Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-780/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-426/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 09 iyul 2021-ci il tarixli, **********036800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı İddiaçı MMC (VÖEN: **********) 2020ci il üçün 46323.03 manat mənfəət vergisi hesablamışdır. Bununla bağlı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Apellyasiya Şurasına müraciət edərək MV-nin azaldılmasını və ya hesablamada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarını tətbiq edilməsini xahiş etmişlər. Lakin, vergi orqanı azalma verməmişdir. Vergi orqanının hesablamasına görə onların illik dövriyyənin 58% dən çox hissəsi mənfəətlərini təşkil edir. Yəni 396550.17 x 58.4% = 231585.29 x 20% = 46317.05 manat. Belə çıxır ki, MMC 264919.71 manat vəsait sərf edərək 87.4 % ticarət əlavəsi edib 231585.29 manat mənfəət əldə etmiş və ya sərf etdyi mal materialın bir hissəsini pulsuz əldə etmişdir. Yəni bütün illik dövriyyədə mal və xidmətlərin dəyəri eləcə də xərclərin cəmi birlikdə 264919.71 manat təşkil etmişdir. Məlumdur ki, belə ticarət əlavəsi və mal materialın pulsuz əldə edilməsi mümkün deyildir. İstifadə etdikləri mal-materiallar üçün sənədləri əldə etməyə çalışırlar (onlara təqdim edilən elektron qaimələrdə bu öz əksini tapır) və vergi ödəyicilərindən almağa üstünlük verirlər. Lakin, elə materiallar var ki, onları “Sədərək”, “8-ci km”, “Dərnəgül” - ticarət mərkəzlərində ticarətlə məşğul olan qeyri-vergi ödəyicilərindən alırlar. Bu səbəbdən onlar MMC-yə sənəd təqdim edə bilmirlər. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən cəmiyyətin xx.xx.2007ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün elektrik mühərriklərinin, generatorların və transformatorların təmiri olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Məcəlləyə əsasən müəyyən edilir. 130.2-ci maddəsinə əsasən isə vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Bildirirlər ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsində 219.3-cü “Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq” sətirində 103911,23 manat, xərclər bölməsində isə “Rezident üzrə faizlər” sətirində 118000,0 manat qeyd edilməsinə baxmayaraq, bununla bağlı müvafiq əsaslandırılmış izahat, təsdiqedici sənədlər təqdim edilməmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində təqdim edilmiş elektron qaimə-faktura üzrə 145900 manat iş görüldüyü, pərakəndə əməliyyatlarının olmadığı, ƏDV bəyannamələrinə əsasən 396550,17 manat məbləğində təqdimetmə dövriyyənin olduğu müəyyən edilmişdir. Mənfi məzənnə fərq məbləği mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirlərin təqribən 1/3 hissəsini təşkil etmiş, bank və digər baza məlumatları əsasında valyuta üzrə məzənnə dəyişməsi halları aşkar edilməmişdir. Həmçinin, həmin ildə Çin və Türkiyədən cəmi 27208,81 manat məbləğində faktiki (invoys) dəyər üzrə mal idxal edilmiş, elektron qaimə-faktura üzrə 46518,88 manat məbləğində xərc əldə edilmiş, bank məxaric təyinatı üzrə kredit üzrə faiz ödənişləri aşkar olunmamışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********730200 nömrəli məktub göndərilərək, araşdırma üçün zəruri olan sənədlərin və ətraflı izahatın təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün 2020-ci ilin mənfəət vergisi üzrə 44382,24 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********260600 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Kameral vergi yoxlamasından sonra vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə müvafiq dövr üçün yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində xərc göstəriciləri 9650,52 manat artırılmış, eyni zamanda öncəki dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində faiz xərcləri silinərək, 221.15-ci “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətirində qeyd edilmişdir. Nəticədə 126825,93 manat sənədlərlə təsdiqini tapmayan xərc uyğunsuzluğu yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********283000 nömrəli məktub göndərilərək, araşdırma üçün zəruri olan sənədlərin və ətraflı izahatın təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün 2020-ci ilin mənfəət vergisi üzrə 46323,15 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-cı il tarixli **********036800 nömrəli qərar tərəflər arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2013-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli qərar tərəflər arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2013-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən xx.xx.2021-ci İİ tarixdə saat 12:57:40-da elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Qərar xx.xx.2021-ci il tarixdə saat 10:42:28-də oxunduğuna görə həmin tarixdən də, vergi ödəyicisinə təqdim olunmuş sayılır. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirlər ki, iddiaçı qərarın məhkəmə qaydasında mübahisələndirməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Bununla əlaqədar, iddianın mümkün sayılmaması barədə xx.xx.2022-ci il tarixli **********356900 nömrəli vəsatət (sübutlar əlavə edilməklə) məhkəməyə təqdim edilmiş və işin materiallarında var. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Göründüyü kimi vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. Əlavə olaraq bildirilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də, vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair" 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirlər ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-cı il tarixli **********036800 nömrəli qərara əsasən 2020-ci il üçün mənfəət vergisi üzrə hesablanmış 46323,15 manat əlavə vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-426/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********036800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən - 2020-ci il üzrə aparılmış əməliyyatlara görə vergi ödəyicisi tərəfindən bəyan edilmiş 11.747,41 manat məbləğində əlavə mənfəət vergisi istisna edilməklə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 426/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarının qismən iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1364/2024 nömrəli, 7 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2340/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024-cü il tarixli, 2- 1(103)-1364/2024 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəməsinin hazırkı iş üzrə qərarında qeyd edilmişdir ki, “işin İ cildinin 140-151-ci səhifələrində olan “mənfəət vergisinin bəyannaməsin”də 142, 148-ci səhifələrində göstərilmiş bir sıra rəqəmlər xüsusi diqqət çəkir. Yəni, 142-ci səhifədə mövcud olan 219.3 sətrində (xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq”) məbləğ 0,00 manat yazılmışdır. Burada ekspert rəyində öz əksini tapmış 2020-ci il ərzində Çin və Türkiyədən cəmi 27.208,81 manat məbləğində faktiki (invoys) dəyər üzrə mal idxal edilməsi məsələsini qeyd etməyi yerinə düşər. Həmin səhifənin 221.4 sətrində (“malın dəyəri”) məbləğ 78.695,31 manat olaraq yazılmış, 221.15 sətrində (“bilavasitə malların təqdim (işlərin görülməsi, xidmətlərin göstərilməsi) bağlı sair xərclər”) məbləğ 0,00 manat qeyd edilmişdir. Sözügedən bəyannamənin 219.3 sətrində (“xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq”) məbləğ 103.911,23 manat yazılmışdır. Bəyannamənin 220 sətrində (“Çıxılmalardan sonra ümumi gəlir”) məbləğ 292.598,94 manatdır. Bəyannamənin 221.4 sətrində (“malın dəyəri”) məbləğ 87.751,07 manat göstərilmişdir. Bəyannamənin 221.15 sətrində (“Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məbləğ 118.000,0 manat yazılmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, yuxarıda göstərilmiş rəqəmlər (onların nədən yaranması, sonrakı gedişata, nəyə əsasən müəyyən edilməsi) məhkəmə tərəfindən ümumiyyətlə araşdırma predmeti olmamışdır. Yəni, məhkəmələr məhkəmə iclaslarında iştirak etmiş tərəflərin nümayəndələrindən sözügedən məsələlərlə bağlı heç bir izahat almamış, bir tərəfin bu rəqəmləri belə yazmasının, digər tərəfin isə bununla razılaşmasının səbəblərini aydınlaşdırmamış, yuxarıda artıq göstərildiyi kimi, adıçəkilən məsələnin araşdırılmasını tam olaraq ekspertin səlahiyyətinə vermişdir. İşə təkrar baxacaq apellyasiya instansiyası məhkəməsi 103.911 manat məzənnə fərqinin nədən əmələ gəlməsini, 118.000 manat məbləğində xərcin nə olması, yəni haradan yaranmasını və cavabdeh tərəfindən malın dəyəri 9.650 manat məbləğində nə üçün azaldılmasını araşdırmalı, həmçinin sözügedən məsələlər işə birinci dəfə baxan apellyasiya məhkəməsi tərəfindən araşdırılmadan nədən “şərti rentabellik” verginin hesablanmasında tətbiq edilmişdir.” AR İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsində 219.3-cü “Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq” sətirində 103911,23 manat, xərclər bölməsində isə “Rezident üzrə faizlər” sətirində 118000,0 manat qeyd edilməsinə baxmayaraq, bununla bağlı müvafiq əsaslandırılmış izahat, təsdiqedici sənədlər təqdim edilməmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində təqdim edilmiş elektron qaimə faktura üzrə 145900 manat iş görüldüyü, pərakəndə əməliyyatlarının olmadığı, ƏDV bəyannamələrinə əsasən 396550,17 manat məbləğində təqdimetmə dövriyyənin olduğu müəyyən edilmişdir. Mənfi məzənnə fərq məbləği mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirlərin təqribən 1/3 hissəsini təşkil etmiş, bank və digər baza məlumatları əsasında valyuta üzrə məzənnə dəyişməsi halları aşkar edilməmişdir. Həmin ildə Çin və Türkiyədən cəmi 27208,81 manat məbləğində faktiki (invoys) dəyər üzrə mal idxal edilmiş, elektron qaimə faktura üzrə 46518,88 manat məbləğində xərc əldə edilmiş, bank məxaric təyinatı üzrə kredit üzrə faiz ödənişləri aşkar olunmamışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********730200 nömrəli məktub göndərilərək, araşdırma üçün zəruri olan sənədlərin və ətraflı izahatın təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün 2020-ci ilin mənfəət vergisi üzrə 44382,24 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********260600 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Kameral vergi yoxlamasından sonra vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə müvafiq dövr üçün yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində xərc göstəriciləri 9650,52 manat artırılmış, eyni zamanda öncəki dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində faiz xərcləri silinərək, 221.15-ci “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətirində qeyd edilmişdir. Nəticədə 126825,93 manat sənədlərlə təsdiqini tapmayan xərc uyğunsuzluğu yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********283000 nömrəli məktub göndərilərək, araşdırma üçün zəruri olan sənədlərin və ətraflı izahatın təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün 2020-ci ilin mənfəət vergisi üzrə 46323,15 manat əlavə vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, məhkəmə yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/4223 nömrəli 07 iyul 2023-cü il tarixli ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, “rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən müəssisə tərəfindən 2020-ci il üzrə aparılmış əməliyyatlara görə 11.747,41 (13.218,34-1.470,93 (vergi ödəyicisi tərəfindən bəyan edilmiş)) manat məbləğində əlavə mənfəət vergisi hesablanmış, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair xərc sənədləri (elektron qaimə fakturalar, yük gömrük bəyannamələri, əmək haqqı ilə bağlı ödənişlər, rabitə xərcləri, bank xərcləri, ezamiyyə xərcləri və s.) tam şəkildə mövcud deyildir. Həmçinin qeyd edilmişdir ki, bir qism xərc sənədləri mövcuddur ki, həmin sənədlərin də, hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edildiyindən və işdəki sənədlərlə öz təsdiqini tapdığından məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir.” Lakin nəzərə alınmalıdır ki, iş materiallarında tədqiq edilməli yetərincə sübutlar olmuş, lakin birinci instansiyası məhkəməsi həmin sübutları araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Ali Məhkəmənin hüquqi göstərişləri müvafiq olaraq araşdırma aparılmışdır. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********228300 nömrəli qərar və etibarnamə üzrə səlahiyyətli nümayəndənin izahatının tədqiq edilmədiyi müəyyən edilir. Belə ki, səlahiyyətli nümayəndənin izahatında 118.000 manat məbləğin səhvən qeyd edildiyini, sonradan dəqiqləşdirilmiş bəyannamədə düzəliş edildiyini bildirmişdir. Digər tərəfdən 103.911 manat məzənnə fərqinin nədən əmələ gəlməsi ilə bağlı isə izahatında məzənnə fərqinin o qədər olmadığını, lakin təsdiqedici sənədlər olmadığından bəyannamədə elə qeyd etdiyini bildirmişdir. Göründüyü kimi kassasiya instansiya məhkəməsinin qərarında göstərdiyi məsələlər iddiaçının səlahiyyətli nümayəndəsinin izahatında öz əksini tapmışdır ki, bu sübut birinci instansiya icraatı zamanı təqdim edilsə də, məhkəmə tərəfindən nəzərə alınmamış, yalnız ekspert rəyinə istinad edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd edilən faktiki hallar və sübutlar birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq qiymətləndirilməmiş, həmin dəlillərə yetərli hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi vergi güzəştlərinin tətbiqi ilə bağlı yanlış hüquqi və faktiki qiymətləndirmə aparması səbəbindən səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 426/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı qismən - mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-426/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı qismən - mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-780/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-780/2025
19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver