Məhkəmə qərarları › İş №2-1(103)-78/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-78/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-78/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X39 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndələri X6, X29, 3-cü şəxs "xxxx" MMC nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs "xxxx" MMC) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2-1(81)-2430/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Cavabdeh başçısının yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında 280 saylı 03 noyabr 2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,02356 kv.m torpaq sahəsi onun qanuni istifadəsindədir, onun üzərində yerləşən ümumi sahəsi 368,7 kv.m olan 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi isə xüsusi mülkiyyətindədir. Qeyd edilən fərdi yaşayış evi yenidən tikilmişdir, əla səviyyədə təmir olunmuşdur. O və ailə üzvləri həmin evdə hazırda yaşayırlar. Hər kəsə məlum olduğu kimi bir mülkiyyətçi olaraq onun mülkiyyət hüququ milli qanunvericilik və «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» 4 noyabr 1950-ci il tarixli Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunur. Lakin, məlum olmuşdur ki, Cavabdeh başçısı Nəsimi rayonunun Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri- yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsini nəzərdə tutan 280 saylı 03 noyabr 2017-ci il tarixli sərəncam vermişdir. Yəni, başqa sözlə, belə çıxır ki, Cavabdeh başçısının həmin sərəncamı ilə onun xüsusi miülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən və onun qanuni istifadəsində olan torpaq sahəsi də, ona hər hansı formada məlumat verilmədən və onun hər hansı formada razılığı alınmadan "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Sərəncamdan görünür ki, sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı rəhbər tutularaq verilmişdir. Nazirlər Kabinetinin sözügedən qərarından görünür ki, qərar, qeyd edilən rayonların ərazilərində yerləşən qəzalı vəzivətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılmısı məqsədilə qəbul olunmuşdur və qərarda adları qeyd olunmuş rayon İcra Hakimiyyətlərinə isə 5 il müddətində təmin etmələri tapşırılmışdır. Lakin, Cavabdeh başçısının 280 saylı 03 noyabr 2017-ci il tarixli sərəncamından görünür ki, sərəncam Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı əsasında verilməsinə baxmayaraq, sərəncamda qəzalı və yaşayış üçün yararsız olan binaların deyil, Nəsimi rayonunun Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşoıv küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud, yəni bütün yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda sözügedən qərarda hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasının təmin edilməsinin tapşırılmasına baxmayaraq, sərəncamla torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilərək "xxxx" MMC-yə torpağa icarə müqaviləsinin bağlanmasını və icarə hüququnun qeydiyyata alınmasını təmin etməsi tapşırılmışdır. Nəticədə qeyd edilən qərarla dabandabana zidd olan sözügedən sərəncam əsasında "xxxx" MMC, Nəsimi rayonunun Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən, təkcə qəzalı və yaşayış üçün yararsız vəziyyətdə olan tikililəri deyil, mövcud olan bütün yaşayış binalarının sökülməsinə yönəlmiş qanunsuz hərəkətlərə başlamışdır ki, bu da yol verilməzdir. İddiaçı Cavabdehnə inzibati aktın etibarız hesab edilməsi ilə bağlı 01.02.2019- cu il tarixli ərizə ilə (ərizə cavabdehə rəsmi qaydada 04.02.2019-cu il tarixdə təqdim edilmişdir) müraciət etmişdir. Lakin ərizəsinin təqdim edildiyi tarixdən 35 gündən artıq müddət keçməsinə baxmayaraq tərəfindən ərizəsinə cavab verilməmişdir. Odur ki, hesab edir ki, Cavabdeh başçısının 280 saylı 03 noyabr 2017-ci il tarixli sərəncamı qanunsuz və əsassız olduğundan etibarsız sayılmalıdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarı ilə cavabdehə 5 il müddətində Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının, habelə rayonun ərazisində şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi cavabdehə həvalə edilmişdir. İddiaçıya məxsus ev də şəhərin ümumi görünüşünə xələl gətirir və mövcud şəhərsalma normalarına cavab vermir. Həmçinin, "xxxx" MMC tərəfindən sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. İddiaçı isə "xxxx" MMC-nin ədalətli təkliflərini qəbul etməyərək, müqavilə bağlamaqdan yayınır. Bununla da digər mülkiyyətçilərin hüquqlarını pozur. Halbuki, "xxxx" MMC İddiaçı və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdehnə qarşı “tikiləcək binada müvafiq yaşayış sahəsi ilə təmin edilməklə mənzildən çıxarılma” tələbinə dair 07 sentyabr 2018-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin 06.12.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı (ailə üzvləri ilə birlikdə) "xxxx" MMC tərəfindən aylıq 1000 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 500 kv.m. təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə çıxarılmaları qət edilmişdir. Bundan əlavə, iddiaçının torpaqla bağlı tələbi Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinin tələbləri baxımından əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2430/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mübahisədə cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyi halda iddiaçı sərəncamın əsassız olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, qanunsuzluğun nədən ibarət olmasını əsaslandıra bilmədiyindən iddia tələbi əsassızdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, şikayətdə qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2751/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2430/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-914/2020 saylı, 10.09.2020-ci il tarixli qərarına əsasən iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2-1(103)-2751/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində iddia ərizəsinin dəlilləri təkrarlanmaqla yanaşı əlavə olaraq qeyd edilmişdir ki, FHN Tikintiyə X9 Agentliyinin 12.01.2017-ci il tarixli 34/00074 saylı tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 03.03.2018-ci il tarixli akt məhkəmə qaydasında mübahisələndirilmiş və Nəsimi rayon Məhkəməsinin 2(006)-2603/2019 saylı 22.10.2019-cu il tarixli qətnaməsi ilə həmin akt iddiaçının evinə münasibətdə etibarsız hesab edilmişdir. İddiaçının ərizəsi əsasında eyni qurum tərəfindən sonradan tərtib edilmiş 13.05.2019-cu il tarixli aktda isə fərdi yaşayış evinin qəzalı olmadığı qeyd edilmişdir. Həmçinin, mübahisələndirilən sərəncamın rəhbər tutduğu Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli qərarı 17.12.2019-cu il tarixdə ləğv edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs "xxxx" MMC nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Cavabdeh başçısının 03 noyabr 2017-ci il tarixli 280 saylı sərəncamına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial – İqtisadi İnkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1731 saylı 25.11.2016- Cİtarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, "xxxx" MMC-yə Nəsimi rayonu Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun Baş konstruktoru Emil Əsədullayev, texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 nömrəli Memar-İnşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş 03.03.2017-ci il tarixli Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpic döngəsi ev 3, 4, 5,6, 8, 4-cü Kərpiçni dal 1, ev 3, 4, 5, 4-cü Kərpiçni ev 3, 4, 6,7, 8, 9, 10, 12,14,18 ünvanlarda yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında akta əsasən həmin yaşayış evlərinə texniki baxış keçirilən zaman müəyyən olunmuşdur ki, baxış keçirilən "xxxx" MMC-yə ayrılmış sahə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpic döngəsi 3, 4, 5, 6, 8, 4-cü Kərpiçni, dal 1, ev 3, 4, 5, 4-cü Kərpiçni ev 3, 4, 6,7, 8, 9, 10, 12, 14,18 saylı ünvanlarda yerləşir. Qeyd olunan ərazi 2 ədəd 2 mərtəbəli, 50 ədəd 1 mərtəbəli yaşayış evindən ibarətdir. Ərazidə yerləşən tikililər XX əsrin əvvəllərində inşa edilmişdir. Yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri, ağac konstruksiyasından inşa edilmişdir. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyasında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq erroziyaya uğraması müşahidə olunmuşdur. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində daşlar təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olunmuş kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış evləri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəmüvafiq hesab edilmir. ünvan 1 ünvanda yerləşən yaşayış evinin vəziyyəti haqqında 13 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintintidə X9 Agentliyi Azərdövlətsənayelayihə İnstitutunun Baş konstruktoru Emil Əsədullayev, 2 nömrəli memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Anar Vahid, 3 nömrəli memarinşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov tərəfindən tərtib edilmiş 13.05.2019-cu il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən müəyyən olunmuşdur ki, X1 28 mart 2019- cu il tarixli ərizəsinə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış evinə vizual baxış keçirilən zaman Yasamal Rayon İcra hakimiyyəti başçısının Tikintidə X9 Agentliyinə ünvanladığı 29 dekabr 2016- cı il tarixli, 2-9/1091 nömrəli məktubuna, Tikintidə X9 Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 nömrəli tapşırığına əsasən “Azərdövləttikintilayihə” DLİ-nun əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinə baxış keçirmiş, 03 mart 2017-ci il tarixində texniki baxış aktı tərtib edilmişdir. Baxış zamanı ərazidəki yaşayış evlərinin uzun müddət təmirsiz istismar edildiyi fiziki və mənəvi cəhətdən aşınmaya məruz qaldığı müəyyən olunmuşdur. Baxış zamanı 4-cü Kərpic döngəsi, ev 6 ünvanına daxildən baxış keçirmək mümkün olmamışdır. X1 müraciətinə əsasən qeyd edilən küçələrin kəsişməsində yerləşən 4-cü Kərpic döngəsi, ev 6 ünvanına vizual baxış keçiriərkən müəyyən edilmişdir ki, yaşayış evi 1 mərtəbəli, mansardlı olub planda düzbucaqlı şəkillidir. Evin 1-ci mərtəbəsinin bir hissəsi XX əsrin əvvələrində, 1-ci mərtəbənin digər hissələri və mansard mərtəbəsi isə 2000-2001-ci illərdə inşa edilmişdir. Yaşayış evinin əsas yükdaşıyan divarları əl ilə yonulmuş düzgün formalı əhəng daşından, bəzi hissələrdə isə mişarlanmış əhəng daşından yerinə yetirilmişdir. Mərtəbəarası örtüklər ağac materialındandır. Tavanı və döşəməsi ağac konstruksiyasındandır. Dam örtüyü mansard tipli olub, metal vərəqələrlə örtülmüşdür. Yaşayış evinə keçirilən vizual baxış zamanı evin sol yan fasad divarının pəncərə boşluğu üzərində şaquli istiqamətli olmaqla 2- 3 mm enində birtərəfli çat müşahidə olundu. Yaşayış evinin digər əsas yükdaşıyan divarlarında çat və zədələnmələr, ağac konstruksiyasından olan mərtəbəarası örtüklərində isə deformasiyalar müşahidə olunmadı, yaşayış evi təmirlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri Cavabdehnə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədləri hazırlanıb (tikinti layihələrinin işlənməsindən əvvəl) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırıdıqdan sonra Nəsimi RİH başçısının 03 noyabr 2017-ci il tarixli 280 saylı sərəncamı ilə Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2.-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisədə cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyi halda, iddiaçı sərəncamın əsassız olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, qanunsuzluğun nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, işə baxan apelyasiya instansiya məhkəməsi isə sərəncamın rəhbər tutduğu qərarın 17 dekabr 2019-cu il tarixdə ləğv olunduğu nəzərə alınaraq sərəncamın hüquqi qüvvəsi ilə bağlı qiymətləndirmə aparmadan, nəticədə qərarda yalnız işin hallarını və qanunvericilik normalarını sadalamaqla iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmaqla İPM-in 12.1, 12.2 və 87.8-ci maddələrinin tələblərini pozmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli 2(006)-3603/2019 saylı qətnaməsi ilk dəfə kassasiya instansiyasında təqdim olunduğundan, bu instansiyada isə yalnız maddi və prosessual hüquq normalarına qiymət verilə bildiyindən, lakin sözügedən akt hazırkı iş üzrə əhəmiyyətli olduğundan bu sübuta apellyasiya instansiya məhkəməsi tərəfindən işin digər halları ilə birlikdə qiymət verilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar kollegiya qeyd edir ki, Cavabdeh başçısının 03 noyabr 2017-ci il tarixli 280 saylı Sərəncamın icrası məqsədi ilə FHN Tikintiyə X9 Agentliyinin 12.01.2017-ci il tarixli 34/00074 saylı tapşırığına əsasən, “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri tərəfindən sözügedən ərazilərdə araşdırma aparılmış və həmin araşdırma əsasında Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi tərəfindən 03.03.2017-ci il tarixli “Bakı şəhəri, Nəsimi rayonu, 3-cü kərpic döngəsi ev 3,4,5,6,8, 4-cü Kərpiçni dal 1 ev 3,4,5, 4-cü Kərpiçni ev 3,4,6,7,8,9,10,12,14,18 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında” Akt tərtib edilmişdir. 25. Həmin akta əsasən, "xxxx" MMC-yə ayrılmış sahədə yerləşən tikililər XX əsrin əvvəllərində inşa edilmiş, divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuş, yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması, kommunikasiya xətləri və sistemlərinin yararsız vəziyyətdə olması, yaşayış evlərinin ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab verməməsi, yaşayış evlərinin məhdud işlək vəziyyətdə olması, yaşayış evlərində təmir-bərpa işlərinin aparılmasının texniki və iqtisadi cəhətdən məqsədəuyğun olmaması müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(006)-5652/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı” Malibo” MMC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “tikiləcək binada müvafiq yaşayış sahəsi təmin edilməklə mənzildən çıxarılma” tələbinə dair ilkin iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 3cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsi, ev 4/6 saylı mənzilin mülkiyyətçisi İddiaçı (ailə üzvləri ilə birlikdə X7, X24, X25, X13, X32, X30) "xxxx" MMC tərəfindən aylıq 1000 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 % əlavə edilərək) 500 kv.metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərtilə, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsi, ev 8, mənzil 1-in mülkiyyətçisi X14 (ailə üzvləri ilə birlikdə X15, X16, X26, X17, X27, X18, X12) "xxxx" MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 % əlavə edilərək) 62,4 kv.metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərtilə, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsi, ev 10 saylı mənzilin mülkiyyətçisi X4 (ailə üzvləri ilə birlikdə X19, daşdəmirov Azad Ələmdar oğlu, X8, X5) "xxxx" MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 % əlavə edilərək) 133,94 kv.metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərtilə çıxarılması, İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı “mülkiyyət hüququna müdaxilənin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2330/2019 saylı, 15 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdehnə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı 2(006)-2330/2019 saylı mülki iş üzrə icraatın 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Resopublikası FHN-ninTikintidə X9 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna qarşı “inzibati aktın qismən etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(103)- 12249/2019 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2330/2019 saylı, 15 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(103)-6593/2019 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(006)- 5652/2018 saylı qətnaməsindən ilkin idda tələbi üzrə cavabdehlər İddiaçı və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üzrə icraatın İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdehnə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-2330/2019 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli 2(006)-3603/2019 saylı qətnaməsindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin 03.03.2017- ci il tarixli “Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpic döngəsi ev 3,4,5,6,8, 4-cü Kərpiçni dal 1 ev 3,4,5, 4-cü Kərpiçni ev 3,4,6,7,8,9,10,12,14,18 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında” Aktı iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə qətnaməsi ilə sözügedən Akt iddiaçının əmlakına münasibətdə etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi tərəfindən tərtib edilmiş 03.03.2017-ci il tarixli “Bakı şəhəri, Nəsimi rayonu, 3-cü kərpic döngəsi ev 3,4,5,6,8, 4-cü Kərpiçni dal 1 ev 3,4,5, 4-cü Kərpiçni ev 3,4,6,7,8,9,10,12,14,18 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında” Aktın sözügedən qətnamə ilə iddiaçıya münasibətdə etibarsız hesab edilməsi mübahisləndirilən sərəncamın etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə və “Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 29 noyabr tarixli 868 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “Bakı şəhəri Sabunçu rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında 482 saylı, 17 dekabr 2019-cu il tarixli qərarı ilə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir. Nazirlər Kabinetinin 482 saylı, 17 dekabr 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Cavabdeh, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini.... həyata keçirsinlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində inzibati aktın etibarsız sayılmasının konkret əsasları göstərilmişdir. Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericiliyin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə aydın şəkildə inzibati aktı etibarsız edən hallar konkretləşdirilsin. İşin birinci instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçı inzibati aktın etibarsız sayılması üçün yuxarıda qeyd olunan əsaslardan hər hansı birinin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, hazırkı iş üzrə cavabdeh bunu sübut edə bilmiş, iddiaçı isə mübahisələndirilən inzibati aktın etibarsız hesab edilməsi üçün qanunvericilikdə göstərilən əsaslardan hər hansı birinin olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 2430/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar