Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-78/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-769/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyə görə əlillik dərəcəsinin bərpa olunması barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının 20 dekabr 2021-ci il tarixli **********9 №li qərarının ona aid hissədə ləğv olunmasını və xəstəliyə görə əlillik dərəcəsinin bərpa edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-769/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1989-1992-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində ali hərbi təhsil aldıqdan sonra 706 saylı briqadanın bölük komandiri vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlər zamanı xx.xx.1992-ci il tarixdə Laçın rayonunun ərazisində ağır yaralanmışdır. Hərbi hospitalda uzun müalicədən sonra hərbi həkim komissiyasının rəyinə əsasən müharibə dövründə xidmətə yararsız hesab edilərək xidməti arxa cəbhə hərbi hissələrində davam etdirmişdir. Bu müddət ərzində ağır kontuziyanın fəsadları mütəmadi özünü büruzə verdiyi üçün, dəfələrlə hospitalda müalicə kursları keçmişdir. Lakin bunlar lazımi effekt vermədiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli qərarı ilə “mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı astenonevrotik təzahürlər və kəllədaxili təzyiqin kəskin dərəcədə artması ilə müşayiət olunan serebral araxnoiditlə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasının, baş beyin əzilməsinin qalıq əlamətləri, sağ saidin yuxarı 1/3-nin odlu silah yaralanması nəticəsində sağ dirsək və orta sinirlərin zədələnməsinin hissi və hərəki pozulmalarla təzahür edən qalıq əlamətləri, sağ saidin funksiyasının cüzi dərəcədə pozulması” diaqnozu ilə Xəstəliklər Cədvəlinin 23b, 27c maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2007-ci il tarixli əmri ilə ordu sıralarından tərxis edilmişdir. xx.xx.2007-ci il tarixdə ƏƏSMN yanında Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə ona İİ qrup əlil statusu verilmiş və bunun əsasında əlilliyə görə pensiya təyin edilmişdir. 10 il müddətində hər il komissiyadan keçməklə bu status təsdiq edilmişdir. Artıq ömürlük İİ qrup əlil statusuna malik olduğu halda, 2021-ci ilin iyun ayında əlilliyi ləğv olunduğu barədə məlumat almışdır. Çoxsaylı şikayətlərə baxmayaraq, heç bir real müayinə keçirilmədən qərar dəyişdirilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə müvafiq ekspertiza təyin olunmuş, ekspertizanın həmin sahə üzrə elmi-təhqiqat mərkəzində keçirilməsi barədə verdiyi vəsatət təmin edilməmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 həvalə edilmişdir. Ekspertiza zamanı ekspertlər qismində Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 nümayəndəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona artıq əlilliyin təyin olunmaması barədə qərar qəbul etmiş 2 nəfər eyni nümayəndəsi iştirak etmişlər. Belə olan halda hər hansı obyektivlikdən söhbət ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə isə qeyd edilən qərarın tələblərinə əhəmiyyət verməyərək iddianı təmin etməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021cü il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnozun mətni: Başın travmalarının nəticələri. Mikro ocaqlı üzvi nevroloji nişanələr. Kəllədaxili təzyiqin artması ilə müşayiət olunan serebral araxnoiditin qalıq əlamətləri. Qapalı kəllə-beyin travması. Baş beynin sirkələnməsi qalıq əlamətləri. Sağ saidin yuxarı 1/3-nin odlu silah yaralanmasının nəticəsi, sağ dirsək və orta sinirinin zədələnməsi hissi və hərəki pozulmalar. İmtina səbəbi - Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz Əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 2305 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı steno-nevrotik təzahürlər və kəllədaxili təzyiqin kəskin dərəcədə artması ilə müşayiət olunan serebral araxnoiditlə nəticələnmiş keçirilimiş qapalı kəllə-beyin travmasının (09.2005), beyin əzilməsinin qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sağ saidin yuxarı 1/3-nin odlu silah yaralanması nəticəsində sağ dirsək və orta sinirlərinin hissi və hərəki pozulmalarla təzahür edən qalıq əlamətləri, sağ saidin funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərb xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxarı ətrafların hərəkətləri sərbəstdir. Romberq vəziyyətində dayanıqlıdır. Nevroloji ocaqlı üzvi əlamətlər müəyyən edilməmişdir. Göndəriş əsassız rəsmilləşdirilmişdir (İTS). Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Bakı şəhər sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2023 və xx.xx.2024-cü il tarixli məktublarınıza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 11 nömrəli Şəhər Poliklinikasının 2749003AAEB1 nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin məktuba əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1230/2024 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 2749003AAEB1 nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-1895/2023 nömrəli qərardadına və 3-17- 4/2-M-599/2024 nömrəli bildirişinə əsasən əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 2305 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər və kəllədaxili təzyiqin kəskin dərəcədə artması ilə müşayiət olunan serebral araxnoiditlə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasının (09/2005), baş beyin əzilməsinin qalıq əlamətləri” diaqnozu ilə travmanm səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Sağ saidin yuxarı 1/3-nin odlu silah yaralanması nəticəsində saq dirsək və orta sinirlərin zədələnməsinin hissi və hərəki pozulmalarla təzahür edən qalıq əlamətləri, saq saidin funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozu ilə travmanm səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, bəzən aşağı ətraflarında hərəki məhdudluqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1992-ci ildə yaralandığını, müxtəlif ölkələrdə müayinələrdən keçdiyini və müalicə aldığını bildirmiş, lakin müvafiq sənədləri təqdim etməmişdir. Müayinə zamanı sağ dirsək nahiyəsində boylama istiqamətində 6-7 sm ölçüdə keçirilmiş əməliyyata məxsus çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş heç bir müayinə və müalicə sənədi təqdim etməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 xx.xx.2022-ci il tarixli T313/2022 saylı ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0170003AAEXU saylı göndərişdə şəxsin səhhətini əks etdirən “başın travmalarının nəticələri, mikro ocaqlı üzvi nevroloji nişanələr, kəllədaxili təzyiqin artması müşayiət olunan serebal araxnoiditin qalıq əlamətləri, qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi qalıq əlamətləri, sağ saidin yuxarı 1/3-nin odlu silah yaralanmasının nəticəsi, sağ dirsək və orta sinirinin zədələnməsi hissi və hərəki pozulmalar” diaqnozu şəxsin stasionarlarda müayinə və müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin meyarlarına aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə ehtiyac yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 04 avqust 2023-cü il tarixli T512/2023 saylı ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı adma tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Başın travmalarmm nəticələri, mikroocaqlı üzvi nevroloji nişanələr, kəllədaxili təzyiqin artması müşayiət olunan serebal araxnoiditin qalıq əlamətləri, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi qalıq əlamətləri, sağ saidin yuxarı 1/3nin odlu silah yaralanmasının nəticəsi, sağ dirsək və orta sinirin zədələnməsi, hissi və hərəki pozulmalar” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasmda müəyyən edilmişdir. Qərardadda göstərilən 3,4-cü suallar məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Vətəndaş İddiaçı ekspertizaya təqdim edilmiş iş materiallarının təhlilinə əsasən tibbi sənədlərdə qeyd edilən diaqnozla bağlı şəxsin əyani, klinıki, laborator-instrumental müayinələrin nəticələri, həmçinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı onda mövcud olan qapalı kəllə-beyin travması, baş beynin silkələnməsinin qalıq əlamətləri, sağ saidin odlu silah yarası, sağ dirsək və orta sinirin zədələnməsi hərbi travma, digər xəstəliklər isə keçirilmiş infeksiyanın nəticələridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2021-cü il tarixdə müayinə olunmuş, «Başın travmalarının nəticələri. Mikro ocaqlı üzvi nevroloji nişanələr. Kəllədaxili təzyiqin artması ilə müşayiət olunan serebral araxnoiditin qalıq əlamətləri. Qapalı kəllə-beyin travması. Baş beynin sirkələnməsi qalıq əlamətləri. Sağ saidin yuxarı 1/3-nin odlu silah yaralanmasının nəticəsi, sağ dirsək və orta sinirinin zədələnməsi hissi və hərəki pozulmalar» diaqnozu qeyd olunmuş, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçıya əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir və qərar verilməsi üçün cavabdehə göndərilmiş, iddiaçının müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən edilmişdir ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxarı ətrafların hərəkətləri sərbəstdir, romberq vəziyyətində dayanıqlıdır, nevroloji ocaqlı üzvi əlamətlər müəyyən edilmir, göndəriş əsassız rəsmilləşdirilmişdir və nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2021-ci ildə qərar qəbul edilmişdir. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 04 avqust 2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Lakin iş üzrə birinci instansiya məhkəməsi tərəfindən də məhkəmə-tibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur (tibb müəssisəsinin göndərişində əks olunan diaqnoz “başın travmalarının nəticələri, mikro ocaqlı üzvi nevroloji nişanələr, kəllədaxili təzyiqin artması müşayiət olunan serebal araxnoiditin qalıq əlamətləri, qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi qalıq əlamətləri, sağ saidin yuxarı 1/3-nin odlu silah yaralanmasının nəticəsi, sağ dirsək və orta sinirinin zədələnməsi hissi və hərəki pozulmalar”), həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermir, qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə ehtiyac yoxdur. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı yenidən əyani müayinəyə cəlb edilməklə müvafiq rəyin məhkəməyə təqdim edilməsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmiş, cavabdeh tərəfindən iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar məhkəməyə təqdim edilmiş cavabdehin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, bəzən aşağı ətraflarında hərəki məhdudluqdan şikayətlənmiş, müayinə zamanı sağ dirsək nahiyəsində boylama istiqamətində 6-7 sm ölçüdə keçirilmiş əməliyyata məxsus çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, iddiaçı heç bir müayinə və müalicə sənədi təqdim etməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıda aşkar edilmiş xəstəliklər və ağırlaşmaların həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyinatına imkan vermədiyindən əlillik təyinatının aparılmasından imtina qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi ilə əlaqədar apellyasiya şikayətinin dəlillinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hal əlillik müddəti başa çatdıqdan sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün şəxsin tibbi müayinə olunmasını istisna etmir. İş materiallarında olan əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı ildə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir, növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarının tələblərindən də göründyü kimi, əlillik müddəti başa çatdıqdan və tibb müəssisəsinin yeni göndərişi daxil olduqdan sonra şəxs tibbi müayinə olunmalı və onun əlillik vəziyyəti qiymətləndirilməlidir. Bu səbəbdən də iddiaçının həmin dəlili də əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-769/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-78/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-78/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver