Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-779/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair çıxarışın verilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3883/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 1290 a nömrəli, xx xxx 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında Dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan-ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1290 a nömrəli, xx xxx 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsidə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi tərəfindən mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsindən faktiki olaraq təyinatı üzrə həyatyanı sahə kimi istifadə edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli müraciəti İdarəyə daxil olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən məyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin sərhədləri şərtidir, mərzçəkmə və hasarlanma işləri tam aparılmamışdır. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində ölçülər göstərilməmiş və faktiki vəziyyət ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda təqdim edilmiş yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı İdarə tərəfindən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə **********86 saylı, xx.xx.2019-cu il tarixli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının 3/10-647 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar olunmadığı bildirilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********94 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3883/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin yazılı etirazının məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3pellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi hazırda ondadır və hasara alınmışdır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290 a saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmış və həmin sərəncama əsasən Badamdar qəsəbə nümayəndəsi tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin sərhədləri şərtidir, mərzçəkmə və hasarlanma işləri tam aparılmamışdır, həmçinin təqdim edilmiş yerləşmə cizgisində ölçülər göstərilməmişdir və faktiki vəziyyət ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda təqdim edilmiş yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı idarə tərəfindən Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş və sorğuya cavab olaraq sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar olunmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290 a saylı sərəncamı əsasında ayrıldığından və həmin sərəncam Dövlət Arxivinin Bakı filialında mövcud olduğundan, həmin sərəncama əsasən torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edildiyindən cavabdehin imtinasını əsassız hesab etmiş və iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının əsasını, iddiaya yazılı etirazının və apellyasiya şikayətinin dəlillərini sözügedən torpaq sahəsinin sərhədlərinin şərti olduğu, mərzçəkmə və hasarlanma işlərinin tam aparılmadığı, həmçinin təqdim edilmiş yerləşmə cizgisində ölçülərin göstərilmədiyi və faktiki vəziyyət ilə uyğunsuzluq olduğu təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Savalan» Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli Qərarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, «… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.» İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. . Onun belə bir əsas kimi istinad və təqdim etdiyi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1290a nömrəli sərəncamı isə sözügedən kateqoriyaya aid hüquqi akt deyil. Çünki həmin sənəddə mübahisəli torpaq sahəsinin iddiaçıya özgəninkiləşdirildiyi yaxud onun icarəsinə və ya istifadəsinə verildiyi qeyd olunmamışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisi sərəncam veriləndən 6 il sonra səlahiyyəti olmayan qəsəbə nümayəndəsi tərəfindən tərtib edilməklə, sözügedən torpaq sahəsinin sərhədləri şərtidir, mərzçəkmə və hasarlanma işləri tam aparılmamışdır. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində ölçülər göstərilməmiş və faktiki vəziyyət ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda təqdim edilmiş yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı İdarə tərəfindən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə **********86 saylı, xx.xx.2019-cu il tarixli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının 3/10-647 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar olunmadığı bildirilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********94 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır və qeyd edir ki, müvafiq torpaq sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd inzibati orqana təqdim olunmadığından cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməli (İPM-87.6), şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3883/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair çıxarışın verilməsi tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-779/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-779/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver