Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-781/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(112)-5977/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 2008-ci ildə Xətai rayonu Əhmədli Bələdiyyəsindən fərdi ev tikintisi məqsədilə, alqı-satqı yolu ilə 100 kv.m torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi ilə bağölı o, Bələdiyyəyə 2.000 manat pul vəsaiti ödəmişdir. Həmin torpaq sahəsi Əhmədli qəsəbəsi, 2315-ci məhəllədə yerləşir. İddiaçı 2008-ci ildə bu ərazidə tikinti işləri aparmaq üçün 5.000 manatdan artıq vəsait sərf edərək tikinti materiallarını (daş, qum, sement, armatur və s.) almış və həmin əraziyə tökmüşdür. Vəsaiti hesabına evin tikintisi üçün bünövrə də qazılmışdır. Orada tikinti işlərinə başlamaq istəyərkən, məlum olmuşdur ki, bu torpaq sahəsi Əhmədli Bələdiyyəsinin sərəncamı ilə başqa bir şəxsə fərdi ev tikintisi üçün satılmışdır. Bu səbəbdən iddiaçı tikinti işlərini dayandırmalı olmuşdur. Onun tikinti ilə bağlı aldığı materiallar naməlum şəxslər tərəfindən daşınmışdır. Bir müddət sonra Əhmədli Bələdiyyəsi iddiaçı bu torpağın əvəzinə Xətai rayonunun başqa bir ərazisində – “Radiozavod" adlandırılan ərazidə, Ramiz Quliyev küçəsi, 4-cü sahədə 100 kv.m torpaq sahəsi ayırmışdır. İddiaçı həmin ərazidə tikinti işləri aparmaq üçün yenidən 6.000 manatlıq tikinti materialları (daş, qum, sement, armatur və s.) almış, torpaq işləri gördürmüşdür. Bu ərazidə də tikinti işləri aparmaq istəyərkən, məlum olmuşdur ki, Əhmədli Bələdiyyəsi tərəfindən yenidən aldadılmışdır. Çünki, həmin ərazi də Əhmədli Bələdiyyəsi tərəfindən fərdi ev tikintisi məqsədilə başqa bir şəxsə satılmışdır. Tikinti üçün alınan materiallar isə uzun müddət istifadə olunmadığından, yararsız hala düşmüşdür. Əhmədli Bələdiyyəsinin bu hərəkətləri ilə bağlı iddiaçı 4 nəfərlik ailəsi ilə evsiz qalmamaq üçün kirayə mənzil axtarmağa başlamışdır. Bu səbəbdən aylıq kirayə haqqı 300 manat olmaqla 2008-ci ilin avqust ayından 2019-cu ilin sentyabr ayınadək (11 il bir ay müddətinə) Nizami rayonu, C.Naxçıvanski 30, mənzil 27-də iki otaqlı mənzildə kirayənişin qismində yaşamağa məcbur olmuşdur. Bu müddət ərzində mənzil kirayəsinə 40.000 manatdan artıq pul ödəmişdir. X6 2008-ci ildən bugünədək onu torpaq sahəsi ilə təmin etsəydi, iddiaçı 11 il bir ay müddətində məcburiyyətdən ödədiyi kirayə haqqı olan 40.000 manat və 100 kv.m torpaq sahəsi üçün Əhmədli Bələdiyyəsinin kassasına ödədiyi 2.000 manat dövlət rüsumu, bundan başqa, hər iki torpaq sahəsində tikinti materialları üçün sərf etdiyi 11.000 manat vəsait ilə 2008-ci ildə ailəsinə 2 mərtəbəli həyət evi tikdirmiş olardı. Əhmədli Bələdiyyəsinin hərəkətləri ilə əlaqədar yaranan bu məsələnin 16 il müddətində həll olunmaması iddiaçının və ailə üzvlərimin səhhətində problemlərin yaranması ilə nəticələnmişdir (bu müddət ərzində bu məsələyə görə keçirdikləri əsəb, psixoloji gərginlik və s. səbəbindən). Göstərilənlərə əsaslanaraq, 16 il ərzində cavabdeh Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün kompensasiya olaraq cavabdehdən 50.000 manat vəsaitin alınaraq ona ödənilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(112)-5977/2023 saylı qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsindən dəymiş maddi ziyana görə 2.000 manat və mənəvi ziyana görə 1.000 manat kompensasiya İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsinin 23 aprel 2008-ci il tarixli 019 nömrəli qərarından çıxarışdan görünür ki, həmin qərarla X3 qəsəbəsində 2315-ci məhəllədə yerləşən 100 kv.m torpaq sahəsini həyətyanı sahə kimi alqı-satqı yolu ilə İddiaçı adına sənədləşdirilməsini qərara almışdır. - Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsi ilə İddiaçı arasında 23 aprel 2008-ci il tarixdə Bələdiyyənin ərazisində yerləşən 100 kvm torpaq sahəsinin sonuncunun (İddiaçı) mülkiyyətinə verilməsi ilə bağlı “Torpaq sahəsinin alqı-satqı aktı” rəsmiləşdirilmişdir. - 13 aprel 2007-ci il tarixli 004226 nömrəli “Qeyri-vergi tədiyyələrinin qəbulu üçün qəbz”dən görünür ki, İddiaçı tərəfindən torpağın alqı-satqısı ilə bağlı 2.000 manat pul vəsaiti Xətai rayonu Əhmədli bələdiyyəsinə ödənilmişdir. - "xxxx" QSC Bakı şəhəri BİQİ Xətai Rayon Qaz İstsmar İdarəsinin Xərai RİH-ə ünvanlanmış 7 fevral 2008-ci il tarixli məktubunda bildirilir ki, Babək prospektində 2315-ci məhəllədə İddiaçı üçün ayrılmış torpaq sahəsindən 1 metr məsafədə X8 İdarəsinə məxsus diametri 500 mm-lik yeraltı qaz kəməri keçir. X1 Qaydalarına əsasən binaların hasarı ilə qaz kəməri arasında məsafə 5 metr nəzərdə tutulur. Həmin ərazidən Xətai Qİİ-yə məxsus yeraltı qaz kəməri keçmir. - Bakı şəhəri Xətai RİH-in Xətai rayonu Əhmədli Bələdiyyəsinə ünvanlanmış 14 fevral 2008ci il tarixli məktubunun surətindən görünür ki, həmin məktubla RİH aşağıdakıları bildirmişdir: Xətai rayonu, Əhmədli qəsəbəsi, 2315 saylı məhəllədə fərdi evin tikintisi üçün İddiaçı ayrılması nəzərdə tutulmuş sahədən X8 İdarəsinə məxsus diametri 500 mm-lik təzyiqli qaz kəməri keçir və kəmərin mühafizə zolağı 5 metrdir. Digər tərəfdən sahə yüksək gərginlikli elektrik transformatorunun yanındadır. Faktiki olaraq torpaq sahəsinin cizgisində nəzərdə tutulan sahə mühafizə zolaqları hüdudundadır və eyni zamanda giriş-çıxışın təmin edilməsi qeyrimümkündür. Yuxarıda göstərilən səbəbdən bu sahə fərdi yaşayış evinin tikintisi üçün inşaat norma və qaydalarına cavab vermir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin müvafiq (2-1(112)- 7618/2022 saylı) inzibati iş üzrə məhkəməyə ünvanlanmış 5 may 2022-ci il tarixli məktubunda bildirilir ki, Əhmədli Bələdiyyəsinin 15 aprel 2008-ci il tarixli 4 saylı iclas protokolu X4 aşkar olunmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC-nin müvafiq (2- 1(112)-7618/2022 saylı) inzibati iş üzrə məhkəməyə ünvanlanmış 10 may 2022-ci il tarixli məktubunda bildirilir ki, vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinə dair Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 23 aprel 2008-ci il tarixli 019 nömrəli qərarı və digər aidiyyəti torpaqayırma sənədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə daxil olmamışdır. - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq (2-1(112)-7618/2022 saylı) inzibati iş üzrə məhkəməyə ünvanlanmış 25 may 2022-ci il tarixli məktubunda bildirilir ki, Əhmədli Bələdiyyəsinin qərarı ilə İddiaçı ayrılması nəzərdə tutulan sahəyə dair rəy verilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin arxivində heç bir sənəd aşkar edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “məhkəmə qanunvericiliyin sadalanan müddaəalarına əsaslanaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 10-cu bəndini rəhbər tutaraq, işin bütün hallarını, o cümlədən qanunsuz hərəkətlərin 6 il davam etməsini, habelə iddiaçının fərdi xüsusiyyətlərini (yaşı, ailəli olması və s.), eləcə də cavabdehin inzibati orqan kimi səlahiyyətlərini, resurslarını və imkanlarlarını nəzərə alaraq, dəymiş mənəvi zərərin 1.000 manat həcmində müəyyən edilməsini ağlabatan və ədalətli sayır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - (4.0.1) qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Əsasnamənin 7-ci bəndinə görə ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. «İnzibati icraat haqqında» Qanunun: - 65.1. aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. - 65.2. etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı Əhmədli qəsəbəsi, 2315-ci məhəllədə yerləşən 100 kv.m torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətinə verilməsi barədə cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsi 23 aprel 2008-ci il tarixdə 019 nömrəli qərar qəbul etmişdir. İddiaçı tərəfindən cavabdehin hesabına torapq sahəsinin alınması ilə bağlı 2.000 manat pul vəsaiti ödənlmişdir. Tərəflər arasında alqı-satqı aktı tərtib edilsə də, həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənməmiş, eləcə də bələdiyyə ilə iddiaçı ilə bələdiyyə arasında müvafiq müqavilə rəsmiləşdirilməmişdir. Həmçinin, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi proseduru da formal şəkildə təmn edilmişdir. İddiaçı qərarla ona ayrılmış torpaq sahəsindən istifadə edə bilmədiyindən, ona dəymiş maddi və mənəvi ziyanın alınması ilə bağlı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda ona dəymiş 40.000 manat maddi və 10.000 manat mənəvi ziyanın cavabdehdən tutulmasını tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin maddi ziyanın ödənilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə cavabdehin 23 aprel 2008-ci il tarixdə 019 saylı qərar mübahisələndirilməsə də, iddiaçı ona dəymiş ziyanı tələb edə bilər və bu hal cavabdehin özü tərəfindən ayrıca icraat aparılmaqla həmin qərarın etibarsızlığının tanınmasını, eləcə də ləğv olunmasını istisna etmir. Cavabdehin 23 aprel 2008-ci il tarixli 019 saylı qərarı “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsinə görə etibarsızdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi faktiki olaraq konkret ərazi kimi inzibati aktın ünvanlandığı şəxs qismində İddiaçı təhvil verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya torpaq sahəsi ayrılması ilə bağlı hərəkətlərinə qiymət verərkən aşağıdakıları əsas götürmüşdür: 1) torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti orqanı kimi Xətai RİH-in rəyi nəzərə alınmamışdır, 2) qanunun tələbinə uyğun olaraq həmin dövrdə fəaliyyət göstərmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmamışdır, 3) sahənin tikinti normalarına uyğun olub-olmaması kifayət qədər araşdırılmamışdır, 4) qərar qəbul olunduqdan sonra müvafiq müqavilə baölanmamı və qərarın nüsxəsi bələdiyyərin fəaliyyətində inzibati nəzarəti həyata keçirən orqana (X5) göndərilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona dəymiş ziyanın əvəzi olaraq torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə əlaqədar ödədiyi 2.000 manat məbləğində vəsaiti cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsindən tələb etməkdə haqlıdır. Digər tərəfdən iddiaçı maddi ziyanla bağlı tələbinə yuxarıda göstərilən məbləğdən başqa tikinti materiallarına və ərazinin abadlaşdırılmasına çəkdiyi xərcləri, habelə yaşayış sahəsi olmaması ilə əlaqədar kirayə xərclkərini də daxil etmişdir. Lakin həmin sahədə tikinti və abadlaşdırmaya çəkilən xərcləri, eləcə də iddiaçının kirayədə yaşamasının və başqa yaşayış sahəsini əldə etmək imkanının olmamasının birbaşa ayrılmış torpaq sahəsindəki tikintidən asılı olmasını təsdiqləyən heç bir yetərli sübut təqdim olunmadığından, məhkəmə maddi ziyan tələbini qalan hissədə əsaslı saymır. Məhkəmə kollegiyası iddiaçının “mənəvi zərərin ödənilməsi” ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh inzibati orqan arasında ona torpaq sahəsi ayrılması barədə qərarla bağlı əvvəlcə qarşılıqlı etimad formalaşmışdır. Lakin bir müddət sonra cavabdeh ayırdığı torpaq sahəsini ona faktiki olaraq təhvil vermədiyindən və torpaq sahəsində planlaşdırılmış işlərin həyata keçirilməsinə şərait yaradılmadığından, davam edən belə halın onun şüurunda mənfi psixi nəticələr yaratmaması mümkünsüzdür. İddiaçıya toprpaq sahəsi ayrılması barədə cavabdehin 23 aprel 2008-ci il tarixli 019 saylı qərarı ləğv olunmadığı halda, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədən əvvəl inzibati orqana və sonradan hazırkı iddia ilə məhkəməyə müraciət etməsi onu deməyə əsas verir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya sarsıntı keçirilməsi qismində mənəvi zərər dəymişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 10-cu bəndində izah edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi sarsıntı baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqadar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin 1.000 manat həcmində müəyyən edilməsini ağlabatan və ədalətli saysa da, məhkəmə kollegiyası qanunvericiliyin sadalanan müddaəalarına əsaslanaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 10-cu bəndini rəhbər tutaraq, işin bütün hallarını, o cümlədən qanunsuz hərəkətlərin 6 il davam etməsini, habelə iddiaçının fərdi xüsusiyyətlərini (yaşı, ailəli olması və s.), eləcə də cavabdehin inzibati orqan kimi səlahiyyətlərini, resurslarını və imkanlarlarını nəzərə alaraq, dəymiş mənəvi zərərin 3.000 manat həcmində müəyyən edir. Nəzərə alınmalıdır ki, mənəvi zərərin tutulması varlaşma vasitəsi deyil, hazırki mübahisə üzrə cavabdehin hərəkətlərinin qanunsuzluğunun nəticəsini əks etdirən simvolik ifadə vasitəsidir. Başqa sözlə desək, mənəvi zərər bilavasitə zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Bu hallarda məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən hər iki tərəfin konstitusiya ilə qorunan hüquq və marağlarını nəzərə alaraq məbləğin ağlabatan olmasını nəzərə almalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(112)-5977/2023 saylı qərarı qismən – iddia tələbinin təmin edilməyən (mübahisələndirilən) hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(112)-5977/2023 saylı qərarı qismən – mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsindən dəymiş maddi ziyana görə 2.000 manat və mənəvi ziyana görə 3.000 manat kompensasiya İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-781/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-781/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver