Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-782/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı (üçüncü şəxs Nizami Rayon İcra Hakimiyyəti) “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2- 1(112)-406/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nizami rayon İcra Hakimiyyətinə qarşı “maddi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Məhkəmənin qərardadı ilə Maliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin qərardadı ilə Nizami Rayon İcra Hakimiyyətinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti və Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində prosessual iştirakına xitam verilərək cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verilərək Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər siyahısından çıxarılması, Maliyyə Nazirliyinin üçüncü şəxs qismində icraatda iştirakına xitam verilməsi, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti üçüncü şəxs qismində cəlb edilməsi, cavabdehin Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi olmasının müəyyən edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə yeganə cavabdeh Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi olmaqla kompensasiyanın ödənilməsi tələbi həmin Birliyə qarşıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, binanın qarşısında tikilmiş qaraj sərəncam əsasında M.Hüseynovun istifadəsinə verilmiş, sonuncu yenidənqurma işləri aparmış və nəticədə 35 kv.m-lik daş qaraj tikilmişdir. Həmin şəxsin vəfatından sonra qarajdan vərəsə İddiaçı1 istifadə etmişdir. İddiaçı digər İddiaçı2 əşyalarının həmin qarajda saxlamağa icazə vermişdir. 20 iyun 2019-cu il tarixdə Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən heç bir xəbərdarlıq edilmədən adıçəkilən qaraj sökülmüşdür. Bu zaman orada olan əşyalar da digər iddiaçıya qaytarılmamışdır. Bu səbəbdən də iddiaçılar hesab edir ki, qarajda olan əşyalar, eləcə də qaraja görə onlara kompensasiya ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(112)-406/2023 saylı qərarı ilə (hakim O.Həsənov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 31850 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyinin cavabdeh Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi, İddiaçı2 4140 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyinin cavabdeh Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(112)-406/2023 saylı qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə əlavə edilmiş sənədlərdən də göründüyü kimi "İDEA" İctimai Birliyi və Bakı Şəhər İcra Hakimiyyətinin "Bizim Həyət" layihəsi əsasında, Bakı şəhərinin bütün rayonlarında, həmçinin, Nizami rayonu ərazisində də müxtəlif ünvanlarda abadlıq-quruculuq işləri aparılaraq, nümunəvi həyətlər salınaraq, rayon sakinlərinin istifadəsinə verilmişdir. Həmin layihə əsasında ünvan 2 ünvanda da abadlıq işlərinə başlanmazdan öncə, ərazidə yerləşən yaşayış binalarının sakinlərinə binaların həyətində yerləşən, ərazinin ümumi görünüşünə xələl gətirən və müvafiq tikintimemarlıq normalarına uyğun olmayan qarajların götürülməsi ilə bağlı çoxsaylı xəbərdarlıqlar verilmişdir. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 35 saylı yaşayış binasının həyətində, bina sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş ərazidə "İDEA" İctimai Birliyi və Bakı Şəhər İcra Hakimiyyətinin "Bizim Həyət" layihəsi əsasında abadlıq işləri başlamazdan əvvəl həmin həyətdə yerləşən, Bakı Şəhəri Nizami Bələdiyyəsinin 22 sentyabr 2014-ci il tarixli, 13 saylı Qərarı ilə iddiaçılardan olan İddiaçı2 adına qeydiyyata alınmış 10151 saylı qarajın götürülməsi ilə bağlı İddiaçı2 da xəbərdarlıqlar göndərilsə də, İddiaçı2 xəbərdarlıqları qəbul etməkdən belə imtina etdiyindən həmin qaraj onun iştirakı olmadan götürülmüş və qarajın içərisində olan əşyalar: 1 ədəd plastik pəncərə, 1 ədəd sökülü vəziyyətdə olan mebel şkaf, 1 ədəd divar güzgüsü, 1 ədəd çılçıraq, 3 ədəd köhnə işlənmiş disk və təkərlər, 1 ədəd maşın təkərlərinin üstünə qoyulan nerjaveyka dəmir, 1 ədəd köhnə paltaryuyan maşın müvafiq Akt tərtib edilərək Birliyin anbarında saxlanca qoyulmuşdur ki, hal-hazırda da həmin əşyalar Birliyin saxlanc anbarında qalmaqdadır. Sonradan həmin əşyaların Birliyin saxlanc anbarından götürülməsi ilə bağlı dəfələrlə İddiaçı2 müraciətlər edilmiş və İddiaçı2 nümayəndəsi tərəfindən əşyalara baxılmaqla, tezliklə götürüləcəyi bildirilsə də, hal-hazıra qədər əşyalar Birliyin anbarından götürülməmişdir. "İDEA" İctimai Birliyi və Bakı Şəhər İcra Hakimiyyətinin "Bizim Həyət" layihəsi əsasında Nizami rayonu, R.Rüstəmov küçəsi 35 saylı binanın həyətindən götürülmüş İddiaçı2 aid qaraj ilkin vəziyyətdə 6.0 x 3.0 metr ölçüdə və dəmir konstruksiyalı olmaqla, qarajın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin qarajın İddiaçı2 adına qeydiyyata alınması haqqında Bakı Şəhəri Nizami Bələdiyyəsinin 22 sentyabr 2014-cii il tarixli, 13 saylı Qərarının 3-cü bəndində “Qarajın yerləşdiyi torpaq sahəsi tikinti və abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməlidir” qeyd edilmişdir. Sözügedən qaraj ilkin vəziyyətdə 6.0 x 3.0 metr ölçüdə olan dəmir konstruksiyalı olsa da, sonradan heç bir icazəverici sənədləri olmadan, özbaşına olaraq qarajın dəmir konstruksiyası sökülərək, ölçüləri daha da böyüdülməklə, yerində mişar daşından yeni qaraj inşa edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2023cü il tarixli, 2-1(112)-406/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(112)- 406/2023 saylı qərarı ləğv edilməli, İddiaçı1 iddiası mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İş materiallarında olan Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli sərəncamından görünür ki, 18 kv.m ölçüdə qaraj X1 istifadəsinə verilmişdir. İş materiallarında olan Notariat ofisinin məktubundan görünür ki, adıçəkilən şəxsin vəfatı ilə əlaqədar İddiaçı1 qaraja dair vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı müraciət etmişdir. İş materiallarında olan Notariat ofisinin məktubundan görünür ki, adıçəkilən şəxsin vəfatı ilə əlaqədar İddiaçı1 qaraja dair vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı müraciət etmişdir. İşin materiallarında olan yerli icra hakimiyyətinin məktubundan görünür ki, qarajın yerləşdiyi torpaq sahəsi aparılan tikinti və abadlıq işləri zamanı, layihədə nəzərdə tutulan avadanlıq və qurğuların quraşdırılmasına mane olduğuna görə sökülmüşdür. İş materialında olan yerləşmə sxemindən də görünür ki, daş qarajın ölçüsü 35 kv.m təşkil edir. İş materiallarında olan Nizami rayonu Mənzil Kommunal Təsərrüatı Birliyinin məktubundan görünür ki, mübahisəli qaraj Birlik tərəfindən götürülmüş, içərisindəki əşyalar aktlaşdırılıb götürülərək Birliyin anbarına təhvil verilmişdir. Sözügedən qaraj ilkin olaraq dəmir qaraj olmuş, sonradan daş qaraja çevrilmişdir. Həmçinin, işin materiallarında olan Nizami Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 35 saylı binanın həyətində yerləşən daş qaraj X1 adından İddiaçı2 adına qeydiyyata alınaraq qarajdan istifadəyə görə bələdiyyə ödənişinə cəlb edilməsi qərara alınmışdır. Həmin qərarın 3-cü bəndinə əsasən qarajın yerləşdiyi torpaq sahəsi tikinti və abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməlidir. Bundan əlavə, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 35 saylı binanın həyətyanı sahəsində tikilmiş 35 kv.m qarajın qeydiyyatdan keçməsi ilə bağlı məlumat, həmçinin texniki pasport aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, işdən göründüyü kimi mübahisə predmeti olan qaraj ilkin olaraq 1997-ci ildə İddiaçı1 atası Məhərrəm Hüseynovun istifadəsinə verilmiş və həmin vaxtı qarajın sahəsi 18 kv.m olmuş, sonradan M.Hüseynov həmin qarajın yerində səlahiyyətli orqanların buna heç bir razılığı (icazə) olmadan sahəsi 35 kv.m olan daş qaraj inşa etmişdir. M.Hüseynovun ölümündən sonra qeyd olunan qaraj İddiaçı1 faktiki istifadəsində olmuş, lakin nə atası M.Hüseynovun istifadəsində, nə də sonradan İddiaçı1 istifadəsində olduğu dövrdə qaraj daşınmaz əmlak kimi reyestrdə qeydiyyatdan keçməmiş (texniki pasportu tərtib olunmamışdır), mərhum M.Hüseynovun mülkiyyətində olmamış və sonuncunun ölümündən sonra miras əmlak kimi qızı – hazırki İddiaçı1 vərəsəlik qaydasında ötürülə bilməzdi. Bundan əlavə, işdə olan Nizami Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə qaraj X1 adından İddiaçı2 adına qeydiyyata alınmışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı1 kompensasiya şəklində pulun tutulmasını tələb etdiyi qaraja dair söküldüyü anda hər hansı hüquqa malik olmadığına görə, qaraj həmin vaxtı başqa şəxsin (İddiaçı2) istifadəsində olduğuna görə o, hazırda bu cür tələblə çıxış etmək üçün subyektiv hüquqa malik deyildir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Daha sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, ”subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(112)-406/2023 saylı qərarı ləğv edilməli, İddiaçı1 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(112)-406/2023 saylı qərarı ləğv edilsin. İddiaçı1 cavabdeh Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı (üçüncü şəxs Nizami Rayon İcra Hakimiyyəti) “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-782/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-782/2024
23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver