Məhkəmə qərarları › İş №2-1(103)-782/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-782/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-782/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “kameral vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş **********726800 saylı xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili İddiaçı2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “**********726800 saylı xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4486/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən **********726800 saylı xx xxxx 2020-ci il tarixli qərara əsasən 2017-ci ilin may ayı üzrə ona əsassız olaraq əlavə vergi məbləği hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunverciliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki, qərar ləğv edilməlidir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən x xxxxxx 2020-ci il tarixdə 2017-ci ilin may ayı üzrə əlavə dəyər vergisi (ƏDV) bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Həmin bəyannamənin təqdim edildiyi hesabat dövrü ərzində o, hər hansı mallara (işlərə, xidmətlərə) görə pul vəsaiti əldə etməmiş və ya avans almamışdır. Lakin vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə məbləği çıxarılmış və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. Sözügedən qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında heç bir əsas göstərilməmişdir. Vergi orqanı həmin qrafada “bir dövr üzrə analoji qaydada vergi məbləği hesablanmışdır” göstərməklə kifayətlənmişdir. Hesablanan vergi məbləği vergi orqanı tərəfindən vergitutmanın hansı mənbədən, hansı qaydada tutulması göstərilməklə hesablanmalı idi. Bundan başqa, iddaçı vergi orqanına müraciət edərək, təqdim olunmuş bəyannamənin və digər hesabat sənədlərinin nəzərə alınmasını, əsassız olaraq hesablanmış vergi məbləğinin azaldılmasını, xx xxxx 2020-ci il tarixli qərarın ləğvini xahiş etmişdir. Lakin müraciət cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləği azaldılmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçı tərəfindən təqdim olunmuş sonuncu mənfəət vergisi bəyannaməsində ilin sonuna 65.943,89 manat mal qalığı və həmin tarixdən sonra iddiaçı tərəfindən təqdim olunmuş bəyannamələrdə dövriyyə məbləğinin göstərilmədiyi məlum olmuşdur. Qeyd olunanlar, eyni zamanda iddiaçının faəliyyətini dayandırması istifadəsində qalmış malların satılaraq gəlirlərin vergidən gizlədilməsi kimi qiymətləndirilərək vergidən yayınma riski yaratmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx xxxx 2017-ci il tarixli **********638300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri, idxal olunmuş malların saxlanma yeri və mal qalığı barədə ətraflı məlumat, idxal olunmuş malların satlş qiymətləri barədə məlumat, araşdırılan dövr üzrə bank və kassa sənədləri, yaranmış uyğunsuzluğun səbəbi iıə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üzrə 11.869,90 manat əlavə vergi hesablanmış, bu barədə vergi ödəyicisinə x xxxxxx 2017-ci il tarixli **********211600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Bundan sonra, iddiaçı x xxxxxx 2020-ci il tarixdə 2017-ci ilin may ayı üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edərək, həmin ay üzrə vergi tutulan əməliyyatlarının olmamasını bəyan etmişdir. Lakin bu dəfə də iddiaçı tərəfindən idxal edilmiş malların saxlanma yeri və mal qalığı barədə ətraflı məlumat, idxal olunmuş malların satış qiymətləri barədə məlumat, araşdırılan dövr üzrə bank və kassa sənədləri, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyinə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********726800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı ilə 2017-ci ilin may ayı üzrə 11869.90 manat ƏDV iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4486/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə sübutlar tam və hərtərəfli araşdırılmadan qərar qəbul edilmişdir. İddiaçı tərəfindən verilmiş gəlir vergisi bəyannaməsinin 01 saylı Əlavəsinin 1.3-cü sətrində (Ehtiyatlar) 65943.89 manat bitməmiş istehsalının, yəni mal qalığının olduğu bəyan edilmişdir. İddiaçının özü tərəfindən mal qalığının olduğunun birmənalı təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin halın sübut olunmadığına istinad etməkdə haqlı olmamışdır. Həmçinin mal qalığının aqibəti məhkəmə tərəfindən araşdırılmayaraq işin bütün halları tədqiq edilməmişdir. Belə ki, vergi orqanının kameral qərar üzrə hesablanmasının əsasını məhz mal qalığı kimi bəyan edilən malın daha sonra heç bir hesabatda əks etdirilməməsi olmuşdur. Məhkəmə tərəfindən sözügedən hal ümumiyyətlə araşdırılmamışdır. Belə olan halda məhkəmə tərəfindən işin əsasını təşkil edən hala qiymət verilmədən qanunsuz və əsassız yekun qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək iddia müddətinin ötürüldüyünü bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, qərar rəsmi qaydada təqdim olunmamış, iddiaçı qərarı elektron qaydada aldıqdan sonra vaxtında iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli qərar “vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”a əsasən xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuş, iddiaçı həmin qərarın ləğvi barədə iddia ilə işin 12-ci vərəqində olan poçt zərfindən göründüyü kimi, məhkəməyə poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir ki, bununla da inzibati aktın mübahisələndirilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə vaxtında müraciət edildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkün iddiadır. İddianın mahiyyəti ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı X2 vergi orqanında vergi ödəyicisi kimi ƏDV qeydiyyatından keçmişdir. Cavabdeh inzibati orqan tərəfindən ona kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üzrə 11869,9 manat məbləğində ƏDV hesablanması barədə xx.xx.2020-ci il tarixdə **********726800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Həmin qərarda onun qəbul edilməsinin əsası dəqiq göstərilməmiş, “bu dövr üzrə analoji qaydada vergi məbləğinin hesablandığı” və “vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı”nın 11869,90 manat olduğu göstərilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əməl edilmədən vergilərin hesablanmasına dair inzibati akt qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə araşdırmaları zamanı vergi orqanı tərəfindən təqdim edilən sənədlər və verilən mülahizələrdən müəyyən olunmuşdu ki, vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsini aparılan araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsində ilin sonuna 65943,89 manat mal qalığının olduğu və həmin tarixdən sonra iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə dövriyyə məbləğinin göstərilmədiyi ilə əsaslandırmışdır. Belə ki, vergi orqanı hesab etmişdir ki, iddiaçının fəaliyyətinin dayandırılması istifadəsində qalmış malların satılaraq gəlirlərin vergidən gizlədilməsi kimi qiymətləndirilərək vergidənyayınma riski yaratmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********639300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri, idxal olunmuş malların satış qiymətləri barədə məlumat, araşdırılan dövr üzrə bank və kassa sənədləri, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim etmədiyinə görə kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üzrə 11869,90 əlavə dəyər vergisi hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********211600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə 2017-ci ilin may ayı üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edərək həmin ay üzrə vergi tutulan əməliyyatlarının olmadığını bəyan etmiş, lakin bu dəfə də idxal olunmuş malların saxlanma yeri və mal qalığı barədə ətraflı məlumat, idxal olunmuş malların satış qiymətləri barədə məlumat, araşdırılan dövr üzrə bank və kassa sənədləri, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyinə görə **********726800 nömrəli xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2017-ci ilin may ayı üzrə 11869,90 manat əlavə dəyər vergisi iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. İddiaçının dəlilləri isə ondan ibarət olmuşdur ki, onun fəaliyyətində 2016-cı ilin sonuna 65943,89 manat məbləğində mal qalığı olmamış, ona görə də 2017-ci ilin may ayına onun ƏDV borcu yaranmamışdır. Vergi ödəyicisi kimi onun fəaliyyəti xx.xx.2016-cı il tarixdə 5 il müddətinə dayandırılmış və bu barədə ona vergi orqanı tərəfindən təsdiqedici məktub da göndərilmişdir. Belə ki, vergi ödəyicisinin xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən fəaliyyətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək dayandırılması nəzərə alınaraq “vergi ödəyicisinin fəaliyyətinin dayandırılması” barədə vergi orqanı tərəfindən iddiaçıya məktub verilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək dayandırılsa da, onun tərəfindən təqdim edilmiş sonuncu bəyannamələrdə dövriyyəsinin olmadığı göstərilsə də, vergi orqanı tərəfindən iddiaçı barəsində 2017-ci ilin may ayı üzrə xx.xx.2020-ci il tarixdə **********726800 nömrəli qərar qəbul edilmiş, bu zaman 2017-ci ilin may ayı üzrə analoji qaydada vergi məbləğinin hesablandığı göstərilmiş və vergi orqanı həmin qərarın qəbul edilməsini vergi ödəyicisi olan iddiaçının 2015-ci il üzrə təqdim etdiyi gəlir vergisinin bəyannaməsinə əsasən 65943,89 manat dəyərində mal qalığının bəyan edilməsi ilə əsaslandırmışdır. Belə ki, işə əlavə olunmuş xx.xx.2017-ci il tarixli qərarın məzmununda Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisinə əlavə dəyər vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən əlavə dəyər vergisinin hesablandığı göstərilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli məktubda aparılan araşdırma zamanı vergi ödəyicisinin təqdim etdiyi sonuncu mənfəət (gəlir, sadələşdirilmiş) vergi bəyannaməsinə ilin sonuna 65943,89 manat mal qalığının olduğu və həmin tarixdən sonra ümumilikdə 0 manat dövriyyə məbləğinin göstərildiyinin məlum olduğu qeyd edilməklə vergi ödəyicisindən müvafiq sənədləri 5 gün ərzində təqdim etmək tələb olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəyə tətbiqi zamanı müəyyən olundu ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində xx.xx.2020-ci il tarixli qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozularaq, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilməmişdir. Belə ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarda bu qərarın qəbul edilməsinə əsas verən hallar konkret olaraq göstərilməsə də, cavabdeh tərəfin təqdim etdiyi sənədlər və verdiyi mülahizələr onu deməyə əsas verir ki, xx.xx.2020-ci il tarixli qərar əslində vergi ödəyicisinin 2015-ci il üzrə təqdim etdiyi “gəlir vergisinin bəyannaməsi”ndə 65943,89 manat dəyərində mal qalığının bəyan edilməsi ilə bağlı qəbul edilmişdir. Lakin həmin qərarda kameral vergi yoxlamasının keçirildiyi dövr kimi 2017-ci ilin may ayı qeyd olunmuş, sonradan aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin dövrə cavabdehin özünün də qeyd etdiyi kimi iddiaçının verdiyi bəyannamələrdə dövriyyəsinin və vergi tutulan əməliyyatlarının olmadığı göstərilmişdi. Belə olan halda vergi orqanı xx.xx.2020-ci il tarixli qərarında “2017-ci ilin may ayı”nı göstərsə də, kameral vergi yoxlamasının iddiaçının 2015-ci il üzrə təqdim etdiyi bəyannamədəki məlumatla bağlı olduğu nəzərə alınmaqla həmin bəyannamənin təqdim edildiyi vaxtdan 30 iş günü müddətinin ötürülməsi ilə keçirildiyi müəyyən olunur. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli qərarın qəbul edilmə əsası kimi xx.xx.2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”da olduğu kimi, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu mənfəət (gəlir, sadələşdirilmiş) vergi bəyannaməsinə ilin sonuna 65943,89 manat mal qalığının olduğu və həmin tarixdən sonra ümumilikdə 0 manat dövriyyə məbləğinin göstərildiyinin məlum olduğu qeyd edilsə də, cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli qərarı qəbul edərkən onun qəbul edilməsi üçün əsas verən hallarla bağlı araşdırma apardığına dair hər hansı sübut təqdim etməmiş, sadəcə həmin qərarda 2017-ci ilin may ayı üzrə analoji qaydada vergi məbləğinin hesablandığını qeyd etməklə kifayətlənmişdir. Halbuki Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4486/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4486/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar