Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-779/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə (üçüncü şəxslər: X10, X12 və X11) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7811/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X10, X12 və X11) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilində qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü X10, xx.xx.1993-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X5 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10, X12 və X11 (bundan sonra üçüncü şəxslər) zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 22a saylı evin 1 nömrəli mənzili onun mülkiyyətindədir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən, xx.xx.1962-ci il təvəllüdlü X10; xx.xx.1993-cü il təvəllüdlü X12; xx.xx.2018-ci il təvəllüdlü X11 həmin mənzildə qeydiyyatdadırlar. Həmin şəxslərin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 22a saylı evin 1 nömrəli mənzilində qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, o cümlədən sərəncam vermək hüququnu əsassız olaraq məhdudlaşdırır. Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə xx.xx.2022-ci il tarixli məktubla müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7811/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, üçüncü şəxs xx.xx.2018-ci il təvəllüdlü X5 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22a ünvanında yerləşən 1 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv olunması, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, üçüncü şəxslərin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 22a saylı evin 1 nömrəli mənzilində qeydiyyatda qalması İddiaçı mülkiyyət hüquqlarını, o cümlədən sərəncam vermək hüququnu əsassız olaraq məhdudlaşdırır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub, iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, üçüncü şəxslər X12 və X11 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunan hissəsindən üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız iddiaçının verdiyi apellyasiya şikayəti həddində qərarı – iddianın təmin olunmamış hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş və imtina cavabı almış, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıdakı normalarına diqqət yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və birinci instansiya məhkəməsinin yoxlanılan hissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, 010-22/İ saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X13 ünvan 1 ünvanında yerləşən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermiş, iddiaçının həmin mənzilə mülkiyyət hüququ xx.xx.2022ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - AY seriyalı 0003 nömrəli H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi tərəfindən möhürlənmiş xx.xx.1999-cu il tarixli orderdən görünür ki, ailə tərkibində hazırkı işdə digər üçüncü şəxslər X4 və X6 adları göstərilmişdir. -Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin 62 nömrəli xx.xx.2022-ci il tarixli X7 verilmiş arayışından görünür ki, o və oğlu X1 rayonu, Zığ yolu küçəsi, 22 ”a” saylı evin 1 nömrəli mənzilində qeydiyyatdadır. Arayışda göstərilmişdir ki, bina yataqxana tipli iki mərtəbəlidir, mənzil birinci mərtəbədə yerləşir, 2 otaqlıdır. Bu mənzilin 9 mərtəbəli bir bloklu ev sahibi X8 mənzilinə heç bir aidiyyəti yoxdur. -Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin 295 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Xətai rayonu, Zığ yolu küçəsi, 22 ”a” saylı evin 1 nömrəli mənzilində qeydiyyatdadır. 9 mərtəbəli bir bloklu binanın birinci mərtəbəsində 3 otaqlı mənzilin ev sahibidir, mənzil ona aiddir və ailə ilə birlikdə yaşayır. Həmçinin, X10, X12 və X11 2 mərtəbəli evin birinci mərtəbəsində qeydiyyatdadırlar və yaşayırlar. -Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında xx.xx.1993-cü il təvəllüdlü X12 xx.xx.2009-cu il tarixdən hazıradək, xx.xx.1962-ci il təvəllüdlü X10 xx.xx.2005-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq: H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin Həmkarlar Komitəsinin Rəyasət Heyətinin xx.xx.1999-cu il tarixli iclasının 9 saylı protokolunun gündəlik məsələsi – Ailələr üçün yataqxana otaqlarının verilməsi haqqında qərarına əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22A ünvanındakı ailələr üçün yataqxananın yaşayış sahəsi 31.3 kv.m olan 2 otaqlı 1 nömrəli mənzili X2 (4 nəfərdən ibarət ailə tərkibi ilə birlikdə) verilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər Fatma Yunanova və Aydın Yunanov iddiaçı ilə eyni ünvan göstəricilərinə malik başqa bir mənzildə yaşayırlar və həmin mənzil üzrə qeydiyyata alınmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslər Fatma Yunanova və Aydın Yunanovun iddiaçının mülkiyyətində olan mənzildə deyil, həmin mənzillə eyni rekvizitlərə malik özlərinə məxsus fərqli mənzildə qeydiyyatda olmaqla yaşadıqları sübuta yetirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, üçüncü şəxslər Fatma Yunanova və Aydın Yunanovun ünvan 3 ünvanında qeydiyyatı iddiaçının hüquqlarını pozmur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: - 1.5-ci bəndinə əsasən Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. - 3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). - 3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4-cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. - 3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. - 4.1-ci bəndinə əsasən ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatların müvafiq internet saytında yerləşdirilməsi Dövlət Xidməti tərəfindən təmin edilir. - 4.2-ci bəndə əsasən Dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Bu qaydalar qüvvəyə mindiyi günədək verilmiş sənədlərdə qeyd edilən ünvanlar zəruri hallarda ünvan reyestrinə daxil edilmiş yeni ünvan göstərilməklə istifadə edilə bilər. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Dövlət Xidməti obyektin mülkiyyətçisinə bu barədə məlumat verir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7811/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-779/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-779/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver