Məhkəmə qərarları › İş №2-1(103)-780/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-780/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-780/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X4, Üçücü şəxs X2 və onun vəkili (nümayəndəsi) X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və X5) “registrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanında yerləşən sahəsi 20.1 kv.m olan zirzəminin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında Registrdə aparılmış qeydiyyatın (qeydiyyat №1133, əmlakın registr nömrəsi ***- *******9-003) etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanında yerləşən sahəsi 20.1 kv.m olan zirzəminin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında Registrdə aparılmış qeydiyyat (qeydiyyat №1133, əmlakın registr nömrəsi ***-*******9-003) etibarsız hesab edilmişdir. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Cavabdehin apelyasiya şikayəti : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanında yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsi Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət mülkiyyətində olmuş, daha sonra həmin əmlakın özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixdə sərəncam qəbul edilmiş və Komitə ilə X5 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 3851 nömrəli alqı-satqı müqaviləsi əsasında həmin sahə sonuncu tərəfindən özəlləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Qeyd edilən Əsasnamənin 15-ci bəndinə uyğun olaraq balanssaxlayıcı Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin təqdim etdiyi sənədlər əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının Registrində müvafiq qeydiyyat aparılmışdır. İddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinin onun tərəfindən qazılaraq yaradıldığını iddia etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin əsaslandığı qeyd edilən sənədlərdən heç biri mübahisəli zirzəminin dövlət mülkiyyətində olmadığını, iddiaçıya məxsus olduğunu təsdiq etmir. Bunun əksinə olaraq hazırkı işin məhkəmə araşdırması dövründə Xidmət tərəfindən mübahisə predmeti olan əmlakın dövlət registrində qeydiyyata alınmasına əsas olan balanssaxlayıcı tərəfindən təqdim olunmuş müvafiq sənədlər məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda, iddiaçının əvvəllər qeyd olunan sahənin özəlləşdirilməsi üçün dəfələrlə yerli icra hakimiyyəti orqanına müraciət etməsi həmin sahənin mülkiyyət hüququ ilə dövlətə məxsus olmasının, həmin sahə üzərinə hər hansı hüquqlarının mövcud olmadığının ona məlum olduğunu sübut edir. Belə olan halda mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan, həmin hüququn qeydə alınmasına əsas olmuş sənədlərin etibarlılığına hər hansı şübhə ola bilməz. Bu isə iddiaçının hazırkı iddia tələbini irəli sürməyə hər hansı bir subyektiv hüququnun olmadığını göstərir. Üçüncü şəxsin apelyasiya şikayəti : Mübahisə predmeti olan zirzəmi Bakı Şəhəri Nərimanov rayonu, Xətai pr. 33 ünvanında yerləşən və Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, ümumi faydalı sahəsi 20.1 kv.m olan qeyri-yaşayış obyekti Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il 151 №-li sərəncamı ilə, hərrac vasitəsi ilə özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra, qanunvericiliyə uyğun olaraq komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az – özəlləşdirmə portalında elan verilmişdir. Üçüncü şəxs X5 hərracda qanunla müəyyənləşdirilmiş qaydada iştirak edərək əldə edərək çıxarış almışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən qeyd olunan ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış binası Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olması müəyyən edilmişdir. Həmin bəndin tələbinə əsasən də yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsi həmin birliyin balansında hesab olunur. Qeyd olunan qeyri-yaşayış sahəsinin texniki pasportu, balansda olması barədə məlumatlar, habelə həmin sahənin faktiki mövcud olması və iddiaçının bu barədə məlumatının olmasına baxmayaraq məhkəmə məhz qeyri-dəqiq araşdırma nəticəsində həmin qeyriyaşayış sahəsinin möcud olmamasına istinad edərək iddianı təmin etmişdir. İddiaçı tərəfindən həmin sahənin mövcud olmamasına dair hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə baxışı zamanı iddiaçı tərəfindən dəvət edilmiş şahid ifadələri ilə iddiaçının ifadəsi arasında ziddiyyətlər olduğu halda bununla bağlı tərəfimizdən verilmiş vəsatətə məhkəmə heç bir münasibət bildirməmişdir Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin mübahisələndirdikləri qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və vəkili apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf isə apelyasiya şikayətlərinin əsassız olduğunu, bu səbəbdən də təmin edilmədən qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə iddianın təmin olunması ilə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin: 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının mərkəzi registri, onun yerli qurumlarında - dövlət əmlakının yerli registrləri aparılır. 7-ci bəndinə əsasən dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. 8-ci bəndinə əsasən Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir. 15-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə). 16-cı bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydiyyata alınmaq üçün daşınmaz dövlət əmlakı haqqında sənədlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və onun yerli qurumları tərəfindən qəbul olunduqdan sonra 15 gün müddətində registrdə qeydiyyata alınmalıdır. Zərurət yarandıqda, daşınmaz dövlət əmlakı barədə məlumatın təqdim olunmuş sənədlərə uyğun gəlməsini yoxlamaq məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi öz təşəbbüsü ilə və yaxud onun yerli qurumlarının təklifi ilə təqdim olunan məlumatların və sənədlərin dəqiqliyini yoxlaya bilər. 17-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq «Registrdən çıxarış» təqdim edilir. İş materiallarında olan : -Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 035919 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai prospekti, 33 saylı evin 44 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.1996-cı il tarixdə qeydiyyatdan keçirilmişdir. -Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 3/97 nömrəli məktubdan görünür ki, ünvan 7 ünvanı 1910-cu ildə inşa edilmiş ümumi həyət tipli ev Birliyin balansındadır, ümumi həyət tipli evin texniki sənədləri yoxdur və balansda olan zirzəmi mövcud olmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 nömrəli ünvanda yerləşən bina (ev) 1910-cu ilin tikilisi olduğu üçün binanın layihəsi yoxdur, bu səbəbdən də sözügedən binanın zirzəmi mərtəbəsinin layihədə nəzərdə tutulub-tutulmamasını təyin etmək mümkün olmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən (elektron) görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 saylı qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 448 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, ünvan 9 ünvanda yerləşən, sahəsi 58,2 kv.m olan 45 nömrəli mənzilin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat №1133) balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışdan görünür ki, 1910-cu ildə istismara verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanda yaşayış binası ***-*******9 registr nömrəsi ilə, sahəsi 20.1 kv.m olan zirzəmi isə ***-*******9-003 registr nömrəsi ilə qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 saylı qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat №1133) balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışa əsasən 1910-cu ildə istismara verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanda yaşayış binası 007- 00010589 registr nömrəsi ilə, sahəsi 20.1 kv.m olan zirzəmi isə ***-*******9-003 registr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin zirzəmi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin aşağı hissəsində yerləşir. İddiaçının tələbi 20.1 kv.m olan zirzəminin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında Registrdə aparılmış qeydiyyat (qeydiyyat №1133, əmlakın registr nömrəsi ***-*******9-003) etibarsız hesab edilməsi ilə bağlı olmuş və iddia tələbi təmin edilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 nömrəli ünvanda yerləşən bina (ev) 1910-cu ilin tikilisi olduğu üçün binanın layihəsi yoxdur, bu səbəbdən də sözügedən binanın zirzəmi mərtəbəsinin layihədə nəzərdə tutulub-tutulmamasını təyin etmək mümkün olmamışdır. Bundan başqa, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 3/97 nömrəli məktubdan görünür ki, ünvan 7 ünvanı 1910-cu ildə inşa edilmiş ümumi həyət tipli ev Birliyin balansındadır, ümumi həyət tipli evin texniki sənədləri yoxdur və balansda olan zirzəmi mövcud olmamışdır. Qeyd edilənləri nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mövcud olmayan zirzəminin dövlət əmlakının Registrində qeydiyyatı aparıla bilməzdi. Mübahisələndirilən zirzəminin qazılaraq yaradılmasını təsdiq edən hər hansı mötəbər sübutu iddiacı tərəfindən məhkəməyə təqdim edilməməsi ilə bağlı cavabdehin apelyasiya şikayətinin dəlili isə əsassızdır. Əvvəla, cavabdeh nə birinci indstansiya məhkəməsində, nə də apelyasiya instansiyasında dövlət registrində qeydiyyatı aparılanadək daşınmaz dövlət əmlakının, yəni mübahisəli zirzəminin bina inşa edilən zamandan mövcud olmasını, icarəyə verilməsini, istifadə olunmasını sübut edə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş foto şəkillərdəki qonşu binaların zirzəmisinin olması isə mübahisəli zirzəminin də mövcud olması anlamını vemir. Əksinə, iş materiallarında olan iddiacı tərəfindən təqdim edilmiş foto şəkillərdən və şahid ifadələrindən mübahisəli zirzəminin əvvəllər mövcud olmaması, sonradan iddiacı tərəfindən qazıldığı müəyyən olunur. Belə ki, iddiacı tərəfindən təqdim edilmiş foto şəkillərdən qeyri-yaşayış sahəsindən avtomobillərin yağ dəyişmə məntəqəsi kimi istifadə olunduğu, avtomobillərin alt hissəsinə baxış kecirilməsi ücün cuxur qazıldığı müəyyən olunur. Həmcinin həmin foto şəkillərdən mübahisəli əraziyə bayırdan giriş qapısının olmadığı da müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Yuxarıda şərh olunanlara əsasən, cavabdeh və üçüncü şəxsin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apelyasiya şikayəti təmin edilməsin. Üçüncü şəxs X2 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar