Məhkəmə qərarları › İş №2-1(103)-779/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-779/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-779/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərarının mübahisələndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının vəkili Vəkil1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2022-ci il tarixli, **********894100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ilə İddiaçı Firması (bundan sonra – iddiaçı) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı Firmasının ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Firma tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 43000 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “süfrə (stol 160*90) (hazır 240* 170), xələt (1250qr XL), miflon (stol 160*90), can dəsmalı (600qr 90*150), yorğan üzü (cüt nəfərlik 200*220), ruçnik (50*50) ağ x/b və s.” qeyd olunduğu müəyyən edilsə də, lakin elektron qaimə faktura üzrə onun alışında, idxalında qeyd edilən mallar və ya onların istehsalı üçün xammal müəyyən edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********894100 nömrəli xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı inzibati icraat və vergi qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən tamamilə əsassız və qanunsuzdur. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. İddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmaqla, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın həcmindən vergi ödəyir. Belə olan halda, hansı vergi üstünlüyü (vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma) və vergidən yayınma sxemindən (vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat) söhbət gedir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndində göstərilir ki, bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir. İnzibati orqanın istinad etdiyi həmin Meyarların 3.1.1-ci yarımbəndində göstərilir ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı həmin əməliyyatlar riskli əməliyyat hesab olunur. Göründüyü kimi, qanunverici vergi ödəyicisi tərəfindən aldığı maldan fərqli malın satılması halını nəzərdə tutub. Hazırkı məsələdə belə hal mövcud deyildir.

5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən iddiaçının qarşılıqlı əməliyyatları təhlil olunmuş, Firması tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 43,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda Süfrə (stol 160*90) (hazır 240*170), Xələt (1250qr XL), Miflon (stol 160*90), Can dəsmalı (600qr 90*150), Yorğan üzü (Cüt nəfərlik 200*220), Ruçnik (50*50) ağ x/b və s. qeyd olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisinin elektron qaimə faktura üzrə alışında idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 3.1.1-ci bəndlərinə əsasən Firma riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2022-ci il tarixli **********894100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Almazova) 27 mart 2023-cü il tarixli, 2- 1(112)-1592/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə” **********894100 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuşdur.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4, 2.1, 3.1-ci bəndlərinə istinadən qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. Belə ki, cavabdeh öz qərarında formal olaraq iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyini qeyd etsə də, məhkəməyə bu halı (fərqli mallar alınmasını) təsdiq edən alınma sənədlərini və ya bu barədə hər hansı sübut təqdim etməmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-197/2024 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və P.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti vermişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1462/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-197/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

14. Kassasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, aşağı instansiya məhkəmələri tərəfindən Meyarların 3-cu bəndinin hazırkı hala tətbiq edilməməsi ilə bağlı gəldikləri nəticə həmin normanın dar və hərfi mənada təfsiri ilə bağlı olmuşdur. Belə ki, Meyarların 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur.

15. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olunur ki, yalnız o əməliyyat riskli hesab edilə bilər ki, şəxs müəyyən sayda mal almış olsun, daha sonra aldığı maldan daha artıq mal təqdim etsin (məsələn, 100 ədəd komputer almış, lakin 105 ədəd satmışdır). Həmçinin, aşağı instansiya məhkəmələrinin mövqeyinə görə 0 mal alıb 5 ədəd mal satmaq riskli hesab edilmir (məsələn, 0 ədəd komputer almış, lakin 5 ədəd satmışdır.

16. Məhkəmə kollegiyası riskli vergi ödəyiciləri konsepsiyasının yuxarıda sadalanan iqtisadi və legitim əhəmiyyətindən çıxış edərək vurğulayır ki, normanın bu cür təfsiri və şərhi ümumilikdə qanunvericinin bu sahədəki tənzimləmə ilə bağlı qarşıya qoyduğu məqsədə ziddir.

17. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur. 32.Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

d) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Meyarlara əsasən iddiaçının əməliyyatları təhlil olunmaqla vergi ödəyicisinin elektron qaimə faktura üzrə alışında idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qərarın qəbul olunma səbəblərindən biri də əmtəəsiz əməliyyatların qarşısının alınmasıdır.. Vergi ödəyicisi istehsal fəaliyyəti ilə məşğul olsa da heç bir malın alış sənədi aşkar olunmamışdır. Xammal alınmadan istehsal fəaliyyəti ilə məşğul olmaq mümkünsüzdür. Vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olan şəxsdən mal alındıqda Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən elektron qaimə faktura təqdim edilməli, vergi orqanında uçotda olmayan şəxslərdən mal alındıqda isə Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən elektron alış aktı tərtib edilməlidir. Vergi ödəyicisinin uçot–baza məlumatlarında isə qeyd olunan sənədlərdən heç biri aşkar edilməmişdir. Lakin məhkəmə qeyd olunanlardan heç birini nəzərə almayaraq “fərqli malların alınması” ifadəsini əsas götürməklə ədalətsiz qərar çıxarmış, həmin əməliyyatın əmtəəsiz-əməliyyat olubolmamasını ümumiyyətlə araşdırmamışdır.

e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

f) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; Maddə 109. Gəlirdən çıxılmayan xərclər 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır; Maddə 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”:

Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir; Bənd 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur; Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər; Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır; Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır; Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı (mübahisələndirilən qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı) məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

33. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

34. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********894100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

35. İnzibati orqan belə qərara gələrkən qeyd etmişdir ki, İddiaçı Firmasının ƏDV subuçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Firma tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cəmi 43000 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “süfrə (stol 160*90) (hazır 240* 170), xələt (1250qr XL), miflon (stol 160*90), can dəsmalı (600qr 90*150), yorğan üzü (cüt nəfərlik 200*220), ruçnik (50*50) ağ x/b və s.” qeyd olunduğu müəyyən edilsə də, lakin elektron qaimə faktura üzrə onun alışında, idxalında qeyd edilən mallar və ya onların istehsalı üçün xammal müəyyən edilməmişdir.

36. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan vergi qanunvericiliyinin müddəaları tətbiq edilməlidir.

37. Belə ki, mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

38. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

39. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi, o cümlədən “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir.

40. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, Meyarlara əsasən iddiaçının əməliyyatları təhlil olunmaqla vergi ödəyicisinin elektron qaimə faktura üzrə alışında idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qərarın qəbul olunma səbəblərindən biri də əmtəəsiz əməliyyatların qarşısının alınmasıdır. Vergi ödəyicisi istehsal fəaliyyəti ilə məşğul olsa da heç bir malın alış sənədi aşkar olunmamışdır. Xammal alınmadan istehsal fəaliyyəti ilə məşğul olmaq mümkünsüzdür. Vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olan şəxsdən mal alındıqda Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən elektron qaimə faktura təqdim edilməli, vergi orqanında uçotda olmayan şəxslərdən mal alındıqda isə Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən elektron alış aktı tərtib edilməlidir. Vergi ödəyicisinin uçot–baza məlumatlarında isə qeyd olunan sənədlərdən heç biri aşkar edilməmişdir. Lakin məhkəmə qeyd olunanlardan heç birini nəzərə almayaraq “fərqli malların alınması” ifadəsini əsas götürməklə ədalətsiz qərar çıxarmış, həmin əməliyyatın əmtəəsiz-əməliyyat olubolmamasını ümumiyyətlə araşdırmamışdır.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər isə əlavə dəyər vergisinin əvəzləşdirilməsinə əsas vermir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir.

42. Sözügedən normaların malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.

43. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

44. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

45. Həmçinin, o da diqqətə alınmalıdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

46. Eyni zamanda nəzərə alınmalıdır ki, satış sənədini təqdim etmədən mal satan ödəyiciləri müəyyən etmək və belə halların qarşısını almaq isə cavabdeh vergi orqanının vəzifələrinə aid edilmişdir.

47. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya təqdim edilmiş elektron qaimələr üzrə iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəricilərindən fərqli mal çeşidlərinin göstərilməsi və yaxud iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onun aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması, eləcə də həmin müəssisə tərəfindən təsdiqedici sənədlərlə alınmamış malların satıldığının müəyyən edilməsi səbəbi ilə əməliyyatın riskli hesab edilməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır.

48. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.

49. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməlidir.

50. Kollegiya cavabdehin yuxarıda qeyd edilən apellyasiya şikayətinin dəlili ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-544/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanuna uyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman, məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

51. Ali Məhkəmənin oxşar mübahisə üzrə əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. (2-1(102)-2208/2023 №-li Qərar).

52. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasi kassasiya icraatı zamanı bildirmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən Meyarların 3-cu bəndinin hazırkı hala tətbiq edilməməsi ilə bağlı gəldikləri nəticə həmin normanın dar və hərfi mənada təfsiri ilə bağlı olmuşdur. Belə ki, Meyarların 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olunur ki, yalnız o əməliyyat riskli hesab edilə bilər ki, şəxs müəyyən sayda mal almış olsun, daha sonra aldığı maldan daha artıq mal təqdim etsin (məsələn, 100 ədəd komputer almış, lakin 105 ədəd satmışdır). Həmçinin, aşağı instansiya məhkəmələrinin mövqeyinə görə 0 mal alıb 5 ədəd mal satmaq riskli hesab edilmir (məsələn, 0 ədəd komputer almış, lakin 5 ədəd satmışdır. Məhkəmə kollegiyası riskli vergi ödəyiciləri konsepsiyasının yuxarıda sadalanan iqtisadi və legitim əhəmiyyətindən çıxış edərək vurğulayır ki, normanın bu cür təfsiri və şərhi ümumilikdə qanunvericinin bu sahədəki tənzimləmə ilə bağlı qarşıya qoyduğu məqsədə ziddir. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.

53. Yuxarıda qeyd olunanlarla bağlı kollegiya qeyd edir ki, vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları daha konkretdir. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Eyni zamanda həmin əsaslar malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdırmasına xidmət etməməli, vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilməli olmadığını, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə vergilərin müəyyən edilməsinin qadağan olunması, diskriminasiya xarakteri daşıya bilməməsindən ibarətdir.

54. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********894100 nömrəli, xx.xx.2022-ci il tarixli Qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 61-ci maddəsinin tələbləri pozulmuşdur.

55. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

56. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən qərarda iddiaçının riskli vergi ödəyicisi hesab olunmasının əsası kimi elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar və ya onların istehsalı üçün xammalın müəyyən edilməməsi qeyd olunmuşdur.

57. Lakin, mübahisələndirilən qərarın maddi əsaslandırmasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 3.1.1. bəndinə istinad olunmuşdur. Meyarların 3.1.1-ci bəndində qeyd olunmuşdur ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.

58. Göründüyü kimi, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın maddi hüquqi əsaslandırması kimi “Meyarlar”ın fərqli mal çeşidlərinin göstərilməsi ilə bağlı bəndinə, yəni 3.1.1-ci bəndinə istinad etdiyi halda işin faktiki halları isə tamamilə fərqli olmuşdur. Belə ki, mübahisə predmeti olan qərarın əsaslandırma hissəsi “Meyarlar”ın 3.1.2-ci bəndi (vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) ilə uyğunluq təşkil etdiyi halda, cavabdeh inzibati orqan tamamilə fərqli bəndə (vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə) əsaslanaraq inzibati aktı qəbul etmişdir.

59. Beləliklə də, cavabdeh inzibati orqan tərəfindən mübahisə predmeti olan inzibati akt qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən müddəlarının pozulduğu müəyyən olunur.

60. Cavabdehin etiraz və şikayətlərinin dəlillərindən belə qənaət hasil olur ki, o, iddiaçıya mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərdən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığına əsaslanmış, lakin iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması, tərəflərin müqavilə öhdəliklərini icra edib-etməməsi ilə bağlı araşdırma aparmamış, bununla da iddiaçının (vergi ödəyicisinin) xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etmişdir (VM-nin 36.2-ci maddəsi, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsi).

61. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir.

62. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi və bu əsasla ona əlavə vergi hesablaması istinad edilən normaların tələblərinə uyğun olmamışdır. Beləliklə, istinad edilən normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmadığından, iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuzdur və İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur.

63. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

64. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də inzibati icraat haqqında hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.

65. Vergi Məcəlləsinin 36.2.-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

66. (Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 xx.xx.2023-cü il tarixli Qərarında “Riskli vergi ödəyicisi” konsepsiyası və Riskli və (ya) əmtəəsiz əməliyyatların hüquqi nəticələr dəqiq və aydın izah edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-863/202; 2-1(102)-544/2024 və 2-1(102)-844/2024 mövqeyi eyni olaraq göstərilmişdir.) Həmçinin, daha sonra qəbul edilmiş Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2741/2024 nömrəli qərarında da “riskli vergi ödəyicisi” ilə bağlı mövqe oxşar olmuşdur.

67. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.

68. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

69. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

70. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

71. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar