Məhkəmə qərarları › İş №2-1(103)-782/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-782/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-782/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi X4 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 16905,17 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 70000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-2988/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi X4 Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 16905,17 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 70000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmşdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 21 aprel 2022-ci il tarixli qərar çıxarmışdır. Həmin qərar əsasında vergi ödəyicisinin 21 aprel 2022-ci il tarixə yaranan 66.720,83 manat borcuna görə onun 70.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 27 may 2022-ci il tarixli **********0 nömrəli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə 6 may 2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 21 aprel 2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 16.905,17 manat borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2988/2023 saylı qərarı (hakim R.L.Kərimli) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-1291/2024 saylı qərarı ilə (hakimlər - sədrlik edən və məruzəçi K.H.Əkbərov, M.N.Tağızadə və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2988/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı İqtisadiyyat Nazirliyi X4 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2022/2024 saylı qərarı ilə (hakimlər - sədrlik edən və məruzəç K.N.Bədəlov, N.İ.Rəsulbəyova və Z.M.Quliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-1291/2024 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2022/2024 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 29. Məhkəmə siyahıya alınmış bütün əmlakların deyil, qərar qəbul edilən ana mövcud borc nəzərə alınmaqla zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verməlidir. Bunun üçün məhkəmə, ilk növbədə, məhz qərar çıxardığı ana mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilib-edilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud olan borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir. ... 35. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olub-olmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalıdır. İlk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə onun vicdanlı hesab edilməsinin mümkünlüyü; - satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; - əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s”.”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh borcunun məbləği barədə müvafiq arayışın verilməsini İqtisadiyyat Nazirliyi X4 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən xahiş etmiş, eyni zamanda cavabdehin özünə aşağıdakı məzmunda sorğu ilə müraciət etmişdir: “ ... Yaranmış zərurətlə əlaqədar göstərilən işin obyektiv araşdırılması məqsədilə, borcun ödənilməməsinin səbəblərinə, borcun ödənilməsinə dair yönəlmiş hərəkətlərinizə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, 71a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hal-hazırda hansı şəkildə istifadə edilməsinə və icranı Sizin üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinizin mövcudluğuna dair məlumatların məhkəməyə təqdim edilməsi Sizdən xahiş olunur”. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddia tələbinin təmin edilməsi və əmlakının satılmasına etiraz edir. Belə ki, dövlət büdcəsinə ödənilməmiş 16905,17 manat məbləğində borc tərəfindən ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X4 Xidmətinin X1 Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış 12 aprel 2022-ci il tarixli **********427200 nömrəli bildirişdən görünür ki, Cavabdeh 12 aprel 2022-ci il tarixə ümumilikdə 66.705,32 manat, o cümlədən vergilər üzrə 60.116,57 manat, maliyyə sanksiyası üzrə 80 manat, faizlər üzrə 6.508,75 manat borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X4 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu tərtib edilmiş və məktubda vergi ödəyicisinə 16 may 2022-ci il tarixə yaranmış ümumilikdə 51.090,94 manat, o cümlədən vergilər üzrə 44.328,89 manat, faizlər üzrə 6.762,05 manat borcunun mövcudluğu və onun mülkiyyətində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının olduğu bildirilmiş və o, həmin daşınmaz əmlakın sənədlərini təqdim etməklə müvafiq tarixdə və vaxtda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə dəvət olunmuşdur. Məktubda həmçinin, sənədlər təqdim edilmədiyi və onun Baş İdarəyə müvafiq vaxtda gəlmədiyi təqdirdə, əmlakın üzərinə həbs qoyulması və borcun məcburi qaydada həmin əmlaka yönəldilməsi məqsədilə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. - İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X4 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” 21 aprel 2022-ci il tarixli **********0 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün onun əmlakının siyahıya alınması qərara alınmışdır. - “Əmlakın siyahıya alınması haqqında” 27 may 2022-ci il tarixli, **********0 nömrəli protokolun surətindən görünür ki, vergi ödəyicisi kimi Cavabdehun dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun özünün və ya nümayəndəsinin iştirakı olmadan mülkiyyətindəki ümumi sahəsi 336,2 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, 71a ünvanında olan qeyri-yaşayış binasının siyahıya alınması barədə protokol tərtib olunmuşdur. Bu barədə vergi orqanının bir nəfər əməkdaşı (X2) tərəfindən akt tərtib olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X4 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış 6 iyun 2022-ci il **********437200 nömrəli xəbərdarlıq məktubundan görünür ki, həmin məktubda Cavabdeh Baş İdarənin 21 aprel 2022-ci il tarixli qərarı ilə onun 70.000 manat məbləğində əmlakının siyahıya alındığı və Vergi Məcəlləsinin 89-cu maddəsinə istinadən əmlakın siyahıya alındığı tarixdən 30 gün müddətdə borclar dövlət büdcəsinə tam ödənilmədikdə, siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin yuxarıda göstərilmiş maddi hüquq normalarından görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergilər, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqının ödənilməsi öhdəliyini Vergi Məcəlləsi ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borc üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X4 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 sentyabr 2025-ci il tarixli, 3-21-2-3/2-1026459/2025 saylı cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Cavabdeh (VÖEN: **********) xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərar üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə vergi üzrə 143.01 manat borc ödənilməmişdir”. Məhkəmə iclasında iştirak edən Cavabdeh xx.xx.2025-ci il tarixdə Dövlət Vergi Xidmətinə 141 manat məbləğində vergi borcunu ödəmiş və müvafiq qəbzil məhkəməyə təqdim etmişdir. Yuxarıdakılar nəzərə alınarsa cavabdehin hal-hazırda cəmi 2,01 manat məbləğində borcu qalmış və belə olan halda məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin aşağıda ifadə edilən qənaəti ilə razılaşır və hesab edir ki, iddia ərizəsinin təmin edilməməsi qanuni və ədalətlidir. “ ... - satılması tələb olunan daşınmaz əmlakın müvafiq borc məbləğinə münasibətdə mütənasibliyini şübhə altına qoyur və mülkiyətçi kimi cavabdehin mənfeyinə ciddi mənfi təsir ehtimalı yaradır”. Belə ki, Ali Məhkəmənin qərarında da göstərildiyi kimi, Vergi Məcəlləsinin 90.1-ci maddəsində istifadə olunan “zəruri və kifayət olan həcmdə” ifadəsi mütənasiblik və ədalətlilik prinsiplərinin tələblərinin nəzərə alınmasını tələb edir. Mütənasiblik prinsipinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə, cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İqtisadiyyat Nazirliyi X4 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2988/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Ceyhun Məmmədov Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar