Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-779/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məlumatın verilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-10476/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 16.09.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hal-hazırda yaşadığı ünvanı özəlləşdirmək üçün 1963-cü ildə verilmiş texniki pasportun kimə məxsus olduğunu aşkarlanıb, ona məlumat və surətini arxiv sənədi əsası kimi verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1995-ci ildə ünvan 2 ünvanında doğulmuşdur, hal-hazırda bu ünvanda ailəsi ilə birlikdə yaşayır. Ondan da əvvəl mərhum atası, bu mənzildə dünyaya göz açıb, boya-başa çatıb, hal-hazırda rəhmətə getmişdir. Atasının ona şifahi vəsiyyətnaməsinə əsasən, yaşadığı ünvanda ev-eşik ağsaqqallarının adına 1963-cü ildə texniki pasport üzərində qeydiyyata alınıb. Həmin ərəfədə atası azyaşlı olduğuna görə, babasıgili öz yaxınlarının adına texniki pasport alınması üçün 18 yaşa çatmadığına görə hansısa yaxın qohumun adına rəsmiləşdirilib. Hal-hazırda bugünki gündə 3-4 sorğu əsasında ona verilən cavab nəticəsiz olduğu üçün məcbur olub, məhkəməyə müraciət etmişdir. Həmin etiraz məktublarını ərizəsində qoşmada göstərmişdir. Buna baxmayaraq, həmin fərdi yaşayış həyətində qapıları ayrı olsa da əmisioğlu X12 ailəsiylə birlikdə, fərdi yaşayış həyətinin ikinci darvazasından istifadə ediblər, lakin eyni ünvanda şəxsiyyət vəsiqəsinə əsasən "Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, döngə 2, ev 1” kimi göstərilmişdir. 25.10.2021-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, 1 saylı Daşınmaz Əmlak İdarəsinin arxiv şöbəsindən sənədlərin düzgün alınması üçün mütəxəssis iştirakının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-10476/2021 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-10476/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək vərəsəsi olduğu X8 adına ünvan 3 ünvanında yerləşən əmlak barədə məlumat verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan isə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin X8 adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat və tərtib edilmiş texniki pasportun aşkar edilməməsini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın ilkin olaraq X5 adına qeydiyyata alınması, vərəsəlik haqqında şəhadətnaməyə əsasən X2 və X6 mülkiyyətinə keçdiyi, X7 mülkiyyətində olan payını Manıyev X1 müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının vərəsəsi olduğu şəxsə məxsus əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat aparılmadığından, eləcə də cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində hər hansı hüquqmüəyyənedici sənədlər və texniki sənədlər aşkar edilmədiyindən, eyni zamanda iddiaçının konkret ünvan göstərilməklə barəsində sənədlər verilməsini iddia etdiyi ünvan 2 ünvanı üzrə hüquqmüəyyənedici sənədlər başqa şəxslərə məxsus olduğundan hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı subyektiv hüququnun pozulması müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin hərəkət və ya hərəkətsizliyindən iddiaçının hər hansı hüquqlarının pozulması müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçı tərəfindən məhkəməyə ərizə , Bakı şəhəri, Xəzər ray., Şüvəlan qəs., Səməd Vurğun küç., dalan 2, 3 saylı sahənin X3 məxsus olması barədə reyestrdən çıxarış və plan-ölçü təqdim edilmişdir. Ərizəyə əsasən o, Bakı şəhəri, Xəzər ray., Şüvəlan qəs., Səməd Vurğun küç., dalan 2, 3 saylı sahəyə çıxarış aldığını,torpaq sahəsinin 30.12.2021ci il tarixdə qeydiyyata alınmış X3 məxsus olduğunu, hal-hazırda vərəsəlik işinin şəhadətnamə əsasında onun adına keçməsinə işinə dair 7 saylı notariatda iş getdiyini qeyd etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında birinci instansiya məhkəməsi tərəfindən ona yardım edilmədiyini bu səbəbdən məhkəmə qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında olan 04.11.2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım təklif edilmiş, iddiaçı isə izah edilənlərin ona aydın olduğunu,təqdim etdiyi tələbi üzrə işə baxılmasını xahiş etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının izahatından fərqli olaraq, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya müvafiq yardım təklif edilmiş, iddiaçı isə təqdim etdiyi tələb üzrə işə baxılmasını xahiş etmişdir. Digər tərəfdən iddiaçının hazırkı iş üzrə tələbi “yaşadığı ünvanı özəlləşdirmək üçün 1963-cü ildə verilmiş texniki pasportun kimə məxsus olduğunu aşkarlanıb, ona məlumat və surətini arxiv sənədi əsası kimi verilməsi” olmuş, onun təqdim etdiyi ərizədə isə Bakı şəhəri, Xəzər ray., Şüvəlan qəs., Səməd Vurğun küç., dalan 2, 3 saylı sahəyə çıxarış alması, torpaq sahəsinin X3 məxsus olması, hal-hazırda vərəsəlik işinin şəhadətnamə əsasında onun adına keçməsinə işinə dair 7 saylı notariatda iş getməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi təmin edilmiş, müvafiq sahənin kimə məxsus olması müəyyən edilmiş, hətta daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Göründüyü kimi, hazırkı tələblə bağlı iş üzrə tərəflər arasında hər hansı mübahisə mövcud deyil, iddiaçının birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə dəlili isə iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-10476/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-779/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-779/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver