Məhkəmə qərarları › İş №2-1(103)-783/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-783/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-783/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X11 və X7 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi, mənsubiyyətinin tanınması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-2369/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-2369/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməs, mənsubiyyətinin tanınması” tələbinə dair iddiası rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının vətəndaşı kimi xx xxxxxx 1998-ci il tarixdə pay torpağı verilmişdir. Eyni zamanda, X1 ailə üzvləri ilə birlikdə xx xxxxxxx 1999-cu il tarixə kimi Ağcabədi rayonunun Minəxorlu kəndində yaşamış və qeydiyyatda olmuşdur. X1 Azərbaycan SSR-nin pasportundan istifadə edərək xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası ərazisini tərk edib. İddiaçı xx xxxxxx 2000-ci il tarixində Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasında hərbi qeydiyyata alınmışdır. Göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almayaraq əsassız və qeyri-qanuni qərar qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilmədən, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, xx xxxx 2019-cu il tarixli qərarından müəyyən edilir ki, İddiaçı xx xxxx 2019cu il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, şəxsin “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qedyiyyatda olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, xx xxxx 1960-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin üzərinə xx xxxx 2019-cu il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsinə dair tələb irəli sürmüşdür. Kollegiya birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi bağlı gəldiyi nəticə ilə razılaşır. İşdə olan İAMAS məlumatlardan görünür ki, İddiaçı Məhəmmədli oğlu xx.xx.1960-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşıdır. X9 müxtəlif tarixlərdə giriş-çıxışı olmuşdur. İşdə olan torpağa mülkiyyət hüquqununa dair JN - 0006 nömrəli, 60809028 kod nömrəli dövlət aktından görünür ki, X2 mülkiyyətinə ailə üzvləri ilə birlikdə Ağcabədi rayon X6 xx xxxxxx 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 2.35 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmışdır. H3 seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Ağcabədi rayonundan hərbi xidmətə çağırılmışdır. İşdə olan SSSR pasportundan görünür ki, İddiaçı Məhəmmədli oğluna həmin pasport xx.xx.1996-cı il tarixdə verilmiş, pasportun bitmə müddəti xx.xx.2001-ci il qeyd edilmişdir. Ağcabədi rayonu İcra Hakimiyyyəti Başçısının Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 147 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Rusiya Federasiyası vətəndaşı İddiaçı xx.xx.1999-cu ilə qədər Ağcabədi rayonu Minəxorlu kəndində özünə məxsus fərdi yaşayış evində qeydiyyatda olmuş və həmin evdə yaşamışdır. xx.xx.1999-cu ildə Ağcabədi rayonu Minəxorlu kəndindən qeydiyyatdan çıxmışdır. xx.xx.2012-ci ildən hal-hazıra kimi Rusiya Federasiyası vətəndaşı olaraq Azərbaycan Respublikasında müvəqqəti hüququ olan şəxs kimi Ağcabədi rayonu Minəxorlu kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, 169 nömrəli arxiv arayışından görünür ki, arxivdə saxlanılan Kalinin və M.Əzizbəyov k/z 1982- 1996-cı il dövr arayış xarakterli arxiv sənədləri yoxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, Süleymanov Müşrəvan 1982, 1983, 1984, 1985, 1988, 1990, 1991, 1992, 1993, 1994, 1995-ci il tarixlərdə həmin kolxozda işləmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 018-15016-1219 nömrəli məktubdan görünür ki, sorğu edilən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat yoxdur. Kollegiya qeyd edir ki, mövcud qanunvericiliyə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun «Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət» adlanan 5-ci maddəsinin tələblərinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətandaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbinə əsasən həmin qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasınm vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün Azərbaycan Respublikasının vətəndaşı həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma əsas şərtdir. Eyni zamanda, «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndinə görə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. “Həmin «Qaydalar»ın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İstinad olunan müddəalardan göründüyü kimi, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan əsas diqqətini onun özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda və bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Lakin, iş üzrə müəyyən olunur ki, iddiaçının xx.xx.1998-ci il tarixinədək Azərbaycan Respublikasında qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən olunmamış, eləcə də onun xx.xx.1998-ci il tarixinədək (1996-cı ildə) ölkəni tərk edərək Rusiya Federasiyasına getdiyi müəyyən edilmişdir. Başqa sözlə, iddiaçı qanunda göstərilən müddətdə Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Bundan başqa, iş materiallaından da göründüyü kimi, iddiaçı 5-ci maddənin birinci hissəsinin 2, 3 və 4-cü bəndlərində təsbit olunmuş şəxslər kateqoriyasına düşmür. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası razılaşır ki, ancaq o halda, iddiaçının qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o, “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan ((“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa)) və Qaydanın 4.3-cü bəndində nəzərdə tutulan (Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır) hallar olsun. İş materiallarından görünür ki, iddiaçı xx xxxxxx 2000-ci ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir və buna görə də, iddiaçıya münasibətdə həmin qaydalar şamil edilə bilməz. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçının müraciətinə DMX tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində onun hüquqları və qanunla qorunan maraqları pozulmamış, hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. Bundan əlavə «Azərbaycan Respublikası vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən, bu əsasnamə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi məsələlərinə baxılması və onların həlli qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizəanketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir və ərizəanketə Əsasnamənin 2-ci bəndinə qeyd olunan sənədləri, o cümlədən Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış və qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) əlavə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə görə isə, vətəndaşlıq məsələlərini Azərbaycan Respublikasının Prezidenti həll edir. İş materiallarından göründüyü kimi, iddiaçının iddia tələbi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması olsa da, faktiki olaraq məhkəmədən özünün Azərbaycan Respublikasının vətəndaşlığı məsələsinin həll olunmasını tələb edir ki, qanunvericiliyə görə bu məsələnin də həlli yuxarıda qeyd olunan qaydada müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərar yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apelyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanalara əsasasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-2369/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar