Məhkəmə qərarları › İş №2-1(103)-779/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-779/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-779/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya işlədiyi illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4338/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 sentyabr 1978-ci il tarixdən 31 may 2020-ci il tarixədək işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-4338/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1978-ci tarixdən başlayaraq Bakı şəhəri 2 nömrəli Texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci il tarixdə həmin məktəbi bitirmişdir. xx.xx.1984-cü ildə tarixdə “Azərbaycan Dəmir Yolları“ QSC-nin Bakı Lokomotiv Deposunda elektrik qatarlarının maşinist köməkçisi və elektrik qatarlarının maşinisti vəzifələrində işləmişdir. Sonra isə öz ərizəsi ilə işdən azad edilərək xx.xx.1993-cü ildən X3 Komandasında yanğınsöndürən vəzifəsində işləmiş, xx.xx.1994-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Əmək kitabçasında iddiaçının işə daxil olma və işdən çıxarılma əmrlərinin tarixləri və nömrələri barədə də müvafiq qeydiyyat aparılmışdır. Həmin qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Həmçinin Bakı Lokomotiv Deposundan iddiaçıya iş stajının təsdiq olunması üçün verilən açıqlama arayışında da həmin məlumatlar öz əksin tapmışdır. Həmin sənədlərdən məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi stajı olmuşdur ki, bu müddətin də 12 il 6 aydan çox müddətini güzəştli iş stajı təşkil edir. Lakin təəssüf ki, işə baxan məhkəmə bütün bu halları tam və hərtərəfli şəkildə araşdırmamış və yalnız qarşı tərəfin formal mülahizələrini əsas götürmüşdür. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur (57 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur). İş materiallarında olan X5 Təhsili Komitəsi tərəfindən xx.xx.1981-ci ildə verilmiş B seriyalı 814440 nömrəli diplomuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Bakı şəhəri 2 nömrəli texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə teplovozun maşinist köməkçisi peşəsi üzrə tam kursu bitirərək ümumi orta təhsil almışdır. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim olunan sənədlərdən göründüyü kimi iddiaçının ümumi iş stajı 25 ildən az (15 il 9 ay 4 gün (xx.xx.1978xx.xx.1981, xx.xx.1981-xx.xx.1983, xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1987, xx.xx.1987-xx.xx.1990, xx.xx.1991-xx.xx.1992, xx.xx.1993-xx.xx.1994, xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (3 il 1 ay 25 gün (xx.xx.1984-xx.xx.1985, xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12815,58 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək Bakı şəhər 2 nömrəli texniki peşə məktəbində təhsil alıb, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək Sovet Ordusu sıralarında xidmət edib, xx.xx.1984-cü il tarixdə A.A.Cəfərov adına Azərbaycan Dəmir Yollarının X1 teplovoz maşinistinin köməkçisi vəzifəsinə qəbul edilib, xx.xx.1985-ci il tarixdə Bakı texniki məktəbinin nəzdində teplovoz maşinistləri üçün kurslara göndərilib, xx.xx.1985-ci il tarixdə Azərbaycan Dəmir Yollarının Bakı texniki məktəbinə teplovoz maşinistləri üçün kursa qəbul edilib, xx.xx.1986-cı il tarixdə Teplovoz maşinistləri üçün kursu bitirib, xx.xx.1986-cı il tarixdə Bakı texniki məktəbini bitirdikdən sonra A.A.Cəfərov adına Azərbaycan Dəmir Yollarının X1 Keşlə stansiyasına teplovoz maşinistinin köməkçisi vəzifəsinə qəbul edilib, xx.xx.1987-ci il tarixdə tutduğu vəzifədən azad edilib, xx.xx.1987-ci il tarixdə 7 nömrəli Dəmir-beton məmulatları zavodu CRX-nə teplovoz maşinisti vəzifəsinə qəbul edilib, xx.xx.1990-cı il tarixdə tutduğu vəzifədən azad edilib, xx.xx.1991-ci il tarixdə “Geofizcihaz” İB yanında “Fərəh Firması” kooperativinə ekspeditor vəzifəsinə qəbul edilib, xx.xx.1991-ci il tarixdə “Yüngül Konstruksiyaların Xüsusi Montajı” KM-nə köçürmə yolu ilə tutduğu vəzifədən azad edilmişdir, xx.xx.1991-ci il tarixdə “Yüngül Konstruksiyaların Xüsusi Montajı” KM-nə köçürmə yolu ilə ekspeditor vəzifəsinə qəbul edilib, xx.xx.1992-ci il tutduğu vəzifədən azad edilib, xx.xx.1993-cü il tarixdə Azərbaycan Dəmir Yolu Biləcəri hərbiləşdirilmiş mühafizə dəstəsi Biləcəri yanğından mühafizə komandasının yanğınsöndürən vəzifəsinə qəbul edilmişdir, xx.xx.1993-cü il tarixdə həmin komandanın bölmə rəisi vəzifəsinə keçirilib, xx.xx.1994-cü il tarixdə Azərbaycan Dəmir Yolu Biləcəri Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin Biləcəri stansiyasında yanğınsöndürmə komandasının bölmə rəisi vəzifəsinə keçirilib, xx.xx.1994-cü il tarixdə tutduğu vəzifədən azad edilib, xx.xx.2005-ci il tarixdə “Azərikimya İstehsal və X4” ASC-də bağlanmış əmək sazişinə əsasən TEM-2-2011 markalı teplovoza maşinist təyin edilmişdir, xx.xx.2007-ci il tarixdə işdən azad edilmişdir, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC şirkətində Çeşidləyici vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin xx.xx.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, təhsil və hərbi xidmət dövrü də daxil olmaqla iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 15 il 09 ay 27 gün təşkil edir. Göründüyü kimi, 01 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən azdır. Ümumiyyətlə əmək kitabçasında iddiaçının bugünədək olan ümumi iş stajı 16 il 11 gün 16 gün təşkil edir (xx.xx.1978-xx.xx.1981 (təhsil), xx.xx.1981-xx.xx.1983 (hərbi xidmət), xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1987, xx.xx.1987-xx.xx.1990, xx.xx.1991xx.xx.1992, xx.xx.1993-xx.xx.1994, xx.xx.2005-xx.xx.2007, xx.xx.2020-xx.xx.2020). Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı həm cavabdehə, həm də məhkəməyə təqdim edilməmişdir. Lakin iddiaçının yalnız xx.xx.1984-xx.xx.1984 və xx.xx.1986-xx.xx.1987-ci illərdə işlədiyi Azərbaycan Dəmir Yollarının X1 teplovoz maşinistinin köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı»nda (XXVİİİ Bölmə. Nəqliyyat; 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000—14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda (Bölmə 21. Nəqliyyat; 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı 12 il 6 aydan azdır (cəmi 03 il 01 ay 25 gün). Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12815,58 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə iddiaçının ümumi iş stajı 25 ildən (cəmi 16 il 11 gün 16 gün) və güzəştli iş stajı 12 il 6 aydan (cəmi 03 il 01 ay 25 gün) azdır. Bu səbəbdən də iddiaçının istər 57 yaşının tamam olduğu xx.xx.2019-cu ildən, istərsə də 60 yaşının tamam olduğu xx.xx.2022-ci ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4338/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar