Məhkəmə qərarları › İş №2-1(103)-781/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-781/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-781/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3194/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 ay 15 gün iş stajının onun pensiya təyin edildiyi 10 noyabr 2009-cu il tarixdən 1 mart 2018-ci il tarixədək hesablanmış 32 il iş stajına əlavə olunmaqla pensiya almaq hüququ verən sosial sığorta stajına daxil edilməsi və pensiyanın ümumilikdə 88.2 faizlə hesablanması; pensiyanın 1 iyul 2017-ci il tarixdən başlayaraq indeksləşdirilməsi; 10 noyabr 2007-ci il tarixdən pensiya təyin edildiyi 10 noyabr 2009-cu il tarixədək aldığı və cavabdeh tərəfindən təminat xərcliyinə daxil edilməmiş dövlət sosial sığortasına cəlb olunmuş əlavə ödənişlərin onun cəmi pul təminatında nəzərə alınmaqla pensiyanın hesablanması və 22.10.2015-ci il tarixdən 14.09.2019-cu il tarixədək iş stajı zamanı toplanmış sığorta kapitalına əlavə edilməklə güzəştli şərtlərlə aldığı pensiyanın hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, bölgələrdə xidmət etmiş və Azərbaycan Respublikası Hərbi prokurorunun əmrinə əsasən şöbə prokuroru vəzifəsində, ədliyyə polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılmışdır. 2009-cu ildə pensiyaya çıxdıqda 32 il 8 ay 15 gün iş stajı hesablanmışdır. Hal-hazırda o, güzəştli şərtlərlə 1.523 manat pensiya alır. Hesab edir ki, onun göstərilən məbləğdən artıq məbləğdə pensiya almaq hüququ vardır. Buna görə də, o, pensiyanın yenidən hesablanması məqsədi ilə cavabdehə 24.08.2020-ci il tarixli ərizə ilə rəsmən müraciət etmişdir. Ərizədə qeyd etmişdir. Onun pensiya stajının 32 ili nəzərə alınsa da, 8 ay 15 gün stajı nəzərə alınmamışdır və hesablanmamışdır. Belə ki, 8 ay 15 gün stajı hesablansa idi ona 01 iyul 2017-ci il tarixədək 86 faizlə deyil, 88,2 faizlə (2,2 faiz 8 ay 15 günə görə) hesablanmalı idi. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən onun pensiyasına bu günədək indeksləşdirmə tətbiq edilməmişdir. Həmin Qanunun tələblərinə əsasən onun digər gəlirlərindən (mükafatlar, məzuniyyət və xəstəlik pulu və sairə) Dövlət Sosial Fonduna pul tutulduğundan (3 faiz əmək haqqından tutulma və 22 faiz dövlət ödənişi) həmin digər gəlirlərə görə də pensiyaya əlavələr edilməlidir. 2015-ci ilin oktyabr ayının 22-dən 2019-cu ilin sentyabr ayının 14-dək Müdafiə Nazirliyinin 3-cü Təhqiqat bölməsində hüquqşünastəhqiqatçı vəzifəsində işləmiş və bununla əlaqədar əmək haqqının 3 faizi, 22 faiz isə dövlət hesabına, cəmi 25 faiz DSMN-nə ödənilmişdir. Həmin ödəmələr də hesablanan pensiyanın üzərinə gəlməlidir. Cavabdeh orqan ona rəsmi imtina məktubu göndərmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Ona görə ki, mövcud qanunvericiliyə əsasən, bütün iş stajı pensiya təyin olunması məqsədi ilə nəzərə alınan sığorta stajına daxil edilməlidir. Cavabdeh isə, iş stajı ümumilikdə 32 il 8 ay 15 gün olduğuna baxmayaraq, stajı pensiya təyin olunduğu 2009-cu il tarixdən 2018-ci il tarixədək cəmi 32 il hesablamışdır, yəni pensiya illərlə, aylarla və günlərlə hesablanmalı olmasına baxmayaraq, 8 ay 15 gün iş stajı nəzərə almamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndində deyilir ki, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.” Pensiya təyin edildiyi 2009-cu il tarixdən 2018-ci il tarixədək aldığı pensiya 20 il stajından sonrakı hər ilə 3 faizlə hesablandığından 8 ay 15 gün iş stajı 2.2 faizlə hesablanmalıdır. Bundan başqa, aldığı pensiya 2018-ci ildə yenidən hesablandıqdan sonra, hazırki vaxtadək aldığı pensiya indeksləşdirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasına” əsasən, 2018-ci il tarixdən əvvəl alınan pensiyalar azaldılmaqla yenidən hesablandıqdan sonra hər il pensiya məbləği indeksləşdirilməklə ödənilməlidir. Lakin pensiyası bu günədək cavabdeh tərəfindən indeksləşdirilməmişdir. Bundan başqa, pensiya təyin ediləndə nəzərə alınan təminat xərcliyi hesablandıqda cavabdeh sığorta haqları tutulan bəzi ödənişləri hesablamamışdır (mükafatlar, xəstəlik dövründə verilən müavinət, məzuniyyət pulunu və s.). Belə ki, sorğusu əsasında Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 12 fevral 2020-ci il tarixli HP-09/114/11 saylı arayış vermişdir. Həmin arayış 10.11.2007-ci il tarixdən 10.11.2009-cu il tarixədək ona verilmiş mükafatlar və digər ödənişlər haqqındadır və bunlar dövlət sosial sığortasına cəlb olunan ödənişlərdir. Arayışın özündə qeyd edilmişdir ki, arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilmişdir. Cavabdehin cavabında isə deyilir ki, həmin arayış iddiaçı tərəfindən deyil, bir başa Respublika Hərbi Prokurorluğundan onların ünvanına göndərilməlidir və nəyə görəsə də pensiya təyin olunduqdan sonrakı artımlar haqda yazmışdır. Halbuki, sonrakı artımlar haqda yox, pensiya təyin ediləndə nəzərə alınan təminat xərclərinə daxil edilməmiş ödənişlərin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması haqda onlara müraciət etmişdir. Bundan başqa, pensiyaçı ola-ola, o, 22.10.2015-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 3-cü Təhqiqat bölməsinə hüquqşunas-təhqiqatçı vəzifəsinə qəbul edilmişdir və həmin bölmə ləğv edildiyi 14.09.2019-cu il tarixədək orada işləmişdir. Bu işdə aldığı əmək haqqından hər ay ümumilikdə 25 faiz məcburi sosial sığorta haqları tutulmuşdur. Bu məbləğləri nəzərə almaqla pensiyanın yenidən hesablanmasına cavabdeh imtina etmişdir və əsassız olaraq qeyd etmişdir ki, onun pensiyasi ya güzəştli şərtlərlə hesablandığı qaydada qalmalıdır, ya da ki axırıncı iş yeri üzrə tutulan sığorta ödənişləri də nəzərə alınmaqla güzəştli şərtlər tətbiq olunmamaqla ümumi qaydada yalnız sığorta kapitalı əsasında hesablana bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3194/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, onunla birlikdə və ondan sonra eyni vəzifədə,rütbədə xidmət etmiş hərbçi yoldaşları 2.500 manat və daha çox pensiya alırlar. Onun da pensiyası həmin şəxslərin pensiyaları göstərdiyi qaydada hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1964-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. - iddiaçıya aid pensiya işində olan sənədlərin surətlərindən müəyyən olunur ki, Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən 12.03.2010-cu il tarixli məktubla İddiaçı barəsində tərtib edilərək, DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmiş, 10 mart 2010-cu il tarixli 60660 nömrəli “Məlumat vərəqəsi”ndə iş stajı və xidməti illəri 26 il, 02 ay, 16 gün kimi, o cümlədən təqvim xidmət illəri 21 il, 06 ay, 22 gün, güzəştli xidmət illəri 04 il, 07 ay, 24 gün kimi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla Xüsusi X5 Departamentinin 10/591-015396 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ərizəsinə əsasən xx xxxxx 1964-cü il təvəllüdlü İddiaçı 10/591 nömrəli 09.04.2010-cu il tarixli qərarla 10.11.2009-cu il tarixdən 1.013,74 manat ömürlük pensiya təyin edilmişdir - Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən İddiaçı barəsində tərtib edilərək, DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmiş, 21 iyun 2012-ci il tarixli 000005 nömrəli “Məlumat vərəqəsi”ndə iş stajı və xidməti illəri 32 il, 08 ay, 15 gün kimi, o cümlədən təqvim xidmət illəri 19 il, 02 ay, 15 gün, güzəştli xidmət illəri 13 il, 06 ay kimi, tərxis olunduğu tarix kimi isə 10.11.2009-cu il kimi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Təhqiqat Bölmə rəisinin 22.10.2015-ci il tarixli 136 №-li əmrindən çıxarışdan görünür ki, İddiaçı, 22.10.2015-ci il tarixdən bölmənin hüquqşunas təhqiqatçı vəzifəsinə 3 (üç) ay sınaq müddətinə işə qəbul edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Təhqiqat Bölmə rəisinin 14.09.2019-cu il tarixli 200 №-li əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 15 avqust 2019-cu il tarixli 0117 nömrəli əmrinə əsasən 3-cü Təhqiqat bölməsi ləğv olunduğuna görə Hüquqşünas-təhqiqatçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəsissə ləğv edildikdə) əsasən 14.09.2019-cu il tarixdən xitam verilərək işdən azad edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 114cü maddəsinin 2-ci bəndinə əsasən İddiaçı əvvəlcədən istifadə etmədiyi (15 gün) əsas məzuniyyətə görə 77ci maddənin 3-cü bəndinə uyğun olaraq pul əvəzi və son haq-hesab ödənilmişdir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş 12 fevral 2020ci il tarixli HP-09/114/11 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı 10.11.2007-ci il tarixdən 10.11.2009-cu il tarixədək 2007-ci ildə 2 rütbə 2 vəzifə maaşı həcmində, 2008-ci ildə 2 aylıq əmək haqqı həcmində (müalicə olunmaqla bağlı); 2 aylıq əmək haqqı həcmində (məzuniyyətə çıxarkən); 1 aylıq vəzifə maaşı həcmində; 2 rütbə 2 vəzifə maaşı həcmində, 2009-cu ildə 2 aylıq əmək haqqı həcmində (müalicə olunmaqla bağlı); 2 aylıq əmək haqqı həcmində (məzuniyyətə çıxarkən); 1 aylıq əmək haqqı həcmində mükafatlar verilmişdir. - Cavabdehin 15.09.2020-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır, həmin Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına asasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə həmin qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. Göründüyü kimi, 2017-ci il 1 iyuladək qanunvericilikdə təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsi müəyyən edilərkən xidmət illərindəki ayların və günlərin hesablanması nəzərdə tutulmamışdır. Sözügedən maddənin tələblərinə əsasən iddiaçıya Mərkəzi Filial tərəfindən 10 noyabr 2009-cu il tarixində “polkovnik-leytenant” rütbəsi ilə “Respublika Hərbi Prokurorluğunda şöbə prokuroru” vəzifəsinə uyğun olaraq 32 il 8 ay 15 gün xidmət müddətinə görə təminat xərcliyininin 86 faizi 20 il xidmət müddətinə görə-50 faiz, 12 il xidmət müddətinə görə-36 faiz) miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək təminat xərcliyinin (1650,30) 86 faizi-1419,26 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 31 avqust 2018-ci il tarixli HP-09/82 nömrəli arayışına asasən vəzifə maaşı 1055,00 manat, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavə-535,05 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1788,05 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (12 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (12x2) təminat xərcliyinin 24 faizi; natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,34 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 75.34 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyinin (1650.30 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyinin (1650,30 manat) ilə 01 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyinin (1788,05 manat) arasındakı fərq məbləğinin (137,75 manat) 75,35 faizi-103,78 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (1419,26 manat) üzərinə əlavə olunmaqla 1523,04 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistiка Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilir. Əmək pensiyasına əlavələrin hesablanması ilə bağlı bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14cü maddəsinə görə hərbi qulluqçuların əmək pensiyasına əlavələr onların təminat xərcliyi əsas götürülməklə təyin edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pənsiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Bundan başqa qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası şəxsin ona pensiya təyin olunduqdan əvvəl aldığı və ya itirdiyi gəlirlərin kompensasiyası məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan səxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 23.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Əlavə olaraq bildirilmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci və 20.14.1-ci maddələrinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Eyni zamanda bildirilmişdir ki, həmin Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə -maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Əlavə olaraq bildirilmişdir ki, sosial sığorta hesabındakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququu vardır. Bu zaman iddiaçı yuxarıda qeyd olunan birinci kateqoriya şəxslərdən hesab ediləcəyinə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcəkdir. Güzəştli şərtlərlə hərbi qulluqçu kimi iddiaçıya ödənilən yaşa görə əmək pensiyasından imtina etməklə yalnız sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon filialına (xidmət nümayəndəliyinə) müraciət etmək tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş 01.10.2021-ci il tarixli H1-13/30-10274/167 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununa əsasən hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə ona iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilmişdir. Bundan başqa, il ərzində 4 dəfə bir aylıq əmək haqqı məbləğində pul mükafatı verilmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5- ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğ daxil edildiyindən yuxanda qeyd olunan maddi yardım və mükafatlar təminat xərcliyinə daxil olunmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxil olduqlarından və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq iddiaçının 22.10.2015-ci il tarixdən 14.09.2019-cu il tarixədək iş stajı zamanı toplanmış sığorta kapitalına əlavə edilməklə güzəştli şərtlərlə aldığı pensiyanın hesablanmasından imtina olunmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11 -ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Həmin Qanunun 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 2017-ci il iyulun 1-dək qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 1.1-ci bəndinə əsasən, bu qayda "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydanın 1.2-cı bəndinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olar qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1 -ci və 20.14.4cü maddələrinə əsəsən hesablanmış (1 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək, hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara-Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti-orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununa əsasən hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə ona iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, il ərzində 4 dəfə bir aylıq əmək haqqı məbləğində pul mükafatı onun təminat xərcliyinə daxil edilməmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından və işin hallarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçu olduğundan və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsində bu kateqoriyadan olan şəxslərə münasibətdə tətbiq edilməsi mümkün hesab edilmədiyindən, cavabdeh iddiaçının 22.10.2015-ci il tarixdən 14.09.2019-cu il tarixədək iş stajı zamanı toplanmış sığorta kapitalına əlavə edilməklə güzəştli şərtlərlə aldığı pensiyanın hesablanmasından haqlı olaraq imtina etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi olan pensiyanın 01.07.2017-ci il tarixdən başlayaraq indeksləşdirilməsi ilə bağlı qeyd edir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən bu kateqoriyadan olan şəxslərə həmin artım qədər azaldılmaqla hesablama qaydası göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən - “Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır”. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan onunla birlikdə və ondan sonra eyni vəzifədə, rütbədə xidmət etmiş hərbçi yoldaşları 2.500 manat və daha çox pensiya almaları ilə bağlı qeyd edir ki, digər şəxslərə pensiyanın qanunauyğun təyin edilib-edilməməsi hazırkı məhkəmə araşdırmasının predmetinə aidiyyəti olmadığından iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsinə əsas olan hallar iş materialları ilə öz təsdiqini tapmadığından apellyasiya şikayəti qərarın ləğv edilməsi üçün əsas təşkil etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3194/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar