ilə İddia tələbi “Cavabdeh xx.xx.2023-cü il tarixli 5-13/1-A-104-151/2023 nömrəli məktubunun qanunvericiliyə zidd olması səbəbindən etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən, **********82-10301 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən iddiaçıya məxsus olan evinin yardımçı tikili hissəsinin yenidən qurulmasına Cavabdeh maneə törətməmək öhdəliyinin; Cavabdeh xx.xx.2023-cü il tarixli 5-13/1-A-104-151/2023 nömrəli məktubunu Qaradağ rayon İcra başçısının müavini Nadir Muradov tərəfindən imzalanmaqla iddiaçının xeyli vaxt, resurs sərf etməklə, əsəb keçirməklə 6 aya yaxın müddətdə mülkiyyət hüququndan, əmlakından istifadə etməkdən, fayda əldə etməkdən, sərəncam vermək hüququnun məhdudlaşdırılmasına görə maddi və mənəvi itkilərinin təzminatı olaraq iddiaçıya üzrxahlıq məktubunun yazılıb təqdim edilməsi öhdəliyinin; mülkiyyət sənədi ilə təsdiq olunmuş əmlaka daxil olan və 50 il əvvəl tikilmiş yardımçı tikilinin yenidən qurulması barədə müraciətinə vəzifəsindən sui-istifadə etməklə qanunvericiliyin tələblərini pozaraq rədd cavabı verilməsi haqqında cavab məktubunu hazırlayan və o məktuba rəy verən (məktub hazırlanan şöbənin müdiri, Hüquq şöbəsi və digər müvafiq şöbələr), bununla da iddiaçının və övladlarının qanuni hüquq və mənafelərinə zərər vuran Cavabdeh müvafiq əməkdaşları barəsində əmək qanunvericiliyinin tələbləri əsasında intizam tənbehi tədbiri kimi hər bir əməkdaşa töhmətin elan edilməsi, bu barədə işəgötürənin müvafiq əmr imzalaması və nüsxəsini iddiaçıya təqdim edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı ilə İddia tələbi “mülkiyyətində olan 639 kv.m. torpaq sahəsində mövcud olmuş texniki pasportda təsərrüfat otaqları Liter A, mərtəbə 1, otaq nömrəsi 2, 3, 4 kimi göstərilən, yararsız vəziyyətə düşmüş tikililərin Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin tələblərinə uyğun olaraq, bərpa edilməsinə maneə olunmasının cavabdehə qadağan edilməsi, tələbin digər hissələrdə isə məktubun qanunsuz hesab edilməsi, üzrxahlıq məktubunun verilməsi, töhmət elan edilməsi haqqında əmrin imzalanaraq nüsxəsinin iddiaçıya təqdim edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-8495/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərardadı ilə iddia üzrxahlıq məktubunun verilməsi, töhmət elan edilməsi haqqında əmrin imzalanaraq nüsxəsinin iddiaçıya təqdim edilməsi hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)- 8495/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarı ilə iddia mahiyyəti üzrə qiymətləndirilən hissədə təmin edilmiş, Cavabdeh 05 dekabr 2023-cü il tarixli imtinası qanunsuz hesab edilməklə İddiaçı və digər üçüncü şəxslərin mülkiyyətində olan 639 kv.m. torpaq sahəsində mövcud olmuş texniki pasportda təsərrüfat otaqları Liter A, mərtəbə 1, otaq nömrəsi 2, 3, 4 kimi göstərilən yararsız vəziyyətə düşmüş tikililərin Şəhərsalma və Tikinti Məcəlləsinin 79cu maddəsinin tələblərinə (eləcə də həmin maddədə göstərilən həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikilinin inşasına icazənin tələb olunmaması və ölçü həddləri keçmədiyi hallarda məlumatlandırma icraatının şamil edilməməsi nəzərə alınmaqla) uyğun olaraq bərpa edilməsinə maneələrin törədilməsi Cavabdehnə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-8495/2024 nömrəli, 06 sentyabr 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8495/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarının nəticə hissəsində yol verilmiş yanlışlıq düzəldilmiş, qərarın nəticə hissəsində qadağanın müəyyən edilməli olduğu hissə aşağıdakı redaksiyada verilmişdir: Cavabdeh 05 dekabr 2023-cü il tarixli imtinası qanunsuz hesab edilməklə İddiaçı və digər üçüncü şəxslərin mülkiyyətində olan 639 kv.m. torpaq sahəsində mövcud olmuş texniki pasportda təsərrüfat otaqları Liter A, mərtəbə 1, otaq nömrəsi 2, 3, 4 kimi göstərilən yararsız vəziyyətə düşmüş tikililərin Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin tələblərinə (eləcə də həmin maddədə göstərilən həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikilinin inşasına icazənin tələb olunmaması və ölçü həddləri keçmədiyi hallarda məlumatlandırma icraatının şamil edilməməsi nəzərə alınmaqla) uyğun olaraq bərpa edilməsinə maneələrin törədilməsi Cavabdehnə qadağan edilsin. Hazırda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8495/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarından cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi aparılarkən cavabdehə proses iştirakçısı olaraq məlumat verilməmiş və əsassız olaraq cavabdehin iştirakı olmadan qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin iştirakını təmin etmədiyindən hüquq və mənafelərini düzgün ifadə edə bilməmişlər. Bu hissədə məhkəmə hərəkətsizlik nümayiş etdirmişdir və icraat barədə qərar rəsmi qaydada cavabdehə çatdırıldıqdan sonra məlumat almışlar. İddiaçı müraciətinə əsasən, xx.xx.2023-cü il tarixli, 5-13-1-A-104- 151/2023 saylı cavab məktubunda da qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan ümumi sahəsi 639 kv.m olan torpaq sahəsinin təyinatı fərdi yaşayış evindən ibarətdir. İddiaçı həmin torpaq sahəsinin üzərində 418 kv.m sahədə tikinti işləri aparmışdır. Həmin torpaq sahəsində əlavə tikinti işlərinin aparılması qeyri-qanunidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 51 nömrəli qərarına əsasən həyətyanı torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin tikinti əmsalı 40 faizdən çox və tikinti sıxlığı əmsalı 60 faizdən çox olmamalıdır. İddiaçı bu qaydaların tələblərinə riayət etməmiş və yeni yardımçı tikili inşa etmişdir. Bu səbəbdən həmin torpaq sahəsində tikinti işləri tərəflərindən dayandırılmışdır. Bundan əlavə yardımçı tikili torpaq sahəsinin sərhədlərində tikilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Ara məsafəsi divar hündürlüyünün 0.6 hissəsi qədər olmalıdır. İddiaçı bu qaydalara da riayət etməmiş və tələbləri pozmuşdur. Bundan əlavə, iddiaçı inşa etdiyi yardımçı tikilidən qeyri-yaşayış sahəsi kimi istifadə etmək niyyətindədir. Belə ki, bundan əvvəl iddiaçının həmin yardımçı tikilinin yerində kiçik “budka” tipli qeyriyaşayış kimi istifadə edilən obyekti olmuşdur. İddiaçının hazırda yardımçı tikilini tikməkdə əsas məqsədi kommersiya fəaliyyəti ilə məşğul olmaqdır. Qeyri-yaşayış sahəsi kimi fəaliyyətin özbaşına tikilidə olması qeyri-qanunidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və üçüncü şəxs K.Mahmudovun nümayəndəsi, eyni zamanda üçüncü şəxs X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iddia (hazırda baxılan hissədə də) mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından göründüyü kimi, iddia tələbi bir hissədə mümkün sayılmamış, digər hissədə isə təmin edilərək Cavabdeh 05 dekabr 2023-cü il tarixli imtinası qanunsuz hesab edilməklə İddiaçı və digər üçüncü şəxslərin mülkiyyətində olan 639 kv.m. torpaq sahəsində mövcud olmuş texniki pasportda təsərrüfat otaqları Liter A, mərtəbə 1, otaq nömrəsi 2, 3, 4 kimi göstərilən yararsız vəziyyətə düşmüş tikililərin Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin tələblərinə (eləcə də həmin maddədə göstərilən həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikilinin inşasına icazənin tələb olunmaması və ölçü həddləri keçmədiyi hallarda məlumatlandırma icraatının şamil edilməməsi nəzərə alınmaqla) uyğun olaraq bərpa edilməsinə maneələrin törədilməsi Cavabdehnə qadağan edilmişdir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bərpa edilməsinə maneələrin törədilməsinin cavabdehə qadağan edildiyi tikililər iddiaçı tərəfindən tikilərək yekunlaşdırılmış və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılaraq yeni çıxarış və texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və texniki pasportdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov küçəsi, döngə 1, ev 2 (Yeni qaydalarla: AZ 1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xaqani küçəsi, giriş 56 ynvanında yerləşən fərdi yaşayış evinə (sahəsi 309.90 kv.m) və torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları, sahəsi 0.0639 ha) xüsusi mülkiyyət hüququ 5/8 hissə İddiaçı, 1/8 hissə X5, 1/8 hissə X4, 1/8 hissə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və həmin əmlaka dair texniki pasport tərtib edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, bərpa edilməsinə maneələrin törədilməsinin cavabdehə qadağan edildiyi tikililər iddiaçı tərəfindən tikilərək yekunlaşdırılmış və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Qeyd olunan tələb üzrə tərəflər arasında mübahisə artıq mövcud deyildir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8495/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar