Məhkəmə qərarları › İş №2-1(103)-783/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-783/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-783/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndələri X1, Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-429/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş 25.11.2019-cu il tarixli **********193930 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra cavabdeh vergi orqanı) 07.03.2018-ci il tarixli **********149928 nömrəli qərarına əsasən İddiaçı ASC-də aprel-2013 mart 2018 dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 22.02.2018-ci il tarixdə başlanmış və 26.09.2019-cu il tarixdə bitmişdir. Yoxlama 9 halda cəmi 272 gün dayandırılmış, 3 halda isə cəmi 57 gün uzadılmış, 1 halda isə 70 gün müddətinə əlavə vergi yoxlaması tədbirləri keçirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi 30.09.2019-cu il tarixli **********151355 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında 25.11.2019-cu il tarixli **********193930 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya mənfəət vergisi üzrə 2015-ci ilə 688.12 manat, 2016-cı ilə 1892.86 manat, 2017ci ilə 5473,05 manat, ümumilikdə 8054,03 manat əlavə vergi məbləği hesablanmış, VMnin 58.1-ci maddəsinə əsasən (vergilərin azaldılmasına görə) 3682,96 manat, 58.7-1-ci maddəsinə əsasən (“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə) 1125.51 manat, VM-nin 58.3-cü maddəsinə əsasən 2016-cı il üzrə 12058,82 manat, 2017-ci il üzrə 71445,15 manat, 2018-ci il üzrə 15747,0 manat, ümumilikdə isə 99250,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı barəsində qəbul edilmiş 25.11.2019-cu il tarixli **********193930 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ı əsassız hesab edirlər. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 07.05.2018-ci il tarixli **********149938 nömrəli Qərarı ilə İddiaçı ASC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən 01.04.2015-ci il tarixdən 31.03.2018-ci il tarixədək olan vergi dövrü əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri üzrə 30.09.2019-cu il tarixli **********151355 nömrəli akt tərtib olunmuşdur. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, bu barədə aktda müvafiq qeyd edərək, bir nüsxəsini qəbul etmişdir. Aparılan səyyar vergi yoxlaması zamanı vergidən yayınma halları aşkar edilmiş, vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 25.11.2019-cu il tarixli **********193930 nömrəli Qərar çıxarılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 25.05.2018-ci il tarixli **********151356 nömrəli Tələbnamə təqdim olunmuşdur. Bu tələbnaməyə əsasən 01.01.2015-ci il -01.04.2018-ci il dövrləri üzrə ilkin mühasibat sənədləri, müvafiq lisenziya, sertifikat və icazələrin surətləri, xammal və materialların, malların alış sənədləri, yoxlanılan dövr üzrə bank sənədləri, qaimələr, kassa mədaxil, məxaric sənədləri, NKA zet çıxarışı, əmək haqqı cədvəlləri, əmək müqavilələri, daşınan və daşınmaz əmlakın təsdiqedici sənədlərinin surətləri, icarə müqavilələri, iş, xidmət müqavilələri nəqliyyat və digər xərc sənədləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər tələb edilmişdir. Səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 25.05.2018-ci il tarixli **********151356 saylı Tələbnamədə göstərilən sənədlərin bir hissəsi yoxlamaya təqdim edilmiş və həmin sənədlərdə vergidən yayınma halları müəyyən olunduğu üçün vergi məcəlləsinin 43-cü maddəsinə əsasən cavabdeh tərəfindən yoxlama zamanı müəssisənin rəhbərliyinə 12.09.2018-ci il tarixli **********162977 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmışdır. Həmin qərar üzrə təqdim edilmiş sənədlər götürülmüş və bu barədə 13.09.2018-ci il tarixli Protokol tərtib olunmuşdur. Təqdim edilməsindən imtina olunmuş sənədlər üzrə imtina aktlar tərtib edilmişdir. 22.02.2019-cu il tarixli **********177119 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyalann baxışının keçirilməsi haqqında qərara əsasən vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmişdir. Bu qərara əsasən protokol tərtib edilmişdir. 22.05.2018-ci il tarixli **********151359 nömrəli Ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Vergi Məcəllənin 23.1.14-cü maddəsi ilə Məcəllə ilə müəyyən edilmiş qaydada ekspertin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üşün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətlərinin bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Məcəllənin göstərilən maddələrinə əsaslanaraq yoxlamanın gedişatında müəssisə tərəfindən icarəyə verilmiş obyektlərin icarə haqqı qiymətlərin real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə ləğv edilmiş Departamentin “Ekspertizanın təyin edilməsi haqqında” 22.05.2018-ci il tarixli **********151359 saylı Qərarına əsasən Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyindən ekspert Salayev Məmməd-Qulu Sanqam oğlu dəvət edilmiş və AZ 1030 ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın 01.01.2015-ci il tarixdən 01.04.2018-ci il tarixədək əhatə olunan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi barədə 14.06.2018-ci il tarixli ekspert rəyi alınmışdır (rəy və tərtib edilmiş sənədlər əlavə olunur). 14.06.2018-ci il tarixli ekspert rəyinə əsasən müqavilələrdə göstərilən icarə qiymətlərinin hazırkı bazar qiymətlərinə uyğunluğu müəyyən edilərək ekspert tərəfindən təsdiq edilmişdir. Mənfəət vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə 2015, 2016, 2017-ci illərin bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə 2015-2017-ci illər üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Yoxlama zamanı müəssisə tərəfindən təqdim edilmiş icarə müqavilələrinə və mühasibat uçotu sənədlərinə əsasən müəyyən edilmişdir ki, icarəyə götürülmüş obyektlər üzrə kommunal xərclər, mühafizə xərcləri icarə haqlarına daxil deyil və icarəçilər tərəfindən icarəyə verənə əlavə olaraq ödənilir. Lakin müəssisə tərəfindən 2015-ci, 2016-cı və 2017-ci illər üzrə mənfəət vergisi bəyannamələrində ümumi gəlirə yalnız icarə haqları daxil edilmiş, icarəçilər tərəfindən əlavə olaraq müəssisəyə ödənilmiş kommunal xərc məbləğləri isə, icarə haqlarından əlavə ödənilməsinə baxmayaraq ümumi gəlirdən - icarə haqlarından çıxılan xərclərə aid edilmişdir. Bütün xərclərin icarəçilər tərəfindən müəssisəyə ödənildiyini və həmin xərc məbləğlərinin faktiki olaraq müəssisənin adından ödənildiyini nəzərə alaraq, vergi ödəyicisinə icarəçilər tərəfindən icarə haqlarından əlavə ödənilmiş məbləğlər müəssisənin ümumi gəlirinə daxil edilmişdir. 2015-ci il üzrə: Müəssisə tərəfindən 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 47725,0 manat, o cümlədən daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir - 47725,00 manat manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 48 000,00 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 9497,70 manat, sosial sığorta haqları 2089,49 manat, enerji xərcləri 17389,37 manat, su və kanalizasiya xərcləri 4047,36 manat, mühafizə xərcləri 9000,00 manat, bank xidməti üzrə xərclər 54,70 manat, amortizasiya ayırmaları 566,03 manat, digər xərclər 915,15 manat, gəlirdən çıxılan vergilər və yığımlar 4440,20 manat, o cümlədən torpaq vergisi üzrə 3877,00 manat, əmlak vergisi üzrə 563,20 manat göstərilərək, nəticədə 275 manat məbləğində zərər qeyd edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2015-ci il üzrə mənfəət vergisi yoxlanılarkən aşağıdakılar müəyyən edildi: Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər və baza məlumatları əsasında vergi ödəyicisinin 2015-ci il üzrə ümumi gəliri 117 496,30 manat, o cümlədən, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəliri - 53.900 manat; işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri - 63 596,3 manat (icarəçilər tərəfindən ödənilmiş əlavə məbləğlər); ümumi gəlirdən çıxılan xərclər - 114055,7 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 9497,70 manat, sosial sığorta haqlan 2089,49 manat, qaz xərcləri - 39 303,05 manat, enerji xərcləri 43356,05 manat, su və kanalizasiya xərcləri 5 549,10 manat, rabitə xərci -15,96 manat, mühafizə xərcləri 7 627,12 manat, bank xidməti üzrə xərclər 54,70 manat, amortizasiya ayırmaları 566,03 manat, digər xərclər 1 556,30 manat, gəlirdən çıxılan vergilər və yığımlar 4440,20 manat, o cümlədən torpaq vergisi üzrə 3877.0 manat, əmlak vergisi üzrə 563,20 manat, beləliklə vergiyə cəlb olunan mənfəəti 3440,60 manat məbləğində, mənfəət vergisi isə 688,12 manat (3440,60 x 20/100) məbləğində hesablanmışdır. Beləliklə, aparılan yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2015-ci ilin mənfəət vergisi üzrə 688,12 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. 2016-cı il üzrə: Müəssisə tərəfindən 2016-cı il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 50100,00 manat, o cümlədən daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir - 50100,00 manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 52946,08 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 7027,34 manat, sosial sığorta haqları 1546,01 manat, enerji xərcləri 10159,49 manat, su və kanalizasiya xərcləri 9085,14 manat, mühafizə xərcləri 15000,00 manat, bank xidməti üzrə xərclər 15,27 manat, binalar, tikililər və qurğular üzrə hesablanmış təmir xərcləri - 560,37 manat, digər xərclər 2 240,89 manat, gəlirdən çıxılan vergilər və yığımlar 7311,57 manat, o cümlədən torpaq vergisi üzrə 6754,00 manat, əmlak vergisi üzrə 557,57 manat göstərilərək, nəticədə 2846,08 manat məbləğində zərər qeyd edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2016-cı il üzrə mənfəət vergisi yoxlanılarkən aşağıdakılar müəyyən edildi: Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər və baza məlumatları əsasında vergi ödəyicisinin 2016-cı il üzrə ümumi gəliri 125 367,83 manat, o cümlədən, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəliri - 54600.0 manat; işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri - 70767,83 manat; ümumi gəlirdən çıxılan xərclər - 115903,51 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 7027,34 manat, sosial sığorta haqları 1546,01 manat, enerji xərcləri 47747,68 manat, su və kanalizasiya xərcləri 5923,25 manat, qaz xərcləri - 27457,37 manat, mühafizə xərcləri 13559,32 manat, rabitə xərcləri - 232,20, bank xidməti üzrə xərclər 15,27 manat, binalar, tikililər və qurğular üzrə hesablanmış təmir xərcləri - 560,37 manat, digər xərclər 1 506,16 manat, gəlirdən çıxılan vergilər və yığımlar 7311,57 manat, o cümlədən torpaq vergisi üzrə 6754,00 manat, əmlak vergisi üzrə 557,57 manat, beləliklə 9464,32 manat məbləğində vergiyə cəlb olunan mənfəət olduğu müəyyən edildi və 1892,86 manat (9464,32 x20/100) məbləğində isə mənfəət vergisi hesablandı. Beləliklə, vergi ödəyicisi tərəfindən 2016-ci ilin mənfəət vergisi üzrə 1892,86 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. 2017-ci il üzrə: Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 50100,00 manat, o cümlədən daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir - 50100,00 manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 50605,05 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 6840.0 manat, sosial sığorta haqları 1504,80 manat, enerji xərcləri 5876,03 manat, su və kanalizasiya xərcləri 12594,81 manat, mühafizə xərcləri 12000 manat, bank xidməti üzrə xərclər 14,7 manat, qaz xərcləri 2 530,00 manat, amortizasiya ayırmaları - 554,76 manat, digər xərclər 1 383,96 manat, gəlirdən çıxılan vergilər və yığımlar 7 305,99 manat, o cümlədən torpaq vergisi üzrə 6754,00 manat, əmlak vergisi üzrə 551,99 manat göstərilərək, nəticədə 505,05 manat məbləğində zərər qeyd edilmişdir. 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəssisənin mənfəəti həmin dövr üzrə 49,71 manat, mənfəət vergisi isə 9,94 manat müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2017-ci il üzrə mənfəət vergisi yoxlanılarkən aşağıdakılar müəyyən edildi: Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər və baza məlumatları əsasında vergi ödəyicisinin 2017-ci il üzrə ümumi gəliri 142 199.57 manat, o cümlədən, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəliri -50100.0 manat; işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri - 92099,57 manat; ümumi gəlirdən çıxılan xərclər - 114 784,63 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 6 840,00 manat, sosial sığorta haqlan 1 504,80 manat, enerji xərcləri 62 247,06 manat,qaz xərcləri -11521,19 manat, su və kanalizasiya xərcləri 12 862,77 manat, mühafizə xərcləri 10169,49 manat, rabitə xərcləri - 263,97, bank xidməti üzrə xərclər 14,70 manat, digər xərclər 2054,66 manat, gəlirdən çıxılan vergilər və yığımlar 7305,99 manat, o cümlədən torpaq vergisi üzrə 6754,00 manat, əmlak vergisi üzrə 551,99 manat, 27414,94 manat məbləğində vergiyə cəlb olunan mənfəəti müəyyən edilmiş, 5482,99 manat (27414,94 x 20/100) məbləğində isə mənfəət vergisi hesablanmışdır. Beləliklə, vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə 5473,05 (5482,99- 9,94) manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, müvafiq məbləğ vergi ödəyicisinə qeyd- şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Məcəllənin 135.2-ci maddəsində isə qeyd edilir ki, vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Məcəllənin 134-cü maddəsinə əsasən, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 136.1-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisinin vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdiyi, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı vergi ödəyicisinin birmənalı olaraq maliyyə öhdəliklərini qəbul etdiyi, maliyyə öhdəliklərinin məbləğinin dəqiq qiymətləndirildiyi və əqddə və ya müqavilədə iştirak edən bütün tərəflərin əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirdiyi, yaxud müvafiq məbləğlərin qeyd-şərtsiz ödənilməli olduğu vaxt əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.3-cü maddəsində nəzərdə tutulmuş hüquq pozuntuları barədə məlumat: Cəmiyyət tərəfindən yoxlamaya təqdim edilmiş ilkin sənədlərə əsasən (Nağd pul vəsaitlərinin hərəkəti barədə məlumat cədvəlləri, xəzinə kitabından çıxarışlara, kassa mədaxil, məxaric orderləri və digər) yoxlama ilə əhatə olunan dövr ərzində Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərinin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda Vergi Məcəlləsinin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı vaxtdan vergi ödəyicisi tərəfindən onun kassasından Mülki Məcəllədə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada 2015-ci il üzrə 74823,65 manat, 2016-cı il üzrə 109140,61 manat, 2017-ci il üzrə 142890,30 manat, 2018-ci il üzrə 31494,00 manat, ümumilikdə 358348,56 manat məxaric əməliyyatlarının aparıldığı müəyyən edilərək, Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən aparılmış məxaric əməliyyatlarının 50%-i miqdarında, yəni 179174,29 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində nəzərdə tutulmuş hüquqpozuntulan barədə məlumat: Yoxlama ilə əhatə olunan dövr ərzində Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 3666,72 manat məbləğinin 10 faizi miqdarında 366,68 manat, 7588,33 manat məbləğinin 20 faizi miqdarında 1517,67 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən mənfəət vergisinin 8054,03 manat azaldıldığı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 8054,03 manat vergi məbləğinin 50% miqdarında 4027,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi, eyni zamanda Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 179174,29 manat, 58.7-1-ci maddəsinə əsasən 1884,34 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. (Cəmi hesablama 193139,68 manat) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı çıxarılarkən Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 58.3-cü maddəsi üzrə vergi ödəyicisinin kassasından pul vəsaitinin silinməsi növbəlilik pozulmaqla aparılmasına görə 79923,32 manat maliyyə sanksiyası, 2015-ci ilin mənfəət vergisi üzrə tətbiq edilmiş 344,06 manat maliyyə sanksiyası və 58.7-1-ci maddəsinə əsasən tətbiq edilmiş 758,83 manat maliyyə sanksiyası azaldılmışdır (Cəmi: 81026,21 manat). Nəticədə 25.11.2019-cu il tarixli **********193930 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən vergi ödəyicisinə 112113,47 manat (193139,68-81026,21) əlavə hesablama tətbiq edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh icarəçilər tərəfindən ödənilən kommunal xərcləri əsassız şəkildə cəmiyyətin gəliri kimi qiymətləndirmişdir. Qeyd olunanlarla bağlı bildiririk ki, yoxlama zamanı müəssisə tərəfindən təqdim edilmiş icarə müqavilələrinə və mühasibat uçotu sənədlərinə əsasən müəyyən edilmişdir ki, icarəyə götürülmüş obyektlər üzrə kommunal xərclər, mühafizə xərcləri icarə haqlarına daxil deyil və icarəçilər tərəfindən icarəyə verənə əlavə olaraq ödənilir. Lakin müəssisə tərəfindən 2015-ci, 2016-cı və 2017-ci illər üzrə mənfəət vergisi bəyannamələrində ümumi gəlirə yalnız icarə haqları daxil edilmiş, icarəçilər tərəfindən əlavə olaraq müəssisəyə ödənilmiş kommunal xərc məbləğləri isə, icarə haqlarından əlavə ödənilməsinə baxmayaraq ümumi gəlirdən - icarə haqlarından çıxılan xərclərə aid edilmişdir. Bütün xərclərin icarəçilər tərəfindən müəssisəyə ödənildiyini və həmin xərc məbləğlərinin faktiki olaraq müəssisənin adından ödənildiyini nəzərə alaraq, vergi ödəyicisinə icarəçilər tərəfindən icarə haqlarından əlavə ödənilmiş məbləğlər müəssisənin ümumi gəlirinə daxil edilmişdir. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-429/2021 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, 25.11.2019-cu il tarixli **********193930 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın qismən, 3123.20 manat mənfəət vergisinin və 102389.44 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi, 4930.83 manat mənfəət vergisinin və 1670.0 manat maliyyə sanksiyasının hesablanması hissəsində isə qüvvədə saxlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Səyyar vergi yoxlamasının nəticəsinə dair 30.09.2019-cu il tarixli **********151355 nömrəli aktdan görünür ki, yoxlama zamanı qaz, işıq və su sərfiyyatı üzrə bütün xərclərin icarəçilər tərəfindən müəssisəyə ödənildiyini və həmin xərc məbləğlərinin faktiki olaraq müəssisənin adından ödənildiyini nəzərə alaraq, vergi ödəyicisinə icarə haqlarından əlavə ödənilmiş kommunal xərc məbləğləri İddiaçı ASC-nin ümumi gəlirinə daxil edilmiş və nəticədə cəmiyyətin mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb edilən ümumi gəliri 2015-ci il üzrə 117496.3 manat, 2016-cı il üzrə 125367.83 manat, 2017-ci il üzrə isə 142199.57 manat müəyyən edilmiş və cəmiyyət tərəfindən 2015-ci il üzrə 688.12 manat, 2016-cı il üzrə 1892.86 manat, 2017-ci il üzrə 5743.05 manat, ümumilikdə isə 8054.03 manat mənfəət vergisi azaldıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 % miqdarında, yəni 4027.02 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Cəmiyyətin adından ödənilmiş kommunal xərc məbləğləri nəzərə alınaraq, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tələbləri, yəni həmin Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, 2015-ci il üzrə 74823.65 manat, 2016-cı il üzrə 109140.61 manat, 2017-ci il üzrə 142890.30 manat, 2018-ci ilin yanvar-mart ayları üzrə isə 31494.0 manat nağd qaydada məxaric əməliyyatları aparıldığına görə cəmiyyətə məxaric əməliyyatlarının 50 %-i miqdarında 179174.29 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Cəmiyyətin adından ödənilmiş kommunal xərc məbləğləri nəzərə alınaraq, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin tələbləri pozularaq, təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirildiyindən, iddiaçıya 1884.34 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş 25.11.2019-cu il tarixli **********193930 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya mənfəət vergisi üzrə 2015ci ilə 688.12 manat, 2016-ci ilə 1892.86 manat, 2017-ci ilə 5473,05 manat, ümumilikdə 8054,03 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 3682,96 manat, 58.7-1.1-ci maddəsinə əsasən 1125.51 manat, 58.3-cü maddəsinə əsasən 99250,97 manat, ümumilikdə isə 104059.44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 17.09.2020-ci il tarixli qərardada əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01.03.2021-ci il tarixli 9/4324 nömrəli ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq aşağıdakılar qeyd edilmişdir: Birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərildiyi kimi yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən qaz, su və işıq enerjisi sərfiyyatına görə 2015-ci il üzrə 91038.0 manat, 2016-cı il üzrə 89138.81 manat, 2017-ci il üzrə 111690.01 manat, 2018-ci il (yanvar-mart ayları) üzrə 13568.0 manat, ümumilikdə isə 305434.82 manat kommunal ödənişlər edilmişdir. Həmin kommunal ödənişlər tam həcmdə icarəçilər tərəfindən həyata keçirilmişdir. İkinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ASC tərəfindən icarəçilərə işıq, qaz və su satışı həyata keçirilmədiyindən və ya bu istiqamət üzrə hər hansı xidmət göstərilmədiyindən (işlər görülmədiyindən) icarəçilər tərəfindən edilmiş kommunal ödənişlər cəmiyyətin gəliri hesab edilə bilməz. Üçüncü sual üzrə: iş materiallarında mövcud olan sənədlərlə tanışlıq zamanı müəyyən edildi ki, icarəçilər tərəfindən mühafizə xidməti üçün cəmiyyətə hər hansı ödəniş edilməmişdir. Dördüncü sual üzrə: hazırkı rəyin 2-ci sualı üzrə gəlinən nəticəyə əsasən kommunal ödənişlər cəmiyyətin gəliri hesab olunmadığından səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən hesablanmış mənfəət vergisi əsassız hesab edilir. Həmçinin təqdim edilmiş iş materialları ilə vergi ödəyicisinin bəyannamə məlumatları arasında fərq olmadığı üçün hazırkı ekspertiza tədqiqatı zamanı yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatara görə vergilərin az hesablanması müəyyən edilmədi. Beşinci sual üzrə: iş materiallarından göründüyü kimi, cəmiyyət tərəfindən həyata keçirilmiş məxaric əməliyyatarı aşağıdakı kimi olmuşdur: 2015-ci il üzrə --------------- 23300 manat vergi ödənişləri, 2089,49 manat sosial sığorta haqları, 9497,70 manat əmək haqqı; 2016-cı il üzrə ---------------- 5800 manat vergi ödənişləri, 1546,01 manat sosial sığorta haqları, 7027,34 manat əmək haqqı; 2017-ci il üzrə ---------------- 6083 manat vergi ödənişləri, 1504,80 manat sosial sığorta haqları, 6840,0 manat əmək haqqı; 2018-ci ilin yanvar-mart ayları üzrə ----------- 3000 manat vergi ödənişləri, 376,25 manat sosial sığorta haqları, 1710,0 manat əmək haqqı Qeyd edilir ki, kommunal ödənişlər cəmiyyətin deyil, icarəçilərin məxaric əməliyyatları hesab edildiyindən və cəmiyyət tərəfindən yoxlanılan dövr ərzində məxaric olunmuş pul vəsaitləri vergi ödənişləri, sosial sığorta haqları və əmək haqlarından ibarət olduğundan Mülki Məcəllədə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliyinin pozulması halı aşkar edilmədi. Altıncı sual üzrə: Qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlamasının keçirilmə müddətlərinə dair tələblərin gözlənilməsi hüquqi xarakterli məsələ olduğu üçün məhkəmə tərəfindən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən 08.07.2021-ci il tarixli qərardada əsasən iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27.08.2021-ci il tarixli 9/4991 nömrəli ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq aşağıdakılar qeyd edilmişdir: Birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cəmiyyət tərəfindən 2015-2017-ci illər üzrə ümumilikdə 4930.83 manat mənfəət vergisinin az hesablanması müəyyən edildi. İkinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı ASC-nin icarədarları tərəfindən 2015-ci il üzrə 91.038,0 manat, 2016-cı il üzrə 89.138,81 manat, 2017-ci il üzrə 111.690,01 manat, 2018-ci ilin yanvar-mart ayları üzrə isə 13.568,0 manat, ümumilikdə 305.434,82 manat kommunal (işıq, qaz, su və kanalizasiya sərfiyyatı üzrə) ödənişlərin edildiyi, İddiaçı ASC-nin özü tərəfindən isə hər hansı kommunal ödənişin edilmədiyi müəyyən edildi. Səyyar vergi yoxlaması nəticəsində İddiaçı ASC-yə 2015- 2017-ci illər üzrə mənfəət vergisinin hesablanmasının əsasının icarədarlar tərəfindən istehlak etdikləri enerji, qaz, su və kanalizasiya sərfiyyatlarına uyğun olaraq cəmiyyətə ödədikləri və sayğaclar cəmiyyətin adına olduğundan sonuncunun adından aidiyyəti üzrə "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İB-yə edilmiş kommunal ödənişlərin olması işin mübahisəsiz hallarıdır. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir hesab edilir. Məcəllənin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Sadalanan normaların məzmunundan aydın olduğu kimi, hüquqi şəxsin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi, eləcə də satışdankənar gəlirləri ilə gəlirdən çıxılan xərcləri arasındakı fərq, yəni mənfəəti mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb edilir. İş materiallarının tədqiqindən aydın olur ki, İddiaçı ASC daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuş və vergiyə cəlb edilən gəliri yalnızca icarə haqları olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ASC-nin kommunal ödənişlərdən gəliri, cəmiyyət tərəfindən elektrik enerjisi, qaz və suyun müvafiq istehsalçıdan alınaraq üzərinə ticarət əlavəsi qoyulmaqla icarəçilərə satıldığı halda yarana bilərdi. Halbuki, Azərbaycan Respublikası ərazisində elektrik enerjisi, su və qaz təchizatı və satışı fəaliyyətindən gəlir əldə etmək hüququ müstəsna olaraq "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İB-yə məxsusdur. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi — xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların enerji ilə təchizatına təminat verən hüquqi şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən enerji təchizatı müəssisələri hüquqi şəxs olub müqavilələr əsasında elektrik və istilik enerjisini dövlət elektroenergetika müəssisəsindən və istehsalçılardan satın alır, müvafiq texniki və iqtisadi şərtlər razılaşdırılmaqla istehlakçılara satır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin nizamnaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 sentyabr tarixli, 138 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi 2-5-ci bəndlərinə əsasən satıcının Alıcıya (bundan sonra bu Müqavilədə onlar ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaqlar) münasibətdə elektrik enerjisinin istehsalı, ötürülməsi və satışı funksiyalarını həyata keçirdiyini, Alıcının Satıcıdan elektrik enerjisini satın almaqda məqsədinin öz istehlakçılarını fasiləsiz, etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarət olduğunu, Satıcının bu Müqaviləyə müvafiq olaraq Alıcıya elektrik enerjisini satmağa hazır olduğunu və Alıcının bu Müqaviləyə müvafiq olaraq alınan elektrik enerjisinin dəyərini Satıcıya ödəməyə hazır olduğunu nəzərə alaraq, Tərəflər müqavilədə qeyd edilənlər haqqında razılığa gəlmişlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən bu Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti ölkə ərazisinin su təchizatı və (və ya) tullantı sularının axıdılması zonalarına bölünməsini təmin edir, o cümlədən bir və ya bir neçə zonada su təchizatına və (və ya) tullantı sularının axıdılmasına cavabdeh olan müəssisələri təyin edir. Müəyyən ərazidə su təchizatına və tullantı sularının axıdılmasına cavabdeh olan su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə və yerli icra hakimiyyəti orqanı ilə bağlanmış müqavilədə nəzərdə tutulan vəzifələri icra edir və səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 1.2.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin Nizamnaməsinin 3.2-ci bəndinə əsasən cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qaz paylayıcısı – alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndinə əsasən qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı kommunal ödənişlərə görə iddiaçıya 2015-2017-ci illər üzrə mənfəət vergisi hesablayan zaman cəmiyyətin elektrik enerjisi, qaz və su satışını həyata keçirmək səlahiyyətinin olmadığını və həmin fəaliyyətdən hər hansı mənfəət əldə etmədiyini nəzərə almamış və nəticədə İddiaçı ASC-yə əsassız əlavə vergi öhdəliyi hesablamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 27.08.2021-ci il tarixli 9/4991 nömrəli ekspert rəyinə əsasən iddiaçının ümumi gəliri 2015-ci il üzrə 47725,0 manat, 2016-cı il üzrə 50100,0 manat, 2017-ci il üzrə 50100,0 manat müəyyən edilsə də, cəmiyyətdən həmin illər üzrə gəlirdən çıxılan xərclərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də cəmiyyətin həmin illər üzrə ödəməli olduğu mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən hesablanmış və 2015-ci il üzrə 1590.83 manat, 2016-cı il üzrə 1670,0 manat, 2017-ci il üzrə isə 1670 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspertin 2015-2017-ci illər üzrə apardığı hesablama ilə razılaşaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya 25.11.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə hesablanmış 8054.03 manat mənfəət vergisi 2015-ci il üzrə 1590.83 manat, 2016-cı il üzrə 1670,0 manat, 2017-ci il üzrə isə 1670,0 manat istisna olmaqla, qalan hissədə, yəni 3123.20 manat məbləğində silinməlidir. Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla aparılmış məxaric əməliyyatlarına və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin tələblərləri pozularaq, təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə nağd ödənişlərə görə iddiaçıya hesablanmış maliyyə sanksiyalarına münasibətdə qeyd edilməlidir ki, həmin maliyyə sanksiyalarının iddiaçının adına həyata keçirilmiş kommunal ödənişlərə görə tətbiq edilməsi işin mübahisəsiz hallarındadır. 2016-2017-ci illər və 2018-ci ilin yanvarmart ayları üzrə edilmiş kommunal ödənişlər İddiaçı ASC-nin deyil, icarəçilərin istehlak etdikləri elektrik enerjisi, qaz və su sərfiyyatı ilə bağlı və icarəçilərə məxsus olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 27.08.2021-ci il tarixli 9/4991 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı nəticəsində İddiaçı ASC-nin icarədarları tərəfindən 2015-ci il üzrə 91038.0 manat, 2016-cı il üzrə 89138.81 manat, 2017-ci il üzrə 111690.01 manat, 2018-ci ilin yanvar-mart ayları üzrə isə 13568.0 manat, ümumilikdə 305434.82 manat kommunal ödənişlərin edildiyi, cəmiyyət tərəfindən isə hər hansı kommunal ödənişin edilmədiyi müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 01.03.2021-ci il tarixli 9/4324 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı nəticəsində 2015-2017-ci illər və 2018-ci ilin yanvar-mart ayları üzrə aparılmış məxaric əməliyyatları vergi ödənişləri, sosial sığorta haqları və əmək haqları ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2-ci maddəsinə əsasən “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir: 965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 965.2.2. ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir; 965.2.3. üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; 965.2.3. üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; 965.2.4. dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; 965.2.5. beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 965.2.6. altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir. İddiaçı tərəfindən 2015-2017-ci illər və 2018-ci ilin yanvar-mart ayları ərzində əmək haqqı, vergi və sosial sığorta haqları üzrə ödənişlər edilmişdir ki, bu da Mülki Məcəllənin 965.2-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. İş materiallarına və 01.03.2021-ci il tarixli 9/4324 nömrəli ekspert rəyinə əsasən İddiaçı ASC tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin tələblərinə zidd olaraq təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə nağd ödənişlərin aparılması iş üzrə sübuta yetirilmir. İddiaçı tərəfindən 2015-2017-ci illər və 2018-ci ilin yanvar-mart ayları ərzində hər hansı kommunal ödəniş aparılmadığından, məxaric əməliyyatları sadəcə əmək haqqı, vergi və sosial sığorta haqlarından ibarət olduğundan, eləcə də təqvim ayı üzrə on beş min manatdan artıq nağd əməliyyat aparılmadığından, iddiaçıya Vergi Məcəlləsinin 58.7- 1.1 və 58.3-cü maddələrinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-429/2021 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar